Kıbrıs türklərinin lideri Rauf Raif Denktaşın vəfatına

22.01.2012 03:45

Rauf Denktaş 27 yanvar 1924-cü ildə doğulmuşdu. Yaşyarımı olanda anasını itirmişdi. Atası hakim Raif bəy idi. Nənə babasının himayəsində böyüdü, 1930-cu ildə təhsil almaq üçün İstanbula gəldi. Orta təhsilini bitirib Kıbrısa döndü. "Halkın Sesi" gəzetində yazılar yazmağa başladı, tərcüməçilik, məhkəmələrdə məmurluq, bitirdiyi ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə hüquq təhsili almaq üçün İngiltərəyə getdi. Məzun olub Kıbrısda vəkilliyə başladı.
27 noyabr 1948-ci ildə Kıbrıs türklərinin düzənlədiyi ilk mitinqi Fazıl Küçük ilə bərabər apardı. Türk camaatının iki önəmli rəhbəri Faiz Kaymak və Fazıl Küçük arasındakı narazılığı aradan qaldırıb barışçı və birləşdirici rolunu uğurla yerinə yetirdi. Kıbrıs Türk Qurumları Federasiyası Konqresində başkanlığa seçildi və bununla da türk camaatının sorunları ilə fəal şəkildə, ardıcıl məşğul olmağa, onların mücadiləsinə rəhbərlik etməyə başladı. Rum-yunanların türk kəndlərinə silahlı hücumları, qətliamları başlananda 1 avqust 1958-ci ildə Türk Müqavimət Təşkilatını (TMT) qurdu. İlk dəfə adaya Türkiyə əsgəri göndərilməsi təklifini dilə gətirdi. Türk Camaat Məclisi İcra Komitəsi Başqanı seçildi. Artıq bütün dünya onu türk müqavimət hərəkatının lideri olaraq tanıyırdı. Həm yunan, həm də Avropa liderləri onu arzuedilməz adam sayaraq adaya girişinə qadağa qoydu, ancaq Rauf Denktaş gizlicə adanın türk camaatı yaşayan sahəsində azadlıq mücadiləsini sürdürməkdə idi. Rum gizli servisi onu həbs etdi, bir daha Kıbrısa girməmək şərti ilə Türkiyəyə versə də, bir az sonra Rauf bəy yenə silahdaşlarının yanına dönüb liderliyini uğurla sona çatdırdı.
Rauf Denktaş istedadlı yazar idi. Bu günəcən 20-yə qədər kitabı çıxıb. 1970-ci il seçimlərində Türk Camaat Məclisi Başqanı, sonra Kıbrıs Türk Yönətim Başqanı seçildi. 1974-cü il Kıbrıs Harekatı nın ardından Dövlət və Məclis başqanı vəzifələrini də yerinə yetirdi. Denktaş Anayasa qəbulundan sonra 1976-cı ildə keçirilən seçkilərdən başlayaraq 2005-ci il seçkilərinə qədər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti seçildi. 2005-ci il Denktaş qurucusu və 40 ildən çox başçılıq etdiyi dövlətin sükanını Mehmet Ali Talata devretdi.
Prezidentlikdən sonra da jurnalistlik fəaliyyətini davam etdirməkdən qürur duyurdu. Televiziya kanalında bazar ertəsi günləri “Denktaşın gündəmi” adlı veriliş aparırdı. Onun fotoqrafçılıq həvəsi, vərdişi və bacarığı da həyatının ayrılmaz hissəsinə çevrilmişdi.
87 yaşında vəfatının ardından onun üçün Türkiyə və KKTC-də matəm günü elan edildi. 17 yanvarda Lefkoşadakı KKTC azadlığı uğrunda savaşan silahdaşların uyuduğu məzarlıqda dəfn edildi.
Rauf Denktaşın adı bu gün Kıbrıs türklərinin azadlıq mücadiləsinin sinonimi kimi işlənir. O əvəzolunmaz lider, yeri doldurulmaz bir vətən övladı, sadə, səmimi, nəcib, ailəcanlı şəxsiyyət, nəhəng dövlət və siyasət adamı kimi tarixdə qalacaqdır. O da Atatürk kimi şərəfli həyatı ilə torpaq, vətən uğrunda savaşın, öndərliyin nümunəsini göstərdi, Türk dünyasına “Yavru Vətən” qoyub getdi. Son vəsiyyəti də özünün ən qiymətli mirası haqqında oldu. KKTC yönətici liderlərinə üz tutub dedi: “Dövlətə və bağımsızlığa sahib çıxın, Ana Vətən Türkiyəyə güvənin”.
Milyonlarla türk bu günlərdə Rauf Denktaşa sevgisini bu sözlərlə, bu andla ifadə edir: “Davasını davamız, mücadiləsini mücadiləmiz, ideallarını ideallarımız sayacağıq”.
Türk Dünyasının böyük şəxsiyyəti Rauf Denktaşın ruhu şad, məkanı cənnət olsun!


Hacı NƏRİMANOĞLU

“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri




Bu xəbər 14 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC