Gəncə qırğınının qarşısı necə alındı

22.01.2012 03:16

Azərbaycanda genişlənməkdə olan azadlıq uğrunda mübarizənin qarşısını almaq məqsədilə rəsmi Moskva 1990-cı ilin yanvar ayının 19-da müvafiq fərman imzaladı. Həmin fərmanın 7-ci bəndinə əsasən, Bakı ilə yanaşı Gəncədə də komendant saatı tətbiq edilməli və əhalini susdurmaq üçün lazımi tədbirlər həyata keçirilməli idi. Bu məqsədlə imperiyanın ən güclü hərbi birləşmələri ölkəmizə göndərildi. Əvvəlcədən düşünülmüş plana əsasən, yanvarın 19-dan 20-nə keçən gecə müasir hərbi texnika ilə silahlanmış qoşunlar Bakı və Gəncəyə eyni vaxtda hücum etməli idilər. Həmin gecə rus qoşunları Bakıya daxil olaraq misli görünməmiş vəhşiliklər törətdilər…
Bəs necə oldu ki, rəsmi Moskva bu planını Gəncədə həyata keçirə bilmədi? Əvvəla, qeyd edək ki, həmin gecəyədək rus qoşunlarının bir hissəsi artıq Gəncə aeroportunda yerləşdirilmişdi. Ancaq onlar təlimata əsasən Moskvadan gəlməkdə olan əlavə 2 qatarı (2674 və 2614 saylı) gözləmək zorunda idilər. Hərbi sursat və texnika ilə dolu həmin qatarlar Gəncədə boşaldılmalı və aeroportda yerləşdirilmiş qüvvələrə təhvil verilməli idi. Ancaq bu, baş vermədi. Belə ki, hər iki qatarın hərəkəti dayandırıldı və onlar yanvarın 19-dan 22-dək Ucar və Kürdəmir stansiyaları arasında qaldı. Bəs bu necə baş verdi? Əldə etdiyimiz məlumatlara görə, Gəncə qətliamının qarşısını almaqda Yusif Həsənqulu oğlu Məmmədovun, həmçinin Kürdəmir və Ucar ağsaqqallarının mühüm xidmətləri olub.
Hadisə belə olub: O vaxtlar Aəzrbaycan SSR Daxili İşlər Nazirliyinin Sosial Dövlət Əmlakını Dağıdanlara Qarşı Mübarizə İdarəsinin Gəncə şöbəsinin bölmə rəisi vəzifəsində çalışmış Yusif Məmmədov 2674-2614 saylı qatarlar barədə gizli şəkildə məlumat alan kimi özünü Ucar dəmiryolu stansiyasına çatdırır. Burada o, stansiyanın rəisi Namiq Bahadur oğlu Rəhimovla görüşərək Ucardan keçəcək 2674 saylı qatarın saxlanılmasını tələb edir. Rəhimov bunun arzuolunmaz nəticəsini Yusif Məmmədova xatırladır. Yusif Məmmədov bu işin məsuliyyətini üzərinə götürür və qatar saxlanılır. Bu situasiyadan yararlanan Y.Məmmədov özü elektrovozun kabinəsinə qalxaraq maşinistdən aparılan yükün sənədlərini tələb edir. Sənədlərdə «ST.Kirovabad» yazılmışdı. Bu əməliyyatdan xəbərdar olan Y.Məmmədov başa düşür ki, hərbi sursat ancaq Zazalı stansiyasında boşaldıla bilər. O, Gəncə aeroportunun rəisi Adil Mövsümovla telefon əlaqəsi saxlayır. Qərara alınır ki, nəyin bahasına olursa-olsun həmin qatarların Gəncəyə yaxınlaşmasına imkan verilməməlidir.
Ucar ağsaqqalları və əhalinin köməyi ilə rus qoşunlarının rəhbərlərini danışığa dəvət etsə də bu alınmır. Buna baxmayaraq Y.Məmmədovun göstərişi ilə dəmiryolçular hərbi sursatla dolu elektrovozu açaraq depoya verdilər. Beləliklə, 2674 saylı ölüm qatarı dayandırıldı. Ancaq 2614 saylı qatar isə hərəkətdə idi. Y.Məmmədov həmin qatarı da dayandırmaq məqsədilə plan hazırlayır. Bu məqsədlə Ucardan Kürdəmirə yollanan Yusif Məmmədov burada stansiyanın rəisi Allahverdi Bədəlovla görüşür. Rəislə danışıqdan sonra o, bayaqdan bəri onu səbirsizliklə gözləyən camaatın qarşısına çıxaraq vəziyyət barədə onlara məlumat verir. Camaat relslərin üzərinə uzanmaqla onun səsinə səs verir və 2614-ün hərəkətini əngəlləyir. Beləliklə, Ucar və Kürdəmir camaatının yüksək fədakarlığı, Y.Məmmədovun göstərdiyi qətiyyət sayəsində Gəncədə törədiləcək qırğının qarşısı alınır. Hazırda Gəncə Veteranlar Şurasının sədri vəzifəsində çalışan Y.Məmmədov bu hadisədən sonra çox təzyiqlərlə üzləşir. Hətta vəzifəsindən də uzaqlaşdırılır.
Qeyd edək ki, o vaxtlar Kürdəmir Rayonunun Partiya Komitəsinin sabiq birinci katibi Tofiq Kərimov bu olaydan xəbər tutan kimi öz heyrətini gizlədə bilməmiş və bu şücaətinə görə Y.Məmmədova təşəkkürünü bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Budaq Budaqov onu fəxri fərmanla təltif etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, B.Budaqov onun bu vətənpərvərliyi barədə rəsmi orqanlara müraciətlər göndərib.
Bəli, Y.Məmmədov o vaxt çoxlarının cəsarət etmədiyi addımı atmaqla Gəncədə törədiləcək qırğının qarşısını aldı.


Anar Rəsuloğlu




Bu xəbər 52 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC