Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                        Biz necə də sevincli, necə də gümrah idik... .....                        98 məktəbdə monitorinq imtahanı keçirilib .....                       
Tarix : 15-12-2017, 06:44
Elimizin və elmimizin ağsaqqalı - Akademik Həsən Əliyev





Uca dağların əzəmətini onun ətəklərindən hiss etmək mümkün deyildir. Dağdan uzaqlaşdıqca qüdrəti, möhtəşəmliyi daha aydın göründüyü kimi, böyük insanları da zaman bizdən uzaqlaşdırdıqca onların nəhəng silueti gözümüz önündə daha tam cizgilərlə canlanır.


Azərbaycan torpağı, Azərbaycan təbiəti və Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan ən görkəmli elm xadimlərimizdən biri olan akademik Həsən Əliyev də belə dahi şəxsiyyətlərdəndir. Həsən Əliyev kimi böyük şəxsiyyətləri Tanrı yüz ildən bir yaradır və hər xalqa qismət etmir. Həsən Əliyev şəxsiyyətinin qüdrəti təkcə onun böyük alim olması ilə deyil, həm də daha çox elmi yenilikləri və kəşfləri laboratoriyalardan çıxarıb Azərbaycan torpağına, Azərbaycan xalqına xidmət etməyə yönəldə bilmək cəsarəti və bacanğı ilə şərtlənir.

Akademik Həsən Əliyev kimi böyük miqyaslı dahi insanların əsil dəyəri və qiyməti onların fiziki ömürlərindən çox-çox sonra, özü də sıravi insanlar tərəfindən deyil, cənabi-haqq və əlahəzrət zaman tərəfindən verilir. Ölməz o adamdır ki, ondan sonra öz vətəninə və xalqına böyük yadigarlar qalır. Ölməz o adamdır ki, öz ömrünü, ağlını və biliyini öz xalqının xoşbəxtliyinə, öz Vətəninin tərəqqisinə həsr edir. Ölməz o adamdır ki, öz xalqına xidmət etmək yolunda bütün çətinlikləri dəf edə bilir, əngəlləri qıra bilir, namərdlərlə döyüşdə belə mərdcəsinə mübarizə aparır və qalib gələ bilir.

Akademik Həsən Əliyev şəxsiyyətinin həmişə yaşarlılığını şərtləndirən amillərdən biri də budur.

Elmin ən uca zirvələrini fəth etmiş alimlər haqqında “elmin korifeyi” ifadəsini işlədirlər. Alimlərimizin dilindən dəfələrlə “akademik Həsən Əliyev Azərbaycan coğrafiya və torpaqşünaslıq elminin korifeyidir, - sözlərini də eşitmişəm. Fikrimcə, “elm korifeyi” ifadəsi Həsən Əliyev miqyaslı alimlərin fəaliyyətini, elm və xalq qarşısında xidmətlərini o qədər də əhatəli göstərmir. Bir var korifey, yəni fateh - olanı fəth edən, əldə edən, özününküləşdirən və özününkülərə verən. Bir də var yaradan - yəni olmayanı var edən, gərəkli edən, öz xalqına bəxş edən. Bu mənada akademik Həsən Əliyev təkcə elm korifeyi deyil, həm də elm yaradandır, Azərbaycanda torpaqşünaslıq və ekologiya elminin banisidir, təbiətşünaslığın bu mühüm sahələrini Azərbaycanda qətrə-qətrə yaradan, inkişaf etdirən və uca bir zirvəyə çatdıran böyük yaradıcı alimdir. Bu mənada akademik Həsən Əliyev miqyaslı böyük alimlər üzərində Tanrı nəzəri, üzündə Tanrı nuru, gözündə Tanrı işığı olan peyğəmbər misallı seçilmişlərdir.

COMƏRDLİDƏN BAŞLAYAN YOL

Həyat Həsən müəllimi çox bərkə-boşa salmış, çox sınaqlardan çıxarmışdır.

Elmdəki uğurlarına, cəmiyyətdəki hörmətinə, dünyadakı şan-şöhrətinə çoxlarının qibtə etdiyi, həsəd apardığı akademik hamımız üçün örnək ola biləcək mübarizələrlə dolu mənalı bir həyat yaşamışdır.

Böyük alim və tanınmış ictimai-siyasi xadim akademik Həsən Əlirza oğlu Əliyev 1907-ci ilin dekabr ayının 15-də Azərbaycanımızın ən qədim, və ən gözəl bölgələrindən biri olan Zəngəzur torpağında - Sisyan rayonunun Comərdli kəndində dünyaya göz açmışdır. Həsən Əliyevin doğulduğu ailə öz əsli, nəcabəti, sanbalı və igidliyi ilə bölgədə tanınmış bir nəsil olmuşdur. Comərdli kəndinin bünövrəsini də akademikin ulu babası - igidliyi və mərdliyi adına yaraşan bəy oğlu Comərd kişi qoymuşdur. Əliyevlər nəslinin ana tərəfi isə Urud kəndindən, öz dövründə savadı, səxavəti və qoçaqlığı ilə ad-san qazanmış Kərbəlayı Abasqulu Nəcəfqulu oğlunun nəslindəndir. Haşiyəyə çıxaraq təkcə onu qeyd etmək istəyirəm ki, bu nəsil Azərbaycan elminə 40-dan çox alim vermişdir. Azərbaycanın xalq şairi Məmməd Arazın anası, Azərbaycanın Milli qəhrəmanları Aqil Quliyev, Nəsimi Quliyev və Fəxrəddin Nəcəfov da bu nəslin övladlarıdır.

Bütün kənd uşaqları kimi Həsən Əliyevin də təbiətlə təması çox erkən başlamışdır. Özünün yazdığı kimi o, 6-7 yaşında ikən babası ilə əkin-biçin sahələrini gəzmiş, otlaqlarda, bostan yerlərində, kənd ətrafı meşəlikdə olmuş, “Yəhər təpə”ni, “Badamçalığı”, “Vənli dərə”ni, “Camış uçan güney”i bir uşaq marağı ilə müşahidə etmiş, Zəngəzur təbiətinin əsrarəngiz gözəlliyinə heyran olmuşdur. Yer şumlayan, taxıl, kartof əkən, zəmi biçən babasına öz uşaq qüvvəsinin imkan verdiyi qədər kömək edən - boyunduruqda oturub, öküzləri haylayan, yerə tökülmüş sünbülləri yığan, toxumluq kartofu şırımlara düzən balaca Həsən Əliyev babasının təbiət haqqında, ağaclar, otlar, qarışqalar, quşlar, heyvanlar barəsində söhbətlərini sonsuz bir maraqla dinləmişdir. O, uşaqlıqdan dərin müşahidə qabiliyyəti ilə seçilmiş, təpənin, yamacın, yarğanın, dərənin, bulağın, otun, çiçəyin, kolun, ağacın və sairənin təbiətdə yeri, əhəmiyyəti, xüsusiyyətləri barədə düşünmüş, onu maraqlandıran sonsuz suallara babasından, əmilərindən, ata-anasından cavab almağa çalışmışdır.

1918-ci ilin yayı Zəngəzura qarğış kimi gəlmişdi. Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiya öz qoşunlarını Anadoludan çıxarmaq məcburiyyətində qaldı. Rusiyanın köməkliyi ilə Anadoluda erməni dövləti yaratmaq planları boşa çıxan daşnaqlar Qərbi Azərbaycan ərazilərində toplaşmağa başladılar. Qafqaza soxulan erməni cəlladı tayqulaq Andronik Ozanyan Naxçıvanda və Dərələyəzdə qanlı qırğınlar törədərək, 1918-ci ilin iyulunda Sisyan rayonuna hücum edib azərbaycanlı kəndlərinə divan tutmağa başladı.

Bu qanlı qırğının canlı şahidi olmuş akademik Həsən Əliyev ömrünün son günlərinə qədər həmin hadisələri xatırlayır, comərdlilərin qeyri-bərabər döyüşdə düşmənə qarşı necə fədakarlıqla döyüşməsini, kəndlərinin dağıdılıb-yandırılmasını, əmilərinin ailələrinin qəddarcasına qətlə yetirilməsini, Comərdli camaatının çoxlu itkilər verdikdı sonra, dağlara qaçaraq, Naxçıvana pənah aparmasını yana-yana, erməni daşnaklarına qarşı sonsuz bir nifrət hissi ilə danışırdı.

Ailələri Naxçıvanda məskunlaşdıqdan sonra Həsən Əliyev erkən yaşlarından işləməyə başlamış, eyni zamanda orta təhsil almışdır. Onu da deyək ki, Həsən müəllim hələ Comərdlidə yaşayarkən mədrəsə təhsili almış əmisindən oxumağı və yazmağı öyrənmişdir.

Həsən Əliyev 1927-30-cu illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, texnikumu bitirdikdən sonra Gəncə şəhərinə getmiş və orada Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuşdur. 1932-ci ildə aspiranturaya daxil olan Həsən müəllim bundan sonra bütün həyatını elmə həsr edərək, düz altmış il elmi fəaliyyətlə məşğul olmuş, bir zərrəsi olduğu Vətən torpağının öyrənilməsi, Vətənin havasının, otunun, ağacının, suyunu qorunması, zənginləşməsi, daha da səmərəli şəkildə istifadə olunması yolunda fədakar, mübarizələrlə dolu, hər bir alimin həsəd aparacağı şərəfli bir yol keçmişdir. Bu yol - Comərdli kəndinin kövşənlərindən başlayan kiçik bir cığır - yorulmaz tədqiqatçı alimin ağır zəhməti, yüksək fitri istedadı, intellektual potensialı, ardıcıl mübarizəsi, ən əsas isə öz doğma xalqına və vətəninə sevgisi sayəsində genişlənmiş, dünyanın bütün qitələrinə şaxələnmiş, elmin akademik Həsən Əliyev zirvəsinə yüksəlmişdir.

Akademik Həsən Əliyev Azərbaycanda torpaqşünaslıq və ekologiya elminin bünövrəsini qoymuş, bu sahədə böyük bir məktəb yaratmış, insan və təbiət münasibətlərinin sistemli şəkildə öyrənilməsinin əsaslarını yaratmışdır.

Böyük alim yalnız ikl il elmi fəaliyyətdən uzaqlaşmışdır, lakin yenə də torpaq uğrunda, torpağın müdafiəsi naminə. Bu dəfə o, ikinci dünya müharibəsinin qanlı-qadalı ölüm savaşına qatılmış, bu döyüşdən də qəhrəman kimi çıxmışdır, ölümcül yaralansa da, özünün dediyi kimi, “əzrayılın əlindən qurtara bilmişdir”. Bəlkə də ulu Tanrı özü 36 yaşlı Həsən Əliyevi hifz etmiş, Azərbaycan elminin xatirinə, Azərbaycanın torpağının, suyunun, havasının, təbiətinin qorunması naminə ona ikinci həyat bəxş etmişdir.

1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilən Həsən müəllim elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi və idarəçilik işləri ilə də fəal məşğul olmuşdur. O, EA-nın Partiya Təşkilatının katibi (1945-47), Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP MK katibi (1952), Azərbaycan SSR EA-nın akademik katibi (1952-57), Botanika İnstitutunun direktoru (1949-52), Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-68) olmuş, 1968-ci ildən isə ömrünü özünün yaratdığı Coğrafiya institutuna bağlamışdır. Həsən müəllim 1955-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR Elmlər Akademiyasında Təbiəti Mühafizə üzrə komissiyanın sədri olmuş, bir neçə partiya qurultaylarına nümayəndə, onuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuş, Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Lakin akademik Həsən Əliyevin ən yüksək vəzifəsi Azərbaycan torpağına və xalqına ləyaqətlə xidmət etmək, ən böyük mükafatı isə xalqın ona sevgisi olmuşdur.

HƏYƏCAN TƏBİLİ

Akademik Həsən Əliyev xatirələrinin birində söyləyir ki, o, uşaqlıqda yazıçı və rəssam olmağı arzulayırmış. Zəngin təxəyyülə, nadir fitri istedada malik olan Həsən müəllim fırçanın köməkliyi ilə Zəngəzur dağlarının qüdrətini təsvir etmək, dar dərələri, qorxunc uçurumları, şiş qayaları, yastı təpələri, gur sulu dağ çaylarını gözəl tablolara köçürərək dünyanın hər yerinə göstərmək, yazıçı qələmi ilə uşaqlıqdan yaxşı tanıdığı mərd, mübariz, zəhmətkeş, yurdsevər insanların həyatını, taleyini əbədiləşdirmək istəyirmiş. Lakin Həsən müəllim nə rəssam, nə yazıçı olmadı, ömrünü Vətən və xalq üçün daha mühüm və şərəfli işə - Azərbaycanın torpağını və təbiətini öyrənmək, qorumaq və zənginləşdirmək sahəsində elmi, nəzəri və praktik fəaliyyətə həsr etdi. Lakin yazıçılıq və rəssamlıq bu böyük alimin həyatında bir qədər başqa formada - foto və publisistika janrında yaşadı, ona böyük uğurlar gətirdi. Həsən müəllimi az-çox tanıyan hər kəs təsdiq edə bilər ki, o təbiətlə bağlı bütün şəkilləri, elmi və kütləvi tədbirlərdə nümayiş etdirdiyi bütün foto və video slaydları yalnız özü - həm də yüksək peşəkarlıqla hazırlayardı.

Akademik Həsən Əliyev Antraktidadan başqa, dünyanın bütün qitələrində olmuş, bu ölkələrin təbiətini, təbiətə münasibəti öyrənmiş, yaxşı nümunələrin Azərbaycanda yayılması naminə çox çalımışdır. Onun Amerika və Avropadakı milli parklar, bu parkların əhəmiyyəti və Azərbaycanda belə parkların salınmasına dair dəyərli tövsiyələri, Almaniya, Çexoslovakiya, Fransa, Finlandiya, İsveçrə və s. ölklərdəki meşəliklər, meşəyə son dərəcə qayğıkeş münasibət, meşəsalma mədəniyyəti barədəki, elmi- kütləvi janrda, böyük vətəndaş yanğısı ilə yazdığı silsilə oçerklər Ötən əsrin yetmiş-səksəninci illərində Azərbaycan cəmiyyətini əməlli-başlı silkələmişdi. Həsən müəllimin Azərbaycanda nadir ağacların mühafizəsi, sortlaşdırılması və artırılması, su hövzələrinin, xüsusilə Kür və Araz çaylarının, Xəzərin çirklənməsinin qarşısının alınması, yasaqlıqların yaradılması, nəsli kəsilməkdə olan heyvan və quş növlərinin qorunması və s. barədə dövri mətbuatda, televiziya və radioda ardıcıl çıxışları, elmi praktik konfranslarda, görüşlərdə, rəsmi tədbirlərdə nümayiş etdirdiyi tutarlı foto və video faktlar, dəlillər, dərin elmi mühakimələr yetmişinci illərin əvvəllərindən başlayaraq respublikamızda dövlətin və cəmiyyətin təbiətə, torpağa, ekologiyaya yeni, daha ayıq və məsuliyyətli münasiətinin formalaşmasında əvəzsiz rol oynamışdır.

Akademik Həsən Əliyevin vətəndaş alim narahatlığını ifadə edən, onun istedadlı publisist qələmindən çıxmış, cəmiyyətdə böyük rezonans doğurmuş “Həyəcan təbili”, “Müqəddəs ağaclar və onların taleyi”, “Ardıcın közü gec sönür”, “Yaşıl ciyər”, “Milli parklar”, “Hanı sənin ceyranın, Ceyrançölüm” və s. kimi elmi-publisistik yazıları bu gün də aktualdır və yəqin ki, uzun illər də aktual olaraq qalacaqdır.

Akademik Həsən Əliyev 40-a yaxın elmlər namizədi və elmlər doktorunun rəhbəri, 500-dən çox elmi, elmi-kütləvi əsərin müəllifidir. Lakin mən tam səmimiyyəti ilə deyirəm ki, əgər Həsən müəllim “Həyəcan təbili” kitabından başqa heç nə yazmasaydı belə, o təkcə bu kitabla Azərbaycanın ekologiya və təbiətşünaslıq tarixinə düşəcəkdi. Böyük alim bu kitabı ilə, doğrudan da, Azərbaycan təbiətinin harayını cəmiyyətə çatdıra bildi, özünün yazdığı kimi, təbiətin həyəcan təbilini insanların ürəyindən asa bildi.

...Həsən müəllim “Həyəcan təbili” kitabında babası Comərd kişinin çox ibrətamiz kəlamını dönə-dönə xatırlayır; ardıc müqəddəs ağacdır, onun közü gec sönür. Ardıc kolları torpağın münbit qatını yeldən, seldən, aşınmadan qoruyur. Bu ağacı qırmaq günahdır. Beşini basdırsan biri qalar, bir kötüklü ağacı qorusan, beş-altı pöhrə verər.

Bu kəlamı dönə-dönə oxumuşam və hər dəfə də düşünmüşəm:

- İnsanlar da ağac kimidir, hansı insanlar ki, yurdun ocağını isti saxlayır, torpağı və xalqı qoruyur, zənginləşdirir, onlar yaddaşlarda yaşayır, müqəddəsləşirlər.

XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ

Bütün dahilər kimi, akademik Həsən Əliyev də olduqca xeyirxah bir adam idi. Həsən müəllim bilməyəni öyrədər, çətinliyə düşənə kömək edər, istedadlını əlindən tutub layiq olduğu mərtəbəyə qaldırardı və bütün xeyirxahlıqlarını heç bir xahiş gözləmədən, təmənna ummadan edərdi. Heç vaxt yadımdan çıxmaz. Tibb İnstitutunun sonuncu kursunda oxuyurdum. Atamın bir sifarişini çatdırmaq üçün Həsən əminin iş yerinə - Coğrafiya İnstitutuna getmişdim. Direktorun qəbul günü olmadığından köməkçisi məni içəri buraxmadı. Köməkçiyə müraciət etdim ki, - “Uruddan İsanın oğlu gəlib, Sizə sözü var”, - xahişimi Həsən müəllimə çatdırsın. Onun içəri girməyi ilə çölə çıxmağı bir oldu:

- Buyur, Həsən müəllim səni gözləyir!

Düzünü deyim ki, o vaxta qədər heç bir yüksək mənsəb sahibinin kabinetində olmamışdım və “ikiqat qapı” anlayışı təsəvvürümdə belə yox idi. Qapını açıb şəstlə içəri girmək istəyirdim ki, qarşımda başqa bir qapının olduğunu gördüm, çaşdım, bir qədər duruxdum. Bu qapını da açarkən Həsən əminin düz qarşımda, qapının yanında dayandığını gördüm. Gülə-gülə mənimlə görüşdü. Yer göstərdi. Gözlədi, yalnız mən oturandan sonra keçib yerində əyləşdi. Kəndi, atamı soruşdu və doğma bir ərklə “ay saqqalı ağarmış, neçə ildir ki, Bakıdasan, niyə gəlib Həsən əminlə görüşmürsən”, - deyərək məni qınadı. Sonra isə qayğıkeşliklə, - “eşitmişəm şeir yazırsan, bir adama göstərib eləmisən?”, - soruşdu. Cavabımı gözləməyib telefonun dəstəyini götürdü və “Azərbaycan təbiəti” jurnalının redaktoru, misilsiz şairimiz Məmməd Araza zəng vurdu; “nə var, nə yox”-dan sonra dedi: - Məmməd, Uruddan İsanın oğlu mənim yanımdadır, deyəsən o da şair olmaq istəyir, göndərirəm yanına, şerlərinə bax, məsləhətini ver.

Dünya görmüş, müdrik alim mənə də öz tövsiyələrini verərək dedi ki, həkimlik gözəl sənətdir, çalış yaxşı həkim olasan. Şairlik isə Allahın vergisidir, Allah o istedadı, qabiliyyəti sənə bəxş edibsə, hansı institutu oxumağından asılı olmayaraq, sən həm də şair kimi özünü tanıda biləcəksən. Ancaq unutma ki, şairlik, sadəcə söz qoşmaq sənəti deyildir. Bu çox ciddi və məsuliyyətli, cəmiyyət və Vətən üçün gərəkli bir işdir. Əgər daxilində bu hünər, bu inam yoxdursa, elə ancaq həkimliklə məhğul olsan yaxşıdır.

Həsən əmi ilə xudahafizləşib evə getdim, şeirlərimi götürüb, elə həmin gün “Azərbaycan təbiəti” jurnalına, Məmməd Arazın görüşünə yollandım.

Məmməd Araz da xəstəliyinə baxmayaraq, məni qapının ağzında “Ya Allah, ya Allah” - deyərək mehribanlıqla qarşıladı, yer göstərdi və yalnız mən oturandan sonra keçib oturdu.

Düzü çaşıb qalmışdım. İndiyə qədər məni heç kəs ayaqüstə, qapının ağzında qarşılamamışdı, heç kəs yalnız məni əyləşdirəndən sonra keçib əyləşməmişdi. O zamandan iyirmi ilə yaxın vaxt kedir, indi mən az-çox tanınmış qələm sahibi, millət vəkiliyəm. Çox qapıları açıram, çox mənsəb sahibinin kabinetində oluram. Ayağa qalxıb görüşənidə olur, heç ayağa durmayanı da. Qonağını qapıda qarşılayan kabinet sahibinə isə, demək olar ki, nadir hallarda rast gəlirəm.

Sonralar dəfələrlə xalq şairi Məmməd Arazın yanında olmuşam. Hər dəfə də etirazlarıma baxmayaraq, Məmməd əmi məni qapı ağzında, ayaq üstündə qarşılayıb. Bir dəfə Məmməd əmidən niyə hər dəfə əziyyət çəkib qonağını qapı ağzında qarşılamasının səbəbini soruşanda o, mənə dedi:

- Ayağa qalxmaq mədəniyyətini mən akademik Həsən Əliyevdən öyrənmişəm. Həsən müəllim həmişə deyərdi ki, salam Allahın kəlamıdır, Allahın kəlamını ayaq üstdə qarşılayarlar, biz görüşdüyümüz insanlara hörmət və ehtiram göstərməklə, əslində özümüzə hörmət qazandırırıq, qarşımızdakı insanı dəyərləndirərkən özümüzü dəyərləndirir, əksinə, söyüb-təhqir ediriksə, deməli eyni hərəkəti özümüzə qarşı yönəldirik.

O vaxtdan Həsən əminin bu müdrik kəlamları peyğəmbər duası kimi qulaqlarımda səslənir. O vaxtdan harada işləmişəmsə, qapım həmişə insanların üzünə açıq olub, insanları ayaq üstündə qarşılamışam, Allahın salamını ayaq üstündə almışam.

BABA OCAĞINDA İKİ GÜN

Azərbaycan elminin ağsaqqalı, milli torpaqşünaslıq və ekologiya elmlərinin banisi, Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri akademik Həsən Əliyev sonuncu dəfə 1979-cu ildə babalarının yurdlarını ziyarət etmiş, Comərdli və Urud kəndlərində olmuşdur. Həmin səfər zamanı bu əziz qonaqların qarşılanmasından yola salınmasına qədər iştirak etdiyimdən, bu iki günün sevincini onlarla bahəm yaşadığımdan, rəhmətlik Həsən əminin Sisyana gəlişi, həmin səfərin bütün təfərrüatı bugünkü kimi yadımdadır.

Bu böyük insanın, el ağsaqqalının gəlişi əsl toy-bayrama çevrilmişdi, həm Comərdlidə, həm də Urudda kənd camaatı ən əziz adamını qarşılayırmış kimi sevinirdi, uşaqdan böyüyədək hamı dəstə-dəstə yola çıxaraq bu mötəbər qonaqları salamlayır, hal-əhval tutur, sidq- ürəklə onları evlərinə dəvət edirdi. Həsən əmi iki addımdan bir maşını saxladır, özü də Zərqələm xanımla, Ənvər müəllim də, maşından düşərək onları qarşılamağa çıxmış kənd adamları ilə görüşür, hal-əhval tutur, onların problemlərini, çətinliklərini soruşur, yaşayışları, sağlamlıqları, ehtiyacları ilə maraqlanırdılar.

Həsən müəllimin iti hafizəsinə hamı heyran olmuşdu. O. otuzuncu illərdə bu yerlərdən getməsinə baxmayaraq, hər daşın, təpənin, dağın, örüşün, əkin yerinin, bulağın adını dəqiqliyi ilə xatırlayır, hansı bağın, hansı örüşün kimə mənsub olduğunu, kimin evinin, tövləsinin, hətta kərmə qalağının harada olduğunu zərrəcə yanılmadan söyləyirdi.

1935-ci ildən Bakıda yaşayan və 50 ilə qədər bir müddətdə müxtəlif yüksək vəzifələrdə işləyən Həsən əmi bu illər ərzində nəsil-nəsil o qədər urudluya əl tutmuş, kömək etmişdi ki, bəlkə də urudlular indlyə qədər heç kəsdən bu qədər təmənnasız kömək, əvəzsiz yaxşılıq görməmişdilər. Həsən əmi evi olmayana ev almaqda, işi olmayana işə düzəlməkdə kömək edirdi, işdə, təhsildə problemi olanın köməyinə çatırdı, cibində pulu olmayanın cibinə pul qoyurdu. Həkimə ehtiyacı olan da Həsən əminin üstünə qaçırdı, oğluna istədiyi qızı ala bilməyənlər də Həsən əmini elçiliyə aparırdı.

Həsən əmi bir müşkülü özü həll edirdi, bir iş üçün kiməsə zəng vururdu, bəzən də xahişini elədiyi adamı da yanına salıb müxtəlif idarə və müəssisə rəhbərini, səlahiyyət sahibinin yanına gedirdi və bu böyük xeyirxahlıq əməllərini o qədər təmənnasız, əvəzsiz, ürəkdən, həvəslə edərdi ki, sanki, elə belə də olmalı imiş, akademik Həsən Əliyev bu işləri görməli imiş, yaxud buna borclu imiş. Və ən qəribəsi də o idi ki, urudlular Həsən əminin təkrarolunmaz, misilsiz xeyirxahlıqlarını, təxminən belə, olduqca təbii qarşılayırdılar; atanın öz övladına olan qayğısı, sevgisi, təəssübkeşliyi kimi... Əslində öz doğma övladına bu qədər qayğı göstərmək hər atanın işi deyil!

Həsən əmi bu xeyirxahlıqları edərkən, həmin insanın qohum-əqrəba, dost-tanış, yerli olduğuna görə etmirdi, Comərdlidən, yaxud Uruddan olduğuna görə etmirdi. Həsən əmi naxçıvanlıya qarşı necə idisə, kəlbəcərliyə qarşı da elə idi, urudluya qarşı necə idisə, ağdamlıya qarşı da elə idi, gəncəliyə qarşı necə idisə, bakılıya qarşı da eləcə idi, Həsən əmi üçün Azərbaycan övladının bölgə coğrafiyası yox idi, təki bu xalqın oğlu düz adam olsun, halal adam olsun, namuslu, qabiliyyətli, ağıllı adam olsun, - yaramaz, haramzada, oğru, əyri, rüşvətxor olmasın, - Həsən əmi hər bir dara düşən insana əl uzatmağa hazır idi. Xeyirxahlıq bu böyük insanın taleyi, tarixi missiyası idi. Akademik Həsən Əliyev həqiqətən də, xeyirxahlıq mücəssəməsi idi!

Urudlular Həsən əmini belə tanıyırdılar, öz doğmaları kimi sevirdilər. Bu istəyi, sevgini, minnətdarlıq hissini izhar etmək üçün urudluların əlinə ömürdə bir dəfə olan fürsət düşmüşdü. Məmə yeyəndən, pəpə deyənə kimi hamı dəstə-dəstə əziz qonaqların ziyarətinə axışırdı. Həsən əminin təklifi ilə məclis təbiətin qucağında “Güllü bağ”da quruldu. Bu məclis Urud kəndinin tarixində bütün Urud camaatının birlikdə, bir ailə kimi sevindiyi, deyib-güldüyü, şənləndiyi ən böyük ziyafətlərdən biri idi.

Həmin gün uzun səfərin yorğunluğuna, görüşə gələnlərin çoxluğuna, “nə var, nə yox”ların bolluğuna baxmayaraq, Həsən əmi də, Zərqələm xanım da, Ənvər müəllim də şad idilər.

Həmin axşam tarixi bir görüş idi. Həsən əmi urudlu ağsaqqallarla birlikdə altmış-yetmiş il geriyə qayıdaraq tarixin əsrin əvvəllərindəki səhifələrini “oxuyurdular”. O axşam Həsən əmi 1918-ci ildə Andronikin quldur dəstələrinin Zəngəzura hücumu, yerli sakinlərin daşnaqlarla qeyri-bərabər döyüşlərinin müxtəlif səhnələri, həlak olanlar, yaralananlar, el-obanın pərən-pərən düşməsi, Sisyan camaatının bir hissəsinin Naxçıvana, bir hissəsinin Laçın-Qubadlı bölgəsinə pənah aparması hadisələrindən gecə yarısına kimi söhbət etdi. Ən maraqlısı bu idi ki, Həsən əmi düz 60 il əvvəl olmuş hadisələri tam təfərrüatı ilə, ən xırda detalları, incəlikləri ilə xatırlayır, sanki olmuşları rəngi, səsi, hərəkəti, obrazları ilə dinləyicilərin gözünün qabağında canlandırırdı. Həsən əmi həm də təəssüflə xatırlayırdı ki, sonralar camaatın müəyyən hissəsi doğma el-obaya qayıtsa da, Sisyan azərbaycanlılarının təxminən 2/3-si müxtəlif səbəblərdən öz dədə-baba yurdlarına dönmədilər. Söhbətin sonunda Həsən əmi üzünü kənd camaatına tutub bu yerlərin qədrini bilməyi, qorumağı, abadlaşdırmağı tövsiyə etdi.

Heyif ki, el ağsaqqalının bu tövsiyəsinə urudlular əməl edə bilmədilər. 9 il sonra Qərbi Azərbaycanın digər türk obaları kimi Comərdli və Urud kəndləri də erməni işğalına məruz qaldı.

Həsən əminin maraqlı, arabir duzlu-məzəli söhbətləri, müdrik məsləhətləri, tövsiyələri ilə şirinləşən ziyafət gecə yarıya kimi davam etdi. Söhbətin şirinliyindən heç kəs bu gözəl məclisdən ayrılıb evə getmək istəmirdi. Nəhayət, Həsən əmi özünəməxsus şuxluqla ayağa qalxıb dedi:
-
Yaxşı, daha bəsdi. Siz hamınız iş-güc adamısınız, gedin yatın, dincəlin, kəndli sübh açılar-açılmaz yuxudan oyanmalıdır. Günəşdən tez oyanmayan kəndlinin xeyir-bərəkəti olmaz! Həsən əminin hər sözü aforizm idi.

Səhəri gün Həsən əmi digər qonaqlarla birlikdə kənd ağsaqqallarının müşayiəti ilə qəbiristanlığıziyarət etdi, burada uyuyan soydaşlarını yad edib, onların ruhuna dua oxutdu, fatihə verdi.

...Qonaqları yola salmaqdan ötrü uşaqdan-böyüyədək hamı yola çıxmışdı. Həsən əmi, Zərqələm xala və Ənvər müəllim bir-bir hamı ilə görüşüb xudahafizləşdilər.

Həsən əmi üzünü sürücüsü Vətənə tutdu:
-
Gedək, Vətən, Vətəndən Vətənə gedək!

Maşına minməzdən əvvəl Həsən əmi bir qədər dayandı, iri, ala gözlərini bir neçə dəfə kəndin ətrafındakı təpəliklərdə dolandırdı, lakin heç nə demədi. Həsən əmi əlli ilin ayrılığından sonra iki günlük görüşə gəldiyi anasının, babasının kəndi ilə halallaşırdı... Həmişəlik.

Musa URUD
şair, millət vəkili


Paylaş



Bölmə: Ədəbiyyat, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!