Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 14-07-2016, 13:22
Həmişəyaşarlıq insanlığa xidmətdədir



İlham Yaylaqalı oğlu Əliyevin "İnsanlığa xidmət" (Bakı, 2016) kitabı kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Həsən Əlirza oğlu Əliyevin zəngin mənalı ömür yoluna həsr olunmuşdur.

Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, məsləhətçiləri jurnalist Sevil Yusifova və hüquqşünas Səməd Vəkilovdur. Coğrafiya elmləri doktoru Mahmud Xəlilov kitaba yazdığı ön sözdə kitabı elm aləmi üçün çox dəyərli məlumat bazalarından biri kimi dəyərləndirib, burada görkəmli akademik Həsən Əliyevin həyatı və elmi fəaliyyətinin əhatəli şəkildə işıqlandırıldığını qeyd edir və oxucu kütləsinin böyük marağına səbəb olacağını göstərir.

Doğrudan da, kitabı vərəqlədikcə nurani-pirani bir insanın ömür hekayəti gözlərimiz qarşısında əyani şəkildə canlanır. Akademik Həsən Əlirza oğlu Əliyevin 1907- ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Comərdli kəndində anadan olması, daha sonra bir çox azərbaycanlı ailəsi kimi onların da erməni daşnaklarının zülmündən qaçıb gəlib Naxçıvana sığınmaları fonunda alimin tərcümeyi-hal dəftəri vərəqlənir:

"Həsən Əliyev kiçik yaşlarından əməksevərliyi ilə fərqlənmiş, ailənin böyük oğlu kimi atasına dayaq durmuşdur. Böyüklərə məxsus qayğı, ailə dolanışığı onu uşaqlıq dünyasından çox tez ayırmışdı. 10 yaşından işləməyə başlayan Həsən Əliyev bununla böyük ailəyə maddi yardım göstərir, bunula belə oxumaq, təhsil almaq istəyindən də qalmır, təhsilini axşam məktəbində davam etdirir. Həsən Əliyev məktəbdə oxuduğu zaman daim ətraf mühit, ərazilərin iqlimi ilə ciddi maraqlanır, müəyyən maraqlı məqalələrlə mətbuatda çıxışlar edirdi. 1925-ci ildə onun "Şərq qapısı" qəzetində "Bizə də teatr lazımdır", 1929-cu ildə isə "Molla Nəsrəddin" jurnalında "Müəllim lazımdır" məqaləsi dərc olunur. Bu cür aktivliyi, fəallığı ilə o, müəllimlərin böyük hörmətini, rəğbətini qazanır. Məhz belə bacarığına, fərdi istedadına görə Həsən Əliyevə təhsilini davam etdirmək üçün Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmaq üçün zəmanət verilir. 1930-1932-ci illərdə Həsən Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirir və Gəncə şəhərindəki Qarayeri sovxoz və partiya məktəblərində müəllimlik etməklə, ailəyə maddi yardım göstərir. 1934-cü ildə Pambıqçılıq İnstitutunda aspiranturanı başa vurduqdan sonra bir müddət Ucar və Gəncə zona Təcrübə Stansiyalarında direktor vəzifəsində işləyir, 1935- ci ildən etibarən əmək fəaliyyətini Bakı şəhərində davam etdirir və 1941- ci ilə qədər SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləməklə yanaşı, eyni zamanda Pedaqoji İnstitutda coğrafiya fənnini tədris edir. 1944-cü ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləməklə, dissertasiya işini müdafiə edir. Daha sonra Botanika İnstitutunda direktor, 1952-1968-ci illərdə Kənd Təsərrüfatı nazirinin I müavini, Elmlər Akademiyasının həqiqi üzvü, akademik katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və üzvü olmuş, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.1968-1987- ci illərdə Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna qədər isə həmin institutun müdiriyyəti nəzdində məsləhətçi işləmişdir. Fəaliyyəti dövründə Həsən Əliyev Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və Təbiəti Mühafizə komissiyasının sədri, bir çox beynəlxalq cəmiyyətlərin üzvü, beynəlxalq konfransların, simpoziumların, qurultayların təşkilatçısı, iştirakçısı, Bakı şəhər və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuşdur. Akademik Həsən Əliyevin ölkəmizdə və dünyanın bir çox ölkələrində müxtəlif dillərdə 500-dən artıq elmi əsəri nəşr edilmişdir. Eləcə də onun elmi rəhbərliyi altında 30 elmlər namizədi, 5 elmlər doktoru hazırlanıb. Akademik Həsən Əliyev

ömrünün 60 ilə yaxın bir dövrünü elmimizin inkişafına sərf etmiş, respublikada coğrafiya, torpaqşünaslıq, kənd təsərrüfatı elmlərinin inkişafı, ətraf mühitin mühafizəsi və ekologiya sahəsinə aid problemlərin həlli istiqamətində genişmiqyaslı işlər görmüş, yaxud həmin işlərin bir çoxuna rəhbərlik etmişdir. Respublikada olan 14 qoruğun yeddisi onun şəxsi səyi ilə yaradılmış, ikisi yenidən təşkil edilmişdir. Xəzər dənizinin, çayların, göllərin və şəhərlərin ekoloji vəziyyəti də onun diqqətindən yayınmırdı. Vaxtaşırı Təbiəti Mühafizə Cəmiyyətinin xətti ilə həmin sahədən olan mütəxəssisləri toplayır, bu işdə onlara əlindən gələn köməyi edir, ətraf mühiti mühafizə sahəsindəki tədbirləri ümumxalq hərəkatına çevirirdi. Bu məqsədlə 1975-ci ildə yaratdığı "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olmaqla əhalinin ekoloji təfəkkürünün formalaşmasında xüsusi fəallıq göstərirdi. Akademikin 60 ildən çox bir dövrdə yazıb-yaratdığı əsərlərinin sayı 800-ü keçmişdir. Bu əsərlər monoqrafiyalar, məqalələr, xəritə və atlaslardan ibarətdir. Həmin əsərlər elmi dəyərinə görə, Azərbaycanın bu günü və gələcəyi üçün salnamə və elm xəzinəsidir".

Bu sətirlər akademik H.Ə.Əliyevin ömür kitabına qısamüddətli bir baxışdır ki, oxucu buradan bu nadir şəxsiyyətin keçmiş olduğu həyat yoluna örnək götürüləsi bir ömür yolu kimi nəzər sala bilir. Bu məqamda insanda hansı duyğular rezonans doğurur? 1988-1993-cü illərdə, yəni yaxın keçmişimizdə ölkəmizdə soydaşlarımızın qaçqın-köçkün müsibəti ilə üzləşdiyi ağır illərin məhz o dövrün bir əks-sədası kimi yaşandığı təsəvvürümüzə gəlir. Demək, XX əsrin əvvəllərində erməni faşizminin vəhşiliyi nəticəsində akademik Həsən Əliyevgilin ailəsinin çəkdiyi ağır zillət eynilə yenidən XX əsrin sonlarına doğru təkrarlandı. Ev-eşiklərindən didərgin düşən insanların üzləşdikləri acınacaqlı həyat şəraitinin nə demək olduğunu isə nəinki bugünkü Azərbaycan dünyası, elə bütün Şərq və İslam dünyasının vətəndaşları çox gözəl anlayır. Çünki müasir dünyadakı vəziyyət, müasir aləmin siyasi panoraması elə məhz belə bir xaotik vəziyyətdədir. Doğma yurdundan didərgin düşməklə insan yalnız öz canının hayına qala bilir, yerdə qalan mal-mülk, ev-eşik isə bir daşınmaz əmlak olaraq düşmənin əlinə qənimət keçir. Ondan sonra bu yazıq qaçqın-köçkün, di gəl ki, təzədən özünə binəgüzərlik et, ev-eşik düzəltmək üçün ömür-gün çürüt, havayı əmək sərf elə... Sizif əzabına məhkum olunmuş kimi əzablı, acınacaqlı bir ömürə düçar ol... Bax rəhmətlik Həsən Əliyevin də uşaqlıq, yeniyetməlik dövrü belə təlatümlü, əndişhəli bir şəraitlə üzləşmişdi. Ona görə də İlam Yaylaqalı oğlu Əliyev əbəs yerə belə bir fikri vurğulamır ki, ailə qayğıları Həsən Əliyevi uşaqlıq dünyasından çox tez ayırır, 10 yaşından böyük bir ailəni dolandırmaq üçün işləməyə başlayır. Bəli, bax bu incə məqam incə bir tale ştrixi olur gələcəyin böyük düha sahibi olacaq 10 yaşlı uşaq üçün. Yəni tale Həsən Əliyevə qayğısız uşaqlıq dövrü deyilən çağları yaşamağa imkan vermir. Bununla da o, uşaq yaşlarından böyüklük missiyasını öz zərif ciyinlərində daşımağa məcbur olur. Beləliklə də gələcəyin böyük alimi elə uşaqlıq illərindən böyüklük etməyə başlayır. Böyüklük bir missiya kimi onun alın yazısına çevrilir. Başqa cür ifadə etsək, Həsən Əliyev elə uşaqlığından uşaqlıq dünyasından aralı düşür, rüzgarın sərt olayları körpə yaşlarından onu zamanın isti-soyuğundan keçirib, bərkidir. Beləcə həyat yollarında ağrılı-acılı bir tale ilə uğraşır. Bu minvalla həm ailəyə böyük övlad kimi əmək sərf etməklə ailə qayğısının altına çiyin verərək işləyir, həm də özü həyatda öz yolunu tutub getməyə başlayır. Özgə cür ifadə etsək, Həsən Əlirza oğlu Əliyev uşaqlıq dövründən həm ailələrinin bir üzvü kimi ailə üzvləri üçün yaşayıb-işləyir, fəaliyyət göstərir, elə həm də özü üçün də yaşamağın zərurətini dərk edir, özünə də bir həyat yolu-yaşam yolu tutmağa başlayır. Bunun üçün də hər şeyin zəhmətdən və oxuyub biliklərə vaqif olmaqdan keçdiyini müəyyənləşdirir. Fiziki və zehni əməyi vəhdətdə götürür, fiziki işlə ailə üzvlərinin dolanışığı yolunda xidmət göstərirsə, zehni əməklə də özünün gələcək tale yolunu müəyyənləşdirməli olur. Beləcə pillə-pillə təhsilini artıraraq, özünə müstəqil həyat yolu seçir və bizim bu gün tanıdığımız dünya şöhrətli alim

akademik Həsən Əliyev zirvəsinə yetişmək üçün canfəşanlıqlar göstərir. Bu mənada bu gün akademikin ömür yoluna həsr olunan bu kitabla İlham Yaylaqalı oğlu əslində bu günkü gəncliyə və eləcə də gələcək nəsillərə örnək götürülməli olan bir ziyalının həyatını əyaniliklə açıb göstərir. Bəli, həqiqətən də Həsən müəllimin keçmiş olduğu bu qaynar, keşməkeşli ömür yolu insanlar üçün və insanlıq üçün örnək götürülməli olan bir həyat məktəbidir. Elə buna görədir ki, müəllif də kitabın adını birbaşa "İnsanlığa xidmət" adlandırıb. Bununla həm də o fikir, o ideya ifadə olunub ki, Həsən Əliyev ömrü əsl insanlıq ömrü idi. H.Əliyev ömrünün qayəsini də məhz insanlığa xidmət missiyası təşkil edirdi və bütün ömrü boyu bu böyük alim, bu nəcib insan insanlığa xidmət yolunu tutmaqla özünün həqiqi əməllərilə ətrafdakılara belə yaşamağı aşılayırdı.

Mən həmişə dediyim bir fikrimin üstünə bir daha bu məqamda da gəlirəm: əsl alim təkcə elmi ilə yox, həm də öz əməli ilə, yaşadığı ömrü ilə, keçirdiyi həyatı ilə insanlara xidmət göstərməli, elmi ilə yanaşı insanlığı ilə də geniş kütləyə, ictimaiyyətə əsl nümunə olmalıdır. Bax, akademik Həsən Əliyevin həyatı və fəaliyyəti əsl insan və əsl alim ömrünün vəhdətinin əyani təcəssümü kimi buna parlaq örnəkdir.

"Azərbaycan ərazisinin öyrənilməsində İ.Fiqurovskinin, A.Zaxarovun və başqalarının da xidmətləri olub. SSRİ dövründə isə Azərbaycan Respublikası torpaqlarının kompleks tədqiqi, müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, coğrafi atlasların yaradılması, ətraf mühitin öyrənilməsi bilavasitə akademik Həsən Əliyevin adı ilə bağlıdır" (səh. 11).

Kitabdakı bu sətirlər Həsən müəllimin elmi mövqeyinə, elmi zəkasına müəyyən bir aydınlıq gətirir. SSRİ imperiyası və onun tərkibinə qatılmış ölkəmizin bu ittifaqdakı yeri - doğma vətənimizin sərhədlərinə və vətənimizin müqəddəs torpaqlarına bu dərəcədə həssas elmi mövqe elə həm də bir patriot-vətəndaş kimi Həsən Əliyevin ürəyinin yanğısından xəbər verirdi. Yəni o, əsl alim və əsl vətəndaş kimi bəşəri meyarlara əsaslanmaqla həm də köksündə milli ruha köklənmiş duyğusal bir ürək sahibi idi.

Respublikamızın ərazi bütövlüyünü imperiya daxilində sərhədlər şəklində coğrafi atlaslar halında tərtib etmək bir tərəfdən vətənimizin coğrafi regionuna olan sayğının təzahürü idisə, digər tərəfdən isə bu ərazilərin bir torpaqşünas alim kimi öyrənilib-tədqiq edilməsi isə vətən torpağının müqəddəs tutulmasının göstəricisi idi. Yəni vətəni sadəcə coğrafi hüdudlarına görə deyil, eyni zamanda bu coğrafi ölçüləri şərtləndirən - fiziki ölçülərini göstərən torpağın qədir-qiymətini bilməyə görə vətəni qiymətləndirmək nümunəsi idi. Necə ki, "Kitabi-Dədə Qorqud"da deyilir ki, vətən torpağını qorumadınsa, onu əkib-becərməyə dəyməz, əkib-becərmədinsə, onu qorumağa dəyməz. Məhz bu prinsipdən yanaşdıqda akademik Həsən Əliyev vətənin coğrafi sərhədlərini sadəcə coğrafi ərazi prinsipi ilə yox, eyni zamanda bu ərazinin ekoloji amillərini də nəzərə almaqla sevməyi tövsiyə və təbliğ edən alim-vətəndaş idi. Elə məhz bu prinsipə nəzərən də kitabın müəllifi olan İlham Yaylaqalı oğlu Əliyev bir yerdə çox yaxşı olaraq göstərir ki, "İnsan şüurlu şəkildə başa düşür ki, təbiətdən ayrı qalmaq yaşam nizamının pozulmasına gətirib çıxara bilər. Bu baxımdan torpaq-insan, insan-torpaq eyni ahəng, eyni güc formatı deməkdir. Onları bir-birindən ayırmağa cəhd etmək yalnız sadəlövhlərin yanlışlığı ola bilər. Şübhəsiz, bu sözlər boş yerə deyilməyib ki, insan övladı torpaqdan yaranıb, torpağa da qovuşacaq. Yəni insanın fiziki bədəninin mövcudluğu dönəmində gözü daim yaxınlarını axtarırsa, ruhu haqq dünyasına çəkildikdə də maddi bədən başqa bir əzizinə- torpağa qovuşur. Həm də bu bir həqiqətdir ki, hər bir xalqın və dövlətin mövcudluğu torpağa münasibətdən asılıdır. Torpaq və onunla bağlı münasibətlər istənilən cəmiyyətdə əsas, müəyyənedici amillərdən olmaqla bu funksiyanı nəinki sosial-iqtisadi, həm də sosial-siyasi və beynəlxalq münasibətlərdə qoruyub saxlayır. Tarixə nəzər saldıqda aydın olur ki, torpağa və onunla bağlı münasibətlərə düzgün yanaşmağı bacaran

dövlətlər daha uzunömürlü olublar. Bu işin öhdəsindən gələ bilməyənlər isə dövlətçiliklərini itirməyə məcbur ediliblər. Söz yox ki, dövlətlər kimi insanlar da torpaqla nəfəs alır, onun hesabına uzun ömürlülük qazanırlar. Bütün bunlara əsaslanaraq demək olar ki, torpaqla təmasda olanlar xoşbəxt və gələcək ünvanlı insanlardır. Qısası desək, ömrünü-gününü bütövlükdə torpağa, Azərbaycan təbiətinin öyrənilməsinə həsr etmiş akademik Həsən Əliyev kimi insanlardır. O, deyirdi: "Təbiətin bizə bəxş etdiyi ən böyük sərvət torpaqdır. Torpaq vətən deməkdir..."

Beləcə, torpaq-insan eyniyyəti, torpaq-vətənin fiziki ölçüsü kimi bərabərlik anlayışları akademik Həsən Əlirza oğlu Əliyev üçün həyat kredosu olduğundan, həyatını və elmi fəaliyyətini bu yola həsr etdi və torpaqşünas alim kimi özünə əbədiyyət qazandı: "Məşhur təbiətşünas Həsən bəy Zərdabi sistemli şəkildə olmasa da, Azərbaycanda torpaq-tədqiqat işləri aparmış ilk tədqiqatçıdır. XIX əsrdə Azərbaycan təbiətini tədqiq edən və onun deqradasiyasına qarşı mübarizə aparan Həsən bəy Zərdabi çox fəal işlər görmüş, Azərbaycan təbiətini qorumaq, tədqiq etmək üçün bir sıra əsərlər yazmışdır. Həsən bəy Zərdabinin işlərini ancaq torpağı sevən, elmə bağlı olan adam davam etdirə bilərdi. Məhz Həsən Əliyevin torpaqşünaslıq elmində ardıcıl nailiyyətlərə imza atması Həsən bəy Zərdabi irsinin yarımçıq qalmayacağını göstərdi. Bu baxımdan demək olar ki, Akademik Həsən Əliyevin apardığı elmi-tədqiqat təcrübələrinin kökündə Ak. Həsən bəy Zərdabinin tədqiqatlarından nümunələr dururdu. Torpaq-tədqiqat işlərinə başlayanda Həsən Əliyevin məqsədi elmdə əldə olunan nailiyyətləri təsərrüfata tətbiq etmək olub. Bu baxımdan onun apardığı tədqiqatların böyük iqtisadi əhəmiyyəti vardır. Akademik demək olar ki, Azərbaycanın bütün regionlarında torpaq-tədqiqat işləri aparmışdır. Gəzmədiyi, görmədiyi torpaq sahələri, meşə massivləri qalmamışdı. Azərbaycan bölgələrinin hər izinə, hər cığırına bələd idi. Naxçıvan, Şabran, Şirvan, Pirsaat, Ağsu-Girdimançay, Lənkəran, Samur, Ceyrançöl, Qobustan və s. bölgələrdə torpaq-tədqiqat işləri aparmışdı.

1953-cü ildə uzun illərin torpaq-tədqiqat işlərinin nəticəsi olaraq akademik Həsən Əliyev və kənd təsərrüfatı elmləri doktoru B.P.Volobuyevin məsul redaktorluğu ilə 450 səhifəlik "Azərbaycan SSR-in torpaqları" adlı monoqrafiya çap olundu".

Başqa sözlə desək, insan bir varlıq kimi canlı təbii aləmin ayrılmaz bir parçasıdır. Sosial varlıq olmağına baxmayaraq, əgər insan özünü təbiətdən ayrı hiss etmirsə, təbiətlə vəhdətdə özünü görüb-tanıyırsa və özünün bütün varlığını təbii aləmlə ünsiyyətdə tapırsa, o zaman insan həm cismani baxımdan uzunömürlü olar, həm də mənəvi baxımdan dünyanın pozulmaz təbii aləminin üzvi tərkib hissəsi kimi həyatda özünə əbədiyaşarlıq qazanar. Bax akademik H.Ə.Əliyev belə bir hikməti hələ uşaqlıq, gənclik dövründən canlı aləmlə təmas zamanı görüb anladığından, ömrünü və peşəsini bu təbii harmoniyanın pozulmazlığına bağladığından, özü də təbiətin özü qədər, dünyanın özü qədər bir nəhayətsiz, bitib-tükənməz mənəvi əbədiyaşarlıq ömrünə sahib oldu. Jurnalist, hüquqşünas İ.Y.Əliyevin nəzərdən keçirdiyimiz monoqrafiyası da məhz insanda bu kimi nəcib keyfiyyətləri aşılamağa xidmət edir və buna əyani sübut kimi akademik Həsən Əliyevin ömrünü parlaq nümunə kimi bizlərə təqdim edir. Torpağa, vətənə, xalqa və insanlara, bütün bəşəriyyətə bağlı olan ömür sahibləri həmişəyaşarlıq ünvanına dönürlər. İ.Əliyev "İnsanlığa xidmət" kitabı ilə məhz bizi belə bir ünvanla yaxından tanış elədi.
"Bütöv Azərbaycan" qəzeti
14 iyul 2016-cı il

Şakir Əlifoğlu,
Fəlsəfə doktoru, dosent


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!