İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 6-06-2016, 15:37
Xatirəyə dönmüş ömür


Kəlbiyev Nurəli Sarı oğlu 01.01.1956 -cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının dilbər guşələrindən olan Gığı kəndində anadan olmuşdur.

1962 -ci ildə Gığı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirərək ali məktəbə qəbul məqsədilə Bakı şəhərinə yollanmışdır. Taleyin qisməti elə gətirmişdir ki, imtahan keçirilən müddət ərzində mərhumun atası Sarı Çapanoğlu dünyasını dəyişmişdir. Atasının ölüm xəbərini ondan gizləmişlər ki, imtahan vaxtı sarsılmasın. O, 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə qəbul olur. Sevincini doğmaları ilə bölüşmək üçün doğma elinə, obasına üz tutur. Atasının ölüm xəbəri onu dərindən sarsıdır. Sevinc və kədər bir arada Nurəli müəllimə böyük acı yaşadır.
Xatirəyə dönmüş ömür

Atadan yetim qalan 17 yaşlı Nurəli elə gənc yaşlarından zəhmətə qatlaşaraq anası Bilqeyis Məhərrəmqızını tək qoymur. Ailənin yükünü anası ilə birlikdə çəkir. Özündən kiçik qardaş və bacılarına ata qayğısı göstərir. Beləliklə həm ali təhsil alır, həmçinin gecə növbəsində işləməyə başlayır. Gəncliyinən müdrikliyi ilə seçilən Nurəli müəllim zəhmətkeş, əməksevər, vətənpərvər bir insan kimi formalaşır.
Xatirəyə dönmüş ömür

1978 -ci ildə Pedaqoji İnstitutu bitirərək, doğma kəndindəki orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilmişdir. Nurəli müəllim istedadlı olduğu qədər də yaradıcılıq qabiliyyətinə malik idi. Qısa müddət ərzində məktəb kollektivinin, müəllimlərin, şagirdlərin, valideynlərin hörmətini qazanmışdır. Ömrü boyu vətəninə, elinə -obasına ürəkdən bağlı olan bir şəxsiyyət kimi tanınmış, vətən həsrəti həmişə onun ürəyinə ağır yük olmuşdur.
Xatirəyə dönmüş ömür
Nurəli müəllim pedaqoji fəaliyyətilə yanaşı, ictimai işlərlə də yaxından məşğul olurdu. Vəzifəsindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hamıya hörmətlə yanaşır, hər kəsin savadına, bilik və bacarığına, insani keyfiyyətlərinə görə qiymətləndirirdi.
Xatirəyə dönmüş ömür

Nurəli müəllim Gığı Kənd Orta Məktəbinin bir qrup müəllimi ilə Dərməzürdə- iməcilik vaxtı 16 aprel 1988-ci il

Xatirəyə dönmüş ömür[/center]
Səmimiyyət, təbiilik, qayğıkeşlik və prinsipiallıq da onun təbiətinin ayrılmaz xüsusiyyətlərindən biri idi. Nurəli müəllim dərin zəkalı müdrik insan olub, hər şeydən əvvəl dəyərli sözləri, ağıllı məsləhətləri, əməli və işi ilə gənc nəslə örnək bir müəllim idi. Mənəvi aləminin zənginliyi, xarakterinin bütövlüyü, sədaqətli, geniş müşahidə qabiliyyəti ilə çoxlarından seçilən bir düşüncə sahibi idi. 1979-cu ildə həmkəndlisi Piriyeva Xalidə Loğman qızı ilə ailə həyatı qurmuşdu. Birlikdə 5 övlad -iki oğlan, üç qız böyüdüb tərbiyə etmişlər. Övladlarının beşi də ali təhsil alıb.
Xatirəyə dönmüş ömür

Sözsüz ki, Nurəli müəllimin istər əmək fəaliyyətində, istər təhsilində, istərsə də övladlarının böyüməsində, tərbiyə etməsində, onların layiqli vətəndaş kimi yetişməsində, onunla əl-ələ verən, ona dayaq olan Xalidə xanımın əməyi danılmazdır. 1988-ci ildə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi surətdə ailəsi ilə birlikdə vətənindən, doğma el-obasından ayrı düşən Nurəli müəllim Bakı şəhərinə pənah gətirmişdir. 1989 -cu ilin avqustunda Nərimanov rayon 45-saylı orta məktəbə müəllim təyin edilmişdir. Nurəli müəllim işlədiyi məktəb kollektivinin hər bir üzvünün, dərs dediyi şagirdlərin yaxın və mehriban dostu idi.
Xatirəyə dönmüş ömür

Amma sən saydığını say, gör fələk nə sayır. Fələk elə saydı ki, Nurəli müəllim 60- yaşını qeyd edə bilmədi. Ömrünə xəzan yeli çox tez əsdi. Bu dünyadan vaxtsız, həm də ürəyində doğma yurd nisgilli getdi. 19 aprel 2016 -cı ildə yaşadığı Bakı şəhərində əbədiyyətə qovuşdu.
Elə insan var ki , düynasını dəyişəndən sonra unudulur, elə insan da var ki , dünyasını dəyişsə də unudulmur, xatirələrdə yaşayır. Hər zaman qohumlar arasında xüsusi hörməti ilə seçilən Nurəli müəllimin yeri görünür. O, tək bir evdən, bir ailədən yox, eldən getdi. Bu vaxtsız ayrılıq bizim hamımız üçün çox ağır oldu. Nurəli müəllimin dərs dediyi yüzlərlə, minlərlə gənc bu gün Azərbaycanın müstəqilliyi naminə müxtəlif sahələrdə çalışırlar. Bütün həyatı boyu əmək fəaliyyətilə xalqın hörmətini qazanan, vətənin şərəfini qoruyanlar heç zaman unudulmur. Nurəli müəllim nə etdisə xalq üçün etdi, buna görə də şərəflə ömür yaşadı, şərəflə getdi bu dünyadan. Nurəli müəllim həmişə xalq tərəfindən hörmətlə yad edilib anılacaq, qəlbimizdə şirin xatirəyə çevriləcək. Nurəli müəllimi tanıyanlar yaşadıqca o da xatirələrdə yaşayacaq.
Xatirəyə dönmüş ömür
Bəlkə bir az təsəlli taparlar, deyə- Nurəli müəllimin ömür-gün yoldaşının və övladlarının xatirələrini qələmə alıb "Bütöv Azərbaycan"qəzetinin oxucularına təqdim etmək, necə bir ziyalımızı itirdiyimizi duydurmaq istədik ki, eloğlumuz, həmkarımız Nurəli müəllimin ruhu qarşısında mənəvi borcumuzdan, heç olmasa, belə çıxaq.
Xatirəyə dönmüş ömür
Həyat yoldaşı Xalidə xanım: "Onun haqqında danışmaq və xatirələrimi bölüşmək olduqca çətindir. Ömrünü ailəsinin, qohumlarının, dostlarının yolunda fəda edən ömür-gün yoldaşım Nurəlinin vaxtsız vəfatı ürəyimizdə sağalmaz bir yara açdı. Otuz yeddi illik həyat yolumuzun necə belə tez keçdiyini bu gün anladım. Ailə qurduğumuz ilk gündən ailənin bütün çətinliklərini öz çiyinlərinə götürdü. Nə qədər çətinliklərə düşsək də heç vaxt şikayət etməzdi. Həyatsevər, şən, deyib-gülən, hazırcavab, qonaqpərvər, övladlarına qarşı isə həm tələbkar, həm də çox aciz idi. Uşaqla-uşaq, böyüklə - böyük kimi rəftar edərdi. Çalışırdı ki, övladlarının hər birinə təhsil versin, ev qursun, iş-güc sahibi etsin, həyatda özlərinə mövqe tutmaqda yardımçı olsun. Ürəyindəkiləri həyata keçirdi, balalarını oxutdu. Birlikdə övladlarımızın xoş günlərinə sevinir və fərəh hissi duyurduq. O zamanlar ailəmizin ən xoş günləri idi. Çalışardı ki, heç kimin qəlbin qırmasın, incitməsin. Bəzən də bədahətən şeir deyər, hörmət etdiyi insanlar haqqında şeirlər qoşardı. Bu sevincli günlərimizin ömrü qısa oldu... Qış günlərinin birində öskürməyə başladı. Zənn etdik ki, adi soyuqdəymədir, ötüb keçər. Amma bu yaman dərd onu bizdən almayınca əl çəkmədi. Həkimlərin uzun müddətli səylərinə baxmayaraq yoldaşım, həyatımın ən gözəl günlərinin dostu məni həsrətlə baş -başa buraxdı. Hələ də inana bilmirəm, elə bilirəm ki, yenə də həmişəki kimi məktəbə gedib... Zarafatları üçün çox darıxıram. Hər keçən gün onun yoxluğu mənə əzab verir. Qızlarımın yaşla dolu gözlərinə baxdıqca içim sızlayır. Onlara təsəlli verməyə söz tapa bilmirəm.
Xatirəyə dönmüş ömür

Qızı Gülənbər atasının yoxluğu ilə barışmaq istəmir:

Könlüm yas saxlayır, könlüm barışmır,
Necə ağır imiş atasız dünya?!
Niyə tələsirdi bu zalım fələk,
Sənin əvəzinə öləydim gərək!


Bir ata itirdim ağıllı - kamallı, hüsnü -camallı, həm savadı, həm istedadı hər kəsi heyran edirdi. Bir ata itirdim el tək arxalı, elinin arxası, dayağı idi.

Mən atamı lap çox istəmişəm. Çünki mənim atam həm yaxşı oğul, həm yaxşı ailə başçısı, həm yaxşı ata, həm də yaxşı qohum olmuşdur. Atam biz övladlarına hər zaman dürüst, namuslu, alnıaçıq olmağı öyrətdi. O, qeyri-adi istedada malik olmaqla yanaşı, həmçinin savadlı müəllim idi. Təhsil verdiyi şagirdlərinə biliklə birgə, həyat dərsi də keçirdi. Atam mərd və sözünün ağası idi. Elə bilirəm ki, hələ də yuxudayam, nə vaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək, atam yenə yanımızda olacaq, nə vaxt səsləsək bizə cavab verəcək, bir çətinliyə düşsək köməyimizə gələcək və hər zaman onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəyik. Bircə onu bilirəm ki, ömrüm boyunca istər yaxşı günüm olsun, istərsə də pis günüm gözüm səni axtaracaq, ata!
Xatirəyə dönmüş ömür

Nurəli - Allahın işığı-nuru, Tanrının şərəflisi, ən layiqlisi deməkdir. Sən həqiqətən də şərəfli və layiqli idin ata. Sənin qazandığın şan-şöhrət, ad-san səni hər zaman ucalardan uca tutacaq. Sən heç bir zaman yorulmaq nədir bilmədin, çalışdın- çalışdın ki, vətəninə savadlı gənclər bəxş edəsən və bunu etdin, həm də layiqincə etdin. Arzuların yarımçıq qaldı atam, ən böyük arzun idi, oğul toyunda qol qaldırıb oynayasan, bir də doğulub boya-başa çatdığın vətəninə yenə dönəsən, o yerləri vəsf edəsən. Ancaq olmadı, özün demişkən - əcəl yaxşıları seçir dünyadan:

Vətənimdən bir ovuc torpaq gətirin,
Məzarımın üstə çiçək bitirin,
O doğma ellərə xəbər yetirin,
Bir ağrı, bir acı keçdi dünyadan
Gözəl bir ağsaqqal köçdü dünyadan.

Payız öz donunu biçər xəzəldən,
Əmanət verilib ömür əzəldən,
Qaça bilməyibdir heç kim əcəldən,
Əcəl yaxşıları seçdi dünyadan,
Gözəl bir ağsaqqal köçdü dünyadan

Yerin cənnət olsun ey gözəl insan, nurüzlü, pakqəlbli, yuxusu şirin atam, səni məzarlıqda deyil, ürəyində dəfn elədi sevdiklərin.

Oğlu Asəf: "Atamı sözlə ifadə etməkdə çətinlik çəkirəm. O, mənim üçün həmişə arxa - dayaq olub. Uşaqların bir dediyini iki etməyən, qayğımıza qalan, övladı üçün özünü oda-közə atan bir insan idi. Bizə çox dəyər verirdi. Atam el-oba üçün ağsaqqal və məsləhət yeri idi. İnsanlara qarşı həmişə təmkinli, qayğıkeş, səmimi bir insan olub.
Atamdan halal duz-çörəklə keçinməyi, namərd qarşısında əyilməməyi, dürüstlüyü, insansevərliyi öyrəndik. Onu həmişə fəxrlə anacağam."

Qızı Gülər: "Dünyaya yenidən gəlsəydim ata, yenə sənin övladın olmaq istərəm.
Atam Kəlbiyev Nurəli Sarı oğlu mənim qəlbimdə təmiz qəlbli insan, qayğıkeş, övladlarını sevən ata, məsuliyyətli ailə başçısı, qohum-əqrəbanın, dost-tanışın sevimlisi, qeyri-adi yaddaşa, istedada malik savadlı müəllim, nəvələrinin sevimli babası idi. Məni, bacımı, anamı "xanım" deyə səsləyərdi. Qardaşlarıma "bəy" deyə müraciət edərdi. Atam bizə güc verdi, yetərli ağıl verdi, mübariz olmağı, hər nə olursa, olsun başımızı dik tutmağı, başqasının çörəyinə, puluna göz dikməməyi öyrətdi. Qohum-əqrabadan kim qərar verməkdə cətinlik cəkərdisə atamla məsləhətləşərdi. Elin ağır məclislərini rahatlıqla yola verərdi.
Atamın yaddaşima yazılan ilk xatirələri uşaq ikən başımı sıgallayıb, əzizlədiyi, işdən yorgun gəlsə də bizi ətrafına yıgıb nagıllar söylədiyi xatirələrdi. Yəqin ki, oxumaga həvəsli olduğumu görüb mənimçün "Qonçə" adlı nagıllar kitabı almışdı. O mənim ən sevimli kitabim idi. Heç yadımdan çıxmaz, uşaq olarkən bizlərdən kimsə, xəstələnsə anamla birgə, sabahadək oyaq olar, qayğımıza qalardı. Məktəb onun nəfəs aldığı həyat idi. Şagirdləri, müəllim kollektivini cox sevirdi. Bütün ömrünü savadlı gənc nəsil yetişdirməyə həsr etmişdi.
Atacan, sənə qarşı qəlbimdə elə duygular var ki, onlari ifadə etməyə sozlərin gücü catmır. Kaş ki, ürəyimdən keçənləri sağikən sənə söyləyə biləydim. Əziz atam! Sən hec getmədin ki, əvvəl bir yerdə idin. İndi baxdıgım hər yerdəsən.

Övladı Sevinc: "Ata, nədən başlayım, nədə bitirim, bilmirəm. Necə anladım içimdəki bu boşluğu. Uşaq ikən ata kəlməsini anlamırdım, qayğısız idik, dərdsiz idik, çünki atam var idi. Biri xətrimə dəyəndə tez atama şikayət edirdim. Güvən yerim idi,dayağım idi, keçilməz bir dağ idi. Bilməzdim ki, neçə illərdən sonra yaraşıqlı atam bizi tərk edəcək, bu dünyanın ağır yükü ilə baş-başa buraxacaq. Xatırlayıram uşaq çağlarımı, atam məktəbə hazırlaşırdı. Geyinib gəlib qarşımda dayandı. Mənə tərəf baxıb dedi - Sevinc xanım, bax gör üzərimdə bir qüsur yoxdur? Mən də qüsur tapa bilmədiyimdən zarafatla dedim - ata pencəyinin üzərində tor var. Atam qəh-qəhə ilə gülərək, başımı sığallayıb yollandı məktəbə... Xatırlarkən atama yenidən sarılmaq istədim, qucaqlamaq istədim onu, uşaq ikən etdiyim hərəkətləri təkrarlamaq istədim. Ömrümü yenidən yaşamaq, onunla keçirdiyimiz günləri geri qaytarmaq istədim. Bacarmadım...
Xatirəyə dönmüş ömür

Atam heç özü üçün yaşamadı. Özünün ata qayğısına möhtac olduğu bir vaxta, bacı-qardaşına ata olmaq məcburiyyətində qaldı, onlara dayaq, məsləhət yeri oldu. Beş övlad böyüdərək, öz alın təri ilə tərbiyə və təhsil verdi, ev qurdu. Elə altmış yaşına təzəcə qədəm qoymuşdu ki, həyat yenidən öz amansız üzünü göstərdi. Ağrılı-acılı günləri yenidən başladı. Müalicələr, dərmanlar atamın ömrünü bircə il uzada bildi. Onun ağrıları biz övladlarını, anamı dərindən üzür və sarsıdırdı. Amma çalışırdıq ki üzüldüyümüzü hiss etməsin, çünki çox kövrəlirdi. Xəstəlikdən dolayı danışmaqda çətinlik çəkirdi, ürəyində deyilməmiş çox sözləri qaldı.

Gecənin bir yarısı atamın nəfəsi getdikcə soyumağa başladı və gözlərini dünyaya əbədi yumdu. Həmin an tutuldum, heç vaxt belə çarəsiz qalmamışdım, əlimdən heç nə gəlmədi, yaraşıqlı, ağsaçlı atama kömək edə bilmədim. Həyatımda ən ağrılı - acılı gün oldu həmin gün. Evin hər küncü atamın yoxluğunu, nəfəsini xatırladır. Elə bilirəm yenə gələcək və mənə deyəcək- Sevinc xanım mənə bir çay süz!

Yolun gözləyirəm, qapını açmır,
Şəklinə baxıram, dinib danışmır,
Könlüm yas saxlayır, könlüm barışmır,
Necə ağır imiş atasız dünya?
Xatirəyə dönmüş ömür

Arxamızdakı dağ, güvən yeri, məsləhət yeri artıq yoxdur bu dünyada.

Oğlu Rəhim: "Atam zəhmətkeş, ailəcanlı, təhsilə, mədəniyyətə dəyər verən, övladlarının bircə istəyini belə diqqətdən kənarda saxlamayan, gözəl bir insan, qayğıkeş ata, nəvələrinin bircə gülüşünə hər şeyini qurban verəcək qədər mehriban bir baba idi. Xəstəliyinin ilk çağlarında atam öz ənənəsinə sadiq qalaraq nəvələrini mübarək Qurban bayramı münasibətilə təbrik etmək üçün məni yanına çağıraraq dedi: Rəhim, oğul, gedək qurbanlıq qoç alaq ki, bu mübarək bayramda nəvələrin üzü gülsün. Bəli, elə də etdik. Qoç kəsildi, nəvələr gülür, sevinir və oynayırdılar. Mən atamın üzündə sevinc, fərəh görsəm də, gözləri kədərli və düşüncələri dağınıq İdi. Həsrətlə mənə və nəvələrinə baxdıqca içim qan ağlayırdı. Heç bir zaman ağrısın - acısın, çətinliyin heç kəsə bəlli etməz və büruzə verməzdi. Ona necəsən? sualını verdikdə deyərdi -şükür Allaha yaxşıyam. Bəli, atam hər zaman Allahından razı olmuşdur. Bu gün mənə başsağlığı verən insanlar söyləyirlər: “Allah bizə Nurəli müəllim kimi həm bu, həm də o dünyada şərəfli ölüm və Allah rəhməti qazandırsın. Nurəli müəllim tək bir evdən sizin ailədən deyil, eldən getdi.”
Xatirəyə dönmüş ömür

Mühüm məqamlardan biri də o idi ki, atam məktəbdə dərs tədris etməklə yanaşı, ictimai işlərdə də çox böyük fəallıq göstərmiş və müxtəlif təbəqəli insanların, elin-obanın, qohum-əqrəbanın xeyir və şərində həmişə öndə olmuş, dəyərli təklif və iradlarını ağsaqqalcasına çatdırmışdır. Hətta ömrünün son ağrı-acılı günlərində belə məni tək qoymayaraq, həmişəki kimi ailənin sosial-iqtisadi vəziyyətini düşünərək dərs məşğələlərindən geri qalmırdı. Mən ona dəfələrlə - dədəcan səhhətinin bu cür ağrılı -acılı günlərində sənə işləmək olmaz , İnşallah müalicə kursunu tamamladıqdan sonra işə dönərsən- desəm də, öz inadından əl çəkmirdi. Deyirdi: Rəhim oğul, mən səni bu gənc yaşında ailənin ağır yükü ilə tək başına qoya bilmərəm. Bəli, mərhum atam son nəfəsinə qədər mənə dayaq oldu. Atamın haqqın ödəyə bilmədim. Atamı itirsəm də, hər zaman onunla fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən ziyalı bir insanın, əsl şəxsiyyətin - Nurəli müəllimin oğluyam.
Xatirəyə dönmüş ömür

Xatirəyə dönmüş ömür

Nurəli müəllim bacısı uşaqlarını övladlarından seçməzdi. Onun yoxluğu Camalla Zahidi də övladları qədər sarsıdıb. Zahid deyir ki, Nurəli mənə təkcə dayı deyildi. O, mənim dostum, sirdaşım, ərk yerim idi. Məclislərdə dayımla birlikdə olmaqdan qürurlanardım. Yolyoldaşlığımız, dostluğumuz kimsəninkinə bənzəməzdi. Deyiləsi, yazılası o qədər şirin xatirələrimiz var ki, ancaq bu saat onları çözələmək ovqatında deyiləm…
Xatirəyə dönmüş ömür

Müəllimlik elə bir peşədir ki, müəllim olan kəs evinə, ailəsinə bağlandığı qədər də, işlədiyi məktəbə, onun doğma kollektivinə və sevimli şagirdlərinə bağlanır, doğmalaşır. O baxımdan 45 saylı məktəbin direktoru: Nazilə xanım Məmmədovanın fikirlərini də bölüşdük:
Xatirəyə dönmüş ömür
-2004-cü ildən bu kollektivə rəhbərlik edirəm. O vaxtı da Nurəli müəllim həmkarlar təşkilatının sədri vəzifəsində çalışırdı. Müəllimlər onu bu vəzifəyə seçmişdilər. Elə ilk gündən çox xoş və səmimi bir insan kimi gördüm Nurəli müəllimi. Birinci iclasda məni təzə təyin olunmuş direktor kimi, kollektivə təqdim edəndə yay vaxtı idi- İyulun 15-i. Mən kollektivin içindən təyin olunmamışdım. Kənardan gəldiyim üçün istər-istəməz bir nigarançılıq keçirirdim. Nurəli müəllim də ordaydı. Yuxarı təşkilatdan gələn rəhbərliyə bildirdi ki, əgər rayon rəhbərliyi məsləhət bilibsə ki, bu xanım burda işləsin, biz də həmkar olaraq canla, başla şalışacağıq ki, ona kömək edək. Həqiqətən də belə oldu. Mən bu kollektivə gələn ilk gündən Nurəli müəllim mənə yaxınlaşaraq, dedi- Nazilə xanım, məni həmkarlar təşkilatının sədri seçiblər. Bəlkə birdən etirazınız, narazılığınız olar?!
Xatirəyə dönmüş ömür
Həmişə hər şeyi qarşılıqlı razılıq yolu ilə həll etməyə çalışırdı. Nurəli müəllim həqiqi bir sülh adamı idi. Ümumiyyətlə, konflikdən, qarşıdurmadan qaçmağa çalışardı. Sözün açığı, səmimiliyi, onun bir ziyalı olmağı elə ilk baxışdanca məndə xoş təəssürat oyatmışdı. Direktor kimi fəaliyyətə başlayandan sonra da gördüm ki, bu müəllim çox əzmkar, şagirdlərilə gözəl davranan, hər şeyi ölçüb biçən, demək olar ki, hər kəsin yerini bilən, valideynlərlə yaxşı münasibət saxlayan müəllimdir. Onun özünəməxsus pedaqoji taktikası var idi. Kimsə deyə bilməz ki, onun dilindən acı söz, xətrə dəyəcək ifadə eşidib, ya bir kobud hərəkətinin şahidi olub. Bu mümkün deyil.
Nurəli müəllim çox yüksək mədəniyyət sahibiydi. Bunu bütün kollektivimiz təsdiqləyər. Düzdür kollektivimiz əsasən qadınlardan ibarətdir. O, hamıya diqqətlə yanaşan, nəzakətlə davranan müəllimlərimizdən idi. Texniki işçilərimiz və yaxud hansısa ehtiyacı olan əməkdaşımız Nurəli müəllimə yanaşardısa, imkanı daxilində hamıya yardım edər, bacardıqca kömək əlini uzadar, həll edə biləcəyi məsələni tezliklə həll edərdi. Dərsində də yüksək nizam- intizam olardı, həm sənədləşmədə, həm şagirdlərə münasibətdə çox yaxşıydı. Savadına söz ola bilməzdi.Tədris işlərində, ictimai işlərimizdə də ki, öz dəst xətti vardı. Əslində o ailəsindən çox kollektivin itkisidir...
Nazilə xanımı qəhər boğdu, fikrinin davamını yanaqlarından süzülən göz yaşları tamamladı. Bu göz yaşları, əslində, kollektivin mehribançılığının ifadəsi, Nurəli müəllimin isə 45 saylı məktəbdə görünən yeri idi...
Yuxarıda qeyd etdiyimiz kimi, Nurəli müəllimin atasının məzarı doğulduğu Gığı kəndində, erməni faşistlərinin işğalı altında qaldı. 78 yaşlı anası isə ömrünün ixtiyar çağında, döğma ocağından uzaqlarda, 2001-ci ildə Bakı şəhərində vəfat edib.
Xatirəyə dönmüş ömür

Nurəddin Kazımov öz ailəsilə

Zənnimcə Nurəli müəllimin qardaşı Nurəddin Kazımovu da xatırlamaq yerinə düşər. 37 illik həyat yoldaşı Xəzəngül xanım mərhum Nurəddini belə xatırlayır: "Nurəddin mənə və övladlarına qarşı olduqca diqqətcil, qayğıkeş, cəfakeş bir şəxs olmuşdur. Onun haqqında danışmaq çətin olsa da, şərəflidir. Çətindir ona görə ki onun yoxluğu bizi üzür, şərəflidir ona görə ki, o, özündən sonra şanlı ad-san qoyub getmişdir. Onu tanıyanlar həmişə onun haqqında ürək dolusu danışırlar. Sonda qeyd etmək istəyirəm ki , mən həyat yoldaşımla hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm."
Övladları Mehman, Səbinə, Tahirə, Xatirə deyirlər ki, atamız çox ciddi, ciddi olduğu qədər də mehriban, qayğıkeş, elmə, təhsilə qiymət verən, zəhmətkeş bir ata, mehriban bir baba olub. O, öz zəhmətkeşliyi, cüssəli, əzəmətli görünüşü ilə həmişə diqqət mərkəzində olmuş, alın təri ilə bütün övladlarını yerbəyer etmiş, bizə daim arxa və dayaq olmuşdur. 71 illik ömrünü şərəflə başa vurub. Allah rəhmət eləsin!

Xatirəyə dönmüş ömür

Xatirəyə dönmüş ömür
]
Xatirəyə dönmüş ömür
Xatirəyə dönmüş ömür
Təəssüflə qeyd edək ki, Nurəli müəllim nəsil şəcərəsindən çox vaxtsız itkilərin şahidi olub. Əmisi nəvələri-Vüqar İlqar oğlu Əliyev 36, Hikmət Quliyev 37, əmisi oğlanları Əliyev Əliş Paşa oğlu 53, Əliyev Fikrət paşa oğlu 54 yaşlarında dünyadan köçüblər. Bunların hamısı Nurəli müəllimin Paşa əmisinin övladları və nəvələridir. Təbii bu itkilər onun həssas qəlbindən izsiz ötməyib. Bir daha onlara Allahdan rəhmət doğmalarına səbr diləyirik!
Mübariz Vəliyev
Redaksiyadan: Haqqında söhbət gedən Nurəli Sarıoğlunun övladı Rəhim redaksiyamıza müraciət edərək, atasının xatirəsini əziz tutub yas mərasimlərində iştirak edənlərə, o cümlədən "Xatirəyə dönmüş ömür" yazısının müəllifi Vəliyev Mübariz Museyib oğluna, Bakı şəhəri, Nərimanov rayon 45 saylı tam orta məktəbin direktoru Nazilə xanıma və məktəb kollektivinə ailələri və bütün yaxınları adından dərin minnətdarlığını bildirdi.
"Bütöv Azərbaycan" qəzeti
26 may 2016-cı il


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!