Belə hoca görməmişdim

19.10.2011 07:07

Türk dünyasının mənəvi birliyini, eyni kökdən olan millətlərin bir bayraq altında cəmləşməsini düşünən prof. dr. Turan Yazqan öz arzusunu gerçəkləşdirməyin təməlini Türk Dünyası Araşdırmaları Vakfını yaratmaqla qoyub. Üzərinə götürdüyü bu müqəddəs, şərəfli vəzifəni heç kimsədən yardım istəmədən, heç kəsin əlinə baxmadan yürütməyə başlayıb. Təbii ki, digər millət sevərlər də bu millət fədaisini şərafətli yolunda tək buraxmayıblar. Turan xocanın şəxsi təşəbbüsü və vəsaiti hesabına bütün türkdilli dövlətlərdə məktəblər qurub, litseylər açıblar. Belə məktəblərdən biri də Türk Dünyası Araşdırmalar Vakfının Bakı Atatürk Litseyidir. Litsey Azərbaycan və Türkiyə Cümhuriyyətləri arasında imzalanan razılaşmaya əsasən, 1992-1993-cü tədris ilindən fəaliyyət göstərir. Azərbaycan Nazirlər Kabinetinin 18.08.1992-ci il tarixli 310 saylı sərəncamı ilə Bakı Atatürk Liseyi əvvəlcə Bakıdakı 8 saylı məktəbdə fəaliyyət göstərib. 1995-ci ilin iyulundan bəri 28 may 70 ünvandakı 133 saylı məktəbin ikinci mərtəbəsində fəaliyyətini davam etdirməkdədir. Məktəb müdirinin baş müavini tarix elmləri namizədi Vidadi Umudlunun verdiyi məlumata görə hazırda 700 şagirdi olan liseydə dərslər iki növbədə keçirilir.

Liseyin cəmi 16 ildir fəaliyyət göstərməsinə baxmayaraq uğurları qürurvericidir. Məzunları arasında prezident təqaüdçüləri var. Onlardan 2006-cı ilin məzunları Turan Qocayev 687 bal toplayaraq Bakı Dövlət Universitetinə, İlqar Mustafayev isə 685 balla İqtisad Universitetinə daxil olub. Fərid və Xalid Əliyev qardaşları Türkiyənin ən məşhur universitetlərində təhsil alırlar. Liseyin yeniyetmələri içindən hərbiçilər də çıxıb. Ən fərəhli hal isə ilk məzunlardan birinin liseydə müəllim işləməsidir.

Hər şeyimizi unudub, çoluq-çocuğumuzu Türkiyədə qoyub xanımımla bərabər bura gəldik. Gördük ki, burda da hər şey Türkiyədəkinin eynidir. Özümüzə münasibətdə, insanlarla ünsiyyətdə heç bir əziyyət çəkmədik. Bircə fərq onda oldu ki, azərbaycanlı çocuqlarımıza daha çox bilgi verməkdən ötrü gecə-gündüz çalışdıq.

Zəngin kitabxanası, tibbi müayinə kabineti, konfrans və konsert salonları, müasir bilgisayar və fənn laboratoriyaları olan bu təhsil ocağında dərslər Azərbaycan türkcəsi və Türkiyə türkcəsində keçirilir. Dördüncü sinifdən başlayaraq ingilis dili, beşinci sinifdən isə bilgisayar dərsləri verilir. Məktəbin nizamnaməsi Türkiyə və Azərbaycanın Təhsil Nazirlikləri tərəfindən təsdiqləndiyi üçün 11 illik təhsili başa vuranların hamısı, heç bir məhdudiyyət qoyulmadan, Azərbaycanın və Türkiyənin istənilən ali məktəblərində oxumaq hüququ qazanırlar. Atatürk Liseyində dərsdənkənar mühümatlara da xüsusi önəm verilir. Hər iki qardaş ölkənin dövlət bayramları, milli bayramları təntənələrlə qeyd olunur. Hüzn günləri üzüntülərlə anılır. Buranın bir özəlliyi də ondadır ki, şagirdlərə musiqi, milli rəqs, rəsm və bilgisayar kursları təşkil edilir. Hər kəsin üzə çıxan xüsusi peşə qabiliyyəti Ölkələrimizin peşəkarları tərəfindən düzgün yönəldilir, fitri istedadı olanlar öz sahələri üzrə yetişdirilir.
Məktəbin birinci-üçüncü sinif şagirdlərinə yemək vaxtı süd verilir. Ümumiyyətlə bütün şagirdləri içməli su ilə təmin etmək üçün məktəbdə iki ədəd su süzücü maşın quraşdırılıb. Məktəbli geyimləri ilə dərs vəsaitləri Türk Dünyası Araşdırmaları Vakfı tərəfindən verilir. Hər tədris ilinin başlanğıcında isə bütün şagirdlər tibbi müayinədən keçirilərək ola biləcək xəstəliklərin qarşısı alınır. Sağlam mühitdə tərtəmiz və düzənli siniflərdə Azərbaycan övladlarına ingilis dili də daxil keyfiyyətli, həm də ödənişsiz dərs verilir. Peşəkar müəllimlər tərəfindən zəka testi ilə seçilmiş uşaqlar birinci sinfə qəbul edilir. Türk Dünyasının dəyərli şəxsiyyəti prof. dr. Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vakfının Türk millətinə ərməğanı olan Türk Dünyası Bakı Atatürk Liseyinin 56 nəfərlik müəllim heyəti və digər xidmətçilər Azərbaycan xalqına qürurla, şərəflə xidmət göstərirlər və hər kəs bu xidmətdən çox məmnundur. Liseyin müdiri Şinasi Günər kimi: Turan xocamız bu qədər işləri qurarkən bizim də bu işdə payımız olsun, - deyə ondan görəv istədik. Dedi ki, səni Azərbaycana bir illiyə əsgər göndərirəm. Hay-hay, - deyib yola çıxdım. Bir ilim bitdi, xocam dedi, - yox əsgərlik bitmədi. Müddət bir il də uzandı, daha bir il, daha bir il, beş il tamam oldu ki, Bakıdayıq. Bizim bir türk insanı, türk dövləti, türk dünyası olaraq amacımız bir-birimizlə daha yaxınlaşmaq, gələnəklərimizlə, dilimizlə, birlik, bərabərlik içində olaq. Onda heç bir pis niyyətli bizə yaxınlaşa bilməyəcək. Onda bir-birimizə inamımız, güvənimiz daha da artacaq. Türkiyədə təkbaşına buraxıb gəldiyimiz övladlarımızın hərəsi ayrı-ayrı universiteti bitirdi. Dövlət qulluğuna götürülmək üçün sınaqdan keçiblər və hərəsi bir yerdə öz işlərinin başındadırlar. Məncə ailəmizdəki uğurlara yol açan bu təmənnasız işlərimizə görə aldığımız xeyir-dualardır. Bir də ona görə rahatıq ki, vicdani görəv yürüdürük. Çünki ən çətin iş insan yetişdirməkdir. Gələcəkdə dövlətə, cəmiyyətə, ailəyə sahib çıxa biləcək insan. Bəlkə də onlar arasında ölkəni, dünyanı xilas edə biləcək kimlərisə yetişdiririk. Ona görə də attığımız hər addımı ölçüb-biçirik. Bütün bunlar yorucu olsa da zəhmətimiz bəhrə verəndə rahatlanırıq. Hər şey gözlədiyimizdən, istədiyimizdən daha yaxşı olur.
Türkiyədə olarkən köydən, dağdan-daşdan oxuya bilmək imkanı olmayan kimsəsizləri, qaribanları toplayıb gətirirdim. Bütün ehtiyaclarını dövlət ödəyirdi, bizə qalan isə onları vicdanla oxutmaq olurdu. Bu işdə mənə qarşı çıxanlar da tapılırdı. Deyirdilər ki, küçələrdən, kəndlərdən, kol-kosdan məktəbə giriş-çıxış qaydalarını bilməyənləri bir yerə yığıb bizi niyə əziyyətə salırsan?! Mən onların hirsini yatırırdım. Deyirdim, - bu uşaqlar kəndlərdə qalıb ormanları qıracaqlar, nadanlıqla qonum-qonşuya ziyan vuracaqlar. Siz bunlara gücünüz çatan bilgini verin, yetər. Amma həftə sonu boş vaxtlarında həmin uşaqları bir yerə toplayıb ayrıca anladırdım ki, sizi ordan-burdan tapıb gətirdim. Sizə düşən dərslərinizi oxumaq, mənim üzümü qara eləməməkdir. lütfən çox çalışın, qaydalara əməl edin, oxuyub çox yaxşı vətəndaşlar olun, cəmiyyətdə üzə çıxın. Mən həmişə belə söylədim. Köylülər də məni dinlədikcə göz yaşı tökdülər. Nə vaxtsa oxuyacaqlarını ağıllarına belə gətirməyənlərin hamısı da oxuyub yaxşı məqamlara çatdılar. İndi kimisi həkim, kimisi mühəndis, kimisi memar, əsgər, kimisi də dövlət adamıdır. Qazandığım bu adamların hamısı ziyarətimə gəlir. Mən də bu gəlişdən çox qürur duyuram. Azərbaycanımızda da könlümüzdən belə şeylər keçir. İstəyirəm ki, münasib yerimiz olsun. Buradakı böyüklərimiz yer versin, şərait yaratsın, Azərbaycanın hər yerindən imkansız, kimsəsiz, yetim uşaqları gətirib oxudaq. Bizim yetişdirdiklərimizdə zərrə qədər də sapma olmur. Amacımız bunları layiqli vətən övladı kimi yetişdirməkdir. Bütün texniki, fiziki, mənəvi imkanlarımızı səfərbər edib uşaqları mükəmməl yetişdirməyə çalışırıq. Türkiyəli iş adamları problemlərimizlə maraqlanıb yardım edirlər. Yaxınlarda liseyimizə 23 ədəd bilgisayar veriblər. İşlərimizi Azərbaycan təhsil nazirliyinin proqramlarına uyğun qururuq. Mən qardaş xalqıma daha çox xidmət göstərmək istəyirəm. Elə bir vətən övladları yetişdirmək istəyirəm ki, gələcəkdə onlar Azərbaycanın güvəncləri olaraq ölkələrinə, ailələrinə sahib çıxsınlar. Çox ayıq olsunlar. İxtisas alandan sonra başqa ölkələrə getmədən xalqımıza, millətimizə xidmət göstərsinlər. Bu qədər ağıllı, zəkalı, bacarıqlı övladları varkən Azərbaycanımız kadr qıtlığı çəkməsin. Mən bundan da çox şeylər düşünürəm. Daha yaxşı işlər görmək istəyirəm. Hələ ki, gücüm yetən budur. Bir gözəl bağlı-bağatlı yerimiz olsa, məktəbdə bir idman kompleksi, oyun meydançaları, yəni ürəyimizcə olan hər cür şərait yarada bilsək gözüm arxada qalmadan çəkilib gedərəm, istirahətə, əməkliliyə. Burdakı işimizdə heç bir qüsur, yanlışlıq olmasın deyə, var gücümüzlə çalışırıq. Turan hocamızın ürək çırpıntılarını, onun millətimiz üçün düşündüklərini, həyata keçirdiyi xoşməramlı işləri sözlə ifadə edə bilmirəm. Hər dəfə telefon açanda çocuqlarımın gözlərindən öp, onların hamısını bağrıma basıram, deyir. Böyüklərə, müəllimlərə salam söylə. Hər dəfə hocamızın bu sözlərini eşidəndə gözlərimdən yaş axır.
Şinası Günər hoca bu dəfə də duyğulandı, göz yaşlarını saxlaya bilmədi. Bu sevginin, bu müqəddəs duyğunun qarşısında həm kövrəldim, həm də çox qürurlandım. Hocanı duyğuları ilə baş-başa buraxıb yola çıxdım.

Tamxil Ziyəddinoğlu "Bütöv Azərbaycan” № 13 15.05.2009




Bu xəbər 156 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC