UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 8-09-2017, 10:43
İdris Hacızadə - 80


Ömrünün ahıl çağı mübarək, əziz dostum!

Əziz dostum, sirdaşım, dəyərli və dəyanətli insan İdris Hacızadə mənalı ömrünün ahıl çağına yetişib - 80 yaşını qarşılayır. Yaşının bu vaxt-vədəsi necə də yaraşır bu müdrik ağsaçlı dostuma!

İdris müəllim əsl peşəkar jurnalistdir. Ömrünün 50 ildən çoxunu ürəkdən bağlandığı bu məsul və şərəfli yolda saç ağartmış, peşəsinə həmişə sadiq qalmış, qələmə aldığı hər bir yazısında azərbaycançılığı, dövlətçiliyi, ölkə rəhbərinin daxili və xarici siyasətini önə çəkmiş, bu vətənin övladı olduğunu qürur hissi ilə vurğulamışdır. Onun qələmə aldığı hər bir yazısını mən maraqla oxuyuram. Çünki İdris müəllimin yazılarının əsasını jurnalist peşəkarlığı təşkil edir. Dili sadə, aydın və səlisdir, oxunaqlıdır. Onun üçün mövzu qıtlığı yoxdur. İstər müqəddəs peşə sahibi olan müəllimdən yazsın, istər elm xadimi akademikdən, istər kino və teatr aktyorundan, yaxud kənd təsərrüfatı mütəxəssisi və ya din xadimindən, elə adi molladan - fərq etməz, özünü həmin sahələrdən xəbərdar bir jurnalist kimi təsdiqləyir.


İdris Hacızadə həm də şair, yazıçı, publisist kimi tanınır, eyni zamanda bədii yaradıcılığının bir qolunu da uzun illər üzərində işlədiyi mənsur şeirlər təşkil edir. Müəllifin “Qayıt, əzizim” adlı kitabında özünə yer almış mənsur şeirlər də bunu təsdiqləyir. Ümumiyyətlə, adıçəkilən kitabda lirik duyğulu şeirlər, doğmalarına, yaxınlarına, dostlarına ərməğan etdiyi şeir nümunələri, şirin-şəkər balalara həsr olunmuş şeirlər, eləcə də dost haqqında bayatılar, eyni zamanda, qəzəllər və hekayələr yer almışdır. Bu da dostumun çoxsahəli yaradıcılığına bir sübutdur.

İdris müəllim BDU-nun məzunudur. O, bu ali təhsil ocağının filologiya fakültəsinin jurnalistika şöbəsini 1963-cü ildə bitirmiş, elə o vaxtdan da respublikanın müxtəlif qəzet və jurnallarında jurnalist fəaliyyətini davam etdirmişdir. Uzun illər “Kino yenilikləri”, “İmpuls”, “Məşəl” qəzetlərində baş redaktor, “And”, “Gələcək gün”, “Naxçıvan”, “Faktlar” qəzetlərində isə redaktor işləmişdir. Fəaliyyətinin son 7 ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan “Təhsil” jurnalında şöbə redaktoru kimi fəaliyyət göstərir, dərgidə respublika təhsilində baş verən yenilikləri, aparılan köklü islahatları tətbiq edən yazıları ilə diqqəti cəlb edir.

İdris Hacızadə “İşıqlı ömür”, “Qayıt, əzizim”, “Dünyamızın bəzəyidir insanlar” kitablarının müəllifidir. “İşıqlı ömür” tanınmış neftçi-alim Nuri Nuriyevin həyat və yaradıcılığına həsr olunub. Axı dostumun özü də gəncliyində Bakı Neft Texnikumunu bitirdikdən sonra neftçi işləmişdir. Jurnalistliyə olan həvəsi onu bu sahədə ali savad almağa sövq etmiş, sonrakı ömrünü bütövlükdə jurnalistliyə bağlamışdır. Sonuncu kitabı olan “Dünyamızın bəzəyidir insanlar” yazıçı-publisistin zəngin müşahidə qabiliyyətindən, istedadından xəbər verir. Kitab müəllifin ömrünün çoxunun müxtəlif peşə sahibləri ilə ünsiyyəti nəticəsində araya-ərsəyə gəlmişdir. Əsərdəki oçerk və zariçovkalar, maraqlı müsahibələr, işıq üzü görmüş yeni kitablar barədə rəylər, eləcə də publisistik düşüncələrin məhsulu olan materiallar daxildir. Yazıların əksəriyyəti yazıçının xüsusi tədqiqatlarından, araşdırmalar və şəxsi düşüncələrindən qaynaqlanmışdır. Açığını deyim ki, “Dünyamızın bəzəyidir insanlar”ı oxuyan hər bir kəs sonda mənən xeyli zənginləşər və müəllifdən razı qalar. Mənim özüm də elə boş vaxtlarımda həmin kitaba müraciət edir, hər dəfə növbə ilə bir materialı oxuyur, növbəti yazını oxuyana qədər onun təsiri altında oluram.
Dostum ahıl yaşına çatsa da, qələmi yerə qoymur; yazır, yaradır. Daim axtarışdadır. Qarşıda hələ onu çox şeylər gözləyir, bir neçə kitabı artıq çapa hazırdır. O cümlədən “…Ürək deyir: yaşa hələ!”. Eləcə də bir neçə tərcümə kitabı. Əminəm ki, dostum qarşısındakı planları həyata keçirəcək.

“Azərbaycan” nəşriyyatında gənclərdən tutmuş yaşlılara qədər hamının hörmətlə qarşılandığı İdris dostumu əlamətdar yubileyi - anadan olmasının 80 illiyi münasibətilə ürəkdən təbrik edir, Ulu Tanrının ona bəxş edəcəyi bundan sonrakı ömrü cansağlığı ilə yaşamağı, həmişə əlində qələm, geniş qəlbində möhkəm təpər olmağı arzulayıram. Ömrünün ahıl çağı mübarəkdir, əziz dostum!
Aşağıda dostum İdris Hacızadənin yeni şeirlərini oxuculara təqdim edirəm.

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan”


Yet imdada

Sən vermisən bu canı, Sən,
O can Sənə daim qurban.
Axirətə hazıram mən,
Bu dünyada biz bir mehman.

Yaranmışam qüdrətindən,
Hər bir əzam öz yerində.
Çox razıyam, Tanrım, Səndən,
Sənə fəda bu can, bədən.

Sübhüm adınla açılır,
Sənsən amanım, gümanım.
Adınla başım ucalır,
Sənsən mənim din-imanım.

Qolu bağlı qulunam mən,
Dayanmışam hüzurunda.
Yapışmışam ətəyindən,
Ulu Tanrı, yet imdada.

Sənsən

Yoxdur heç bir güman yerim -
Tanrım, Sənə sığınmışam.
Sənsən dərdlərin dərmanı,
Duaçınam səhər-axşam.

Möcüzələr yaradan Sən,
Heyrətdəyəm hikmətindən.
Ola bilməz Sənə bir tən,
Heyrətdəyəm qüdrətindən.

Şükür uca məqamına!
Şükür izzət-camalına!
Hara getsəm mən, ha yana -
Şükr edirəm dərgahına,
Şükr edirəm dərgahına.

Həyatdan doymamışam

Ömrün səksəninə gəlib çatmışam,
Həyatdan hələ də doymamışam mən.
Neçə diş tökmüşəm, saç ağartmışam,
Həyatdan hələ də doymamışam mən.

El-obanı oymaq-oymaq gəzmişəm,
Hər bağçadan bir qönçə gül dərmişəm.
Türfə gözəllərdən zövq almaq peşəm -
Həyatdan hələ də doymamışam mən.

Gəzmişəm aranı, dağı, düzü mən,
Sevmişəm payızı, qışı, yazı mən.
Sevmişəm kamanı, tarı, sazı mən,
Həyatdan hələ də doymamışam mən.

Gözəl Şuşamıza dönmək istərəm,
İsa bulağına enmək istərəm.
Onun saf suyundan içmək istərəm,
Həyatdan hələ də doymamışam mən.

Masallı

(nəğmə)

Bir yanın Xəzər, bir yanın dağlar,
Cənub zonasının gözü, Masallı!
Hüsnünə yaraşır meyvəli bağlar,
Ey cənnətməkanın özü, Masallı!

Tarixlər şahidi ey qədim diyar,
Hər daşın altında bir dastan yatar.
Torpağın təkində yüz xəzinə var -
Tar-kamanın xoş avazı, Masallı!

“İsti suyun” min bir dərdin dərmanı,
Ovsunlayır onu içən insanı.
Çox gəzmişəm mən bu qoca dünyanı,
Görmədim sənə tay düzü, Masallı!

İnsanların qonaqpərvər, mehriban,
Dar macalda edər dərdinə dərman.
Başları üstündə Ulu Yaradan,
Alınlarda möhür izi, Masallı!

Adınla öyünür oğulun-qızın,
Dillərdə dolaşır söhbətin, sözün.
Ətirlidir dağın, aranın, düzün,
Yaşadırsan əslimizi, Masallı!

İllər keçir, sənsə cavanlaşırsan,
Viləş çayı kimi aşıb-daşırsan.
Hüsnünə vəsf etmək deyildir asan,
Sənsən İdrisin xoş sözü, Masallı!



Boradigahın qızları

Musiqisi Firudin Xəlilbəylinin,
Sözləri İdris Hacızadənindir.

Yaz ətirli çiçəkdirlər,
Göydən enmiş mələkdirlər.
Saf duyğulu ürəkdirlər –
Boradigahın qızları.

Abır-həyadan yoğrulub,
Ülvi anadan doğulub.
Hərəsi bir ulduz olub –
Boradigahın qızları.

Həmişə təzədir-tərdir,
Yüz kişiyə bərabərdir.
Sevənləri bəxtəvərdir –
Boradigahın qızları.

Tomris, Həcər qeyrətlidir,
Hər dəyərdən qiymətlidir.
Namusludur, ismətlidir –
Boradigahın qızları.

Qaranlığa işıq saçar,
Nadanlıqdan uzaq qaçar.
Xoş günlərə qucaq açar –
Boradigahın qızları.

Su üzündə sonadırlar,
Yaşıl telli durnadırlar.
Bu gün - sabah anadırlar,
Boradigahın qızları.





Boradigah cavanları

(Nəğmə)

Musiqisi Firudin Xəlilzadənin,
Sözləri İdris Hacızadənindir
Namus-qeyrət qoruyandır,
Boradigah cavanları.
Namərdin gözün oyandır,
Boradigah cavanları.

Nəqərat:

Hər biri çinar qamətli,
Təmiz, ülvi məhəbbətli,
Düz ilqarlı, xoş niyyətli,
Boradigah cavanları.

Hərəsi bir arzu-dilək,
Daşıyırlar bir saf ürək,
Sevdikləri nazlı mələk,
Boradigah cavanları.

Nəqərat:

Yaraşıqdır məclislərə,
Yarayırlar xeyrə-şərə,
Sinə gərər qəm-kədərə,
Boradigah cavanları.

Hər biri Vətən əsgəri,
Aləmə bəlli hünəri,
Heyran edir gözəlləri
Boradigah cavanları.

Elin-obanın gərəyi,
Unutmazlar duz-çörəyi.
İdrisin ilham mənbəyi
Boradigah cavanları.

Yoxdur sənə tay, Nuranə!

(Bacımın sevimli nəvəsi Nuranə xanıma ad günü münasibətilə)

Gül bağçada çiçəkmisən?
Göydən enmiş mələkmisən?
Min-min arzu-diləkmisən,
Söylə görüm, ay Nuranə?

Su üzündə sonamısan,
Göy üzündə durnamısan,
Görüm bəxtəvər olasan,
Yoxdur sənə tay, Nuranə!

Tanrı versin muradını,
Yaşat nəslinin adını,
Cavan qəlbinin odunu,
Söndürməz yüz çay, Nuranə!

Seçmisən müqəddəs peşə,
Hazır ol hər bir döyüşə,
Addımla üzü Günəşə -
Xoş günləri say, Nuranə!

Uğurludur gələcəyin,
Çiçək açsın hər diləyin,
Qəm-qüssə görməsin ürəyin,
Hicrana tut toy, Nuranə!

Hər kəsin vardır öz yeri,
Unutma keçən günləri
İdris dayın bu şeiri –
Verir sənə pay, Nuranə!

P.S. Nuranə xanım hazırda Almaniyada yaşayır və Rəna adlı bir qız övladını ömür-gün yoldaşı Fuadla birlikdə böyüdür. Xoşbəxt böyüsün körpə Rəna!

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan”



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!