Türkiyə Cümhuriyyətinin təməl prinsipi vətəni sevmək idi

30.09.2011 09:37

Türkiyə Cümhuriyyətinin təməl prinsipi vətəni sevmək idi
Çünki Dünyanı yaşadan sevgi, dağıdan nifrətdir. Azadlıq savaşına başlamazdan öncə böyük ATATÜRK millətinə azadlığın verilmədiyini, qanla, savaşla alındığını anlatmış, milləti isə inam işığında onun arxasınca getmişdi. XX əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi və qanlı hadisələr 1914-cü ildə I Dünya müharibəsinin və xalqlar arasında milli azadlıq hərəkatının başlanmasına gətirib çıxardı. Süqut ərəfəsində olan Osmanlı Türkiyəsi özünü ayaq üstə saxlamaq məqsədilə son dəfə gücünü səfərbər edərək bu müharibəyə qoşuldu.
Atatürk:
bayraq millətin namusudur

Lakin Antanta dövlətləri tərəfindən məğlubiyyətə uğradı. Böyük imperiya çökdü. Yerdə isə heç nə qalmamışdı. Bir tərəfdən yadelli işğalçılar-İngiltərə, Rusiya, Fransa, Almaniya, Yunanıstan, digər tərəfdən də imperatorluq dövründən ölkədə özlərinə yuva salmış ermənilər. Artıq İstanbul sularında yadellilərin gəmiləri üzür, bayraqları dalğalanırdı. 1918-ci ildə qalib dövlətlərlə Türkiyə arasında “Mudros” barışıq müqaviləsi bağlandı. Əslində isə bu saziş Türkiyəni parçalamaq və onun tarix səhnəsindəki roluna son qoymaq niyyəti güdürdü. Bu ölkələr “xəstə adam” adlandırdıqları Türkiyənin şərqində Ermənistan dövləti yaratmaq niyyətində idilər. Belə mənfur planları həyata keçirmək üçün Yunanıstan istilasından istifadə etmək qərarına gəlinmişdi. 1919-cu il mayın 15-də yunan qoşunları imperialist dövlətlərin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal edib, İstanbula doğru irəliləyirdilər. Həmin ilin payızına doğru Türkiyənin bir sıra əraziləri işğal olunmuşdu.
Nəhayət, Türkiyə buna dözmədi, 1919-cu ildə ölkədə türk xalqının milli azadlıq mübarizəsi başladı. Hərəkatın başında I Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlara rəhbərlik etmiş, Osmanlı ordusunun ən istedadlı generallarından biri Mustafa Kamal paşa dururdu. O, tez bir zamanda Anadolu torpaqlarında yaşayan türkləri başına topladı, azadlığın, müstəqilliyin, gənc və müasir dövlətin nə demək olduğunu anlatdı. Öncədən bəyan etdi ki, millətini azadlığa-müstəqilliyə qovuşdurmağın yolu qanlı savaşlardan keçəcək, biz buna hazırıqsa istiqlalımıza qovuşacağıq.
Generalın çağırışını hər bir türk anlayışla qarşıladı və hər kəs bir məhmətcik oldu. Xalqının mübarizə əzmini görən Mustafa Kamal da onlara güvəndi. Mübarizəyə başladı. O, ilk növbədə dünya xalqlarına tarixi çağırışla müraciət etdi: “Heç bir xalqa qarşı düşmənçilik mövqeyimiz yoxdur. Amacımız yurdda sülh, cahanda barışdır”. Qanlı müharibələr başladı. İngilislər, ruslar, fransızlar, almanlar və ermənilər Türkiyənin içərilərinə soxulsalar da millətin mübarizə əzmini qıra bilmirdilər. Mustafa Kamal paşa isə millətinin gücünə, haqqın ədalətinə, bir də öz iradəsinə arxalanırdı. Bu mübarizə və qanlı münaqişələr 1922-ci ilin sonlarınadək davam etdi. Döyüşlərin getməsinə baxmayaraq Mustafa Kamal yenə də millətləri sülhə çağırır, qan tökülməsini istəmirdi. Həlak olan bir düşmən əsgərini Atatürk şəhid məhmədciklərlə Türkiyə torpağında dəfn etdirdi, onları da şəhid adlandırdı. Savaşlarda ayaqlar altında qalan düşmən bayrağını əyilib yerdən götürərək türk məhməciyinə müraciət etdi: “Düşmən də olsa bayraq millətin namusudur, onu ayaqlar altına salmazlar”. Torpağını işğal etməyə gələn düşmənə də dostcasına yanaşır, hər bir yadellinin qəlbində türkə sevgi yaradırdı. Məhz ona görə də çox keçmədən bu mübarizə Türkiyənin tam və qəti qələbəsi ilə başa çatdı, ölkə işğaldan azad edildi. İşğalçıların bayraqlı gəmiləri İstanbul sularından çəkilib getdi.
1923-cü il oktyabrın 29-da azad, mustəqil, çağdaş Türkiyə Respublikasının yaranması dünyaya bəyan edildi. Bir neçə il öncə Osmanlı torpaqlarını bölən dövlətlər indi yeni Türkiyə dövlətinin müstəqilliyini tanıdığını bəyan edir, barışıq üçün Mustafa Kamal paşanın ayağına gəlirdilər. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi cümhuriyyətin ilk prezidenti Mustafa Kamal paşaya Atatürk titulunu verdi.
Hər bir tarixi dönəmdə yaşadıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan qardaş xalq kimi hər zaman bir-birinin yanında olub. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı savaşlardan keçib. Yetmiş ildən sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycanı ilk tanıyanı da qardaş Türkiyə dövləti olub. Hər iki dövlət özlərinin xarici siyasətində bir-birinə olduqca böyük üstünlük verir.

ƏRTOĞRUL
“ Bütöv Azərbaycan” 28.10.2008. № 3




Bu xəbər 224 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC