“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 29-08-2014, 21:07

Əziz oxucular, keşmiş iş yoldaşım Mahir Qabiloğlunun AzTv-də mənim də baş redaktorum olmuş Həsən Həsənov haqqında yazdığı yubiley yazısını Modern.az-da oxudum və istədim ki, yazını sizlərə təqdim etməklə sizi də bu gözəl ziyalımızla tanış edim. Həsən müəllim, bizim də təbriklərimizi qəbul etmənizi xahiş edirəm. Dost ehtiramı ilə Tamxil Ziyəddinoğlu 

 

 

Mahir Qabiloğlu

 

Müəllim. Orta və ali məktəbi bitirdikdən sonra elə bilirdim ki,  bu söz mənimçün tarixə döndü. Bundan sonra kimə müəllim desəm də bu yalnız hörmət əlaməti  və ya  müraciət  forması ola  bilər. Amma bilmirdim ki, həyat məktəbi Təhsil Nazirliyinin tərkibində olan bütün məktəblərdən alidir, həm də ki, əbədi.  İmtahandan üzüağ çıxmaq isə çətin. Çünki bu məktəbin nə kitabı var, nə də dəftəri.  Amma inandırım sizi ki, müəllimlərin yaxşı olsa çətin heç nə yoxdur. Mənim də həyat məktəbimdə  az da olsa belə müəllimlərim olub. Onlardan biri də Həsən müəllimdir.  Hazırda “Xalq qəzeti”nin baş redaktoru işləyən, keçmiş müdirim, sadiq dost-yoldaş, heç vaxt köməyini , məsləhətini əsirgəmiyən, bir sözümü iki etməyən  Həsən Həsənov.

İlk tanışlıq

“Xəbərlər”də işləmək çoxdankı arzum idi. Ona görə də atamı dəng eləmişdim ki, Nizami Xudiyevə xahiş eləsin, o da  məni bu redaksiyaya keçirsin.  Heydər Əliyev kimi bir prezidentin hakimiyyətdə olduğu və ictimai-siyasi hadisələrin çevik cərəyan etdiyi  bir dövrdə “Xəbərlər” aparıcı mövqeyə malik idi. Nəsə, atam Nizami müəllimə  xahiş edir ki, Mahiri keçirt “Xəbərlər”ə. O da “baş üstə” deyir. Növbəti növbətçiliyin sonunda, gecə saat 12-də dəhlizdə Nizami müəllimlə üz-üzə gəldik:

-         A bala, nə  istəyirsən? Dədanı niyə qızışdırıb salmısan üstümə? Get qəbul otağına gəlirəm. Görüm nə istəyirsən...

Yanında dörd nəfər vardı. Qayıdıb qəbul otağına girəndə Baş proqram direktoru Məmmədəli Zülfüqarov, bir də orta boylu, qara saçlı, səliqəylə geyinmiş bir nəfər müşaiyət edirdi.

-         Bala, nə istəyirsən? Bax istəyirsən bu Həsəni çıxarım, səni qoyum onun yerinə. İstəyirsən? İstəyirsənsə Məmmədəlini çıxarım, ol  baş proqram direktoru. Bacaracaqsan?

-         Nizami müəllim, Mahir “Xəbərlər”ə redaktor keçmək istəyir. -  deyə Məmmədəli müəllim Nizami müəllimin şirin Naxçıvan ləhcəsində mənimlə məzələnməsinə  son qoymağa cəhd etdi.

-         Yaxşı. Mahir, mikrafon tuta bilirsən?

-         Yox.

Mən pərt olmuşdum. “Xəbərlər” həvəsim də ölmüşdü. Ona görə də “yox”, “yox”  deyib bir dəfəlik AzTV-dən uzaqlaşmaq istəyirdim.

-         Yazı yaza bilirsən?

-         Yox.

-         Uşaq bağçası-zaddır səninçün “Xəbərlər”? Ora hazırlıqlı adam lazımdır.

Nizami müəllim nə soruşurdusa “yox” deməyə başladım.  Çox arif adam idi sədrimiz. Gördü ki, pərt olmuşam. Ona görə belə deyirəm.  Burdan çıxandan sonra üz tutacağım, gileylənəcəyim ünvanı da yaxşı bilirdi. Amma atamı çox istədiyindən məcbur olub.

-         Yaxşı, gəl içəri. Məmmədəli, Həsən, siz də gəlin.

Kabinetə girdik.

-         Həsən, bu uşağı verərsən o qızın yerinə. Nə idi adı onun?

-         Gözəl Nəcəfova.

-         Hə, Gözəlin yerinə. Məmmədəli, buraxılış redaktoru yerini də boş saxla. Qoy adı orda getsin.  Bir ay vaxt verirəm. Bacarsa, Həsən, raportunu yazıb gətirərsən. Keçirərik ştata. Bacarmasa...

Çox sevinirdim. İstədiyimə nail olmuşdum. Ən əsası isə həvəsim böyük idi. Nizami müəllimin kabinetindən Həsən müəllimlə çıxdıq. “Sabah səhər gələrsən ikinci mərtəbəyə. Otağını göstərərəm” dedi. Həsən Zal oğlu Həsənovla ilk tanışlığım belə oldu. Jurnalistika sahəsində ilk müəllimim də elə Həsən müəllim oldu.

Sınaq müddəti

Bu bir ayda nə tapşırıq verdilərsə elədim. Yazı metodlarını, iş qaydasını öyrəndim. Demə “Xəbərlər”də ən zəhlətökən iş axşam çəkilişləriymiş. Heç kim həvəs göstərmirdi bu cür tədbirlərə. Mən isə canla-başla gedirdim. Öyrənirdim.  Özüm də bilmədən demə məni digərlərindən fərqləndirən bir cəhət varmış. Mənim leksikonumda digər həmkarlarımdan fərqli olaraq  “Niyə axı mən? Ora niyə mən getməliyəm? Dünən mən getdim də, bu gün qoy başqası getsin” sözləri yox imiş. Həsən müəllim də işçidə çalışqanlığı, tapşırığı vaxtında yerinə yetirməyi yüksək qiymətləndirirmiş. Xeyrini də gördüm. Bir aydan sonra Həsən müəllimin yazdığı raport Nizami müəllimin qabağındaydı. O gündən indiyəcən Həsən müəllimi daha da yaxından tanımağa başladım.

“Torpaq yetişdirir”

Sovet vaxtı rektorlar qəbul imtahanı keçirilən auditoriyaları gəzirmişlər.  1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru Faiq Bağırzadə gələcək tarixçilərin imtahanına girir. “Kim bileti çəkib, həmən cavab verə bilər?” sualını verəndə, arxa partada əyləşən bir oğlan əlini qaldırır. İnamla bileti çəkir və cavab verməyə başlayır. Əlavə sualları da cavablandırır. “Əla!”, “5” – deyə Faiq Bağırzadə əlini  yüksək bilik nümayiş etdirən oğlanın çiyninə vurur.

-         Bala, adın nədir?

-         Həsən.

-         Məktəbi harda bitirmisən?

-         Göycə mahalında.

-         Lap yaxşı. – üzünü komissiya üzvlərinə çevirərək.- Görürsünüz də... torpaq yetişdirir.

Çox sakit və bilikli  adamdır Həsən müəllim. Ensiklopedik biliyə malik insanlar indi cəmiyyətimizdə çox azdır. Uzun müddət Azərbaycan Sovet Ensiklopediyasında çalışıb. Sonra “Vətən səsi”, “Amal” qəzetlərində əməkdaş, “Yeni Azərbaycan” və “Respublika”qəzetlərində baş redaktorun 1-ci müavini, AzTV-də “Xəbərlər”in baş redaktoru, AzTV sədrini televiziya üzrə müavini və ən nəhayət bu gün “Xalq Qəzeti”nin baş redaktorudur.  Qısa tərcümeyi-halı bundan ibarətdir Həsən müəllimin. Amma mən onun həyat yoluna  sizə məlum olmayan spektrlərdən nəzər salmağa çalışacağam.

Sizə yarım saat vaxt verirəm

Yuxarıda qeyd etdiyim kimi, çox mülayim və sakit adamdır Həsən müəllim. “Xəbərlər”də işləyəndə bircə dəfə səsini ucaltdığını gördüm:

Hardasa prezident çəkilişi olur. Materialı da təcili efirə çatdırmaq lazım imiş. Tədbirin əvvəlindən çəkilmiş kasseti tez verirlər sürücü Əbdülə. O da tez çatsın deyə tıxacdan sıyrılıb maşını Prezident Aparatının qabağından kəsə sürür və DYP onu saxlayır. Nə and-aman edirsə ki, bəs efir “yanır”, kasseti çatdırmalıyam“ - polislər qulaq ardına vururlar. Onda Əbdül sənədləri də onlarda qoyub, sürür gəlir işə. Həsən müəllim gecikdiyinə görə onu tənbeh edəndə, başına gələn hal-qaziyyəni danışır. Mən də növbətçiydim.  Həsən müəllim bunu eşitmədi? Dəstəyi götürdü, harasa zəng elədi. “Danışan “Xəbərlər”in baş redaktoru Həsən Həsənovdur. Sizə 15 dəqiqə vaxt verirəm. Xidməti maşınımın sənədləri stolumun üstündə olmasa...” deyib dəstəyi yerinə qoydu. On beş dəqiqə keçməmiş DYP serjantı tər-qan içində redaksiyaya girdi. Əlində də  sənədlər.

İlk və axırıncı dəfə Həsən müəllimi onda əsəbiləşib səsini qaldıran gördüm.

...Mən də qorxdum...

20.00 “Xəbərlər”inə az qalmış Prezident Aparatından sədrin qəbul otağındakı faksa  sərəncam, fərmanlar gəlməyə başlayırdı. Hamısını da efir variantına uyğunlaşdırıb diktora ötürürdük.  Necə deyərlər dəhlizdə qaçhaqaç düşürdü. Belə növbətçiliklərin birində:

Həsən müəllim studiyanın qapısında dayanmışdı. Mən də sərəncamın olduğu faks əlimdə dəhlizin giriş qapısını açdım.

-         Mahir, cəld ol! – deyə Həsən müəllim dilləndi.

Bir addım irəli atmaq istəmişdim ki,  səs gəldi. Yoluma davam etmək istədim. Amma sanki nəsə məni tutub saxlayırdı. Həsən müəllim də demə bunu görürmüş. Tez qabağıma gəlib kağızı əlimdən alıb studiyaya getdi. Demə qapıdan keçəndə pencəyin aşağı iç cibi dəstəyə ilişib. Addımımı atanda da dartılıb astarı cırılıb. Həsən müəllim studiyadan çıxıb gördü ki, kostyumun astarının cırılmasından dilxoram. Fikrimi dağıtmaq üçün gülə-gülə:

-         Kostyumun cırılıbmış? Mən də qorxdum. Elə bildim ki, faks cırıldı.

Redaktə xüsusi istedaddır

Baş redaktorumuz Həsən Həsənov və müavini Mülatif Adurovun gözəl redaktə qabiliyyətləri var. Balaca bir səhv gözlərindən qaçmazdı.  Həsən müəllim  düzəlişləri qırmızı rəngli qələmlə edirdi. İlk vaxtlarda yazılarım “qanına qəltan olurdu”. Amma səhvlərimi izah da edirdi, öyrədirdi. Bu gün də yazı-pozumda hər hansı bir yanlışlıq hiss edəndə, amma səhvimi tuta bilməyəndə Həsən müəllimin üstünə qaçıram. “Qabilin o dünyadan məktubu” adlı ilk publisistik yazıma vəsiqə verən, “qələmin var, amma tənbəlsən” deyib tənbeh eləyən də  məhz Həsən müəllimdir. Onun mənə “Müasir Azərbaycan ədəbiyyatının canlı ensiklopediyası”san deyərək həvəsləndirməsi  sonda bu mövzuda nə qədər yazının, xatirənin meydana gəlməsinə səbəb oldu. Məhz belə yazılardan ibarət ilk toplunun “Atam Qabilin qəribə əhvalatları” kitabımın da redaktorluğunu Həsən müəllim öz üzərinə götürdü. Əlbəttə ki, dostumuz, mərhum  İbrahim Ömərovun gözəl tərtibatını da yaddan çıxarmaq olmaz.    

        Qış vaxtı idi. Axşam saat altıda ilk qar yağmağa başladı. Mən, Gülsəfa Əhmədova, Bahadır Şəfi və Əli Nəcəfxanlı növbətçiydik. Təbiətin bu gözəlliyini vəsf etmək, həm də şair olan Əli müəllimə tapşırıldı. O da yazdı. İlk cümlə beləydi – “Bakıya narın-narın qar yağır”. Birdən Həsən müəllim otağından səsləndi:.

-         Əli, yazı hazırdır?

-         Bəli, Həsən müəllim.

-         Tez gətir bura.

Mən otaqdaydım. Həsən müəllim də daxili telefonla sədrlə danışırdı.  Əliylə Bahadır içəri girib kağızı Həsən müəllimə verdilər:

-         Yazı hazırdır, Nizami müəllim. Operator da kadrları çəkib gəlir. Oxuyum?

Həsən müəllim kağızı əlinə alıb oxumağa, elə birinci cümlədən bədahətən redaktə başladı. “Bakıya...” Həsən müəllim ani fasilə verdi, “narın-narın” sözünü çıxartdı. “İlk” sözünü artırıb  davam elədi. “Bakıya ilk qar yağır”. Beləcə bir səhifəlik  yazını gözəyarı redaktə eləyərək oxudu. Əli:

-         Bax, Mahir, buna deyərlər  “naxodu” redaktə. 

Qabil və Həsən müəllim

Atamla Həsən müəllim arasında qarşılıqlı hörmət vardı. Avtoqraf şəklində olsa da Həsən müəllimə şeir də ithaf eləmişdi.

Canım-gözüm Həsən! 
Mahirə bir şey olsa,
Bəs sən orda nəsən?

Amma bu tanışlıq azadlıq hərəkatının ilk illərinə gedib çıxırdı. O dövrdə ictimai hadisələrlə bağlı beynəlxalq təşkilatlara müəyyən müraciətlər olunurdu. Bəxtiyar, Qabil, Xəlil Rza, Ziya Bünyadov, İsmayıl Şıxlı  kimi ziyalılar bu müraciətləri imzalayanlar içərisində ilk olurdular.  Təşkilatlanma işlərində o dövrün qabaqcıl, əsas hərəkətverici qüvvələr olan gənc ziyalılarının da rolu danılmaz idi.

Onlardan biri olan Həsən Həsənov hazırladığı müraciəti götürüb gəlir Yazıçılar həyətinə. İmzalatdırmaq üçün.  Yuxarı – Qabilin mənzilinə qalxmağa heç ehtiyac da qalmır. Əsəbi halda harasa gedən atamla elə həyətdə rastlaşır. Gəlişinin məqsədini deyəndə atam heç müraciəti oxumadan, məğzini bilmədən “yox, qol çəkmirəm” deyir. Daha doğrusu bu sözlə hirsini tökür Həsən müəllimin üstünə. O da “Qabil müəllim, imza atmasanız da, siz Ayaz Mütəllibova ünvanladığınız 24 sualla hər şeyi demisiniz”. Bu atamın xoşuna gəlir, geri qayıdır.

-         Xoşum gəldi səndən. Ver bura kağızı,- deyir. İmzasını qoyur, yoluna davam edir.

Vətən həsrəti

Yuxarıda yazdığım kimi Həsən müəllim Qərbi Azərbaycanda, Göyçə mahalında doğulub. Mən oralarda olmasam da Həsən müəllimin, İbrahimin söhbətlərində  o yerləri gəzib gəlmişəm. Göyçə gölündə farel balığı tutmuşuq, ocaq qalamışıq. Qazana elə gölün dupduru suyundan töküb balığı soyutma bişirmişik. Özümüzlə gətirdiyimiz araqdan yüz-yüz vurmuşuq da... “Google” axtarış sistemində Həsən müəllimgilin kəndlərini görmüşəm də. Məni kəndin küçələriylə gəzdirib, oxuduğu məktəblə tanış edib, evlərinin yerini göstərib. Yəqin ki, nəvaxtsa kəndlərinə qonaq da aparar məni. Qiyabilik gerçəkliyə çevrilər.

Çetırejdı deduşka

Həsən müəllim üç qız atasıdır. Mən isə iki. Bir qız atası kimi  vəzifəsini yerinə yetirib, hamısını köçürüb. Mən də elə onun kimi. İndi də nəvələri dilindən düşmür. Qəribə bir yarışa çıxmışıq. Həyatımızın əlamətdar çağlarında  bir-birimizə zəng edəndə özəl salamlaşmağımız  da var.  Zəng edib baba olması münasibətilə təbrik etmək istədim. Dəstəyi götürdü. Təbrikimi gözləmədən:

-         Deduşka Qasan Qasanov sluşaet.

İki il keçdi. O mənə təbrikə zəng elədi. Bu dəfə mən:

-         Deduşka İmamverdiyev sluşaet.

Üstündən bir az keçdi. Artıq Həsən müəllim “dvajdı deduşka Qasanov sluşaet” deyirdi. Cavabım çox gözlətmədi. Mən də “dvajdı deduşka” oldum. Sonra hər ikimiz “trijdı”. Nəhayət Həsən müəllim məni “yerimdə otuzdurdu” - ”çetırejdı deduşka” deməklə. Hələ onu da əlavə etdi ki, “hələ uşaqsan. Mənə çata bilmərsən”.  Həyatsa davam edir. İnanıram ki, bu cür hərbiçisayağı “doklad”larla bir-birimizi hələ çox sevindirəcəyik.

Əliyevçi

Həsənovlarla  İmamverdiyevləri birləşdirən bir mühüm cəhət də var. O da mənən Əliyevçi olmaqlarıdır. Bu yolda Həsən müəllim gəncliyindən Qabillər, Vahabzadələr kimi ön cəbhədə olub. Bu şəxsin xilaskarlıq missiyasını hələ o vaxt görən, əməli addımlar atan, Heydər Əliyevin siyasətini ürəklə həyata keçirənlərdən biri olub.  İndi də belədir.  

Prezidentimiz İlham Əliyevin 40 yaşı tamam olanda o vaxt AzTV-də bir neçə hissədən ibarət film hazırlanmışdı. Daha doğrusu bu film Həsən müəllimin yaradıcılığının məhsulu idi. Sonluq isə özəl idi. Tamaşaçı üçün yeni, maraqlı idi Həsən müəllimin bu sonluğu.   Demə İlham təkcə ad yox, həm də Əliyevlərin ailə kodu imiş. “İlham” sözündəki hərflər ayrı-ayrılıqda bu ailənin üzvləriymiş: “İ” – İlham, “L”- Leyla, “H”- Heydər, “A” – Arzu, “M”-Mehriban.

Son

Artıq iki ildir ki, “Xalq Qəzeti”ndə işləmirəm. Amma elə həftə olmur ki, redaksiyaya getməyim. Bəziləri indi də elə bilirlər ki, mən bu qəzetin  əməkdaşıyam. Jurnalistikadan uzaqlaşsam da yazılarımda bu stil hələ də duyulmaqdadır. Çünki bu sahədə on altı illik bir MƏKTƏB keçmişəm. Və bu həyatımın on altı ilində Həsən Həsənov  həmişə mənim müəllimim, baş redaktorum olub. Mən də onun ərköyün tələbəsi, işçisi. “Xalq qəzeti”ndə işləyərkən işə mütəmadi gecikdiyimə, çox vaxt isə ümumiyyətlə gəlmədiyimə görə  25 dənə töhmət verib mənə. Amma sonda düz yola gətirib. Utandığımdan ərizəmi yazıb işdən çıxmışam. Amma insanlığımız, dostluğumuz əvvəlki səviyyəsində qalıb.

 

 

Hə. Az qala yadımdan çıxmışdı. Həsən müəllim, 60 yaşın mübarək! TƏBRİKLƏR!



Paylaş



Bölmə: Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!