Bütöv Azərbaycan işığına yığışanlar

05.10.2011 08:24


Noyabr ayının 28-i mətbuat tariximizdə unudulmaz bir gündür. Həmin gün Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin əbədiyyətə qovuşduğu gündür. Həsən bəy Zərdabi 1907-ci ildə noyabr ayının 28-də vəfat edib. Bu gün bizim həm hüznlü-kədərli, həm də təsəlliverici tariximizdir. Çünki o gün Həsən bəy öz ölümü ilə də xalqı, Azərbaycanın ən qabaqcıl ziyalılarını bir araya gətirdi. Onun dəfni də xalqın birlik simvoluna çevrildi.

Təsadüf elə gətirdi ki, bu ilin həmin günü türk xalqının böyük oğlu Atatürkün adını daşıyan mərkəzdə «Bütöv Azərbaycan» qəzetinin təqdimat mərasimi keçirildi. Millət vəkilləri Nizami Cəfərov, Sabir Rüstəmxanlı, tanınmış ziyalılardan Əlirza Xələfli, Xeybər Göyyallı, Elçin Kamal, Müşfiq çobanlı, Zəminə Xınalı, Rəsmiyyə Rzalı, DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli, Dünya Azərbaycanlıları konqresinin digər təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbir də bir növ birliyimizin, bütövlüyümüzün timsalı idi.
Tədbiri açan Atatürk Mərkəzinin rəhbəri millət vəkili, professor Nizami Cəfərov dedi ki, Bütöv Azərbaycan bizim hürriyyətimiz, istiqlalımızlır. Hər bir xalqın ən böyük arzusu parçalanmış şəkildə deyil öz bütövlüyü ilə təmsil olunmasıdır. Düzdür biz istiqlalımıza qovuşsaq da hələ ki, bütövlüyümüzə qovuşmamışıq. Ona görə də öz ərazi bütövlüyümüzün bərpa olunması uğrunda mübarizəmizi davam etdirməliyik. Bir daha bildirim ki, bütövlüyümüzə gerçəklik səviyyəsində nail olmasaq da, lakin ideya səviyyəsində buna nail olmuşuq. Kifayət qədər uğurlarımız da var. Çünki biz bütövlük hissini itirməmişik. Birinci uğurumuz bundadır. Hətta sovet dövründə yazıçılarımızın, şairlərimizin, din adamlarımızın yaradıcılıqları, təsəvvürləri, fikirləri bizim üçün çox qiymətlidir. Bu gün Azərbaycanın qüzeyində müstəqil dövlət yaratmağımız, güneydə İran islam inqilabından sonra baş verən hadisələr, get-gəllərin artması bütün bunlar bütöv Azərbaycan idealının gerçəkləşmək imkanlarının genişlənməsi bunların hamısına bizim üçün həzm olunan, dərk olunan bir proses kimi baxırıq. İctimaiyyəti, xalqı maarifləndirmək, olub-bitən problemləri millətimizə çatırmaq üçün indi burada təqdimatına yığışdığımız «Bütöv Azərbaycan» qəzeti adını doğrultmaq məqsədi ilə fəaliyyətə başlayan və bu yolu davam etdirmək istəyən bir qəzetdir. Qəzetin artıq bir neçə nömrəsi oxuculara təqdim olunub. Təbii ki, çap olunan materiallarda yalnız Bütöv Azərbaycan ideologiyası məsələsi deyil, digər problemlərə də toxunulub. Ümumtürk birliyi problemlərindən tutmuş Azərbaycandaxili problemlər də qəzetdə yer alıb. Eyni zamanda bizim gündəlik problemlərimiz də bu qəzetdə öz yerini tapıb. Ona görə ki, bu qəzetdi, hansısa bir elmi əsər deyil. Hər bir istənilən məsələyə reaksiya vermək də qəzetin əsas xüsusiyyətidir. Əsas odur ki, aparıcı tendensiya həmişə qalmalıdır, qəzet öz adını qorumalıdır. Mən bu qəzetlə tanış olanda hiss etdim ki, o, heç kimin şəxsi missiyasını, şəxsi maraqlarını müdafiə etmir. Bu baxımdan «Bütöv Azərbaycan» ictimai bir qəzetdir. Bizim bir çox mövzularla bağlı, ideallarımızla bağlı, ümumiyyətlə cəmiyyəti ifadə etmək ideasında olan bir mətbuat orqanıdır. Mən də bu fikirlə razıyam ki, qoy bu qəzetin bir az maliyyə çətinlikləri olsun, bəzi nömrələri vaxtında çıxmasın, amma nə çıxsa obyektiv çıxsın.

Bu qəzet pravakasyon işlər görən və yaxud da arxasında müxtəlif məsələlər duran mənfəət obyektinə çevrilməsin, yəni hansısa maddi maliyyə problemlərinə görə yanlışlığa uğramasın. Qəzetə uğurlar arzulayıram. Həm də istəyirəm ki, hər birimiz əlimizdən gələn köməyi göstərək ki, belə bir ideal da, zaman keçdikcə hansısa bir təhlükə altına düşməsin. Bütöv Azərbaycan məfhumunun mənəvi tərəfi böyükdür. Qəzetdə maarifçilik məsələləri, elmi mübahisələr, müəyyən problematik məsələlər olmalıdır ki, cəmiyyətlə yaxşı kontakta girsin.
Sonra Nizami Cəfərov sözü millət vəkili Sabir Rüstəmxanlıya verdi. Sabir müəllim öncə Nizami Cəfərova təşəkkür etdi ki, burada milli-mənəvi, mədəniyyət baxımından son dərəcə önəmli hadisələrin, gözəl kitabların, müzakirəsi aparılır, mətbuatla, mədəniyyətlə, tarixlə bağlı tədbirlər keçirilir. Həm də belə mərkəzlərin azlığından təəsüfləndi. Bildirdi ki, Atatürk mərkəzi təmənnasız olaraq qapılarını köməyə ehtiyacı olan mədəniyyət xadimlərinin, müəlliflərin üzünə açır, qolundan tutur. Mədəniyyət sahəsində çalışan adamların da hər biri bunun əhəmiyyətini başa düşür, qiymətləndirir.
“Bu gün biz mətbuat aləmində çox mühüm bir hadisənin şahidi oluruq, həm də bir növ xeyir-dua vermək üçün bu məclisə toplaşmışıq. Artıq “Bütöv Azərbaycan” qəzetinin dörd nömrəsi çap olunub. Mən bu qəzeti ilk nömrəsindən izləyirəm. Bu qəzetin ad baxımından da, məqsəd baxımından da düzgün seçim olduğunu deyə bilərəm. Qəzetə adqoyma məsələsinə çox qlobal yanaşmaq lazımdır. Mən mətbuat naziri işlədiyim zaman tez-tez mənə müraciət olunurdu. Üstündən 13-14 il keçsə də o, müraciətlərlə başlayan bəzi konfiliktlər hələ də davam etməkdədir. Məsələn, biri gəlirdi ki, mən qəzetimin adını “Hakimiyyət”, başqa biri “Qanun” qoymaq istəyirəm deyirdi. Soruşurdum ki, sən hakimiyyətsən, prezidentsən, Prezdent Aparatının, yaxud Milli Məclisin qəzetidir bu qəzetlər. Cavab verirdi ki, yox, mən jurnalistəm, şəxsən qəzetimin adın belə qoymaq istəyirəm. Bəziləri də gəlirdi ki, qəzetimin adın qoyuram (hansı ki, o tipli qəzetlər indidə var) “Prestij” “Reytinq” “Space” və s. Onlara söyləyirdim ki, bəlkə bunun bir Azərbaycan variantın fikirləşəsiniz. Cavabında deyirdilər ki, yox, elə biz bu cür istəyirik. İndi görürəm ki, mən adlarına mane olmaq istədiyim qəzetlər sonra gedib başqa vaxt qeydiyyatdan keçiblər və sonralar öz səhifələrində indiyədək mənimlə düşmənçilik edirlər. Təəssüf ki, bu cəhətdən onların apardığı işlərlə adları arasında ciddi fərq var. Ad başqadır, gördüyü işlər isə başqa.
“Bütöv Azərbaycan” qəzetinin işıq üzü görmüş dörd nömrəsi onu göstərir ki, bu qəzet doğrudan da Azərbaycanın tarixi torpaqlarını da, gələcəyini də bütöv görür. Mənə ən çox bu qəzetdə xoş gələn cəhətlərdən biri də odur ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan, əməllərindən, yazılarından bütövlük amalına sadiq qalan adamlar haqqında yazılar var. Nömrələrin birində mənim köhnə, cavanlıqdan bəri ən əziz dostum olan Fərman Kərimzadə ilə bağlı yazı gördüm. Təəssüf ki, bu gün Fərman Kərimzadə haqqında az danışılır. Halbuki, Fərman Kərimzadə Azərbaycan nəsrində son dərəcə çox ciddi yeri olan, bütövlüklə taleyi bu işə bağlı olan, Ermənistandan köçənlərin dərdini, o mövzunu ilk dəfə bizim nəsrimizdə qələmə alanlardan biri idi. Fərman Kərimzadə əslində Ermənistandan köç başlayanda o ağrıların qurbanı oldu. Belə şəxsiyyətlər haqqında yazı verməyin özü böyük bir xidmətdir, məqsəddir.

Burada Azərbaycanın qədim tayfaları ilə bağlı, dövlətçiliyin tarixində ciddi əhəmiyyəti olan insanlarla bağlı çox dəyərli yazılar gedib. Həmçinin adətlərimizlə, mədəniyyətimizin qədim səhifələri ilə bağlı çox dəyərli yazılar var. Şübhəsiz dörd nömrə fikir deməyə çox azdır, amma bu dörd sayın özündən də görünür bu qəzetin istiqaməti harayadır? Azərbaycanın taleyində qara səhifə olan Türkmənçay müqaviləsindən bu il 180 il keçir. Baxın, mətbuat orqanlarımızı vərəqləyin, görün neçə qəzetdə siz bu 180 illik faciə ilə bağlı yazılar görə bilirsiniz? Təəsüf ki, çox az qəzetdə bu mövzuyla bağlı nəsə var. Qəzetlərimizdə nə qədər istəyirsiniz intriqalı yazılar var. Azərbaycan cəmiyyətini, ziyalıları üz-üzə qoyan, cəmiyyəti qütblərə ayıran, şəxsi həyata müdaxilə edən, adamları təhqir edən, gözdən salan, ziddiyətlər yaradan nə qədər desəniz mətbuat orqanımızda yazılara rast gələrsiniz. Onlar heç bir mətbuat qanununa, əxlaq normasına baxmadan cəmiyyəti çaş-baş salır. Maarifçilik demək olar ki, unudulub. Mətbuatımızın çoxu gündəlik siyasətin quluna çevrilib. Halbuki, bu gündəlik siyasətlə yanaşı, həm də bu millətin böyük idealları, hədəfləri var ki, bu idealları, hədəfləri ilk növbədə mətbuat nişan verməlidir. Vaxtı ilə deyirdilər ki, “milləti mətbuat millət edir”. Doğurdanda M.F. Axundzadə, Həsən bəy Zərdabi və onun “Əkinçisi” və onlar kimi bir çox dahi şəxsiyyətlərimiz olmasaydı bəlkə də Azərbaycan bugünkü sifəti ilə meydanda, dünya tarixində olmazdı. Əgər biz bütöv Azərbaycan dövlətini təsəvvür ediriksə, o da ədəbiyyatın, mətbuatın yetirməsi olacaq. Çünki o birlik beyində, fikirdə yaranmadan onu həyata keçirmək mümkün deyil. Belə bir məsəl çəkmək istəyirəm. Bizim çox böyük yazıçımız İsa Muğannanın ən gözəl əsərlərindən biri olan “Məşhər” romanında belə bir hissə var ki, adamlar uzun müddət bellərində taxta qılınc gəzdirirlər. Nəyə görə taxta qılınc? Orada belə qeyd olunur; xalq nə qədər ki, vuruşmağa, mübarizə aparmağa hazır deyil, tək-tək adamların belində əsl qılınc gəzdirməyə ehtiyac yoxdur. Burada taxta qılınc simvoldur. Ona görə taxta qılınc gəzdirirlər ki, beyinlərdə hamının əsil qılıncı əldə götürmək şəraiti gəlib yetişsin. İndi o taxta qılınc rolunu bizdə mətbuat oynamalıdır ki, bizim milləti o bütövlüyə hazırlasın. Qeyd etmək istəyirəm ki, Güneydə yaşayanlar deyirlər ki, bu İranı yüzillər boyu Səfəvilər, Qacarlar, Əfşarlar və.s kimi Azərbaycan türkləri idarə ediblər. Gələcəkdə guya biz İranın o bütövlüyünə sahib olmaqla o köhnə sülalə dövlətlərinin ənənələrini bərpa edə bilərik. İranda bu cür düşünən adamlar çoxdur. Istəyirəm düşüncələrdə bir aydınlıq yaransın. Azərbaycan türkləri min il orada hakimiyyət sürüblər, amma bu gün orda kürdlər, ərəblər, beluclar, lorlar, türkmən türkləri ayrı-ayrılıqda öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Demək olar ki, bütün millətlər oyanıb, hərəsi öz taleyini düşünür. Belə bir vaxtda Azərbaycan gedib o millətlərlə vuruşmalı deyil ki. Azərbaycan əksinə o millətlərlə əl-ələ verib orada öz azadlığına nail olmalıdır. Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Həmədan hansı ki, orada bu gün də əsasən azərbaycanlılar yaşayır, onlar bizim tarixi ərazilərimizdi. Deməli, Azərbaycanın bütövlüyündən danışmaq da, mübarizə aparmaq da olar və lazımdı. Diaspora da bu işlərlə bağlı çox işlər görməlidir. Çünki Güneydən xarici ölkələrə gedənlərin çoxunun öz ana dilində təhsil almaq imkanı olmayıb və oradan inciyib gediblər. Xaricdə Azərbaycana qarşı əks təbliğat aparanlar da az deyil. Diasporanın həm orada, həm də burada Bütöv Azərbaycan ideallarını qabartmaqla mübarizə həyata keçirmək imkanları son dərəcə çətindi. Lakin bu işi mətbuatımız və qəzetlərimiz görməlidir. Qeyd edim ki, dünən “Amerikanın səsi” radiosu bir dəyirmi masa təşkil etmişdi. Verilişə Güneydən bir nəfər insan haqları müdafiəçisi, buradan da mən qatılmışdım. Çox maraqlı dialoqda güneyli qardaşımız belə bir şey söylədi: bu həftə 40 nəfər, keçən həftə 20 nəfər tutulub, demək olar ki, hər gün kimsə həbs olunur. Mənim bu baş verənlərdən xəbərim olduğunu deyib, Dünya

Azərbaycanlıları Konqresi olaraq onların hüquqlarını müdafiə etməyə çalışdığımızı bildirdim. Amma İranda insan haqlarının müdafiəsindən danışarkən gülünc səslənir. Söhbət təkcə 10-20 nəfərin hüquqlarından getmir, söhbət 35 milyonluq bir xalqın bütövlüklə hər şeydən məhrum edilməsindən gedir. Biz 35 milyon insanımızın haqqını müdafiə etməliyik. Hər gün həbs olunub buraxılan insanlara diqqəti yönəldib əsas hədəfdən yayınmamalıyıq. Çünki 35 milyonluq insan haqlarından danışmaq normaldır. Azərbaycan dövləti də hətta bu barədə danışa bilər. Onlar bizim soydaşlarımızdı, ancaq dinc qonşuluq münasibətlərinə görə dövlət bu barədə danışa bilmir, onda əsas yük düşür cəmiyyətin və ayrı-ayrı qəzetlərin üstünə. Güman edirəm ki, “Bütöv Azərbaycan” da o yolu davam etdirəcək. Bu qəzetin təsisçisinə, baş redaktoruna, redaktoruna və əməkdaşlarına uğurlar arzulayıram. Bu dörd nömrədə xeyli çox gözəl və dəyərli yazılar var. Gərək bütöv Azərbaycan ideyası ilə ortaya çıxan mətbuatın hər şeyi, dili də, tərtibatı da gözəl olsun. Xırda münaqişələrdən kənar olsun, çünki tarixən 180 illik böyük münaqişənin yanında xırda şəxsi münaqişələr qətiyyən bu qəzetə yaraşmır. Qəzetə uğurlar diləyirəm.
«Kredo» qəzetinin baş redaktoru Əlirza Xələfli bildirdi ki, «Bütöv Azərbaycan» adlı qəzetin nəşrə başlaması məsələsi ortaya çıxanda Tamxil Ziyəddinoğlu bəlkə də birincilər sırasında idi ki, nəşriyyata mənimlə məsləhətləşməyə gəlmişdi. Mən bu ideyanı eşidəndə çox sevindim və onun bu addımını alqışladım. Çünki mən Tamxil Ziyəddinoğlunu çoxdan tanıyırdım və onun damarlarında axan qanın təpərinə də bələd idim. Onun vətənpərvərliyi, mərdlik, döyüşkənlik tələb edən xüsusiyyətləri imkan verirdi ki, o, bu ağır yükün altına öz çiyinlərini verə bilsin. Bu təbii ki, asan gediləsi bir yol deyil və Tamxil də bütün bu çətinlikləri göz önünə alaraq bu işə girişib. Və elə mən də Tamxilə dedim ki, sən Azərbaycan mətbuatında, televiziyasında öz mənəvi məsuliyyəti ilə tanınan, kəskin fikirli bir jurnalistsən və bu adda bir qəzet buraxmaq istəyirsənsə «Bütöv Azərbaycan» qəzeti öz adına layiq bir qəzet olmalıdır. Onu da təsəvvürümə gətirməzdim ki, «Bütöv Azərbaycan» qəzetinin Atatürk Mərkəzində təqdimat mərasimi keçiriləcək və Sabir Rüstəmxanlı da öz ürək sözlərini deyəcək. Onu da dedim ki, Sabir Rüstəmxanlının «Ömür kitabı»nda belə bir məqam var ki, o, vaxtilə Cənubi Azərbaycanın ostanlara bölünməsiylə bağlı məsələyə etiraz etmişdi və özü də iyirmi il bundan qabaq, Sovet hakimiyyəti illərində bu etirazını bildirmişdi. Və gör ki, o zaman Azərbaycan yazıçısı, Azərbaycan ziyalısı hansı məsələyə etiraz edirdi. Azərbaycan ostanlığının hansısa bir hissəsi parçalanıb başqa bir ostanlığa birləşdirilməsinə. Buna etiraz edirdi Azərbaycan ziyalısı. O bildirirdi ki, biz nə vaxtsa birləşib bütöv olacağıq. Azərbaycan əraziləri də Azərbaycan adıynan birləşəcək və o zaman xalqımız Azərbaycandan qoparılmış torpaqların da başqa ərazilərdə qalmasına dözməyəcək. Bu bir təsadüfdir ki, bu məsələni onda Tamxil Ziyəddinoğluyla söhbət elədik. Çox səmimi şəkildə deyirəm ki, onda dedim ki, Tamxil Ziyəddinoğlu sənin qəzetində hər hansı sensasion, məqsəddən kənar, gəlir gtirə biləcək bir xəbərə belə yer olmamalıdır. Əslində belə bu gün Azərbaycan ziyalısı öz sözünü demək, söykənmək istədiyi bir yer axtarır. Əgər bu gün «Bütöv Azərbaycan» qəzeti Atatürk Mərkəzinə söykənib öz təqdimatın keçirirsə bu alqışlanmalı məqamdır və mərkəzin rəhbərliyinə bir daha təşəkkürümüzü bildiririk.
Mən bir daha səmimi olaraq bildirirəm ki, «Bütöv Azərbaycan» qəzetinin mənəvi uğur qazanacağına ona görə inanıram ki, qəzetin yaradıcısı Tamxil Ziyəddinoğluna inanıram. Onu on beş ildən çoxdur ki, tanıyıram və hansı əqidəyə, məsləkə qulluq etdiyini də yaxşı bilirəm. Bəli, bu gün bizim bütöv Azərbaycan uğrunda bir araya gəlib mübarizə aparmağımız boynumuzun borcudur. Bu gün bu uzun və əziyyətli yolda qəzetin kollektivinə böyük uğurlar arzulayıram və arzu edirəm ki, bütöv Azərbaycan arzumuz çin olsun.
Hərbçi şairə Zəminə Xınalı da öz çıxışında «Bütöv Azərbaycan» qəzetinin xoş bir məramdan yarandığını qeyd etdi. Qəzetin ilk saylarından onun tutduğu yolun müqəddəs bir yol olduğunu vurğuladı. Bu yolun şərəfli olduğu qədər də məsuliyyətli bir yol olduğunu bir daha nəzərə çatdırdı. Arzu etdi ki, «Bütöv Azərbaycan» öz məramına, məqsədinə uyğun bir qəzet olsun. O taylı, bu taylı Azərbaycanımızın güvənc yeri olsun.
«Təhsil» və “Şərqin səsi” qəzetlərinin baş redaktoru Müşfiq Çobanlı da «Bütöv Azərbaycan»a öz dost və həmkar arzularını yetirdi. Ölkəmizdə mövcud olan mətbuat bolluğunda qəzetin öz siması, öz yeri olan bir qəzet olacağına inamını dilə gətirdi.
Tədbirin sonunda «Bütöv Azərbaycan» qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu zəhmət çəkib qəzetin təqdimat mərasimində iştirak edənlərə təşəkkür etdi. «Mən hörmətli millət vəkilimiz, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərova dərin minnətdarlığımı bildirirəm ki, bu mötəbər mərkəzdə qəzetimizin təqdimat mərasimini təşkil etdi. Mən də bir daha vurğulayım ki, bu qəzet təkcə onu buraxanların deyil Azərbaycanı bütöv görmək istəynlərin qəzetidir. Hörmətli millət vəkilimiz Sabir Rüstəmxanlıya minnətdaram ki, vaxtının məhdudluğuna baxmayaraq bu tədbirə qatılaraq qəzetimizlə bağlı dəyərli fikirlərini, ürək sözlərini çatdırdı.
Bütün burda səslənən fikirlər təbii ki, bizləri bir daha məsuliyyətə səsləyir və çiynimizi hansı yükün altına verdiyimizi bizlərə xatırladır. Onu da nəzərinizə çatdırım ki, işimizin əsas yükü qəzetimizin redaktoru, dostum İlham Məmmədlinin çiynindədir. Kollektivimiz böyük olmasa da ürəyində vətən sevgisi yaşadan insanlardan ibarətdir. Biz yaxşı bilirik ki, çox uzun və tarixi bir yola çıxmışıq. Bu yol çətinliklərdən, məhrumiyyətlərdən keçir. Biz xalqımıza, siz ziyalılara, vətənpərvər jurnalist qardaş-bacılarımıza arxalanaraq bu yolu davam edəcəyik. İnanırıq ki, bir gün xalqımız yüz illər boyu ürəyində qövr eyləyən arzusuna-Azərbaycanın bütövlüyünə qovuşacaq.
Bir daha hər birinizə zəhmət çəkib «Bütöv Azərbaycan» qəzetinin təqdimat mərasimində iştirak etdiyinəzə görə kollektivimiz adından təşəkkürlərimizi bildirir, bu yolda hamımıza uğurlar və mübarizə əzmi arzulayıram».

İnnab Vəlizadə,
“Bütöv Azərbaycan”-nin müxbiri







Bu xəbər 136 dəfə oxunmuşdur.


Paylaş


REKLAMLAR


















Təqvim


HAVA



MƏZƏNNƏ



ÜNVAN


Bütöv Azərbaycan qəzeti 2008-2011

Bakı şəhəri, mətbuat prospekti 529 məhəllə
"Azərbaycan" nəşriyyatı 2-ci mərtəbə.

Baş Redaktor:
Tamxil Ziyəddinoğlu

Redaktor:
İlham Məmmədli

Təsisçi:
Tamxil Ziyəddinoğlu



SAYĞAC