1920-30 illərdə Rus-Sovet imperiyasının Azərbaycandakı kadr siyasəti .....                        Prezident Əmir Pəhləvana mənzil bağışlayıb .....                        Uyğur vətəndaşından əhaliyə müraciət - VİDEO .....                        FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib .....                        Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq .....                        FHN: Kür çayının Tovuz rayonu ərazisindəki hissəsində batan şəxslərin axtarışları davam etdirilir .....                        Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür .....                        37 yaşlı kişini arı sancdı, öldü .....                        Bakı metrosunun xidmət rəisi qəfil dünyasını dəyişdi .....                       
Tarix : 8-11-2019, 13:06
LAÇIN POEZİYASINDA QƏM YÜKÜ VƏ TORPAQ
HARAYI

LAÇIN  POEZİYASINDA QƏM YÜKÜ

Qəzənfər KAZIMOV
Filologiya elmləri doktoru, professor
Əməkdar elm xadimi
Poeziya tədqiqatçısı Mübariz Binnətoğlu son dərəcə xeyirxah bir iş görmüş, XVI yüzillikdən bu günə qədərki Laçın poeziya ustalarının, şair və aşıqlarının yaradıcılıq nümunələrindən seçmələr toplayaraq iki cilddə çap üçün hazırlamış, birinci cild filologiya elmləri doktoru, professor Şirindil Alışanovun elmi redaktorluğu, fəlsəfə doktorları Abbas Abbasov və Rəşid Quliyevin redaktorluğu ilə çap olunmuşdur. Kitabın məsul redaktoru Əli Əliyevdir ("Laçın antologiyası", Bakı, "Yeni poliqrafist MMC", 2015, 632 s.) Kitabın 2-ci cildi Ş.Alışanovun elmi redaktorluğu ilə 706 s. həcmində çap üçün hazırdır. Bu cilddə redaktor fəlsəfə doktoru Dürdanə Hümbətli, məsul redaktor Səbinə Fərmanqızıdır. Bu kitabda həm birinci, həm də ikinci cildə daxil olan şairlər haqqında yığcam məlumat verilmişdir.
Birinci cilddə 27, ikinci cilddə 73 olmaqla bu iki kitabda 100 nəfər şair əhatə olunmuşdur. Bunlardan 8 nəfəri qadın şairlərdir. Qadın şairlər 2-ci cildə düşüb və aşağıdakılardan ibarətdir: Solmaz Xəlilova, Bənövşə Daşdılı, Afaq Əsgərqızı, Xuraman Camalqızı, Reyhan Rəhimli, Validə Ərzumanlı, Gilə Əli qızı Rzayeva, Xatirə Laçın.
Şairlərin böyük bir qismi Laçın sözünü bir neçə variantda özlərinə təxəllüs götürmüşlər. Laçınlı şəçklində: Rəfail Laçınlı, Telman Laçınlı, Məhəmməd Laçınlı, Xaliq Laçınlı, Aşıq Şakir Laçınlı, Əbdüləli Laçınlı, Elməddin Laçınlı. Laçın, Laçınel şəkillərində işlədənlər də var: Xatirə Laçın, Müşfiq Laçınel. Bəhmən, İldırım kimi şairlər isə Laçını itirdikləri üçün ağır kədərlə Laçınsız sözünü işlətmişlər: Bəhmən Laçınsız, İldırım Laçınsız. Qeyd edilən Laçın təxəllüslü bütün qələm sahibləri bizim müasirlərimiz olub və heç şübşəsiz, Laçın işğal olunduqdan sonra Laçın yanğısı ilə bu imzanı götürmüşlər.
Dediyimiz kimi, bu kitablarda Laçında doğulub yaşamış şair və aşıqların əsərlərindən seçmələr verilmişdir. Daha yaxşı olardı ki, Laçının hazırkı imkanlı adamlarının köməyi ilə bir neçə cild artırmaqla antologiyada toplanmış bütün aşıq və şairlərin yaradıcılığı kifayət qədər tam əhatə oluna idi. Lakin, əlbəttə, indiki halda Mübariz müəllim öz qüvvəsi ilə yenə də böyük əmək sərf etmiş, böyük iş görmüşdür.
Kitablar Laçın poeziya ustalarının son 400 ildə meydana çıxan nümayəndələrini əhatə edir. Əslində isə kitabda Sarı Aşıq (XVII əsr), Mir Həmzə Seyid Nigari (1797-1885), şair Məmmədalı (XIX əsr), Qara Kərim (XIX əsr), Aşıq Abbas (XIX əsr) istisna olmaqla, qalan bütün sənət adamları XX əsrə və son dövrə aid şairlərdir.
Kitablarda toplanmış şerlər böyük yanğı ilə yazılmışdır – Laçın yanğısı, Qarabağ yanğısı, Vətən – Azərbaycan yanğısı ilə. Qarabağın ətraf rayonları ilə birlikdə işğalından sonra qaçqın, köçkün əhali, o yerlərə ayaq basa bilməyən Azərbaycan əhalisi təbii olaraq özünü ağır fəlakətə, ağır bəlaya düçar olmuş insan sayır. Söhbət də buradadır ki, hamı bilir ki, bu yerləri ermənilər öz qüvvələrinə güvənərək ələ keçirməyiblər.
Şerlərdən dərd tökülür
Vətən, Azərbaycan, Qarabağ, Laçın, didərginlik, köçkünlük, xəyanət mövzuları kitablara daxil edilmiş şerlərin əsas məzmununu təşkil edir. Laçın həsrəti, Laçın dərdi, Laçın yanğısı, Laçın kədəri, Laçın təbiəti, Laçın dağları, əhalinin Laçın oylağı barədə Laçın adı altında, Laçına müraciətlə 80-dən artıq şeir yazılmışdır. Elə şair var ki, ağır kədər içərisində Laçına müraciətlə üç, dörd şeir yazmışdır. Hamısında da, dediyimiz kimi, yanğı, dərd, kədər, "qədirini bilmədiyim dost".
Laçına həsr olunmuş şerlərin 95 faizə qədəri həsrət, nisgil ilə yanaşı, Laçının təbiəti – dağları, çəmənləri, gülü, çiçəyi, min dərdin dərmanı olan faunası, florası, çayları, bulaqları, yerüstü və yeraltı sərvətlərinin tərənnümündən ibarətdir. Bütün şerlərdən dərd tökülür, bütün şerlərdə qəlb sökülür, əksər şairlər ölərkən qəbrinə tökmək üçün Laçın torpağı arzulayır, bütün şairlər Laçını, heç olmasa, bir dəfə də görmək həsrətilə çırpınır, ağlar günə qalıblar, nə udduqları hava havadır, nə içdikləri su sudür. Dərddir, azardır, ölü həyatıdır, yoxluqdur, boşluqdur, mənəviyyatsızlıqdır, başıaşağılıqdır, xəcalətdir, insanlıqdan məhrumluqdur.

Qismət olmayaydım ayrı torpağa:
Gözlərim Laçını görəydi bir də.
Sürünüb çıxaydım İşıqlı dağa,
Əllərim bənövşə dərəydi bir də. (Hüseyn Kürdoğlu)

Doğrayıb ürəyim, yarın, açın həsrəti,
Bir nisgilim var mənim, o da Laçın həsrəti. (Osman Alıyev)

Könlüm o yerlərin həsrətin çəkir,
Qəlbim qan ağlayır, gözüm qan tökür,
Dövran çox arzumu kədərə bükür,
Vətəndə vətənsiz qalmışam, Laçınn! (Polad İlyas)

Validəyəm, dondum ömrün qışında,
Qan rəngi var gözlərimin yaşında.
Sızlar yaram ürəyimin başında,
Laçın mənsiz, mən Laçınsız qalandan. (Validə Ərzumanlı)

Laçınsız nə həyat, laçın qanımdı,
Onsuz keçən günlər ah-amanımdı,
Laçından gətdiyim quru canımdı,
O dağlarda vuran ürəyim qalıb. (Aydın Qədimoğlu)
Mənim əziz tələbə yoldaşım, insan ömrünün çox az bir kəsiyini yaşamış, fitrətən şair doğulmuş İlyas İbrahimov (1933-1966), elə bil, vətən övladlarının gələcək qürbət həyatına aman diləyir:

Vətəndə bircə gün yüzə əvəzdi,
Boranlı zimistan yaza əvəzdi,
Elimdə geydiyim bezə əvəzdi
İpəyi, tirməsi, şalı qürbətin.

Mənim əziz tələbə yoldaşım Xasay Cabbarov isə Laçın yaşayış məskənlərinin, düzlərinin, dağlarının insan həyatı üçün misilsiz mənəvi, maddi və fiziki gözəlliklərindən bəhs edir:

Mən işvəli bir gözələm –
Qışda qəlbim buz bağlayıb,
Yazda coşub-çağlamışam.
Dəlidağdan, Əriməzdən
Uzadaraq qollarımı
Qoşa-qoşa hörükləri
Həkəridə bağlamışam.
Kəyan düzü önüm olub,
Sarıbaba – arxam mənim.
İstisu – şəfa qaynağım,
Çiçəkli – loğman çəmənim.
O Çalbayır – büllur sinəm,
İşıqlı dağ – şəhla gözüm.
Qabaq təpə – saf ürəyim,
Kirs zirvəsi – şöhrət tacım.
Murov, Qoşqar cüt qardaşım,
Qırxqız olub doğma bacım. (Xasay Cabbarov)

Bu şerlərdə Laçının fiziki təbiətinin, gözəlliklərinin, əlçatmaz, ünyetməz yaylaqlarının, dağlarının təsviri də ön plandadır:

Yığılın, ay ellər, baxın doyunca,
Çiçəklər içində azıb Laçınım.
İlləri gül kimi düzərək sapa,
Dağların boynundan asıb laçınım.

Cənnətin özüdür İpək yaylağı,
Sarıbaba ceyran-cüyür oylağı,
Meşələr bəzənib gəlinsayağı,
Həyalı gözəl tək susub Laçınım. (Teyyub Türkoğlu)

Gəl sənə söyləyim, ay vətən oğlu,
Qucağı bir cənnət anaydı Laçın.
Yox idi oxşarı, tay-bərabəri,
Sonalar içində sonaydı Laçın. (Elşad Qasımoğlu)

Mən Laçında gördüm ömrün dadını,
Ötüb keçən aya, günə həsrətəm.
İnsanların orda gördüm şadını,
Ötüb keçən aya, günə həsrətəm. (Rəfayıl Mayıl)

Hə, belədir. Nə olsun? İndi bu torpaqlar azğın düşmənin tapdağı altındadır. Sən də oturub onu tərif eləyirsən. Əziz qardaşlar, tərif vaxtı deyil, qəzəb vaxtıdır, üsyan vaxtıdır. Sən ayağa qalxıb haray qoparmalısan, qəlbini parçalamalısan, tarana getməlisən. Oturub gül-çiçəyi tərifləməklə neyləyəcəksən? Hər an sənin fəryadın eşidilməlidir, sənin fəryadın eşidənlərin qəl¬bi¬ni parçalamalıdır. Sən döyüşə getməlisən. Sənin yazdıqlarında mübarizə əzmi son dərəcə zəifdir. Sən az qala bu dünyadan əl üzmüsən. Sən düşünmürsən ki, sən sənin üçdə birincən olmayan erməninin əlində əsirsən, yesirsən? Hələ bir deyirsən ki:

Yandırın! Külümü verin yellərə,
Qoy dərs olsun yaxın, uzaq ellərə. (Aydın Qədimoğlu)

Sənin külün kimin nəyinə lazımdır? Millətə sənin mübarizən lazımdır, torpaq uğrunda güllə qabağına getməyin lazımdır..
Hələ bir deyirsən ki:

Şamiloğlu, bu həsrətə döz barı,
Əlim çatmır dərəm təzə nübarı. (Vüqar Şamiloğlu)

Nəyə dözməlisən sən? Nə qədər dözəcəksən? Sən başa düşmürsən ki, düşmən hər gün o torpaqlar üzərində möh¬kəm¬lənir? Yəni sən bunu başa düş-mürsən?
Hələ bir deyirsən ki:

Sanma bir səfil tək məni, eloğlu,
Gətirə bilmədim, Laçında qaldı.
Mənim də öz yurdum, yuvam var idi,
Gətirə bilmədim, laçında qaldı. (Elşad Qasımoğlu)

Nəyi gətirməliydin? Heç başa düşürsən, nə danışırsan? Sən demək bütövlükdə Laçından əl üzmək istəyirsən? Əgər belə düşünürsənsə, sənin ya yaşamağa haqqın yoxdur, ya da vətənin. Sən düşməni əzib, itirdiklərinin də bahasını almalısan. Sən geriyə çəkilməməli, vuruşa getməlisən. Bir onu başa düşməlisən ki, sənin əcdadlarının qəbri mənfur düşmənin tapdağı altındadır.
Vaysınırsan ki, Laçında nələrin qaldı:

Torpaq altda zərim qalıb,
Xəzinəm, gövhərim qalıb,
Gözəl xeyir-şərim qalıb,
Mənə köçkün deməyin! (Aydın Qədimoğlu)

Köhlən at yerişi, sərt yeniş-yoxuş,
Cavanların bəhsi vətəndə qaldı,
Tərlanın şığalı, qartalın səsi,
Bülbülün nəğməsi Laçında qaldı. (Həsən Kərəmoğlu)

Elə bunlar? Düşünmürsən ki, qalanları saymaqla qurtarmaz və onları saymaq, əslində, Laçına sayğısızlıqdır? Qaldı nədir? Sən Laçını yerli-göylü bütöv xilas etməlisən. Laçın dağlarının döşündəki bir çınqılı, bir mal təzəyini də düşmənə güzəşt etməməlisən. Laçında sənin bütöv varlığın qalıb. İndi bu saat vecsizliyin ucbatından onlar sənin oradakı yeraltı sərvətini söküb aparmaqdadır. Bunlar sənin üçün ürək dağı olmalıdır.
Amma yaxşı başa düşənlər, həqiqəti anlayanlar da var. Bilənlər də var ki, varından-yoxundan olmaq olar, amma torpaqdan borc olmaz, torpağın bir qarışını da düşmənə vermək olmaz:

Ömür yadigarım – dörd oğul, beş qız,
Nəvə-nəticəm də bir bölük ulduz.
Laçının həsrəti gözümdə qaldı,
Apardım özümlə bu dərdi yalnz,
Hər ömrün axırı torpaq olsa da,
Vətən torpağını kim qıyar yada?! (Hüseyn Kürdoğlu)

Başa düşənlər var ki, həm də yaxşı başa düşürlər ki, satqınlar var, alverçilər var, vəzifə üçün təkcə torpağı deyil, anasını da satanlar var, oyunbazlar var, vətənsizlər, daxili düşmənlər var. Laçın elə-belə xarici düşmənin gücü ilə getməyib, onların vasitəsilə bu günə düşüb:

Aralığa yüz məxlətə qatan var,
İgidləri kürəyindən atan var.
El yurdunu vəzifəyə satan var,
Kim boşaltdı dam-daşını Laçının,
Bəs kim əydi dik başını Laçının?
\
Binamuslar donnan dona girdilər,
Təmənnəşıb daşnaklara verdilər.
Arxa boşsa, igid olan neyləsin? (Hüseyn Kürdoğlu)

Bir deyil, beş deyil torpaq satanlar,
Bu günü sabahdan üstün ğutanlar,
Tülkü kimi bərələrdə yatanlar,
Bir deyil ki, tutam bağlayam, Laçın. (Məcid bəy Bülövlüklü)

Torpaq alveri edib qumara girişənlər,
Evlər, kəndlər yandıqca məst olub irişənlər,
Əxlaqsız qadın kimi xəlvətdə görüşənlər,
Boyunbağı asmısız erməninin xaçını,
Qaytarın vətənimi, qaytarın Laçınımı! (Osman Alıyev)

Siz ey öz anasını dığalara satanlar,
Köçkünün, didərginin günahına batanlar,
Millət qanını içib, xumarlanıb yatanlar,
Qaytarın vətənimi, qaytarın Laçınımı! (Osman Alıyev)

Məsələni lap köklü şəkildə başa düşənlər də var. Hamı olmasa da, əksəriyyət bilir ki, bu, xarici düşmənin gücü deyil. Doğrudur, tarixən torpağı olmayan düşmən, yəni tarixi yurdu olmayan, öz fahişələri hesabına güclü dövlətlərə yaltaqlanaraq son əsrlərdə Azərbaycan torpaqları hesabına özlərinə vətən düzəldən ermənilər yenə qonşu xalqlardan hər dəqiqə torpaq qoparmaq istəyi ilə çırpınır, bizdən fərqli olaraq, gecə-gündüz bu arzu, bu istəklə yaşayır və əslində, torpaqsız millət elə belə də olmalıdır, həm də bir halda ki, erməni kimi bütün dünya ziyalılarının pislədiyi murdar bir millət. Lakin onlar güc göstərib bizim torpaqları tuta bilməzdilər. Ölkəmizin daxilindəki xəyanətin və havadarlarının köməyi ilə sahib ola bildilər, hələlik qələbə qazandılar. Həm də XX əsrdə, ilin-günün bu vaxtında. Həm də təkcə Qarabağı yox, Qarabağ böyüklükdə Şörəyel, Dağ Borçalısı, Dilican, Kərkibasar, Qırxbulaq, Sərdarabad, İrəvan, Göyçə, Zəngibasar, Dərələyəz, Zəngəzur ərazilərini də. Beləliklə, ermənilər durduqları yerdə o boyda əraziyə sahib olduqdan sonra Qarabağ müharibəsinin də çarxını çevirib öz xeyirlərinə həll edə bildilər. O yerlərin qaçqınlarını, heç olmasa, Qarabağda yerləşdirməyi də bacarmadıq. Bunları bizim şairlər də başa düşmüşlər:
Alınmaz qalaydın, kim aldı səni?
De görüm kim saldı bu hala səni?
Niyə dillənmirsən, niyə dinmirsən,
Niyə danışmırsan, niyə gülmürsən? (Camal Məcnunov)

Elin pərən düşüb altmış diyara,
De, necə dözürsən bu intizara?
Vətəni qoydular, axır, qumara!
Elbrus gör olub haralı, Laçın. (Elbrus Abbasov)

Hələ də danışa bilmir, hədə də öz dərdini açıb deyə bilmir. Çox qorxa-qorxa, son dərəcə ehtiyatla deyə bilirlər:

Fələk bizə quyu qazdı,
Qəm-dərdliyik doqquz yazdı.
Rəhbərlərim yolun azdı,
Talandı kök-soyum, Laçın. (Məcid bəy Bülövlüklü)

Bu, yol azmaq deyil. Bu. gizli şəkildə düşünülmüş böyük plandır. Qorxsalar da, çox ehtiyatla deyirlər, başa düşürlər ki, vecsiz adamlar, özünü oğul cildinə salmış düşmənlər var:

Yatammıram mən gecələr, ağlayıram xısın-xısın,
Şəhid oldu torpağında neçə oğlun, neçə qızın.
Bilməm neyçün qara gəldi sənin qışın, sənin yazın,
Sənə dedim hər kimsəyə oğul deyib bel bağlama,
Ağlama, Laçın, ağlama! (Əlibala Ağayev)

Lap dəqiq başa düşənlər də var:

Hərraca qoyublar, ay Laçın, səni,
Veriblər daşnağa pay, Laçın, səni,
Bəhmən görməyəcək tay, Laçın, səni,
Halallıq verəydin ölənlər üçün. (Bəhmən Laçınsız)

Odur ki haray qoparır:

Oyan, vətən oğlu, qalx ayağa ki,
Namus tapdalanır, ismətin gedir.
Ağla, Azərbaycan, bir də ağla ki,
Bu qoca dünyada qeyrətin gedir. (Əlibala Ağayev)

Bu "oyan" sözü çox məna ifadə edir. Azərbaycanda başqa hörmətli xalqların nümayəndələri yaşasalar da, bu ölkə bütövlükdə türk yurdudur. Bu hal onun dilini də, dinini də, əxlaqını da, mənəviyyatını da müəyyən edir. Azərbaycan fars körfəzindən Dərbəndə qədər böyük bir ərazi olub, 8 yerə parçalanıb, əl boyda qalan bu hissəsini də düşmən qüvvə parçalayıb ermənilərə pay verib.
Şair Əlibala Ağayev bir qoşmasında deyir:

Elə bil, yalanmış, heç inanmıram,
Bizim Babəkimiz, Koroğlumuz var.
Bir daha gördüm ki, Azərbaycanda,
Ay allah, nə qədər kor oğlumuz var.

Elə deyil. Azərbaycanın Babək kimi, Korolğlu kimi, Cavanşir kimi qəhrəman oğulları çoxdur. Əslində, həmin qüvvələr Laçın da daxil olmaqla bütöv Qarabağı azad etmək üzrə idilər, xarici düşmən qüvvələrin gücü ilə, daxili xəyanətin gücü ilə Qarabağ işğal olundu.
Əlacı kəsilən şair bir çox hallarda Sultan bəyi yada salır:

Qoy bu gün qəhrəman Sultan bəy gəlsin,
Dığaları səndən süpürüb alsın,
Erməni bir daha gücünü bilsin. (Məhəmməd Laçınlı)

Həqiqətdə də Sultan bəylər min illərlə namusla, qeyrətlə bu torpaqları qorumuşlar. Amma indi namuslu adamları çidarda saxlayırlar.
Deyirsən ki:
LAÇIN  POEZİYASINDA QƏM YÜKÜ

Düşmənə qalıbdı Şuşa yaylağı,
Yağıya su verir İsa bulağı.
Sərhəddə tək qalıb o Mupov dağı,
Heç kəsə vermərəm, alaram, Laçın. (Hilal Salahov)

Sən saydıqların qalmayıb, əgər sənin torpağını işğal ediblərsə, deməli, sə-nin bütün varlığını işğal ediblər. Heç kəsə vermərəm, alaram – deməklə iş qurtarmır. Ayağa qalxmaq lazımdır. Xəcalətəm, çıxa bilmirəm üzə (Hilal Salahov) – deyirsən. Nə vaxta qədər üzə çıxa bilməyəcəksən?

İgidlik göstərib ala bilməsəm,
laçın deyə-deyə ölərəm, Laçın (Hilal Salahov) –

deyirsən. Ölməyə çalışmaq yox, sənin övladların, nəvə-nəticələrin var, alıb o torpaqları onlara verib sonra ölmək lazımdır.
Talandıq, dinmədik, yandıq, dinmədik,
Yaxşını, yamanı qandıq, dinmədik.
Yaramız sızladı, dandıq, dinmədik,
Qanlı tufanlara, sellərə düşdük.

Şər silah yaratdı, biz söz yaratdıq,
Yad xalqın oyatdı, biz dərd oyatdıq.
Axdıq Həkəridə, Arazda batdıq,
Əcəb fitnələrə, fellərə düşdük. (Polad İlyas)

Bax bunları düz deyirsən. Ona görə dinməmisən ki, bilmisən ki, bütün bu fəlakətlər sənə ağalıq edənlərin ucbatından baş verib, qorxmusan, fikirləşmisən ki, bu hadisələri törədənlər sənin olan-qalan kökünü də kəsər. Amma daha bəsdir.

Restorana, küçəyə vermən "Laçın" adını,
Qaytarın vətənimi, qaytarın Laçınımı! (Osman Alıyev)

Kimə deyirsən? Kim qaytaracaq? Sən özün ayağa durmalısan.
Hələ də çoxları təəccüb eləyir, başa düşmür ki:

Bu yükü necə götürdük?
Vətəndə vətən itirdik,
Hər şeyi yığıb gətirdik,
Qəlbimiz Laçında qaldı. (Roma Xosrov)

Hər şeyi yığıb gətirdik – sözlərini də qafiyə xatirinə deyirsən. Əslində, heç nə götürə bilməmisən və götürə bilməzdin də.

Qalx bir Murovdağa, səslə sən məni,
Təkbətək biz əzək mənfur düşməni,
Birləşib qoparaq yadlardan səni,
Əvvəlki adınla yaşa, ay Laçın. (Zahir Abbas)

Əlac kəsiləndə, millətdən haray görməyəndə adam təkbətək döyüşə get-mək istəyir. Millət ayağa qalxmalıdır, ayağa qalxıb düşmənlərinə qalib gəlməlidir.

Yurdsuzam, qəribəm, qəribdi dünyam,
İçimdə inləyir bir ümid, inam,
Günahkar bizlərik, vallah, ay anam,
Laçına qar yağıb bizdən xəbərsiz.

Şamo vuruşanda, zəfər çalanda,
Doğma yurdumuzda məskən salanda,
Dumanlı dağların könlün alanda
O qar yağmayacaq bizdən xəbərsiz. (Şamo Məmmədov)

Ümid ilə yaşamaq uzun çəkər. Vətəni xilas eləmək lazımdır. Yalnız o za-man o dağlar sizin üzünüzə gülümsəyə bilər.
Laçınla yanaşı, çox mühüm mövzulardan biri də Qarabağ mövzusudur. Qarabağ mövzusu da şairlərimizi düşündürən, həyəcanlandıran, düşmənə nifrət dolu saysız şeirlərin yaranmasına səbəb olan mövzudur. Hələ vaxtilə Mir Həmzə Seyid Nigari (1797-1885) Qarabağa həsr etdiyi üç şeirdən birində Qarabağın sərhədlərini bədii yolla gözəl əhatə etmişdir:

Bir yer deyim, ismidir Qarabağ,
Cənnət yeri abi şiri qaymaq.
Bir mövzui-xoş, fərəhfəzadır,
Dünyaya behişt desəm, səzadır.
Qərbiyyəsi Göyçə, gahi-xuban,
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-cənubisi Ərəsdir,
Kür həddi-şimali-xoşnəfəsdir.
Bir dairənin içində guya
Bir mərkəzi-can olubdu peyda.
Zira ki qədimi darimizdir,
Sərmənzili-Şahnigariımizdir.

Şairlərimiz Qarabağın işğalını fəlakət saymış, fəryad qoparmışlar:

Nə durmusan, Vətən oğlu,
Qarabağ qan içindədir!
Natəvanın gül əkdiyi
Bağça-bağ qan içindədi.

Oyan bu qəflətdən, oyan,
Qan eylə, al qana boyan!
Yaralı Vaqif baş qoyan
O torpaq qan içindədi.

Qudurqanı çox qırmısan,
Altına damğa vurmusan.
Bəs indii niyə durmusan,
Qarabağ qan içindədi! (Hüseyn Kürdoğlu)

Əli Mehdinin "Anam qaldı Qarabağda" şerində yenə də Obam qaldı Qarabağda, Anam qaldı Qarabağda, Babam qaldı Qarabağda, Sonam qaldı Qarabağda, Muğam qaldı Qarabağda, Havam qaldı Qarabağda kimi misralar baş alıb gedir, şair yanıb-yaxılır, tam başa düşə bilmir ki, təkcə bunlar yox, onun bütün varlığı qalıb Qarabağda. Başa düşmür ki, Qarabağın ermənilərə xəyanətlə verilməsi bizim bütün şəhidlərimizin, Qarabağ qəhrəmanlarının əməyinin, mübarizəsinin heç olması deməkdir, onların vətən yolunda can verib şəhid olmalarının üzərindən qələm çəkib quru adlarını saxlamaqdır. Bu, dəhşətdir!
Onun "Heyf sənə, Qarabağım" rədifli şerindən:

Qan ağlayır ulu dağlar,
Gör kim kimin yolun bağlar!
Natəvanın ruhu ağlar,
Heyf sənə, Qarabağım!

Bu cür şerlər yazmaq, məncə, indiki şəraitdə qəbahət kimi görünür. Bu o deməkdir ki, sən Qarabağdan tam əl üzmüsən. Bu cür düşüncə yaramaz. Rəhman Bəhmanoğlunun "Qarabağ" şeiri isə başdan ayağa Qarabağın tərifindən ibarətdir. Elə bil, Qarabağ başının altında rahat-rahat uyuyur və bu ərazidə heç bir təlatüm olmayıb. Heç olmasa, Rövşən Atakişioğlu kimi bir haray-həşir də qoparmır:

İtən yaylığım vay, itən şalım, vay!
Düşdü çiçəkburnu, düşən kalım, vay!
Göyləri ağladan yüz məlalım, vay!
Çalın-çarpaz dağlı bir torpağam mən…

Polad İlyas Qarabağın min bir cəlalını təsvir edib "Haqqıdır fəxr eləyim mən belə ünvanım ilə" deyir. Qorumayandan sonra nə ilə fəxr eləyirsən? Amma başqa bir şerində yaxşı deyir:

Varlımız kar qaldı harayımıza,
Zorlumuz ox sancdı kürəyimizə.
Döyüşsüz, davasız ordu itirdik,
Köçkün ünvaniylə çöllərə düşdük.

Polad İlyasın digər şeri "Qarabağ", Sadıq Mirzənin "Qarabağdadır", İmamverdi Dağlaroğlunun "Get Qarabağa", Abdulla Abdullayevin "Qarabağım", Elşad Qasımoğlunun "Qarabağdadır" şerləri də Qarabağın gözəl təbiətinin, sənət adamlarının tərənnümündən ibarətdir. Seyid Bayram isə Qarabağın gözəlliklərini təsvir edib birdəfəlik xudahafizləşir. Bu gün belə şerlər yazılmamalıdır:

Uca zirvələrdən enib gedirəm.
Orman, salamat qal, dağ salamat qal!
Duyub ətrinizi təkrar edirəm.
Xırman, salamat qal, bağ, salamat qal!

Salamat qalsın, ermənilər arxayın istifadə etsinlər. Nə bədbəxt millət var! Şeir indiki halda aşağıdakıları deyib mübarizəyə çağırmalıdır:

Sapanda güvəndim, olmadı silah,
Buynuzsuz qoç olduq, deyilmi günah?!
Ərzi-hal bildirdik Bakıya aşkar,
Gəzdi ürəklərdə soyuq bir rüzgar,
Vəzifə tutmağa cəmdi qohumlar,
Gördüm ki, əl çəkib öz başım məndən. (Hüsü Qırxqızlı)

Çox aydın deyir: vəziyyəti Bakıya bildirdik, gördük ki, başımızın böyükləri vəzifə uğrunda mübarizə aparırlar. "Qohumlar" dedikdə müəllif bir-birinə qohum, yerli olanları, XX-XXI əsrlərdə qəbahətlə, yüksək qəbahətlə səslənən, heç bir sivil dövlətə yaraşmayan, deyilən əsrlər üçün ağır təhqir olan və daşıyıcısının son dərəcə savadsız, aşağı səviyyəli olduğunu göstərən tayfaçılığı nəzərdə tutur. Aydın şəkildə burada xalqın bir növ tərksilah edilmiş olduğu, yalnız sapanda möhtac qaldığı ifadə olunmuşdur. Aşkar şəkildə satqınlıq və düşmənçilik göstərilmişdir. Bu hal xüsusilə döyüşən əhalinin tərksilah edilməsi dövrünə aiddir.
Hüsü Qırxqızlının "Sənin" şeri aydın şəkildə göstərir ki, millət hər bir şeyi, hər bir xəyanəti qədərincə bilir və tam anlamışdır:

Haramxor övladdı – səndə barınıb,
Namərd düşmənlərə pulla sarınıb.
Xalq içində "təmiz" adla arınıb,
İstər ki. qan töksün bəbəyin sənin.
Gəzir pərsəng kimi düşmən yanında,
Solduqca hər gülün, çiçəyin sənin.
Namusu tapdayıb, qeyrəti atıb,
Olmayıb dar gündə gərəyin sənin.
Son günü vətənin qərarı qəti,
Gələcək burnundan çörəyin sənin.

Haramxor övladdı – səndə barınıb – dedikdə müəllif əslində səhv eləyir, yəni o dərəcədə bilir. Vətən övladı heç vaxt vətənə belə köklü xəyanət eləməz. Əslində, heç onları ilkin mərhələdə pul da maraqlandırmayıb, hakimiyyəti ələ keçirmək əsas olub. Pul, mülklər, var-dövlət hakimiyyətdə sabitləşdikdən sonrakı dövrlərin "nailiyyətləri"dir. Təmiz sözünü dırnaqda verməklə düz eləyib. Pərsəng kimi daim düşmən yanında gəzən bu adamlar həqiqətən türkün bəbəyinin yaş tökməsini istəmişlər. Burada bəbək həm göz bəbəyi, həm də türkün körpə balaları mənalarını verə bilir. Namusu tapdayıb, qeyrəti atıb – sözləri də düz deyil, çünki belə adamlarda nə namus, nə də qeyrət olur. Amma son misra doğrudur: hamısı burunlarından gələcək! Əgər gətirə bilməsələr, onda bu xalq məhv olmalıdır. Bir xalqı isə məhv eləmək elə də asan iş deyil.
Buradakı ideya, fikir başqa bir şəkildə Hüsünün aşağıdakı sözlərində də var:

Ay ellər, obalar, ay Vətən oğlu,
Ayıq ol, "vətəndaş" vətən satacaq.
Aldanma dilinə, uyma sözünə,
Dünyanın malına yetən satacaq. (Hüsü Qırxqızlı)

Vətəndaş sözünü dırnaq arasında verməklə müəllif fikrini çox səlis ifadə etmişdir: Vətəndaş deyil, vətəndaş cildinə girmişlərdir.

Dönük çıxdı oğullar,
Dağı, düzü qan ağlar.
Sultan bəy tək ərənin
Yurdunda bayquş ular. (Hüseyn Həsənov)

Biz mürgü vurmuşuq, düşmən tor qurub,
Xalqın ətin yeyib, qanını sorub.
Seçmə oğulları özümüz qırıb
Deyirik:"Ömrünün vaxtı çatıbdır".

Zərdüştün ruhundan od-qor almayan,
Babəkin qətlini yada salmayan,
Xətaini öz babası sanmayan,
Vallah, günah əzabına çatıbdır. (Sadıq Qəmli)

Burada bir neçə misra açılmayan həqiqətləri əks edirir. Qarabağ döyüşləri zamanı daxili xəyanət nəticəsində qəsdən igid əsgərlərimizin arxadan vurulduğu hallar məlumdur. Digər tərəfdən, indinin özündə də daxili yaramaz düşmən təbliğatının nəticəsi kimi, Babəki, Cavanşiri, Xətaini, "onların bizə nə dəxli var?" deyə öz babası saymayan, Azərbaycan xalqının keçmişini unutdurmağa, ləkələməyə çalışan mənfur qüvvələr var. Həqiqətdə də o böyük adamlar bilavasitə belələrinin babası deyil, odur ki düşünürük ki, onların əleyhinə danışanlar Azərbaycan xalqının adından deyil, bu xalqın çörəyini yeyib, ona düşmən olan adamların dilindən danışırlar.
"Xəyanət qurbanı olub vətənim" deyən Sadıq Qəmli həm yuxarıda qeyd etdiyimiz gizli, daxili xainlərə, həm də aşkar düşmənlərə üz tutaraq deyir:

Böhtan ölməyibdir, ölə də bilməz,
Biqeyrət haraya gələ də bilməz,
Yalvarmaqla düşmən geri çəkilməz,
Sinəni Vətənə sipər edəsən gərək.

Həsən Kərəmoğlunun sözləri:

Bu ağır durumda tək qalan ölkəm,
Tapmır bu düyünə nə çarə, nə çəm.
Dünəndə göz yaşı, bu gündə dərd-qəm,
Fəqət sabahlara güman da yoxdu.

Bəli, insanların ümidlərini elə qırıbdır ki, sabaha da güman yoxdur. Gör neçə il keçir. Televiziyalar camaatı aldatmaqla, söz oynatmaqla məşğuldur. Hər tərəfdə çal-çağır…

Qorxuram bir anda məhv ola dünya,
Alışıb, od tutub hey yana dünya. (Reyhan Rəhimli)

Yanır, cəhənnəmə yansın. Bir dünyanın ki, ağsaqqalı yoxdur, bir dünyada ki, haqq-ədalət yoxdur, o dünya elə yanıb külə dönməli, məhv olmalıdır. Neçə belə sivilizasiya məhv olub.
Reyhan Rəhimli:

Özümüzdə yaratmadıq cürəti,
Millət kimi qorumadıq milləti,
Əldən verdik əldə olan fürsəti,
Dizimizə döyə-döyə qırıldıq.

Yox, tam belə də deyil. Millət, xalq torpaq üçün canından keçməyə hazırdır və həmişə də hazır olub. Xalqı düşmən qabağında aciz və mağmın günə qoyanlar var.
Qadın ola-ola, Reyhan Rəhimli deyir:

Qarabağ bizimçün doğma, əzizdir,
Mən onu heç kimə bağışlamaram…
Bir qarış torpağı anam da bölsə,
Öz əziz anamı bağışlamaram.

Başa düşənlər var ki, xəyanətkar işi elə qurub ki, sənin "yada atdığın özünə dəyirmiş". Ona görə də bu xalqı aldadanı, bu oyunu quranı məhv etmək lazımdır. Namiq Zaman bütün varlığı ilə düz buyurur:

Ayıl, Vətən oğlu, bəsdi yatdığın,
Düşmən öz içində yatırmış sənin,
Özünə dəyirmiş yada atdığın,
Gəmini öz əlin batırmış sənin.

Xəyanət atını çapmasın barı,
Bu saxta oyunu quranı ağlat.
Susdur taleyinlə oynayanları,
Arxadan boynunu vuranı ağlat.

Alsın cəzasını, alsın sitəmkar,
Yadelli yurdumda at oynatmasın.
Özünə dəyirmiş yada atdığın,
"İntiqam!" "İntiqam!" şüarın olsun!

Düşmən öz içində yatırmış sənin, Özünə dəyirmiş yada atdığın, Susdur taleyinlə oynayanları, Arxadan boynunu vuranı ağlat - nə qədər aydın və gözəl deyilib! Amma Gəmini öz əlin batırmış sənin - sözlərində yenə düşmənə güzəşt var: gəmini batıran öz əlin deyil, daxilə girmiş düşmənin əlidir. Şair bunu son bəndin 2-ci misrasında düzəldib: Yadelli yurdumda at oynatmasın.
Azərbaycanın, təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın nicatı bundadır – xəyanətkarın yer üzündən silinməsindədir.
Ənvər Məsud da bir həqiqəti yaxşı ifadə edib:

Bir elin qəhrini yenə mərd çəkər,
Həyat da silləni üzə sərt çəkər,
Adam həsrət çəkər, adam dərd çəkər,
Mənim çəkdiyimin adı da yoxdur.

Düz deyir, biz xəyanətkara elə aldanmışıq, elə uymuşuq ki, fürsətdən yüksək dərəcədə istifadə edib bu xalqın başına elə bir oyun açıb ki, ona ad tapmaq qeyri-mümkündür.
Antologiyada Vətən, Azərbayan haqqında əllidən artıq şer toplanmışdır, aşıq və şairlər üçün ənənəvi şəhidlər, dünya, zaman, ana, payız, insan və s. mövzularda onlarca maraqlı şerə rast gəlmək mümkündür. Təkcə ənənvi dağlar mövzusunda 60-dan artıq şer yazılmışdır. Bütün şerlər Vətənin tərənnümünə aiddir, işğal əraziləri ilə bağlı qəm, kədər, nisgil ifadə edir, arzu və istək, düşmənə nifrət bildirir, mübarizəyə çağırır.
Əslində, bir elin poeziya ustaları çox böyük coşqunluqla 90-cı illərin xəyanət və düşmənçilik nəticəsi olan böyük bəlalarına haray qoparıb, üsyan ediblər. Mən onlarla bir qədər sərt danışdım. Xalqın, bütövlükdə Azərbaycan xalqının, Vətənin fəlakətli və fəlakətə doğru sürüklənən vəziyyətini başa düşən insanlarına deməli olduq¬larımı onlara deməli oldum. Onsuz da onların böyük bir qismi (ən azı üçdə biri) Laçın deyə-deyə bu dünyadan əli uzalı gediblər. Onların dediyi kimi, nəhayət, bu xalq ayılmalıdır, dostu ilə düşmənini fərqləndirməyi bacarmalı, torpaqlarını azad etməlidir. Yalnız bundan sonra bu xalqa rahatlıq gələ bilər və yalnız bundan sonra Qarabağ uğrunda qanları tökülən vətən övladlarının ruhu dincələ bilər.

15.10.2019


Paylaş



Bölmə: Ədəbiyyat, Zəngəzur, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!