Qarabağ məlikləri və ermənilərin dövlət yaratmaq cəhdləri

06.10.2011 05:28



Səfəvilər dövlətinin ərazicə böyük və əhəmiyyətli əyalətlərindən biri Qarabağ bəylərbəyliyi idi. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanırdı.

Erməni müəllifləri Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində yerli inzibati-ərazi vahidi kimi mövcud olmuş beş xristian məlikliyini etnik cəhətdən erməniləşdirməyə, beləliklə ermənilərin Qarabağ ərazisinin yerli sakinləri olduğunu sübut etməyə çalışır, onların mənşəcə alban olmalarını inkar edirlər.
Lakin beş məlikdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723- cü ilin martında I Pyotra yazdıqları məktub sübut edir ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban (avqan) adlandırmışlar.. Qarabağ məliklərinin 1782-ci ildə II Yekaterinaya yazdıqları məktubda da Qarabağ xanlığı ərazisində yaşayan xristianlar özlərinin arşaki və alban (avqan) çarları nəslinə məxsus olduqlarını qeyd edirlər. Digər erməni müəlliflərindən fərqli olaraq V.R.Qriqoryan İrəvan xanlığının tarixinə həsr etdiyi əsərində Qarabağın Xəmsə məliklərindən danışarkən heç bir yerdə erməni sözünü işlətmir, sadəcə olaraq onları Qarabağ məlikləri kimi qeyd edir.
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halda yaşayan ermənilərin müstəqil dövlət yaratmaq arzusuna təkan verən ən başlıca amil XVI- XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. H.Məmmədov İbrahim Rəhimzadənin «Gəncineyi-fəthi-Gəncə» əsərinə istinadən köstərir ki, 1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmməd xan Osmanlı ordusunun Gəncə şəhərinə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə qədər insanı və öz ailəsini əyalətdən çıxarıb, Araz çayını keçərək Qaradağda yerləşdirsə də, bura gəlmiş Osmanlı ordusu onları tamamilə məhv etmişdir. Gəncə-Qarabağ əyalətinin qeyri-müsəlman olan məlikləri isə gəlib osmanlılara itaətlərini bildirib, bununla da həm öz vəzifələrində qalıblar, həm də yeni torpaq sahələri alıblar.
Beləliklə, Nadir şah Əfşara qədər (1736) 200 il ərzində Qarabağ (həmçinin Qarabağ məlikləri) Azərbaycan Ziyadoğlu Qacarların hakimiyyəti altında qaldı. Nadir şah bu nəslin qüdrətini sarsıtmaq üçün yarımköçəri Azərbaycan tayfalarının və məliklərin torpaqlarını onların nəzarətindən çıxararaq qardaşı İbrahim xana tapşırdı. Nadir şahdan sonra Qarabağ məlikləri Pənah xana tabe oldular. O, məliklər arasındakı nifaqdan bacarıqla istifadə edərək onları «öz vassalına çevirdi». Qarabağ xanlığı, paytaxtı Pənah xan tərəfindən 1751-ci ildə tikilmiş Pənahabad qalası (Şuşa) olmaqla, Azərbaycan xanlıqları arasında ən güclü xanlıqlardan birinə çevrildi.
Rusiya dövlətinin himayə etdiyi xristian məliklər xanlıq daxilində mərkəzləşməyə mane olur, xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçrilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini sarsıtmağa çalışırdılar.
Ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq xülyasına gəlincə bu həvəs «xristian himayəçiliyi» pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaysan sərhədləri qovuşağında etibarlı dayaq yaratmaq lazım idi ki, həmin ərazidən hərbi plastarm kimi istifadə edə bilsin. I Pyotr dövründən başlanan mənfur siyasət XYIII əsrin II yarısında-II Yekaterinanın hakimiyyəti dövründə (1762-1796) daha da fəallaşdı. Məşhur qafqazşünas V.L.Veliçko yazırdı ki, II Yekaterinanın ermənilərə lütfkarlığı ifrat həddə çatmışdı.
1782-ci ildə Rusiya hökuməti Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu P.S.Potyomkini isə Qafqaz müdafiə xəttinin rəisi təyin etdi. Q.A.Potyomkinin 1782-ci il 6 sentyabr göstərişinə əsasən P.S.Potyomkin hər şeydən əvvəl gürcü çarı II İrakli və ermənilərlə əlaqələr yaratmalı idi.
Rusiyadakı erməni yeparxiyasının başçısı, İosif Arqutinski (Hovsen Arqutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəşişdiyi ərazilərdə erməni dövləti yaratmaq üçün Rusiya hökumət nümayəndələri ilə danışıqlar aparmış və bunun üçün 1782-ci ildə erməni-rus layihəsini hazırlamışdır. Bu lahiyəyə görə, Azərbaycanda müstəqil erməni dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq hüququ Rusiyaya məxsus olmalı idi. Bundan əlavə, Rusiya və «erməni çarlığı» arasında hərbi ittifaq yaradılmalı, ermənilər üçün Xəzər dənizində liman inşa edilməli idi.
Bu münasibətlə 1783-cü ilin aprelində Q.A.Potyomkin P.S.Potyomkinə yazırdı ki, siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə etsəniz digər vilayətlərdə olan ermənilər bura axışacaqlar. Bundan əlavə Qarabağ xanlığı üzərinə hərbi yürüşə hazırlaşan P.S.Potyomkin erməni keşişi İ.Arqutinskidən Şuşa xanının möhkəmləndiyi qalanın coğrafi mövqeyi haqda dəqiq məlumat istəyirdi.
Rusiya tərəfindən dəstəklənən xristian məliklər İbrahimxəlil xandan ehtiyat edərək gizli məlumatları əsasən İ. Arqutinski vasitəsilə göndərirdilər. Lakin Rusiya dövlət nümayəndəsi Reyneqsin rus qoşunlarının yürüşü nəticəsində İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və «erməni çarlığının bərpası» haqqında Abova göndərdiyi məktub Qarabağ xanının əlinə keçdi. İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək məliklərin xəyanətkar mövqeyini sübuta yetirərək onların müqavimətini qıra bildi.
Rusiya hakim dairələri ermənilərdən «ümumxalq numayəndəliyi adından kömək və himayə xahişi göndərilməsini» gözləyirdi. Buradan aydın olur ki, Rusiya diplomatiyası hələ I Pyotr zamanından Azərbaycana olan işğalçı niyyətini bu «xahişlə» pərdələmək istəyirdi.
Yaranmış şəraitdən düzgün istifadə etməyə çalışan İbrahimxəlil xan öz hakimiyyətini möhkəmləndirmək, məliklərin özbaşınalığının qarşısını almaq üçün həm Türkiyə, həm də Rusiya ilə siyasi münasibətlərini tarazlaşdırmağa çalışırdı.
Hələ 1783- cü ilin yazında II İrakli P.S.Potyomkinə İbrahimxəlil xanın Rusiya himayəsinə daxil olmaq arzusuna işarə edən məktub göndərmişdi. İbrahimxəlil xan Rusiya ilə yaxınlaşmaqda şübhəsiz öz xanlığının daxili müstəqilliyini qorumaqla yanaşı, məliklərlə apardığı mübarizədə Rusiyanı zərərsizləşdirmək niyyətindəydi.
Q.A.Potyomkin isə II Yekaterinaya yazırdı: «...əlverişli şərait yaranan kimi İbrahim xanı hakimiyyətdən devirərək onun vilayətini milli hakimiyyətə (məlikliklər nəzərdə tutulur- N.G.) vermək lazımdır. Bununla da Asiyada sizin söz verməyinizə uyğun olaraq, mənim vasitəmlə erməni məliklərinə çatdırılacaq xristian dövləti yaranacaqdır».
1783- cü il iyunun 24- də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığı Rusiya dövlətinin təbəəliyini qəbul etdi. Bu müqavilə bağlandıqdan sonra Rusiya dövlətinin Azərbaycana qarşı işğalçı siyasəti daha da fəallaşdı. Göründüyü kimi II Yekaterina özünə müsəlman ölkəsində etibarlı dayaq yaratmaq üçün ermənilərə Qarabağ ərazisində xristian dövləti yaratmağa söz vermişdi. P.S.Potyomkin knyaz Potyomkindən Qarabağ və Qaradağ xanlıqlarının ərazisi əsasında erməni dövlətinin yaradılmasını labüd sayaraq, orada necə hökumət qurmaq və İrəvan xanlığını da bu dövlətin ərazisinə qatıb-qatmamaq barədə təlimat istəyirdi. Onun yanına rəsmi nümayəndə göndərmək barədə P.S.Patyomkinin tələblərinə cavab olaraq İbrahim xanın nümayəndəsi Mirzə Vəli 1784-cü ilin fevralında Tiflisə gəldi. O, özü ilə xanın II Yekaterinanın adına yazmış olduğu ərizəni də gətirmişdi. Generala məktubunda İbrahim xan Rusiya himayəsinə keçmək arzusunda olduğunu bildirməklə yanaşı, belə bir sualına da cavab istəyirdi ki, əgər xan Rusiyaya tabe olarsa, onun daxili işlərinə və məliklərin idarəçiliyinə heç kimin qarışmayacağına, düşmənlərinə qarşı mübarizədə ona yardım göstəriləcəyinə təminat verəcəkmi?
Məhz bu səbəbdən İbrahimxəlil xan Rusiya ilə qarşılıqlı münasibətlərini qoruyub saxlamağa çalışırdı. 1784-cü ilin iyulunda onun vəziri Musa Sultan knyaz Q.A.Potyomkinin yanına gəlmişdi və oradan Peterburqa göndərilmişdi. Peterburqda Musa Sultan böyük dövlətin səfiri kimi hörmətlə qarşılanmış İbrahimxəlil xanın elçisinin şəxsində Qarabağ xanlığına zahirən də olsa dostluq münasibəti göstərilmişdi. Bu məsələdə digər ciddi səbəb Qarabağ xanının Osmanlı dövləti ilə yaxınlığı idi. Buna görə də Musa Sultan Peterburqdan geri qayıtdıqdan sonra Q.A.Potyomkin öz tabeliyində olan knyazlara yazırdı ki, mən sizə bu xanın (İbrahimxəlil xan-N.G.) dediklərinə qulaq asmağı təklif etmirəm, çünki o, türklərə çox arxayındır və ....onu əzməyimizdən qorxduğu üçün bizi yuxuya vermək istəyir.
1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli Gəncə və İrəvan ərazisini, ələ keçirmək, bütövlükdə Azərbaycan ərazisini Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı.
S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qarabağ xanlığı üzərinə yürüş etmək üçün böyük sürətlə hazırlıq işləri görürdülər. Bu münasibətlə erməni İ.Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncəyə qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər.
Hələ, 1783-cü ilin mayında knyaz Potyomkin general Potyomkinə belə bir əmr vermişdi: «Rusiyanın Qarabağdakı tədbirləri ilə bağlı erməniləri həmişə hazır saxlamaq lazımdır və Rusiyanın ali himayəsi altında Asiyada Ermənistan (İrəvan xanlığının ərazisi nəzərdə tutulur- red.) və Qarabağ ərazilərindən ibarət güclü xristian dövləti yaratmaq üçün erməniləri əzizləmək lazımdır». Daha sonra bildirilirdi: «...şuşalı İbrahim xanı devirməli və Qarabağda Rusiyanın himayəsi altında müstəqil erməni vilayəti təşkil edilməlidir».
1783-cü ilin avqustunda Ararat və Gəncəsər patriarxları knyaz Q.A.Potyomkinə məktubla müraciət etmiş və bu məktubları xristian məlikləri də imzalamışdılar. Məktubda bildirilirdi ki, rus qoşunları Azərbaycana, xüsusən Qarabağ xanlığına gəldiyi təqdirdə onlara hər cür kömək edəcəklər. Bundan əlavə, erməni din xadimlərinin tapşırığı ilə ermənilərin sayı süni surətdə şişirdilmiş rəqəmlə ifadə olunurdu. İstər XIX əsr, istərsə də müasir erməni tarixçiləri öz əsərlərində Qarabağ ərazisində yaşayan ermənilərin «kafirlərin zülmü altında əzab-əziyyət çəkdiklərini, aclıq və səfalət içində yaşadıqlarını» vurğulayan məktubları xüsusilə qabarıq şəkildə izah edir və rus qoşunlarının onları xilas edəcək» bir qüvvə kimi Gənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşünə haqq qazandırırlar. Lakin digər məktublardakı «rus qoşunları Qarabağa gəldiyi halda, ermənilər onlara 60 min pud un və 10 min öküz verəcəklər» və s. bu kimi firavanlığı əks etdirən faktlara nədənsə göz yumurlar.
1784-cü il iyunun 2- də P.S.Potyomkin knyaz Q.A.Potyomkinə göndərdiyi fərmanda bildirirdi: «...əgər Fətəli xan öz orduları ilə Gəncəyə yaxınlaşarsa, icazənizlə biz də ermənilərə yardım göstərərik». Buradan bəlli olur ki, artıq Rusiya dövləti ermənilərə hərbi yardım etmək üçün heç nədən çəkinmirdi. Lakin Rusiya-Türkiyə savaşı (1787-1791) başlandığı üçün rus qoşunları Qafqaz xəttinə çağrıldı və Azərbaycan ərazisindən geri dönməyə məcbur oldu. Sentyabrın 18-də birləşmiş qüvvələr geriyə yola düşəndə xəyanətkar məliklər də onların ardınca getdilər. Beləliklə, Rusiya imperiyasının Xəzərsahili vilayətləri ələ keçirərək Qarabağ xanlığı və digər ərazilər hesabına «Albaniya» və «Ermənistan dövləti» yaratmaq planı baş tutmadı.

"Bütöv Azərbaycan” 28.10.2008. № 3




Bu xəbər 182 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC