Avropanın nə vecinə

19.10.2011 07:44

Avropanın nə vecinə:
Qarabağda axır qanlar?
Qədim Qazax torpağında
Qəsb olunub gülüstanlar?
Naxçıvanın dərdlərini
Naxçıvanı görən anlar...

Avropanın nə vecinə:
Azərbaycan torpağında
Susmaq bilməyir tufanlar...
Yurd uğrunda qurban gedir
Bizim murazlı cavanlar.

Avropanın nə vecinə:
Bu şairlər torpağını
Bürüyübdür qəbirstanlar...
Avropanın nə vecinə:
Öldürən kim, ölən kimdir?
Ağlayan kim, gülən kimdir?
Biri gəlir, biri gedir,
Hərə bizə bir vəd edir...
Biz qalmışıq dərd içində-
Dərdimizi bilən kimdir?

MƏMMƏD ƏMİN
RƏSULZADƏNİN XATİRƏSİNƏ

Bəxtiyar Vahabzadə
Heykəl var-məzara
gömülsün gərək,
Məzar var, heykəli ucalmalıydı.
N.Həsənzadə

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndü tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.

Zamana bax! Bu torpağı
Bir “sağ ol”a satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
“Beynəlmiləl” laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, 1990

Murova
qar yağırdı

Məmməd Araz
Axşamdan başlamışdı;
Murova qar yağırdı;
Qar altda donmuşların
üstünə qar yağırdı.
Düşmənin qəfil hücum qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi
batmış idi elə bil,
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı,
zəndi oyaq...
Murova qar yağırdı.
Murova qar yağacaq,
Min illərlə beləcə
sıldırımlar qalacaq...
Qalacaq dilsiz yatan
hər qaya-hər qalaça.
Bu dəli uçurumlara
ələnən qar qalacaq.
Döngəni düz, düzü
döngə eyləyən
O qarların altından
gizli cığır keçəcək,
O qarların üstündən
açıq cığır keçəcək,
O, qorxmazlar cığırı,
igid ərlər cığırı,
O, cəsarət cığırı,
Yenməz hünər yoludur,
O, dönməzlər yoludur,
qalib əsgər yoludur;
Murova qar yağırdı...
Hardasa kimlərinsə
Dəminə qar yağırdı.
Nigaran anaların
qəlbinə qar yağırdı...
Bir azdan qar tutacaq
Keçidləri, yolları;
Bircə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı,
Murova qar yağırdı...

Ümid
sənədir ancaq

Qabil
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir şəhərlər...
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Dəyirmi masalarda
İzi var dirsəklərin...
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin,
Yardım bağlamasında
Özü var dəstəklərin
Lap ləl-cəvahir olsun
Hər yardımın dəyəri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Diplomat cənabların
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Səyi təqdirəlayiq,
Rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

İşğal altında qalır
Torpağımız daşımız,
Nələr görmür gözümüz,
Nələr çəkmir başımız...
Qarışıb bir-birinə
Baharımız qışımız
Çadır göstərmək olub
Hər çatana peşəmiz...
Sərgi olmasın deyə
Bu Mil-Muğan düzləri.
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən...
Düşünüb-daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri...
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi
Od saçmasa çaxmağın?
İldırımlardan belə
Umma bu zərrələri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm.
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm.
Tükənir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanatlar
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayrağı,
Bu bayrağa kəm baxan,
Həm baxmayan,
Həm baxan
Bədgüman istmirəm,
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Bir əsgərin Tanrı duası

Musa Yaqub
Ulu Tanrım!
Müqəddəslər müqəddəsi,
bir şərəfli vuruş üçün
Uğur dilə, yol ver mənə!
Babaların cürətini,
qüdrətini al ver mənə,
Düşmənimə hiddətlərin
Hiddətini al ver mənə,
Qanım axsa,
Sən üstəlik qanımı ver,
Canım getsə, canımı ver.
Al ruhumu qanadlandır,
Damarımı palıdlandır.
Kirpiyimi oxa döndər,
Ayağımı
Diyircəkli çarxa döndər.
Qollarımı lülə elə,
Barmağımı güllə elə,
Şər üstümə yeriyəndə,
Düşmən məni hərləyəndə,
Çarpanağa döndər məni.
Qanım axan bir torpağa-
Al bayrağa döndər məni.
Zərrə olum, qəlpə olum,
Düşmənimə qoy yenidən
zərbə olum.
Düşmən qaçır,
Avtomatım, açıl, açıl!
İlan kimi mələ görüm,
Sinəmi dürtmələ görüm,
Döşümü yumruqla görüm,
Şər yolunu bağla görüm.
Yad ayaqda tapdaq olan
bir torpağın-Qarabağın
qarşısında üzüm qara.
Öz elində yesir olan,
Namərdlərə əsir olan
Atam-bacım, soydaşımın,
Şəhid olan qardaşımın
Qarşısında üzüm qara...
Yox, boğuram öz ahımı...
Ulu Tanrım-Azərbaycan,
Ağ südünü ovcuma sağ,
Öz əlimlə
yuyum qara günahımı.
De boğ mənim sabahımı,
De boğ mənim tamahımı.
Dodağımda bircə kəlmə
"başqa" olsa, "özgə" olsa,
ürəyimdə bircə qırıq
Titrəyişdən kölgə olsa,
Qorxaqlığım, xəyanətim
olsa əgər,
Demə mənə
Əsgər oğlu, oğul əsgər.
Qorxaq nədi, əsgər nədi,
"bəlkə" nədir, "məgər" nədi.
Ölüm-dirim vuruşunda
İmtahan və sınaq nədi,
Bu ki, Vətən yürüşüdü,
Bu ki, qeyrət vuruşudu,
Bu ki,namus döyüşüdü.
Qurban gedən oğul varsa
Ana yurdun bu, sabahla
görüşüdü.
Əsgər nədi, qorxaq nədi,
Verdim nədi, torpaq nədi?!
Bu, müqəddəs bir ölümlə
Millətini diriltməkdi,
Bu, səngəri suvarmaqdı,
Bu, torpağı göyərtməkdi,
Qanım vuruş, canım vuruş,
qolum vuruş!
Torpaq nədi, verdim nədi
bircə qarış...
Əsgər nədi, səngər nədi?!
geri nədi?!
Vətən yoxsa, torpaq yoxsa
Yaşamağın yeri nədi?!
Ulu Tanrım!
Sən şərəfli ölümlərə
öyrət məni.
Sonra, sonra,
Torpağımın sabahında
Öz qanımdan göyərt məni!

Mirvarid Dilbazi
"Bütöv Azərbaycan” № 15 2-5.06.2009




Bu xəbər 133 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC