Qəbirlər də qəribləşir

06.10.2011 05:25


Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda bir el var idi,
Siz deyin: hanı dağlar!?

Bir də bu elin yaralarına isti nəfəsiylə məlhəm qoyan bir oğul vardı. Qarlı aşırımdan oğuz ellərinə hay salan, cığa boyda qələmi ilə toplu-topxanalı Sovet İmperiyasına meydan oxuyan bir oğul. Ürəyinin bir güşəsində Abasqulu bəyə, birində Kərbəlayi İsmayıla heykəl qoyan Fərman Kərimzadə.
Fərman Kərimzadə 1937-ci ildə doğulmuşdu. O, illərdə ki, Stalin repressiyasının dalğaları Qərbi Azərbaycandan üzübəri bütün Azərbaycan məmləkətini bürümüşdü. Bu məmləkəti sevənlər ya güllələnir, ya ömürlük həbs olunur, ya da sürgün edilib Azərbaycan üzünə həsrət qalırdılar. Ulu yaradan Fərman Kərimzadəni belə məqamda bəxş etmişdi Azərbaycana. Bəxş etmişdi ki, 37-cilərin yeri boş qalmasın. Amma onun ağrı-acılı günləri 37-cilərinkindən də erkən başladı. 10 il sonra 1947-ci ilin dekabrında Qərbi Azərbaycanın erməniləşdirilməsinə xidmət eləyən Arutyunov indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindəki azərbaycanlıların oradan köçürülməsi xahişi ilə İosif Stalinə məktub ünvanladı. Iki həftə keçməmiş Stalin Kremldə SSRİ Nazirlər Sovetinin “Ermənistan Sovet Sosialist Respublikasından kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan Sovet Sosialist Respublikasının Kür-Araz ovalığına köçürülməsi haqqında “ 23 dekabr 1947-ci il tarixli, 4083 saylı qərarın imzaladı. Həmin qərara əsasən 1948-50-ci illərdə Qərbi Azərbaycandan, öz dədə-baba yurdundakı doğma ocağından 100 min azərbaycanlı Kür-Araz ovalığına deportasiya olundu. Onlardan biri də İsmayıl kişinin 12 yaşlı oğlu Fərman idi. Beləcə bir əli ilə millətçilərə sığal çəkib “millət atası” adını alan İosif Cuqaşvilli o biri əli ilə yüz minlərlə Fərman kimilərimizin deportasiyasına fərman verirdi.
1949-cu ildə Böyük Vedi kəndindən zorla çıxarılan İsmayıl kişinin ailə üzvləri də yüz minlərlə soydaşımız kimi yük vaqonlarına doldurulur. Didərginlərimizin dəmir karvanındakı ağrı-acılarını yaşayan Fərman Kərimzadə milli-tarixi faciəmizə şahidlik eləyə-eləyə Yevlax rayonundakı Mal Binəsi kəndinə köçürülür. Yevlax arxivindən verilən məlumata görə buraya uyğunlaşa bilməyən Kərimzadələr Beyləqan rayonuna üz tuturlar. Şura hökümətindən gördükləri, xalqının gözüönündə yaşanan faciələri Fərmanı erkən yaşa doldurub kamilləşdirir. Milli-mənəvi dərd yükünə çiyin verə-verə boy atır, müdrikləşir. Qələminə tapına-tapına Azərbaycanın bütövlüyünə boylanır. Şura hökümətinin dünyaya meydan oxuduğu 60-cı illərdə “Axırıncı aşırım” dan ekrana çıxaraq qəhrəmanının dili ilə “Mən belə höküməti tanımıram”, deyir.
Doğma od-ocağından didərgin salınan Fərman Kərimzadənin yeganə təsəllisi Vediyə getmək, ağrı-acısını el-obasında qurulan büsatların şirinliyində əritmək idi. Tale bunu da ona çox gördü. Erməni-rus məkri ilə qədim-qayım elləri yenidən pərən-pərənə düşdü.
1988-ci ildə Qərbi Azərbaycandan baş alan didərgin axını, çovğunlu-boranlı dağlarda qırılıb çatılan tifillərin, qocaların ah-naləsi, heç yana çatmayan fəryadları Fərman Kərimzadənin varlığına qənim kəsildi. O, soydaşlarının düçar olduğu məşəqqətləri öz şəxsi taleyinə köçürdü. Bakıda, Moskvada səlahiyyətlilərin qapısını döyə-döyə məkrli siyasətin qurbanına çevrildi. Şəhid oldu. Bəli, şəhid oldu Fərman Kərimzadə. Azad, müstəqil Bütöv Azərbaycan uğrunda mübarizələrdə, qələm cihadında, söz döyüşlərində aldığı “söz güllələrindən, dil yaralarından” şəhid oldu. 19 ildir ki, onun səsinin, nəfəsinin həsrətindəyik.
Əslində Fərman Kərimzadənin üzünü görməmişdim. Heç səsini də eşitməmişdim. Təkcə nəfəsini duymuşdum. Bütöv Azərbaycan təşnəli, Təbriz nisgilli yurddaş nəfəsini. “Xudafərin körpüsündən duymuşdum bu xoş nəfəsi, bu Təbriz namusuna hopan, ruhumuza-qanımıza, iliyimizə, işləyən isti nəfəsi.
Mənim qüdrətimdə deyil onun yaradıcılığına baş vurmaq, dodaq tərpədib Fərman Kərimzadə şəxsiyyəti haqqında söz demək, onun bir-birindən şah əsərlərini təhlil etmək. Sadəcə şəhid ziyalımızın adını anmağı borc bildim. Borcumu ödəmək üçün tanımadığım bir ünvana-Binəqədi qəbiristanlığına üz tutdum. Ziyarətə əliboş gəlmişdim. Şəhid analarının göz yaşı ilə sulanmaqdan ağırlaşmış qərənfili onsuz da ağır olan sinə daşına yük eləmək istəmirdim. Avtobusdan yolayrıcında düşdüm. Soraqlaşmaq üçün kimə yaxınlaşdımsa, yolunu dəyişdirdi. Elə bil nədənsə həmin gün hamı məndən qaçırdı. Axır ki, bir küçədən yol aldım. Tərslikdən bu da “Gülüstan” küçəsi imiş. Tarixi ayrılığımızın şahidi olan Gülüstan. Bu da bir tale işiymiş deyib, yoluma davam elədim. Xeyli gedəndən sonra qarşıma bir hamilə gəlin çıxdı.
-Oğul anası bacım, mənə qəbiristanlığın yolunu göstər, dedim:
Yolu göstərib, qabaqdakı döngədən dönərsən, dedi. Döngədə 7-8 yaşlarında bir oğlanla rastlaşdım. Yolun davamını da o göstərdi. Allahıma şükür elədim. Ona görə şükür elədim ki, Fərman Kərimzadəyə aparan yolu dünyanın pisliklərinə bulaşmayanlar göstərdi. Belə yollar həmişə müqəddəs olur. Bu yol məni bir çiçəkli təpəyə apardı. Çiçəklərdən dəstə tutdum. Çox dolaşdım, ziyarətgahımı tapa bilmədim. Qəbir daşlarının hamısı görünürdü, mənim axtardığımdan başqa. Taqətdən düşüncə gəzdim, axtardım. Ayaqlarım sözümə baxmayanda qıy vurub dəlicəsinə qişqırdım, ey hardasan, ay Azərbaycanın hər yerindən görünənim?! Səsimə bir quş pərvazlandı. Ömrümdə bu biçimdə, bu yaraşıqda, bu gözəllikdə quş görməmişdim. Quşun qalxdığı yerə gəldim. Təəcüb, heyrət, giley-güzar, umu-küsü, sevgi dolu qərib baxış məni yaxın buraxmadı. Fərman Kərimzadənin baxışları idi. Sual dolu o baxışlar. O, baxdıqca, mən acizləşdim. Acizliyimi gizlətmək üçün yerimi dəyişdim. Yerimi dəyişə-dəyişə özüm də bilmədən qəbrin başına dolandım. Dolandıqca ona bağlandım, o doğma baxışların sehrindən çıxa bilmədim. Qulağıma bir səs gəldi, - oğul, gələndə mənə dərman alarsan! Bu səs anamın səsi idi. Çiynimə qonan qərib quş isə hələ də qəbrin başına dolanırdı.
Tamxil ZiyƏddinoğlu "Bütöv Azərbaycan” 28.10.2008. № 3




Bu xəbər 209 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC