XOCALIM HEY

22.02.2012 02:41



Yaman dolub ürəyim,
Göz kölgəli, üz qara.
Yurdum talan-talandı,
Çəkilibdi söz, dara.

Dağ döşünün laləsi,
Selləri, şəlaləsi,
Ellərin ah-naləsi,
Sinəm üstə yüz yaram.

Xocalım hey...Vətən hey...
Qarda donan körpəm hey...
Eldən-elə ötən hey...
Dağ üstündə buz, qaram.


PAYIZDAN QIŞA GEDİRƏM

Ürəyimə payız düşüb,
Payızdan qışa gedirəm.
Cavanlığım bir yuxuymuş,
Qocalıb başa gedirəm.

Yol uzunu nəsə gəzdim,
Gecəm gündüzə qarışdı.
Ağrım-acım üstələndi,
Alın yazımla barışdım.

Zor gedirəm bu yolları,
Öz-özümün içindəyəm.
Gah dağda, gah arandayam,
Gah əkində, biçindəyəm.

Mən də belə bir yolçuyam,
Yollar mənə hay verəcək.
Əllərim göyə sarıdı,
Məni görüb pay verəcək.


XOCALI GEDƏN GÜNDƏN

Saçlarıma dən düşüb,
Bilirsən nədən düşüb?
Ərlər taxtından düşüb,
Xocalı gedən gündən.

Oğullar yaman sınıb,
Haqqı göydən asılıb,
Körpələrim qısılıb,
Xocalı gedən gündən.

Yurd-yuvalar dağıldı,
Bağrım dağım-dağımdı,
Min yol ölən sağımdı,
Xocalı gedən gündən.

Bu yol ağır yol oldu,
Oğullarım vuruldu,
Gəlinlərim dul oldu,
Xocalı gedən gündən.

Bu nə bəla, qarğışdı,
Qocalar uşaqlaşdı,
Aman Allah, ağlaşdı,
Xocalı gedən gündən.

Hayana üz tutmuşam,
Talan olmuş yurdmuşam,
Tanrımı unutmuşam,
Xocalı gedən gündən.

Analarım vay deyin.
Göydən ensin ay, deyin,
Yandı bağrım oy, deyin,
Xocalı gedən gündən.

Lay-lay elim, a lay-lay,
Sındı belim, a lay-lay,
Sinəmdə dərdim lay-lay,
Xocalı gedən gündən.

Yiyəm yox arxalanam,
Toxtaq ol, toxtaq anam!
Mənəm odlanan, yanan,
Xocalı gedən gündən.

Dağlar arana düşüb,
Günüm torana düşüb,
Ağrı yarama düşüb,
Xocalı gedən gündən.

Mən də elin qızıyam,
Bir zərrəsi, azıyam,
Dünyadan narazıyam,
Xocalı gedən gündən.

TORPAĞIMIZ ALINSA

Torpağımız alınsa,
Dastanlar yazacağam.
Nəğməmi çələng hörüb,
Gülüstan quracağam.

Torpağımız alınsa,
Qəm donunu atacam.
Çıxıb cıdır düzünə,
Xoşbəxtliyə çatacam.

Torpağımız alınsa,
Göylərə üz tutacam.
O gümüş ulduzları
Düz dünyaya qatacam.

Torpağımız alınsa,
Gül-çiçəklər açacaq.
Körpələr bələkdəcə,
Şip-şirin dil açacaq.

Torpağımız alınsa,
Hamı cavanlaşacaq.
Gəlinlər al geyinib,
Qızlar qoşalaşacaq.

Torpağımız alınsa,
Ömrü yarı böləcəm.
Dodaqlarına.
Körpə tək düşəcəm,
Vətən torpağının
Ayaqlarına.

ELİM HEY

-Ehey...
Qərib məzarların
Soyuq daşları!
Ağrılarım
Sizdən uzaq.
Fəryadımın
Qolu bağlı.
Həsrətimin
Sonu yoxdu.
Quruyubdu
Göz yaşlarım!
-Ehey...
Yetimləşən
Ölüm, hey...
Pərən-pərən,
Pərən düşmüş
Elim,
Hey...
Acı-acı
Ağrılarım,
Ürəyimdə çabalar.
Torpağımın
Sinəsi dağ!
Cadar-cadar,
Qocalar.
Arzularım
əlin üzüb,
Gümanlarım
Asılı.
Göydən yerə Dərd ələnir.
Yer tanrıdan asılı.
- ehey...
Qərib məzarların
Soyuq daşları!
Ağrılarım Sizdən uzaq.
Fəryadımın Qolu bağlı.
Həsrətimin Sonu yoxdu.
Quruyubdu
Göz yaşlarım.

FƏRİZƏ İLHAM SEVGİSİ

Quranın ayəsi bilin,
İlk eşqin mayası blin,
Sevənlər dünyası bilin,
Fərizə, İlham sevgisin.

Körpələrə söz öyrədin,
Hər sözünü düz öyrədin,
Lay-lay deyin, düz öyrədin,
Fərizə, İlham sevgisin.

Qızlarımın qibləgahı,
Oğulların məbədgahı,
Sevənlərin qərargahı,
Fərizə, İlham sevgisi.

Yadda qalar, nağıllaşar,
Düzlər keçib, dağlar aşar,
İl ötdükcə ahıllaşar,
Fərizə, İlham sevgisi.

Dillənsənə qəbir daşı,
Səni görcək səbrim daşır,
Allah! Torpağa qarışır,
Fərizə, İlham sevgisi.

ANALARIN ANASI

(Qətibə xanıma ithaf olunur)

Mərhəməti həqiqətin müjdəsi,
Sədaqəti dağlarımdan ucadır.
Ürəyinin sevgisidir nur sacan,
Məramıyla, məqsədiylə ucalır.

Heç bilmirəm, nə ad verim, nə deyim,
Kimsəsizə kömək olub əzəldən.
Nəcabəti, nəcibliyi üzündə,
Seçilibdi neçə-neçə gözəldən.

Hər gününün öz arzusu, diləyi,
Gözlərində doğmalaşan yadı var.
Yetimləri ağuşunda isidən,
Hər anının şirin-şəkər dadı var.

Könlündə nur, gözlərində şəfqəti,
Gecə-gündüz keşik cəkir, oyaqdı.
Nacar qalan körpələrin anası,
Necə-necə balalara dayaqdı.

Göy üzünün mələyidi-mələyi,
Səmimidi, mehribandı hər dəmi.
Tanrım onu bu dünyaya pay verib,
Yer üzündə dərdlilərin həmdəmi.

FƏRİDƏ HACIYEVA




Bu xəbər 72 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC