Sarıkamış şəhidlərinin anım günü

22.01.2012 05:36

Bu il yanvar ayının 6-7-də Türkiyədə Sarıkamış şəhidlərinin anım günü keçirildi. 16-ölkədən gələn türk dünyasının ayrı-ayrı bölgələrinin təmsilçiləri Sarıkamışda - 90 min türk əsgərinin donaraq şəhid olduğu Allahu Əkbər dağlarının, Soğanlı dağının ətəklərində Türk dünyasının bayraqlarıyla bəzədilmiş çadırlarını qurdular. Azərbaycan, Özbəkistan, Kərkük, Borçalı, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tatarıstan, Krım, Axıska, Turan dünyasının hər güşəsindən gələn on minlərlə türk bu müqəddəs anım günündə bir araya gəlmiş və türk dünyasının bir bədən - bir can olmasını bir daha təsdiqləmiş oldular.
Bu hüzn və qürur meydanına əsgərlərin və polislərin də qatılması ayrı bir qürur simgəsi kimi görünürdü.
Karsın, Ərzurumun, Ardahanın, İqdırın valiləri, kaymakamları, millət vəkilləri və Türkiyə cümhuriyyətinin iç işlər bakanı sayın İdris Naim Şahinin də bu mərasimə qatılması bu müqəddəs tarixə verilən önəmdən söz açırdı.
Qardan düzəldilmiş təpənin üstündə şəhid əsgərlərin heykəlləri düzəldilmiş, Sarıkamış Universitetinin salonunda o dövrün müdhiş soyuğunda Yəməndən gələn yay libaslı mehmetçiklərin tufanlar içində dəhşətli görüntüləri sərgilənirdi.
Yavaş-yavaş axşam zamanı gəldi. 20 dərəcədən yuxarı şaxtanın altında insanlar bütün gecəni şəhidlərin ruhuna sayğı əlaməti olaraq ayaqüstə qaldılar. Və səhərisi yanvarın 8-də qarla örtülü dağlarda 7 km.lik bir yürüş gerçəkləşdi. Bu yürüşdə də minlərlə insan iştirak etdi. Bu insanların üzündəki ifadələr mətinlikdən iradə və qururdan xəbər verirdi.
Nə mutlu ki, bu yürüşdə də Borçalıdan və Azərbaycandan gələn insanlar boy göstərirdi. “Borçalı” ictimai Cəmiyyətini, Borçalı Qarapapaq elini bu tədbirdə Dərviş Osman Əhmədoğlu, İnşaat Universiteti dəmir-beton kafedrasının dosenti, texnika elmləri doktoru, AHB-nin prezidenti Hüseyn Artıkoğlu, Babək Qəmərli təmsil etmişlər. Azərbaycandan isə millət vəkili və xalq şairi Sabir Rüstəmxanlı da Sarıkamış şəhidlərinin anım günündə varıydı.
Tədbirin rəsmi törənində Borçalı İctimai Cəmiyyətinin və bütün Borçalıların salamını və sayğısını çatdıran Borçalı nümayəndələri Sarıkamış şəhidlərinin qüruruyla yaşadıqlarını söylədilər.
“Türkiyə Şəhidlərinə Yürüyür” etkinliyi çərçivəsində düzənlənən bu 97-ci anım gününün təşkilatçıları əslən Borçalı kökənli “Kars Sərhəd Boyları” dərnəyinin başkanı Məhərrəm Yıldız və “Türksoyla İpəkyolu” televiziya proqramının rəhbəri və aparıcısı Seyfullah Türksoydur.
Tədbirdə Türkiyə cumhuriyyəti iç işlər bakanı sayın İdris Naim Şahin Borçalı çadırına təşrif buyurdu və nə mutlu ki, mərasimin rəhbəri Məhərrəm Yıldız Borçalını da Türk Dünyasının ayrılmaz bir parçası kimi təqdim etdi və dəyərləndirdi.
Səfər çərçivəsində nümayəndə heyyətimiz ayrı-ayrı dövlət nümayəndələri, millət vəkilləri, ictimai qurum rəhbərləri, media mənsubları ilə çoxtərəfli görüşlər keçirdilər.
Çox arzu edərdik ki, Sarıkamış şəhidlərinin anım günündə Azərbaycan televiziyalarının Türkiyədəki təmsilçiləri də iştirak edəydi və o müqəddəs anın görüntülərini yayınlayaydılar...


Borçalı İctimai
Cəmiyyətinin
mətbuat xidməti




Bu xəbər 53 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC