Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 5-07-2018, 06:24
“Biz hamımız əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.
Ümummilli lider Heydər Əliyev


Müsahibim təcrübəli pedaqoq, ömrünün 30 ilini ürəkdən bağlandığı müqəddəs və şərəfli peşə olan müəllimliyə həsr etmiş Bakının Suraxanı rayonundakı M.Bayramov adına 196 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılovadır.


Zərifə müəllim orta məktəbi qurtarandan sonra əvvəlcə M.Ə.Sabir adına Pedaqoji Texnikumu bitirir və boya-başa çatdığı Gürcüstan Respublikasının Başkeçid (Dmanisi) rayonunun Yuxarı Qarabulaq kənd orta məktəbində sinif müəllimi kimi fəaliyyətə başlayır və adına ilk əmək kitabçası burada açılır. 1983-cü ildə ali təhsil almaq məqsədilə sənədlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə verir və istəyinə çatır. Belə ki, həmin ali məktəbin çoxminli tələbə kollektivinin üzvü olur. 1988-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirir. 1989-1991-ci illərdə həmin ali təhsil ocağının dissertantı olur. 1989-cu ildən “baş müəllim” kimi pedaqoji fəaliyyətini davam etdirir. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1989-cu ildə Bakı şəhərinə köçür. Dil-ədəbiyyat müəllimi olan həmsöhbətimi duyğulu şair kimi də tanıyırlar. Bir neçə şeir kitabına imza atmışdır.
Bu günlərdə Zərifə müəllimlə görüşüb, çalışdığı məktəb kollektivi barədə, bugünkü təhsilimiz qarşısında duran vəzifələrə necə əməl etmələri haqda suallarımızı cavablandırmağı ondan xahiş etdik.
- Zərifə xanım, ilk dərs gününü necə xatırlayırsınız?
- İlk dəfə hələ Pedaqoji Texnikumunun III kursunda oxuyanda şagirdlər qarşısına çıxmışam. O vaxt bizi təcrübəyə aparmışdılar. Mən ibtidai sinifdə ana dili dərsi keçməli idim. İlk dərsə çox ciddi hazırlaşmışdım. Bu, bir növ açıq dərs səviyyəsində idi. Dərsi o qədər geniş, əhatəli, bir qədər də həyəcanlı başa vurdum ki, bir də gördüm müəllimlər, metodistlər mənə təəccüblə diqqət kəsiliblər. Dərsin sonunda Fəxri müəllim dedi ki, əgər bu cür dərs keçsən, bir ildə saçların ağarar.
- Gənc müəllim olaraq pedaqoji kollektivə tezmi qaynayıb-qarışdınız?
- Bəli, gənc müəllim olaraq pedaqoji kollektivə tez isinişdim. Buna səbəb məktəbdə hökm sürən sağlam ab-hava, səmimiyyət idi. Bir də işlədiyim təhsil ocağı, oxuduğum doğma məktəb idi.
- Böyük Azərbaycan pedaqoqu Firudin bəy Köçərli demişdir: “Əsl müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə, şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə malik olmalıdır”. Bu fikirlərə sizin münasibətiniz.
- Bu fikirlə tam razıyam. Əsl müəllim uşaqları öz övladları kimi ürəkdən sevməlidir. Dəcəlini də, sakitini də. Mən də şagirdlərimə çox bağlıyam. Onların hər birinə bir şəxsiyyət kimi yanaşıram.
- Uzun illərdir ki, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirsiniz. Dərsin gedişatında hansı metodlardan istifadəyə üstünlük verirsiniz, ümumiyyətlə, fənninizi şagirdlərinizə sevdirə bilmisinizmi?

30 il şagirdlərin əhatəsində


- Müəllimdən savadla yanaşı, həm də yüksək pedaqoji ustalıq tələb olunur. Artıq bir qərinə qədər pedaqoji stajım var. Bir qayda olaraq dərs prosesində müxtəlif müasir tədris metodlarına müraciət edirəm. Bura fərdi yanaşma, hər bir şagirdin psixoloji xüsusiyyətlərinə diqqət yetirmək və s. daxildir. Bəli, ondan razıyam ki, tədris etdiyim fənni şagirdlərimə sevdirə bilmişəm. Xüsusilə, ədəbiyyatı, şeiri, poeziyanı. Axı şagirdlərin dünyagörüşünün formalaşmasında, mənəvi zənginləşməsində poeziya müstəsna rol oynayır.
- Məhəmməd peyğəmbər (s.ə.s.) də müəllimin əməyinə yüksək qiymət verib. Onun belə bir kəlamı var: “Ümmətimin xeyirliləri müəllimlərdir. Müəllimin xeyirlisi mərhəmətli olmalıdır. Allah bir cahilin günahını əfv etməzdən əvvəl müəllimin 40 günahını əfv edər”. Sizcə, bütün müəllimlər bu fikirlərin dərinliyinə varırmı?
- Məhəmməd (s.ə.s.) peyğəmbər onu da söyləmişdir: “Sənə elm öyrədənə də, elmi öyrətdiyinə də hörmət et”. Və ya “Qiyamət günündə alimin mürəkkəbi ilə şəhidin qanı tərəziyə qoyulsa, çəkidə alimin mürəkkəbi ağır gələr”. Bu fikirlər peyğəmbərimizin elmə, müəllimə necə qiymət verdiyini sübut edir. Məncə bunları müəllimlərin hamısı bilmir. Amma bilməkləri zəruridir.
- Deyirlər o millət xoşbəxtdir ki onun övladlarının təhsil və tərbiyəsi yerindədir. Burada Vətən məhəbbəti daha üstündür. Bu baxımdan sizin təhsil ocağında təhsillə tərbiyə yerindədirmi?
- Çalışdığım məktəb rayonun nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbimizdə savadlı və bilikli, bugünkü təhsilin tələblərinə cavab verən, yenilikləri təhsilə tətbiq edən müəllimlər işləyir. Əlbəttə, bəzi qüsurlar da yox deyil.
- Məşhur pedaqoq Suxomlinski deyib: “Bir damla öyrətmək üçün bir dərya öyrənmək lazımdır”. Sizcə, bu fikirdə bir həqiqət varmı?
- Suxomlinski məşhur pedaqoqdur. Çox gözəl bir fikir söyləyib. Həqiqətən də bir damla bilik ümmanlardan yaranır. Axı insanın bütün oxuduqları bilik qazandırmır. Qazanılan bilik oxunmuş materialların yadda qalan hissəsidir. Ona görə də çox oxumaq, çox mütaliə etmək lazımdır ki, ondan nə isə əxz edəsən.
- Yeri gəlmişkən, mütaliə barədə. Son vaxtlar insanlar kitabla ünsiyyətdən uzaqlaşıblar. Siz də bunu şagirdləriniz arasında hiss edirsinizmi və belə neqativ halı aradan qaldırmaq üçün hansı metodlardan istifadə edirsiniz?
- Təbiidir ki, hər dövrün öz xüsusiyyətləri olur. Bugünkü dövrün də neqativ xüsusiyyəti insanların mütaliədən uzaqlaşmasıdır. Çünki internet bir növ mütaliəyə əngəl törədir. Amma mən istər dərs prosesində, istərsə də digər yerlərdə şagirdlərimə ədəbiyyatı, poeziyanı, o cümlədən mütaliəni sevdirirəm, onlarda şeirə sevgi oyatmağa çalışıram. Bir az böyük çıxmasın, özüm şair olduğuma görə, dərs prosesində uşaqlara müxtəlif mövzularda şeirlər söyləyirəm, şagirdlərdə şeirə, poeziyaya həvəs oyadıram, onlara Azərbaycan şairi və yazıçılarının əsərlərini oxumağı tapşırıram. Ədəbiyyata aid müxtəlif tədbirlər keçiririk.
- Hər bir məktəb kollektivinin nailiyyətləri onun məzunlarının ali məktəblərə qəbul olunmalarının sayı ilə ölçülür. Sizin təhsil ocağında bu cəhətdən vəziyyət necədir?

- Bəli, məktəbin nailiyyətləri onun məzunlarının ali məktəblərə qəbul olunması ilə bağlıdır. Bizim məktəb də hər il məzunlarımızın ali məktəblərə qəbul olunması faizi ilə fərqlənir. Belə ki, ötən tədris ilində məktəbin məzunlarından Aydın Hüseynzadə 591 balla Azərbaycan Dövlət Neft Akademiyasına, Röyalə Abbasova, Əfsanə Muradzadə, Əli Salmanlı, Sevinc Bədəlova, Sevinc Mirzəzadə və s. yüksək balla müxtəlif ali məktəblərin tələbələri sırasına qatılmışlar. Məktəbimizin direktoru, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı olan Sevinc Mehdiyeva, tədris işləri üzrə direktor müavini Aida Cəfərova təhsil ocağında hökm sürən nizam-intizamdan razıdırlar. Amma uğurlarımız bizi arxayınlaşdırmır.
- Müəllim olmağınıza görə peşiman deyilsiniz ki?
- Peşəmə ürəkdən bağlıyam. Axı ailəmizi müəllimlər ailəsi adlandırırlar. Belə ki, atam, anam, bacılarım, qardaşım da müəllim olublar. Yenidən həyata gəlsəydim, yenə də bu peşəni seçərdim. Şərəfli, müqəddəs peşədir. Şagirdlərimə də hər zaman deyirəm ki, gələcəkdə seçəcəyiniz peşəyə ürəkdən bağlanın. Təsadüfi bir peşə sizə sonradan peşimançılıq gətirər. Yaxşı sənətkar olun ki, sizə uğur qazandırsın. Bir də onlara Şeyx Nizaminin

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan -

kimi ibrətamiz fikirlərini misal çəkirəm.

- Zərifə müəllim, suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirəm!
Sizin kollektivə isə daha böyük uğurlar arzulayıram!


30 il şagirdlərin əhatəsində


Hüseyn MƏMMƏDOV
“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Müsahibə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!