«Az-dili»

30.09.2011 09:41


«Az-dili» dediyimiz dil bizim dildir. Laylasıyla böyüdüyümüz anamızın dili. «Boyuna qurban» deyən nənəmizin dili. Oğul düşmən toxmağıdır deyib qürrələnən dədəmizin dili. Əli bir yana çatmayanda, bacın ölsün, deyə-özünə qarğıyan məsumlarımızın dilidir. Orta məktəb şagirdlərimizin gündəliklərində «Az-dili» yazdıqları həmin dil bizim öz dilimizdir. Hamımızın-dədəmizin, babamızın, sənin, mənim, balalarımızın, nəvə-nəticələrimizin dilidir. Mən orta məktəbdə oxuyanda da dilimiz «Az-dili» idi, müəllim işləyəndə də, elə indi də həmin dildi. Şura hökuməti dövründə rus dili bizlərin iradəsindən asılı olmayaraq dünyanın yarısına hakim idi.

Bu dili bilmədən yüksək vəzifə tutmaq, mənsəb sahibi olmaq, bir sözlə irəli getmək müşkül idi. Ana dilimiz hökumət strukturlarında vəzifə tutmaq üçün heç bir rol oynamırdı. Odur ki, valideynlər balalarını rusca oxutmaq üçün hər əzaba qatlaşırdılar. Bəs indi?! İndi ki müstəqil dövlətik! Əlimizin üstündə əl yoxdur. Bizi nə vadar edir ki, dilimizin adını «Azərbaycan-dili» yox, «Az-dili» yazaq, yazdığımız kimi də oxuyub tələffüz edək? Sizcə, ermənilər «er-dili» yazarmı? Mən inanmıram ki, ingilis öz dilini qısaldaraq «in-dili», fransız «fr-dili» yazsın.
Dünyanın bütün millətləri böyük qürur və fəxarətlə öz dillərinin adını bütöv şəkildə tələffüz edirlər. Biz isə başqa sözləri, xüsusilə əjnəbi sözləri geninə-boluna işlətdiyimiz halda, öz dilimizin adını bütöv deməyə ərinirik. Bununla da dilimizə olan ögey münasibətin davam etdiririk, özümüzü gözdən salırıq. Bu günlərdə qonşuluqda yaşayan bir rusla söhbətləşirdim. Dərsdən qayıdan azərbaycanlı uşaqlardan birinin qiymətləri ilə maraqlandım. «Az-dili»ndən beş almışam»-dedi. Təəccüblənən qonşum, bu, hansı dildir-deyə soruşanda məni xəcalət təri basdı.
Acı olsa da, həqiqət budur və təəssüf doğuran isə odur ki, orta məktəb müəllimlərimizin bir çoxunun dilində də bu ifadə yer alıb. Ona görə də həmin müəllimin yetirmələri məhz «Az-dili»ndə danışırlar. Müstəqil telekanallarda, radiolarda işləyən aparıcılarımız kimi. Dilimizdəki sözləri elə tələffüz edirlər ki, nə dediklərini özləri də başa düşmür. Adama elə gəlir ki, bunların ağzı əyilib.
Müxtəlif afişalarda, reklam lövhələrində orfoqrafik cəhətdən qüsurlu yazılan sözləri oxuyanda, qəzet səhifələrində rast gələndə yenə «Az-dili» yada düşür. Mən o fikirdə deyiləm ki, dilimizi korlayan yalnız «Az-dili» yazmağımızdı. Sadəcə kiçik yaşlarımızdan dilimizi qısaltmaqla, dilimizə sevgini azaldırıq. Bu gün paytaxtımızı bəzəyən reklam lövhələrinin çoxu əcnəbi dillərdədir. Bunu ki, bizə məjbur edən yoxdur. Bunu ki, bizə hansısa xarici zorla yazdırmır! Öz əlimiz, öz başımız olduğu halda, niyə əlimiz başımızın sözünə baxmır? Çünki əlimiz «Az dili» yazmağa öyrənib. Bəzən unuduruq ki, Azərbaycan dili Füzulinin, Ələsgərin, Vurğunun, Şəhriyarın şeir dili, Xanın musiqi dili, Xanqızı Ağabəyim Ağanın bayatı dili, bizlərin isə ana dilidir.
Ana dilimizin dastanlarımıza, muğamlarımıza hopan şirinliyi bir vaxtlar 20 cilddə çap olunmuş klassik Azərbaycan ədəbiyyatının mayasıdır. Yeni nəsli mənən qidalandırmaq, dilini zənginləşdirmək üçün həmin ədəbi nümunələri latın qrafikasında yenidən nəşr edib onların ixtiyarına verilməsini gecikdirmək olmaz. Yoxsa oxumağa maraqlı kitab tapmayan tələbə-gənclər vaxtlarını internet klublarda keçirəcəklər. Söz yox ki, dilin inkişafı üçün maddi əsaslar da olmalıdır. Demək dilin inkişafı həm də iqtisadiyyatla bağlıdır. Ancaq o fikirdə qalırıq ki, dilimizi qısaldıb «Az-dili» deyəndə dilimiz qısa olur, dilimiz qısalanda boyumuz alçalır, ömrümüz gödəlir. Dünyada isə hər şeyin bütövü gözəldir. Elə Azərbaycan dili kimi.

Elçin Kamal
“ Bütöv Azərbaycan” 28.10.2008. № 3




Bu xəbər 195 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC