RƏSULZADƏNİN JURNALİSTLİK FƏALİYYƏTİ

19.10.2011 08:02


Məhəmməd Əmin Rəsulzadə Hacı Molla Ələkbər oğlu (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist olmuşdur.


M.Ə.Rəsulzadənin ədəbi-mətbu işi çox zəngindir. Burada Azərbaycan həlledicidir, Lakin Zaqafqaziya, Rusiya, İran, Türkiyə, Qərbi Avropa və Amerikada baş verən hadisələr, ümumiyyətlə planetimizin mənzərəsi, demokratiya və tərəqqi, azadlıq və milli istiqlaliyyət uğrunda mübarizə geniş yer tutmuşdur. 1903-1920-ci illərdə Azərbaycan dövri mətbuatında M. Ə. Rəsulzadənin 1200-dən çox yazılı çıxışı dərc olunmuşdur. M. Ə. Rəsulzadənin Rusiyanın ruslaşdırma, rusçuluq və müstəmləkəçilik siyasətinə qarşı protest mahiyyəti daşıyan ilk məqaləsi 1903-cü ildə "Şərqi-Rus" qəzetində nəşr olunmuşdur. Rəsulzadə ilk məqaləsini əsarətdən qurtarmağın ilk işığı olan dildən yazmağı qərara aldı. Uzun əsrlər boyu yadlaşan, sonra da rus kəlmələriylə eybəcərləşib ulu gözəlliyini itirmək təhlükəsində qalan doğma türk dilinin saflığını qorumaq onun ən böyük arzusu idi. Yetmiş, səksən ilə yaxın idi ki, türk övladları özgə dil öyrənir, doğma kəlmələrini unudub yaddan çıxarırdılar. Şanlı keçmişindən getdikcə uzaqlaşıb və yadlaşan adamlar evdə-eşikdə saf türk dilində deyil, rusca danışırdılar. Sanki ana türkcə kəlmə kəsməyi özlərinə ar bilir, yaxud da gerilik əlaməti sayırdılar. Bu xalqın içərisini kəsən, varlığını tapdaq altına salan ən dəhşətli xəstəlik idi.
Rəsulzadənin ilk məqaləsini yaratmaqda məqsədi bu qara tufanın qarşısını vaxtında almaq idi. Yazdığı məqaləni poçtla Tiflisə göndərdi. Hər dəfə gedib "Şərqi-Rus" qəzeti alır, əvvəl tələsik halda bütün səhifələri gözdən keçirir, göndərdiyi yazıları görməyəndə məyuslaşır. Amma bir gün "Şərqi-Rus" qəzeti onun göndərdiyi məqaləni "Bakıdan məktub" başlığı altında dərc etmişdir.
Rus-Yapon müharibəsində məğlub olan Rusiya 1905-ci ildə Azərbaycanın fikir və bilim mərkəzi şəhəri olan Bakıda nisbi azadlıq sayəsində milli-mədəni fəaliyyət başladı və türkcə gündəlik, həftəlik, aylıq, qəzet və jurnallar nəşri başlandı. Başda Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə və Azərbaycan mətbuatının yaradıcısı Həsənbəy Zərdabinin yaratdığı milli mətbuatda gənc Rəsulzadə də iştirak etməyə başladı. 1906-cı ildə nəşrə başlayan "Təkamül" (1906-1907) qəzetinin redaktoru M. Ə. Rəsulzadə idi. Bakıda nəşr olunub, 14 nömrəsi çıxıb və qəzetin hər nömrəsində onun 3-4, bəzən daha çox yazısı dərc olub.
İnqilabçı, millətsevər gəncliyin fikirlərinə tərcüman olan bu qəzet proqram məqaləsində "Millətlərin, dövlətlərin, heyətlərin, siniflərin, şəxslərin hüquq və ixtiyarında azad və bərabər olanların və hər təcavüzdən qorunmalarını" müdafiə edən gənc Rəsulzadə "insanlara hürriyyət, millətlərə istiqlal" şəklində milli məfkurə gətirdi mətbuata. Bundan başqa M.Ə.Rəsulzadə dövrünün bir sıra qəzetləri ilə əməkdaşlıq etmişdir. "Tərəqqi" (1908-1909) Bakıda Ə. Ağayevin redaktorluğu ilə çıxan gündəlik qəzet idi. Rəsulzadə bu qəzeti Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır. Onun özü də bu qəzetinən fəal əməkdaşlarından və müəlliflərindən idi. "Ural", "İffət", "Həyat", "Füyuzat", "Hümmət" qəzetləri ilə geniş əməkdaşlıq etmişdir.
1908- ci ilin axırında M. Ə. Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edib, İrana gedir və İranda "İran-e Nou" və İran-e Ahat" qəzetlərinin baş redaktoru olur. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M. Ə. Rəsulzadə Vətənə qayıdır. 1915-ci ildə "Açıq söz" qəzetini türkcə nəşr etdirdi. Rəsulzadə dil bəhsində olduğu kimi, milliyyət bəhsində də Azərbaycan türk toplumuna yeni-yeni istiqamət göstərmişdir. "Dirilik" (1914-1916) jurnalında ilk dəfə olaraq millətin elmi tərifini verən “Milli-Dirilik" başlıqlı seriya məqalələrində dil və mədəniyyət birliyinə dayandığını söyləmişdir.
M.Ə.Rəsulzadə mühacirət illərində də jurnalistlik fəaliyyətini davam etdirmişdir. Rəsulzadənin redaktorluğu ilə Berlində "Qurtuluş" (1934-1938) jurnalı çap edilib. Parisdə rusca "Qafqaz" və "Prometey" jurnallarında məqalələrilə çıxış etmişdir. M. Ə. Rəsulzadə 1955-ci ildə Ankara Universitetinin Tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən vəfat etmişdir.
Azərbaycan vətəndaşı olaraq M.Ə.Rəsulzadə ilə fəxr edirik və onun fəaliyyətinin hansı yönünü araşdırırıqsa, gördüklərimizdən qürur duyuruq.

Rəqsanə
Qafqayqızı
"BütövAzərbaycan” № 18 17-24.07.2009




Bu xəbər 123 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC