Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 17-03-2018, 07:08
Ustad aşığın bir el şənliyində iştirakı barədə təəssüratlarım

Çağdaş aşıq sənətinin inkişafına, bu unikal folklor nümunəsinin ölkəmizin yaxın-uzaq sərhədlərindən kənarda da tanıdılmasında öz layiqli töhfəsini verən ozanlarından biri də tanınmış ustad sənətkar, Azərbaycanın Əməkdar mədəniyyət işçisi aşıq Əkbər Cəfərov olmuşdur. Dədə Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Tufarqanlı Abbas, Miskin Abdal, Mikayıl Araslı kimi ustad aşıq sənətçilər cərgəsində aşıq Əkbər Cəfərovun özünəməxsus dəst-xətti, yaradıcılıq üslubu var idi. Mən Azərbaycan aşıq sənətinə kifayət qədər bələd olan bir insan kimi, aşıq Əkbərin aşıq sənətinə gəlib, bu meydanda “necə at oynatdığına, novator aşıq olaraq hər məclisdə böyük hörmət-izzətlə qarşılanıb, hər ifasından sonra necə sürəkli alqışlarla qarşılanmasına, əldə etdiyi çoxsaylı uğurlarına, hər şeydən öncə əsl ziyalı, vətənpərvər, el-oba təəssübkeşi olduğuna şahidlik etdiyim üçün KİV-lərdə onun barəsində az-çox ürək sözlərimi demişəm. Azman el sənətkarı haqqında növbəti materialda isə aşıq Əkbərin bir el şənliyində - toy məclisində iştirakı ilə bağlı təəssüratımı hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov


1972-ci ilin yay ayı idi. Vəli babanın qız övladı Piryalın toyuna ciddi hazırlıq gedirdi. Vəli baba köklü-köməcli bir elin sayılıb-seçilən hörmətli ağsaqqalı idi. Dəvətnamələr də hazır idi. Dəvətnamələrin aşağı hissəsində belə bir qeyd diqqəti cəlb edirdi: Toyun aparıcısı aşıq Əkbərlə aşıq Əlxan Niftəliyev olacaq. Dəvətnaməni alıb-oxuyan hər bir kəsin çöhrəsinə təbəssüm, gözlərinə sevinc qonurdu. Bu, səbəbsiz deyildi. Bu kəndin yetirməsi olan aşığın doğma ocağa hər gəlişi əsl toy-bayrama çevrilirdi. Bu da növbəti belə bir görüş idi.
Beləliklə, vaxt-vədə yetişdi. Toya bir gün qalmış aşıq Əkbər öz sənətkar dostları ilə gəlib yetişdi. Gədəbəyin doğma Hacılar kəndi, aşığın böyüdüyü cənnətməkan bir guşəyə. O, bu kəndin saf havasını udmuş, durna gözlü bulaqlarından su içmiş, xoşbəxt uşaqlıq illərini beləcə yola salmışdı. O, əlçatmaz, ünyetməz illərə qayıtmaq üçün yaşca Əkbər “Bəy bulağı” deyilən bulağın ətrafına təşrif buyurdular. Bulağın yaxınlığında atlas kimi göy çəmənliyə xalça-palaz döşəndi. Yemək-içmək, deyib-gülmək, şənlənmək məclisi quruldu. Əmlik quzulardan hazırlanmış müxtəlif təamlar - soyutma, kabablar süfrəyə düzüldü. Kəndin hörmətli el ağsaqqalı Mənsur Paşayev və İlyas Ələskərov hamıdan çox xoş ovqatla üzünü aşıq Əkbərə tutdu:
- Əzizimiz aşıq Əkbər, hər birinizə xoş gəlmisiniz söyləyirəm. Həmişə siz gələsiniz. Gözümüz üstə yeriniz var.
Aşıq Əkbər də öz növbəsində sənətkar həmkarlarını bir-bir məclis iştirakçılarına təqdim etdi: Bu yanımdakı ustadım aşıq Qədir İsmayılovdur, o birisi aşıq Əlxan Niftəliyevdir, bu da qoçum balabançı Müseyib Abbasovdur.

Aşıq Əkbər yeyib içə-içə Hacılar kəndində keçirdiyi keçən illərə səyahət etdi, sonra da əlavə etdi ki, mənim bu aşıq sənətinə gəlməyimin əsas səbəbkarı Məcid dayım olub. Yaxşı yadımdadır, onun qamışdan düzəltdiyi ney və tütək çalmaqla saza keçdim və aşıqlar cərgəsinə qoşuldum. Sonra da aşıq Əkbər kimi tanındım.
Şirin və maraqlı söhbətlər bir-birini əvəz edirdi. Bir də baxıb gördük ki, süfrə başındakıların hərəsi bir tərəfə çəkilib - biri tər bənövşə dərir. O biri çiyələk yığmaqla məşğuldur. Aşıq Əkbər bu məqamda həmkarı aşıq Əlxana və balabançı Müseyibə dedi: “Qardaş, siz bu gün mənə uşaqlıq illərimi yada saldınız”.
Onların cavabı aşıq Əkbərə belə oldu:
- Ay aşıq dostumuz, bəs nəyə görə bu kəndə bir-iki yarpaq şeir yazmırsan? Aşıq Əkbər elə bil bu sözlərə bənd idi. Ayağa qalxdı, qardaşı oğlu Akifə müraciətlə: “A bala, get maşından mənim sazımı gətir”.
Sazını əlinə alan aşıq Əkbər üzünü balabançı Müseyibə tutub dedi: Sən də kağız-qələmini götür yaz.
Balabançı tez maşından dəftər-qələm götürdü, yerdə bardaş qurub oturdu, aşıq Əkbəri gözlədi. Aşıq Əkbər bərkdən səsləndi: “Şınıxa gəlsin!” Balabançı Müseyib gülə-gülə soruşdu: Ay Əkbər, kim Şınıxa gəlsin? Aşıq Əkbər: İndi söyləyəcəyəm bilərsən Şınıxa kim gəlsin, - cavabını verib, başladı, necə başladı, bunu ancaq həmin məclisdə olanlar təsvir edə bilər.

Sevənlər söz açıb gözəl qızlara,
Gül-çiçək verməyə Şınıxa gəlsin.
Eşqi dinən, qəlbi coşub çağlayan,
Bənövşə görməyə Şınıxa gəlsin.

Cüyürlü meşəni gəzmək istəyən,
Saçına gül-çiçək düzmək istəyən,
Toylarda oynayıb, süzmək istəyən,
Qolunu gərməyə Şınıxa gəlsin.


Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov


Dolansın dağlarda nazlı çölləri,
Ayrı tamaşadı gədik belləri,
Aran gözəlləri, ipək telləri,
Darayıb-hörməyə Şınıxa gəlsin.

Əkbər də çox görüb cavan yaşında,
Kəklər ötür hər xınalı daşında.
Kimin meyli varsa bulaq başında,
Çiyələk dərməyə Şınıxa gəlsin.


Söz tamama yetəndə aşıq Qədirlə aşıq Əlxan söz ustadına dedilər ki, aşıq qardaş, oxuduğun qoşmanın son bəndinin iki misrasını, yəni

Kimin meyli varsa bulaq başında,
Çiyələk dərməyə Şınıxa gəlsin -


misralarını gözəl dedin, sənə eşq olsun!
Sonra da hamı bir ağızdan: “Çox sağ ol, aşıq!” nidaları səsləndi.
Qaş qaralanda aşıqlar maşınlara əyləşib Vəli babagilə gəldilər. Toydan bir gün əvvəl toy axşamı mərasimi keçirilir. Aşıqlar mənzil başına çatıb maşınlardan düşdülər. Onlara ədəb-ərkanla yer göstərildi, oturmalarını xahiş etdilər. Çay dəstgahı başladı və xoş ovqatla başa çatdı. Mağarda isə toya gələnlər intizarla aşıqları gözləyirdilər. Mağar ağzına kimi kənd sakinləri ilə dolu idi. Beləliklə, sazlı-sözlü aşıqlar sazlarını götürüb mağara daxil oldular. Aşıqlar əvvəlcə bir neçə ustadnamə söylədilər, ardınca bir el havası çalıb oxudular. Aşıqlara bir-birinin ardınca sifarişlər gəlirdi. Növbə ilə hər kəs öz sifarişini verir, havasını çaldırıb oynayırdı. Bir neçə saat beləcə məclis aşıq havaları gurladı. Aşıq Qərib gördü ki, aşıqlar yorulublar. Odur ki, aşıq Əkbərdən sazını alıb çiyninə qaldıraraq dedi:
- Qoy aşıqlar bir qədər nəfəs dərib, çay içsinlər, mən də fürsətdən istifadə edərək sizə bir-iki qaravəlli söyləyim.

Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov


Aşıqlar çay içməkdə olsunlar, aşıq Qədir də meydanı qızışdırmaqda. Az söylədi, çox söylədi, bir də gördüm məclis əhli göz yaşlarını saxlaya bilmir. Aşığın söylədiyi qaravəlli hamını ovsunlayıb təsirləndirmişdi. Sonra kənd ağsaqqalları İlyas kişi ilə Mansur kişi xahiş etdilər ki, aşıqlar “Koroğlu” dastanından bir parça söyləsinlər. Bu sifarişi gözləyirmiş kimi, aşıq Qədir aşıq Əkbərlə Əlxana işarə edib, hoydu, dəlilərim, hoyda, - deyib meydana atıldılar - aşıq Əkbər, aşıq Əlxan və Müseib üçlüyü meydanı ələ aldı. Əvvəlcə dastanın giriş hissəsi barədə məlumat verdilər, sonra da “Koroğlu” havasına keçdilər. Mağarda tam sakitlik idi. Bütün diqqətlər üçlüyün ifalarına yönəlmişdi. Bir neçə saat beləcə davam etdi. Toy məclisi mağardakıların uzun sürən sürəkli alqışları ilə yekunlaşdı. Hamı xoş əhval-ruhiyyə ilə aşıqlara “halal olsun, el-oba məclislərindən əskik olmayasınız” nidaları ilə məclisi tərk etdilər.
Aşıqlar məclis əhli ilə xudahafizləşərək sazlarını sazın sandığına qoyub, gecələmək üçün Məcid babagilin evinə gəldilər. Onlar üçün qabaqcadan hazırlanmış istirahət otağında aşıq Əlxanla balabançı Müseyib aşıq Qədirlə bağlı bir zarafat səhnəsi yaratdılar. Belə ki, onlar aşıq Qədirin buxara papağını götürüb gizlətdilər, özləri də onu “axtarmağa” başladılar. Aşıq Əlxan qəh-qəhə çəkib gülür, “papağı oğradılar, onu kim oğradı, kim oğradı?” - deyə zarafatını davam etdirirdi. Balabançı Müseyib: bəlkə axşam Vəli dayıgildə qoyub gəlib? - deyirdi. Aşıqlar hazırlaşıb Vəli babagilə getməyə hazırlaşırdılar. Hirslənmiş aşıq Qədir: Belə zarafat olmaz. Axı indi mən mağara necə gedim, deməzlərmi axşam papaqla getdin, indi papaqsız qayıtmısan? - söyləndi. Bir xeyli zarafatlaşıb, deyib-güləndən sonra aşıq Əlxan Qədir babanın papağını gedib maşından gətirib özünə verdi və deyə-gülə Vəli babagilə yollandılar.
Axı kəndimizdə toylar adətən 12:00-da başlayırdı. Hələ saat 11:30 idi. Toya dəvət olunanlar artıq mağarda öz yerlərini tutmuşdular. Mağardakılar aşıqlara xoşgəldin söylədilər və beləliklə, məclis başladı, nə başladı. Aşıq Əkbərə meydan verildi. Onun şaqraq, şux səsi mağarı lərzəyə gətirdi. Bir-birinin ardınca “Sağ ol, sağ ol!” nidaları eşidilirdi. Oxumaq, oyun havaları altında oynamaq üçün bir-birini əvəzləyirdi. Kamal Mahaloğlu aşıq Əkbərdən xahiş etdi ki, dünən bulaq başında oxuduğu “Şınıxa gəlsin” qoşmasını ifa etsin. Mən bu havaya oynamaq istəyirəm. Aşıq Əkbər “baş üstə” - söyləyib telli sazını sinəsinə basdı, çalıb oynamağa başladılar. Şeirin “Toylarda oynayıb süzmək istəyən, Qolunu gərməy Şınıxa gəlsin” bəndini dilə gətirəndə, aşıq Əkbər

Kamal kimi oynayıb süzmək istəyən,
Qolunu gərməyə Şınıxa gəlsin

kimi səsləndirəndə, mağar sürəkli alqışlardan titrədi, Kamal Mahaloğlu isə gəlib aşıq Əkbəri öpüb bağrına basdı.
Kəndimizdə, elimizdə toyun ikinci yarısı adətən dastan söylənilməklə davam edərdi. Aşıq Qədir də bu məqamda aşıq Əkbərin sazını alıb çiynindən asaraq mağarı o baş-bu başa gərdiş edəndən sonra dedi: qoy aşıqlar bir çay içsinlər, mən də sizlərə bir-iki əhvalat, qaravəlli söyləyim. Onun söylədiyi qaravəlli mağardakıların könlünü oxşamış, ovqatlarını xoş etmişdi. O, üzünü toy əhlinə tutub dedi: dastan həvəskarları, bu gün aşıq Əkbərlə aşıq Əlxan sizlərə “Novruz və Qəndab” dastanını danışacaqlar. Gəlin, görək aşıq Əkbərlə aşıq Əlxan Novruzu Qəndaba necə qovuşdurur.
Ustadnamələr deyildi. Aşıq Əkbər dastanın giriş hissəsini başa vurandan sonra özünü aşıq Əlxana tutub dedi: Aşıq Əlxan, de görüm Novruz olursan, yoxsa Qəndab? Aşıq Əlxan cavabında gülə-gülə: ay aşıq Əkbər, elə sən Novruz ol, mən də Qəndab. Aşıqlar dilə gəldi. Onlar dastanı elə məharətlə oxudular ki, mağardakıların alqışlarına qərq oldular. Elə bil dastan oxuyanlar həmin obrazları özləri yaratmışdılar. Aşıqlar Novruzu Qəndaba qovuşdurduqdan sonra “Baş müxəmməs” havası üstündə çalıb-oxudular. Məclisi yekunlaşdırmaq istəyirdilər. Amma toya gələnlər hələ bir neçə havanın çalıb-oxumağını xahiş etdilər. Onların xahişlərinə əməl olundu. Yorulmaq nə olduğunu bilməyən aşıqlar sonda Dədə Ələsgər, aşıq Hüseyn Bozalqanlı, şair Məftun, Məmməd İsmayıl yaradıcılığına müraciət etdilər, çalıb-oxudular.
Adıçəkilən Hacılar kəndində düzənlənən o toy şənliyi indi də kənd camaatının yadındadır. Həmin unudulmaz saatlar bundan sonra da xatırlanacaq. Çünki başda aşıq Əkbər olmaqla, onun aşıq həmkarları əsl söz-sənət, saz-söz xiridarları idilər. Qeyd edim ki, həmin dördlükdən yalnız aşıq Əlxan Niftalıyev sağdır. Allah ona cansağlığı, uzun ömür versin, dünyasını dəyişənlərə isə ulu Tanrıdan rəhmət diləyirik!
Aşıq Əkbər Cəfərov 1990-cı ildə, 57 yaşında dünyasını dəyişsə də, işıqlı siması onun tanıyanların gözü qarşısındadır. Onun aşıq-şair kimi zəngin yaradıcılığı barədə hələ çox danışılacaq, onun haqqında yeni tədqiqatlar aparılacaq...

Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov

Hüseyn MƏMMƏDOV,
“Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!