Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 4-05-2017, 11:38
Yazıçı Əlabbasa bu vaxtadək deyə bilmədiklərim...


Əlabbas, qardaşım, keçdiyin ömür yolunun bu məqamında-- yaşının 60-ı haqladığı bu vədədə sənin ədəbi-mədəni aləmdə sözünün özəlliyi və gözəlliyi ilə seçilməyinlə, halal-hümmət qələm sahibi kimi tanınmağınla bu qədər qürurlanmağım, əvvəla, qəlb ortağı olan bir yazarın uğurundan duyduğum könül xoşluğu ilə bağlıdır. Üstəlik, Ulu Tanrının insafdan kəm, daşürək yaratdığı məxluqların sitəmlərinə tablayan bir yazıçının sınmamağı, xəstəliyə boyun əyməməyi, qələm-kağızdan usanmamağı, fəhminin-düşüncəsinin bar-bəhrəsi ilə özünə yüksək zövqlü oxucu qazanması mənə toxtaqlıq gətirir.

Bunu ona görə deyirəm ki, söz dünyasının himayəsiz istedadlılarını gözlərimiz önündə çərlədib-çürüdən səlahiyyətlilər nə yaxşı ki, qosqocaman söz sənətinə təzə nəfəs, yeni çalar gətirənlərin hamısının axırına çıxa bilmirlər. Amma vaxtsız-vədəsiz o dünyalıq elədikləri də az olmur. Biri elə sənin daim yanğı ilə yada saldığın Dərviş Cavanşir. Bilirsən, ya xəbərsizsən, deyə bilmərəm, o Dərviş Cavanşirlə bir ara iş yoldaşı olmuşam, hal-xasiyyətinə də yaxşı bələdiydim.

Necə deyərlər, bu duyğusal bəndənin qarışqa tapdalamağa belə ürəyi gəlməzdi, başını aşağı salıb öz fikir-xəyalı ilə əlləşirdi, yazı-pozusunu düzüb-qoşurdu. Günlərin birindəsə yalaq-yaltağın əlində oyuncağa dönmüş baş redaktor bu ruhsal məxluqun məğrurluğunu həzm edə bilməyib onu bizdən uzaqlaşdırdı. Elə həmin vaxtdan Cavanşirin dərvişliyi yenidən şiddətləndi, qara çuxası isə yatdı. Ürəyilə, qəlbiylə ədəbiyyata, sənətə bağlı olan Dərviş Cavanşir o sınan oldu. Düzdü, sonradan arxa duran, himayə edən tapılsa da, onu dərvişlikdən geri döndərməyə gücü çatan olmadı. Dərviş, sözün həqiqi mənasında, elə ömrünün sonunacan dərvişliyini, sufiliyini, tərki-dünyalığını bu dünyanın gəl-gəlinə, apar-gətirinə dəyişmədi. İçindəki duyğu-düşüncələrinin çoxunu küskünlüyünə bürüb-büküb bir gün də sakitcə özüylə apardı...

Dərviş yaxşı başa düşürdü, anlayırdı ki, abır-həya gözləyənlər, şərəfini uca tutanlar dünya malından ağlını itirənlərin tamah qılıncı qarşısında davam gətirə bilmirlər. O dönə-dönə əmin olmuşdu ki, düzlər düzdən keçib nəinki qarşıdakı dağın zirvəsinə, heç ətəyinə belə yaxınlaşa bilmirlər. Tanrının düz yaratdıqları eləcə düzdə qalıb sonuncu ümidlərini də elə gedər-gəlməzə aparırlar. Amma qarnını qədrindən uca tutanlar, yal düşgünü yaltaqlar cəmiyyətdə asanlıqla mövqe, ixtiyar sahibi olur, bu dünyanı cəmdək kimi didişdirir, kişilikdən düşənədək sümürür, partlayanadək tıxırlar.

Əlabbas, görünür, Qadir tanrı səndən xəstəliklə yanaşı, dözüm, səbr kimi keyfiyyətləri də əsirgəməyibmiş. Gözəgörünməz kölgəsini üstünə gəribmiş ki, istedadına, gələcəkdə qazanacağın ədəbi nüfuzuna qısqanıb Ərəb-zəngi kimi qarşını kəsən, inamını sarsıtmağa, güc-qüvvəni tükətməyə çalışanlara can veməyəsən. Kərəm sahibi arxa-dayağın olubmuş ki, ədəbi aləmdən başını götürüb qaçmayasan, yazılarının dərcini əngəlləyən, ən əsası isə ədəbiyyatımızın qızıl fonduna daxil olan (Sabir Bəşirov) “Köhnə kişi” kimi əsəri redaksiyanın toz basmış rəfində gizlədən “Əjdaha”nın ağzından qurtara biləsən. Köməksizlərin hamisi qəlbinə təpər veribmiş ki, sənə öz oxucularını qazandıran “Gümüşü gecələr”i, “Doğma ocaq”ı, “Güdaz”ı, “Uçurum”u, “Qiyamçı”nı, “Sonun başlanğıcı”nı, “Dörd dördlük”ü, “Mən Qarateli sevirdim”i, “Qaraqovaq çölləri”ni, “Şəbi-hicran”ı ərsəyə gətirə biləsən...

Əlabbas, insan ən ağır, çətin günlərində ümidini Yerin-göyün sahibinə bağlayır, Yaradandan səbr, təmkin, dözüm arzulayır. Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi də həyatının ən ağır günlərində köməyi bəndələrdən yox, o gözəgörünməzdən, ulu qüvvədən umub. Bu əcnəbi yazar “İlahi, səndən möcüzə və ilğım yox, yaşadığım hər gün üçün güc istəyirəm. Mənə kiçik addımlarla yerimək bacarığını öyrət”, -deyib. Bax, mən tamam-kamal bilirəm ki, sən ömrünün ən dözülməz günlərində, aylarında, illərində köməyi gündəlik ehtiyacın ağır yükü altında inləyən

biçarələrdən və tamah çirkabı içərisində qaynaşan zavallılardan yox, uca Xaliqdən ummusan... Allah gec də olsa, bəndəsini eşidir, haqqı nahaqqa qurban vermir...

Əlabbas, insan gələcəyindən çox, keçmişilə, dünəniylə bağlı olur. Onu ötənlərin məstliyi həmişə bihuş edir: uşaqlıq, gənclik dostları, yoldaşları gözləri önündən çəkilmir, doğmaları ilə keçirdiyi günlər, sevib-sevildiyi aylar söz-söhbətinin əsas mövzusu olur. Təbii ki, bu sırada sitəmləri- sıxıntıları da unutmur. Sonuncu yaşantı isə yaradıcı, düyub-düşünən adam üçün hədsiz dəhşətlidir: əl-qolu işdən soyuyur; ümid, inam ərşə çəkilir; gedərgəlməz sənə gəl-gəl deyir... Bax, bu mənada, ötən ilin elə bu vaxtlarında bir müsahibəndə dediyin sözlərərdə səni haqlı saydım. Bildirirdin ki, “Köhnə kişi”nin çapı ömrünün sər-tamam on ilini əlindən alıb, o illəri yaşamamısan, papağı günə yandırmısan...

Amma, qardaşım, yamanlıqların da insana hansısa xeyrini unutmamalıyıq. Özün də yaxşı deyirsən ki, pisliklərin, “... o vaxt itirmələrin mənə bircə xeyri oldu ki, məni ədəbiyyatın kandarına belə qoymaq istəməyən yazıçıların əsl sifətlərini və içindəki buynuzlarını görə bildim...”. Sonra da haqlı olaraq bildirirsən ki, “nə qədər ki, bu dünyanın işdəklərindən başım çıxmırdı, mən daha asan, daha rahat, həm də çox yazırdım. Bəzi mətləblərdən hali olandan, bu çərxu-gərdunun nə olduğunu az-maz anlayandan sonra həm çətin, həm də günü-gündən az yazıram”.

Əlabbas, bu məqama elə burdaca nöqtə yoyub onu da deyim ki, əgər bu dünyanın alim (professor) bəndəsi qırx manat hal pul tapmayıb anası üçün Qurani-Kərim ala bilmirsə və bu işi onu dünyaya gətirənin pensiyasıyla yoluna qoyursa (“Gecəyarı hadisə”), sözü ilə əməli arasında dərin uçurum olan və səni neçə il yaradıcılıq mühitindən kənar saxlayan və bununla da belə demək mümkünsə, sinənə çalın-çarpaz dağ çəkən o baş redaktordan nə gözləmək olardı?!.

Əlabbas, yeri gəlmişkən, Dərviş Cavanşiri xatırlayanda o bəxtsiz bəndənin sənin barəndəki yazısından başqa ayrı bir niyyətlə dilə gətirdiyi bir abzası da indi burada qeyd etmək istərdim. Yazırdı ki, “gedirəm, gedirəm, bir də görürəm ki, kənddəyəm. Kəndin görünüşündən də, adamların təhər-töhüründən də hələ bu günə kimi ayırd edə bilmirəm, sizin kənddi o kənd, ya bizim? Bir onu bilirəm ki, o yerlər mənə çox doğmadı, adamları da eləcə... Danışıqları da elə bizim kəndin adamları kimi ürəyəyatımlıdı. Təhkiyəsindən tutmuş obrazların dilinəcən mənə uşaqlığım qədər yaxın və doğmadı sənin əsərlərin…”.

Əlabbas, rəhmətlik Dərvişin dünyaya göz açdığı yurd-yuvanı görməmişəm, amma sənin doğulduğun Nursu kəndi, əslində, tarixən bizim ümid yerimiz olub. Erməni-müsəlman davasının od olub hər şeyi külə döndərdiyi vaxtlarda bizim dədə-baba camaatımız ora pənah aparıb. Ara sakitləşəndə təzədən doğma Ağdüyə qayıdanlar da olub, Nursuda qalıb, bu kəndi özünə yurd yeri seçənlər də. Bir sözlə, Nursu ilə Ağdü illər boyu bir-birinə o qədər qaynayıb-qarışıb ki, kimin köklü nursulu, ya da ağdülü olmasını ayırmaq çətin olub. Həm də Ağdü Nursuya məsafəcə o qədər yaxın idi ki, gediş-gəliş adamları mehribanlaşdırmışdı, döğmalaşdırmışdı...

Bunu deməkdə isə məqsədim, bir yandan, simsarlığımızı yada salmaqdısa, o biri yöndən əsərlərindəki obrazların dilinin şəxsən mənim üçün daha şirin, şəhdi-şirəli olması, əsərlərində təsvir etdiyin hadisələrin, sanki, bizim kənddə baş verməsi təsəvvürü ilə bağlıdır. Çünki rəhmətlik Dərvişin dediyi kimi, kəndin görünüşü, adamların təhər-töhürü bir-birindən seçilməyəndə ədəbi qəhrəmanlar da, onların dilinin dadı-duzu da mənə doğma- əziz olur.

Əlabbas, sən oxucu rəğbətini ona görə qazanmısan ki, qələminlə hər zaman səmimi olmusan, üzdəniaq dəbdə olan əllaməçilikdən qaçmısan. Təsvir etdiyin hadisələr uydurma, fantaziya məhsulu deyil, real həyat lövhələridir. Sən zamanın gərdişini yaratdığın obrazların xarakterində cəmləşdirmisən, qəhrəmanlarının kimliyinə bitərəf yanaşmısan, hadisələri dəyərləndirməyi

oxucunun öz ixtiyarına buraxmısan. Bax elə buna görə yaratdığın obrazlar--Murad, Qaratel, Gülab, Səfi, Məhəmməd (“Köhnə kişi”), Əli (“Şəbi-hicran”), Tahir, Gülşən (“Qul”), Bəşir (“Şəhər”), Ağca (“Arvanada dəfn”), Qasım, Məryəm (“Yük”), Seymur (“Halal qan”), Talıb (“Mərənd ölüsü”)... oxucuların yaddaşında yaşayır, onlarla birgə nəfəs alır.

Əlabbas, indi bizdə yaramaz bir düşüncə yaranıb. Səbəbini bilmirəm, bəlkə də, bu, paxıllıqdandır, gözügötürməzlikdəndir, ya da ki, özünü daha savadlı, üstün anlayışlı göstərməkdən irəli gəlir. Özünü böyük yazıçı saysa da, ortaya düz-əməlli bir yazı qoya bilməyənlər, nədənsə, əsl sənət nümunələrini Azərbaycandan uzaqlarda axtarırlar. Amma mən “Güdaz”ı Çingiz Aytmatovun əsərlərindəki təbiilik və mükəmməliklə eyniləşdirən, “Dərd”i Markesin, Steynbekin ən yaxşı əsərləri ilə yanaşı qoyan tənqidçiyə rast gələndə zamanımızda ədalət hissinin hələ də korşalmadığına, çevrəmizdə ədalət hissinin, haqq anlayışının hələ də yoxa çıxmadığına sevinirəm.

Əlabbas, bu qeydləri elə sənin öz sözlərinlə tamamlayıram: ”Mənəvi dəyərlərin elə gözümüzün önündəcə günü-gündən belə astronomik sürətlə aşındığı bu bic əyyamında, fırıldaq zəmanəsində qadir Tanrıya mirzəlik eləmək, gerçəkdən də hər oğulun işi deyil”. Talenin sənin üzərinə qoyduğu bu yükü yorulub-usanmadan irəli aparmaqa sənə cansağlığı, yazıb-yaratmaq həvəsi və bir bu səbr-dözüm diləməkdən savayı əlimdən nə gəlir ki?!.
Sonsuz sevgi-sayğılarla:
Yazıçı Əlabbasa bu vaxtadək deyə bilmədiklərim...

Vaqif BAYRAMOV


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!