Davamız Bütöv Azərbaycan davasıdır

19.10.2011 07:17

Böyük Rəsuloğlu: “O, ömrünün son çağlarında fikirdaşlarına tövsiyə edirdi ki,
Türkiyədə iqtidar-müxalifət məsələsinə qoşulmaq Azərbaycan davasına zərər verər”


Müsahibimiz “Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin” fəallarından biri, hazırda Norveçdə yaşayan Böyük Rəsuloğludur.


Bütün siyası-ictimai hərəkatlarda olduğu kimi bizim də özünəxas çatışmazlıqlarımız var. Mən çalışmışam ki, bu dərdləri açıq söyləməkdən uzaq duram. Amma təcrübə göstərir ki, hərəkata ziyan verməyəcək qədər bunların açılması vacibdir. Milli dövləti olmayan, ana dilində təhsil almayan, milli tərbiyət görməyən, bütün milli varlığı talanmış, tarixi təhrif olunmuş, təhqirlərə məruz qalmış, iqtisadiyyatı batmış, qollarında zəncir, yaralarından qan axan bir millətin durumu nə ola bilər ki?
- Böyük bəy, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyəti ilə bağlı fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.
- Əvvəlcə, hörmət göstərib axtardığınıza görə təşəkkür edirəm. Özəlliklə, gənclərimizin Azərbaycanın problemləri ilə yüksək səviyədə maraqlanıb çalışmalarından sevinirəm. “Güney Azərbaycan Milli Azadlıq Hərəkatı” ilə bağlı “Azərbaycan Milli hərəkatı” ifadəsinə gəlincə bildirmək istərdim ki, Güney Azərbaycanda aparılan fəaliyətin əsas yönü BMT bəyannaməsi əsasında “Milli müqəddəratın Təyini” məsələsi olsa da, burada çeşidli fikirlər, təkliflər və metodlar var. Bu fərqin bir arada göstərilməsi və “Milliyyətçi Hərəkat” ifadəsinin məğzi nəzərə alınaraq “Azərbaycan Milli Hərəkatı” adlandırılması müsbət nəticələr vermişdi. Şübhə yoxdur ki, hər hansı bir təşkilatın adı söz qonusu olanda, misal üçün “Güney Azərbaycan İstiqlal Təşkilatı”, “Azərbaycan Milli Azadlıq Təşkilatı” “Güney Azərbaycan Milli Birlik Şurası” və ya “Azərbaycan Milli Cəbhəsi“ kimi adlar bəlli və açıq bir fikrin daşıyıcısı olduğuna görə anlaşılandır. Məsələyə başqa prizmadan baxanda, keçən əsr özəlliklə kommunizm düşüncəsi ilə azadlıq sevdasında olan xalqların silahli mübarizəsinə “Milli Azadlıq Hərəkatı” məfhumu verdiynə görə “Milli Hərəkatımızın” önünə, ortasına və ya sonuna hər hansı bir sözün artırılması ilə millilikdən çıxa biləcəyi mümkünsüzdür. Qaldı ki, güney Azərbaycanda xalq bütövlükdə dərin bilgiyə sahib olmadığından Azərbaycanın güneyi və ya quzeyi deyilən bir anlayışla tanış deyil. Onlar Azərbaycan məfhumunu parçalanmamış bir bütöv kimi anlayır. Onun üçündür ki, Güney Azərbaycandan Quzeyə gəlmək istəyən kəs, Bakıya gedirəm, deyər. Bütün bunları nəzərə alaraq “Azərbaycan Milli Hərəkatı”anlayışı təqdirəlayiqdir.
“Azərbaycan Milli Hərəkatı”nın inkişaf və dinamikasi ilə bağlı gənc yaşlarımdan bir misal gətirərək, sizi, gənclərimizi və millətimizin qayğısını çəkən bütün soydaşlarımızı gələcəyə ümidlə baxmağa çağırıram.
“1972-ci ildə Güney Azərbaycanın istiqlalı, böyük Azərbaycan yaratmaq (o zaman bütöv Azərbaycan deyimi Güneydə yox idi) təşəbbüsü yolunda təbliğat və pantürkist ittihamları ilə saxlandığımız şahın zindanlarından azad olan 5-6 gənc idik. Çoxu ali təhsilli olan bu gənclərlə qərara gəlmişdik ki, harda işləməyimizdən asılı olmayaraq hər il bahar bayramı günlərində Güney Azərbaycanın bir şəhərindən olan hər hansı bir fikirdaşımızın evində toplaşıb həm milli mədəniyətimiz çərçivəsində bayram edək, həm fəaliyyətlərimizi müzakirə edək, həm də milli məsələlərimizi dartışaq. 1975-ci ildə püşk Urmuyaya düşdü. Ordakı dostumuzun evi Şıx təpəsi deyilən bir yerdə olduğundan orada toplaşmağa qərar verdik. Bunu həm də ona görə etdik ki, o bölgədə Bakı televiziyasını tutmaq mümkün idi. O müzakirələr 5-6 gün davam edərdi. Bir gün İranda aparılan assimilyasiya siyasətinin acılarından danışarkən, dostlardan biri dedi ki, çox nigaran olmayın, mən keçən gün Urmunun Hüseynabad küçəsindən keçirdim, uşaqlar oynarkən ana dilində danışırdılar, demək ki, hələ heç olmasa 70 il də yaşayacağıq”.
İndi siz o gün ilə bu günü müqayisə edin. Həmin Urmuda 22 may 2006-cı ildə 200 min türk balasının şəhər meydanlarında “haray-haray, mən türkəm” şüarlarına qulaq asın. O bölgədə və Güney Azərbaycanın bütün tarixi topraqlarında, özəlliklə gənclərimizin yaratdığı yıxılmaz mübarizə qalalarının ətrafında sinələrini qalxan edən fədailərimizə baxın. Fars şovinizminin udmuş hesab etdiyi Zəncan vilayətinin, Həmədanın, Qum və Savənin milli fəallarının biləyini bükəcək güc təsəvvür ediləməz. 40 ildə bu səviyyəyə qalxan inkişaf, modern texnologiyadan faydalanaraq, artan nisbətlərdə artan dinamizmi heç bir dəyər ölçüsü ilə ölçmək mümkün deyil. Ona görə də, tam inamla demək mümkündür ki, gələcək bizimdir”.
- Bəzən eşidirik ki, Güney Azərbaycan məsələsi ilə bağlı vahid konseptual fikir yoxdur. Ancaq bu ideya ilə razılaşmayan ziyalılarımız da var. Siz neçə illərdir ki, Güney Azərbaycanın azadlığı uğrunda mücadilə aparırsınız. Doğrundamı bu gün Güney Azərbaycan hərəkatında vahid konseptual fikir yoxdur?
Son zamanlara qədər insanlarımızın böyük bir bölümü farslaşdırma təbliğatına inanır, rus kommunizm batlağında yuvarlanaraq milli mənliyini gizlədəcək dərəcədə türklüyünü inkar etmək durumundaydı. Bu şəraitdə böyümüş insanların beyinlərindən bu düyünləri açmaq çox da asan deyildir. Onun üçündür ki, davamlı yazıb söylədiyim kimi bütün ümidlərimiz cavanlarımızadır. Bu qaranlıqdan qurtulmağa çalışan insanların, gözünə dəyən hər hansı bir işıqlı bacaya hücum edərək onu tıxaması da məncə normaldır. Ancaq Quzey Azərbaycana açılan pəncərələrdən saçılan işığın parıltısı, o xırda bacalarınkı ilə qarışanda, ümid qaynağına dönür.
Bütün bu müsbət və mənfi görüntülərə baxmayaraq xoşbəxtlikdan Güney Azərbaycanda aparılan mübarizə öz qaydalarına uyğun olaraq yürüməkdədir. Axsaqlıqları olsa da milli mənafeyimizin təmin edilməsi yolunda “Azərbaycan Mərkəzli Düşüncə Sistemi” daxilində müxtəlif qanadları, ayrı-ayrılıqda qurtuluş körpüsünə doğru uçur. Bu gün özəlliklə Güney Azərbaycanın gənc nəslində yetişən nəzəriyyələr fars şovinizminin 80 illik quraşdırdığı cəhalət qalasını söküb, dağıdır. Bu da aydındır ki, bütün fikir və düşüncələri bir qazanda qaynadıb bir-birinə toxumaq mümkün deyil. Ancaq bu fikir dairələrinin “türklük məhvəri ətrafında fırlanan Azərbaycançılıq“ qalasında yer alması, özəlliklə May hadisələrindəki ”haray haray, mən türkəm” şüarından sonra daha da dərinləşmişdir.
- Yaşadığınız Avropa ölkəsindən Güney Azərbaycan Milli Azadlıq hərəkatına nəzər saldıqda proseslər neçə görünür?
Bəlli səbəblər üzündən Avropada Azərbaycan adı bir neçə il bundan öncəyə qədər eşidilmədiyinə görə, ölkəmiz tarixçı alim və araşdırmaçılar xaricində tanınmamışdır. Özəlliklə İranda bəlli siyasət güdən İngiltərənin dəstəyi ilə yaradılan İran tarixi bir yandan bölgənin tarixini saxtalaşdırdı, bir yandan da Güney azərbaycanlıları milli dərkdən uzaqlaşdırdı və o zaman Avropada olan azərbaycanlıları da ancaq fars şovinizminə xidmətə sürüklədi. İş o yerə çatdı ki, farsçılığın yeni dalğasını yaratmaq üçün Avropada yaşayan üzdəniraq azərbaycanlı aydınlar öncüllük etdilər. Almaniyada yaşayan Güneyli “Ərani” kimilər Hitlersayağı fars şovinizminin təbliğatçıları oldular. Tağızadə kimi güneylilərlə fars şovinizmini dirçəldib, türklüklərindən utandıqlarını belə dilə gətirdilər. Quzey Azərbaycanda demokratik cümhuriyyət yıxılandan sonrakı durum hamıya aydın olduğuna görə bu barədə sözü uzadıb vaxt almaq istəmirəm. Bu və buna bənzər səbəblər üzündən Azərbaycan həqiqətləri Avropa və dünyaya ancaq son 20 ildə çata bilmişdir. Avropada yaşayan bəzi güney azərbaycanlılar, rasizmin başlarına gətirdiyini anlayandan sonra bu yolda dəyərli işlər görüblər. Qısa zaman kəsiyində artıq səsimiz dünyanın qulağına çatır və Quzey Azərbaycanın dünyadakı mövqeyi, Güney Azərbaycanın da tanınmasında müsbət rol oynayır. Həqiqət budur ki, özümüzü tənqidi unutmamaq şərti ilə deyə bilərərm ki, Güney Azərbaycan məsələsi bu gün yavaş-yavaş Avropa və dünyanın gündəminə oturur. Ancaq böyük potensialımız müqabilində daha iri addımlarla irəliləməlyik.
- Şəxsən Norvec hökümətinin Güney Azərbaycan məsələsinə baxışı necədir və bu ölkənin siyasi dairələri İranda 35 milyondan çox Azərbaycan türkünün durumundan məlumatlıdırmı?
Azərbaycan və özəlliklə Güney Azərbaycan məsələsi gündəmə yeni gəldiyindən geniş tanınmay oxdur. Ancaq burada yaşayan soydaşlarımızın fəaliyyəti, özəlliklə son illərdəki çalışmalar öz bəhrəsini verir. Hər şeydən öncə bir millətin var olduğunu bildirmək lazimdir. Bunun ən doğru yolu tarixi faktlara dayanmaqla mədəniyətimizin tanıdılmasıdır. 2004-cü ildə mən buraya gələndə yaşadığım şəhərdə kimsə Azərbaycanı tanımırdı. Yanımda olan əziz Berliyan xanımın, kor halında oxuduğu Azərbaycan və Norveç mahnılarının CD-sini çoxaldıb xalq arasında yaydıqdan sonra maraqlar artdı. O zaman Norveç dilini çox zəif bilməmə baxmayaraq bu dildə ”Azərbaycanda bahar bayramı” adı ilə bir yazı yazıb yaydıqdan sonra müsbət təsirləri gözə çarpırdı. Bizlərin görə biləcəyimiz bu kiçik işlərin yanında Azərbaycan dövləti tərəfindən görülən böyük işlər daha çox faydalı ola bilir. Üç gün öncə İsveçin Stokholm şəhərində səfirlik tərəfindən keçirilən möhtəşəm Azərbaycan konserti burada bomba kimi partladı. Opera-balet teatrımızın yüz ildən artıq yaşı olduğunu, 500 il öncə Füzulinin “Leyli və Məcnun” kimi ölməz məhəbbət dastanı yaratdığını, Şərqdə ilk demokratik cümhuriyyət qurduğumuzu, 80 il öncə qadınlarımıza seçki hüququnun verildiyini eşidən avropalıların təbii ki, Azərbaycana marağı da artır. Ayrı-ayrı şəxslər əllərindən gələni etsələr də, dövlət səviyəsində aparılan təbliğat daha böyük effekt verir. Son olaraq anlatmaq istədiyim “Güney Azərbaycan hərəkatına bu dövlətlərin baxış münasibətini dəyişərkən aparılan təbliğat Güney Azərbaycanı Quzey Azərbaycandan ayırmaq mümkün deyil” anlayışını söyləməkdir.
Bəziləri cavablarımın verilən sualla əlaqəsizliyini düşünə bilər. Ancaq məncə bu məsələlərin hamısının bir-biri ilə əlaqəsi inkar edilməzdir. Öncə özünü tanıtdırmalısan ki, sonra düyünlərin necə açılmasını axtarasan.
Ona görə vurğulamaq lazimdir ki, son bir-iki ildə Güney Azərbaycan məsələsi ilə bağlı Norveçdə gözəl addımlar atılıb. Helsinki İnsan Haqları təşkilatı ilə müzakirələr aparılaraq iki dəfə geniş toplantımız geçirilmişdir. Millət vəkillərinin də iştirak etdiyi bəzi dinləmələrdə güneylilər də iştirak etmişlər. Oslodakı dostlarımız müxtəlif məsələlərlə bağlı parlament qarşısında və başqa uyğun yerlərdə sərgilər keçiriblər. Qəzetlərdə yazılar dərc olunur, müxtəlif söz sahibləri ilə müzakirələr aparılır. Bunların hamısı gələcəkdə atılacaq böyük addımlara bir başlangıc olaraq ümidimizi artırır.
- Bu gün Erməni diasporunun Norvecdə fəaliyyəti nə səviyyədədir?
İki il öncə Norveçdəki televizya kanallarından birində “Azərbaycan” haqqında bir saatlıq xoşagəlməz veriliş ekrana çıxdı. Bakının gözəlliklərindən, milli mədəniyətimizdən, tarixi dəyərlərimizdən və sairdən o verilişdə zərrəcə əsər yox idi. Tam tərsinə, Bakıda bəzi qədim məhəllələrdəki uçuq-sökük evləri göstərərək müxalifətdə olan bəzi insanlarla tənqidi musahibələr, o zaman Qarabağ müharibəsi haqqında milli hislərimizə toxunan bir yazıya görə məhkəmə edilib tutulan bir jurnalistdən, yaşam sıxıntısı olanları və buna bənzər mənfi imic yaradacaq məsələləri ortaya ataraq bir anti Azərbaycan görüntüsü yaradılmışdı. O verilişdən sonra bəzi norveçli tanışlarım zəng edərkən verilişin təsiri altına düşdüklərini hiss edirdim.
Azərbaycanda hər şeyin tam qaydasında olmadığını bilən, ancaq böyük addımların da atıldığını görərək sevinən və özəlliklə son illərdəki inkişafin, dost-düşmən tərəfindən inkar ediləmiyəcək qədər böyüklüyünü anlayan bir soydaş kimi bu veriliş məni və buradakı bir çox dostumuzu da incidirdi. Azərbaycanlıların geniş etirazi nəticəsində, o TV-nin bizlərdən rəsmi üzr istəməsinə baxmayaraq bu verilişin qaynağını öyrənməyə çalışdıq. Yenə də işin içində erməni əli olduğunu öyrəndik və məsələ ilə bağlı mühüm dairələrə məlumat verdik.
Məhəmməd Əmin Rəsulzadənin fikirləri, kitab və yazıları ilə gəncliyimdən tanış olduğuma görə onun bir sözü davamlı xatirimdədir. O, ömrünün son çağlarında əqidə yoldaşlarına tövsiyyə edirdi ki, “Türkiyədə iqtidar-müxalifət” məsələsinə qoşulmaq Azərbaycan davasına zərər verər. Bu fikirin Şİmali Azərbaycanda biz güneylilər üçün də keçərli olduğunu anladığıma görə, oranın daxili siyasətinə heç zaman qarışmadım, fikir söyləmədim.
- Görünən odur ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır və onun müsbət nəticələri də hiss edilməkdədir. Hansı addımlar atılmalıdır ki, diasporumuz daha güclü və təsir imkanları geniş olsun?
Göründüyü kimi bir yandan Güney məsələsi ilə bağlı Cənubi azərbaycanlılar təşkilatlanmağa can atarkən, bir yandan da bütöv azərbaycanlılar diaspor məsələsində ciddi addımlar atırlar. Fikrimcə zaman bizim xeyrimizə işləyir, ancaq çatışmayan cəhətlərimizi də davamlı dilə gətirərək düyünlərimizin açılmasına çalışmağımız daha müsbət nəticə verə bilər.
Son iki ildə atılan addımların müsbət nəticəsi göstərir ki, gənc olmasına baxmayaraq hərəkatımız düzgün xətt üzrə irəliləməkdədir. Türkiyə və Azərbaycan diasporunun birlikdə çalışma mexanizminin işə başlaması da çox əhəmiyətli bir məsələdir. Ancaq söz ilə əməl arasında tənasüb olmasa, bu bütün millətimizə ziyanlı olar, inam itər. Türkiyədə son zamanlar baş verənlər, bəzi olumsuz davranışlara qarşı Azərbaycan və Türkiyə xalqlarının, özəlliklə milli quvvələrin məntiq dairəsində, birlikdə fəaliyətlərinin müsbət nəticələri bizə nümunə ola bilər. Bu barədə özəlliklə dünya azərbaycanlılarının düzgün davranışları, bağlanmaqda olan düyünün açılmasına gətirib çıxarması ilə birlikdə iki dövlət arasında gərginliyə yol verilməməsi və millətimizin bir istiqamətdə yeriməsi düşüncə xəttimizin inkişaf dərəcəsini göstərir. Bu təbliğat Türküstandakı türk dövlətləri ilə də yürüdülməyə başlarsa böyük uğurlara imza atmış olarıq.
Son olaraq söyləmək istəyirəm ki “mürəkkəb siyasətlərin at oynatdığı, təbliğat və təşviqat meydanındakı oyunda uduzmamaq üçün bütün türk dövlət və millətlərinin əl-ələ verərək mənəvi yaxınlaşmağa ehtiyacı var”.

Söhbətləşdi: Elnur Eltürk "Bütöv Azərbaycan” № 15 2-5.06.2009




Bu xəbər 244 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC