“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Dünən, 16:02
Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?


Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?

Zəngəzur dəhlizi: Böyük güclərin kəsişən maraqları

2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz səfərdən sonra noyabrın 8-də Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın müddəalarından biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Cənubi Qafqaz regionunun taleyini dəyişəcək strateji layihələrdən biri olan Zəngəzur dəhlizi təkcə Azərbaycanın nəqliyyat xəritəsini yenidən çəkmir, həm də bölgədə geosiyasi çəkişmələrin mərkəzinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn bu dəhliz artıq yalnız regional deyil, qlobal güclərin planlarında mühüm yer tutur.
Ölkəmiz üçün Zəngəzur dəhlizi iki səbəbdən həyati əhəmiyyət kəsb edir. Bu səbəblərdən birincisi, Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsinin qurulmasıdır. Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Zəngəzur dəhlizi isə Azərbaycanın ərazi bütövlüyünün daha tam təmininə xidmət edəcək.
Digər önəmli məqam isə ondan ibarətdir ki, dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmiz üçün həm də iqtisadi fürsətdir.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının tərkib hissəsidir və regionda əməkdaşlığa yol açır.


ABŞ

ABŞ-nin Zəngəzur dəhlizi ilə bağl maraqları çoxqatlıdır. Rəsmi Vaşinqton bir tərəfdən regionda sabitliyin tərəfdarıdır. Digər tərəfdən isə Rusiya və İranın təsirinin zəifləməsini istəyir.
ABŞ diplomatları hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın iqtisadi blokadadan çıxmasına yardım edə bilər. Eyni zamanda ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəhlizin qarşılıqlı razılaşma əsasında reallaşmasını vacib sayır. Hətta bu yaxınlarda ABŞ-nin Bakı və İrəvana təklifi gündəmə gəlib. Belə ki, Karnegi Fondu Zəngəzur dəhlizi ilə bağlı məqalə yayımlayıb. Karnegi Fondu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ABŞ-nin prosesə qoşulduğunu bəyan edib.
“Bu gün ABŞ danışıqları canlandıra bilər. İki xarici diplomat bildirib ki, dünyada münaqişələrin həlli kursunu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını təklif edib. Ümumiyyətlə, bu plan Aİ-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək – məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə baş verdiyi kimi.
Bununla belə, Vaşinqton prosesin “ölü nöqtə”dən hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır.
İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi - İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq.

Türkiyə

Qardaş Türkiyə Respublikası da Zəngəzur dəhlizinin strateji əhəmiyyətini yüksək dəyərləndirir. Rəsmi Ankara bu layihəni təkcə Azərbaycanla münasibətlərin inkişafı üçün deyil, bütövlükdə Türk dünyasını birləşdirəcək “qızıl körpü” kimi təqdim edir. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.
Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.
"Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".
Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycana deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir".

Rusiya

Rusiya Zəngəzur dəhlizinə həm iqtisadi, həm də hərbi-siyasi prizmadan baxır. Kreml bu marşrutu Cənubi Qafqazda öz təsirini qorumaq üçün strateji alət kimi görür.
Rusiyanın əsas istəyi odur ki, dəhliz onun nəzarətindən kənara çıxmasın. Moskva sərhəd xidmətlərinin və təhlükəsizlik təminatının öz əlində qalmasını tələb edir. Bəzi ekspertlər hesab edir ki, Rusiya bu dəhlizi Qərbin bölgəyə təsirini məhdudlaşdırmaq üçün “rəqabət aləti” kimi istifadə etmək niyyətindədir.

İran

İran Zəngəzur dəhlizinə ən skeptik yanaşan regional gücdür. Tehran hesab edir ki, dəhlizin açılması Ermənistanı geoiqtisadi baxımdan sıxışdıracaq, İran-Ermənistan sərhədini isə geosiyasi baxımdan əhəmiyyətsizləşdirəcək.
İran həm də belə düşünür ki, dəhlizin yaranması bölgəyə Türkiyə və Qərbin təsirini artıracaq. Bunun qarşısını almaq üçün Tehran öz ərazisindən keçən alternativ marşrutları təklif edir.
İran rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, Ermənistanın regionda təcridi yolverilməzdir və Zəngəzur dəhlizi bölgədə balansı poza bilər. Cənub qonşumuz həm də bu məsələni "qırmızı xətt" kimi görür.

Çin

Çin Zəngəzur dəhlizini “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirir. Pekin üçün bu marşrut Orta Dəhlizi qısaldır və Avropaya yükdaşımaları sürətləndirir.
Çin regionda sabitlik istəyir. Çünki sabitlik iqtisadi layihələrin, xüsusilə infrastrukturun inkişafı üçün vacibdir. Zəngəzur dəhlizi isə Pekin üçün həm iqtisadi, həm də strateji üstünlük yaradır.

Avropa İttifaqı

Avropa İttifaqı Zəngəzur dəhlizinə müsbət yanaşır. Rəsmi Brüssel bu dəhlizi Cənubi Qafqazın iqtisadi inteqrasiyasının, alternativ enerji marşrutlarının və Avropa bazarlarına daha təhlükəsiz yolların təminatı kimi qiymətləndirir.
Eyni zamanda Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, sərhədlərin açılmasını və regionun sabitliyini dəstəkləyir.
Sonda qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil. Bu, böyük güclərin maraqlarının kəsişdiyi, regionun gələcəyini formalaşdıracaq strateji marşrutdur.
29-06-2025, 18:50
Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir


Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir

Son dövrlərdə Rusiya Federasiyasında müşahidə olunan daxili proseslər bu ölkənin dövlət siyasətində milli ayrı-seçkiliyin, şovinizmin və sistemli diskriminasiyanın dərin kök atdığını bir daha təsdiqləyir. Xüsusilə də Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan basqınlar artıq sıradan hüquq-mühafizə tədbiri kimi yox, məqsədli və idarə olunan kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Bu hadisələr Rusiyanın hazırda üzləşdiyi struktur böhranların – hərbi, demoqrafik və siyasi – miqrantlar və etnik azlıqlar üzərindən kompensasiya olunması cəhdini ortaya qoyur. Ukrayna ilə müharibədə ciddi itkilər verən və insan resursu qıtlığı yaşayan Kreml indi miqrantları müxtəlif formada – hədə, şantaj, yalan vəd və zorakılıq yolu ilə hərbi xidmətə cəlb edir. Bu proseslərin arxa planında qeyri-rus əhali üzərində basqının dövlət səviyyəsində sistemləşdirilməsi dayanır.
Miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlərlə şərlənmə, ailə üzvləri ilə təhdid olunma kimi alçaldıcı üsullarla “seçim qarşısında” qoyulur: ya müharibəyə gedəcəksən, ya da həbs olunacaqsan. Müharibəyə cəlb olunan şəxslər isə vəd edilən kompensasiyalardan məhrum edilir, sağ qayıtdıqdan sonra yenidən eyni mexanizmlə şantaja məruz qalırlar. Bu cür metodların tətbiqi artıq fərdi hallar deyil, strukturlaşdırılmış kampaniyanın bir parçasıdır.
Rusiya vətəndaşı olan qeyri-rus mənşəli şəxslər – tatarlar, başqırdlar, qafqazlılar, Orta Asiya və türksoylu icmalar – eyni təzyiq və diskriminasiya ilə üz-üzədir. Bu mənzərə artıq regional miqyas alıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin bu yaxınlarda səsləndirdiyi etiraflar da problemin dövlət səviyyəsində bilindiyini, lakin aradan qaldırılmadığını göstərir.
Bu kontekstdə Azərbaycana qarşı münasibət ayrıca təhlil olunmalıdır. Azərbaycan hələ də 2024-cü ildə mülki təyyarəsinin vurulması məsələsini xatırlayır. Rusiya bu insidentə münasibətdə passiv mövqe sərgiləyərək, həm hüquqi, həm də siyasi baxımdan etimad mühitinə xələl gətirib.
Digər narahatedici məsələ Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumdur. Milli Məclisin müvafiq komissiyasının hesabatına görə, bu hücumların arxasında Rusiya mənşəli texniki və siyasi dayaqların olduğu açıq şəkildə göstərilib. Eyni zamanda, Həştərxanda keçirilən tədbirə dəvət alan azərbaycanlı millət vəkilinin Rusiya ərazisinə buraxılmaması bu ölkədə Azərbaycana qarşı sistemli siyasi münasibətin göstəricisidir.
Rusiya daxilində islamofobiyanın artması da ciddi narahatlıq doğurur. Ənənəvi olaraq digər xalqlara qarşı şovinist münasibət göstərən Kreml bu tendensiyanı indi müsəlman icmalarına qarşı da yönəltməyə başlayıb. Vladimir Solovyov kimi Kremlə yaxın mediada çalışan fiqurların açıq anti-Azərbaycan çıxışları yalnız fərdi fikirlər deyil, Kremlin icazəsi və ya təlimatı ilə yönləndirilən rəsmi ritorikanın tərkib hissəsi kimi çıxış edir.
Rusiyanın bu siyasəti onu göstərir ki, ölkə daxilində ciddi narazılıq və iqtisadi böhran fonunda yeni “düşmən obrazları” formalaşdırılır – Qərbin ardınca müsəlman xalqlar, qeyri-ruslar, xüsusilə də postsovet coğrafiyasından olan icmalar hədəfə alınır. Bu, həm də imperiya zehniyyətinin növbəti təzahürüdür.
Cənubi Qafqazla bağlı Moskvadan qaynaqlanan gərginlik də bu strategiyanın tərkib hissəsidir. Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvayönlü siyasi qüvvələrin revanşist ritorikalarının artması təsadüfi deyil. Bu ritorika təkcə daxili siyasi mübarizə vasitəsi deyil, həm də regionda yeni münaqişə ocaqlarının yaradılması üçün siyasi zəminin hazırlanmasıdır. Məqsəd aydındır: Cənubi Qafqazı yenidən qeyri-sabitlik və müharibə arenasına çevirmək.
Bu vəziyyət Azərbaycana strateji soyuqqanlılıq, ardıcıl diplomatik fəaliyyət və regional balans siyasətinin daha da gücləndirilməsi zərurətini diktə edir. İstər informasiya təhlükəsizliyi, istərsə də beynəlxalq tribunalarda hüquqi təqib baxımından Rusiya ilə münasibətlərdə real təhlükə balansı yaradılmalı, suverenliyə qarşı atılan hər addıma adekvat cavablar verilməlidir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
27-06-2025, 15:10
Paşinyan rəqiblərini zərərsizləşdirir - Qərb susur...


Paşinyan rəqiblərini zərərsizləşdirir - Qərb susur...

Ermənistan hökuməti ölkə daxilində keşişlərə qarşı mübarizəni genişləndirib. Nikol Paşinyanın siyasi gündəminə çevrilmiş “çevriliş planı” iddiaları fonunda artıq kilsə xadimləri, iş adamları və siyasətçilər bir-bir ardınca hədəfə alınır.
Son 2-3 gündə Ermənistanın hüquq-mühafizə orqanları din xadimlərinin evlərinə basqın edib, onlarla şəxsi həbs edib.
Qalstanyan 2024-cü ildə Azərbaycanla sülh prosesinə qarşı çıxan, ərazi iddialarını dilə gətirən revanşist mövqeyi ilə tanınan bir din xadimidir. Samvel Karapetyan isə Rusiyaya yaxınlığı ilə tanınan oliqarxdır. Onların siyasi və ideoloji xəttinin sülhə və sabitliyə qarşı olduğu açıqdır.
Ancaq məhz bu fiqurların həbsi və təqibi ilə müşayiət olunan kampaniya Ermənistanda hüququn aliliyinin pozulmasına haqq qazandırmır.
Hökumət tərəfindən “çevriliş planı”nda iştirak etdikləri bəhanəsi ilə 90-dan çox ünvanda axtarış aparılıb, 16 nəfərə cinayət işi açılıb, 14 nəfər həbs olunub. Bu proseslər hüquqi deyil, siyasi ritorika üzərində qurulub və açıq-aşkar hökumət əleyhdarlarının cəzalandırılması məqsədi daşıyır.
Bu repressiv tədbirlər beynəlxalq ictimaiyyətin səssiz müşahidəsi altında baş verir. Azərbaycanda və ya başqa bir region ölkəsində bu cür axtarışlar, həbslər və dini fiqurlara qarşı hücumlar baş versəydi, Avropa Şurası, ATƏT, ABŞ Dövlət Departamenti və “Freedom House” dərhal açıqlama verər, bəyanatlar ard-arda sıralanardı.
Nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, nə Avropa Parlamentinin insan hüquqları üzrə komitələri, nə də “beynəlxalq ekspertlər” bu hadisələri qınamayıb. Bu, artıq adi diqqətsizlik deyil, açıq ikili standartların sistematik təzahürüdür. Sanki Ermənistan üçün “müvəqqəti demokratik imtiyaz” rejimi işləyir: orada istənilən hüquq pozuntusu “geopolitik səbəblərlə” görməzdən gəlinir.
Ermənistanda istər revanşist, istər radikal kilsə çevrələri olsun, bu qüvvələrin fəaliyyətinə qarşı mübarizə hüquqi çərçivədə və şəffaf şəkildə aparılmalıdır. Hazırda isə hökumət fərdi düşmənçilik və siyasi qorxu zəminində konstitusion prinsipləri tapdalayır.
Qərbin bu susqunluğu yalnız ikili standart deyil, beynəlxalq hüquq sisteminə olan ümumi etimadın itməsi deməkdir.
24-06-2025, 23:14
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO


“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO

“ABŞ İrana endirdiyi zərbələrin hansı nəticəsi olduğunu heç kim təftiş etməyib. Amma reallıqda heç kim etiraf etmir ki, İranın nüvə təsisatları məhv edilib. 45 ildir ki, İran öz siyasətini ancaq nağıllar üzərində qurub. Rəsmi Tehran hər zaman bəyan edirdi ki, nüvə silahını İsrail üçün hazırlayır. Sözsüz bu nə vaxtsa münaqişə baş verəcəyinə bir siqnal idi.”
Bu fikirləri Baku TV-nin efirində Milli Məclisin depuatı Cavanşir Feyziyev səsləndirib.
Millət vəkili qeyd edib ki, İranı bir çox ölkələr özləri üçün təhlükə hesab edirdilər.
“İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:

16-06-2025, 14:29
Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə


Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə

“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları, bu gün Xankəndi şəhərinə səfər edib. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər.Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar, Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə də tanış olublar. Daha sonra "Qarabağ" universiteti də ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.









15-06-2025, 19:38
Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması


Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması

Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illər dərin siyasi və sosial təlatümlərlə yadda qalmışdır. Ölkədə idarəetmədə yaranan böhran, daxili çəkişmələr və regionlarda separatizm meyillərinin güclənməsi milli dövlətçiliyin taleyini ciddi sual altına almışdı. İctimai-siyasi institutlar iflic vəziyyətə düşmüş, rəhbərlikdəki legitimlik böhranı ölkəni parçalanmanın və xaosun astanasına gətirib çıxarmışdı.
Belə ağır şəraitdə xalqın ümid yeri kimi siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin missiyası yalnız böhranı aradan qaldırmaqla məhdudlaşmadı. Bu dönüş həm də Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən yeni dövlətçilik fəlsəfəsinin, rasional idarəetmə strategiyasının və milli ideologiyanın əsasını qoydu. Məhz bu səbəbdən 15 İyun – Milli Qurtuluş Günü müasir tariximizdə sıravi bir hadisə deyil, dövlətin varlığı və gələcəyi üçün həlledici mərhələ hesab olunur.
Milli Qurtuluşun tarixi zəruriliyi və gələcəyə baxış
Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir siyasi dönüş nöqtəsi deyil, varolma fəlsəfəsinin bərpa və möhkəmlənməsi anıdır. Bu gün xalqımızın öz tarixi yaddaşına, dövlətçiliyinə və milli kimliyinə sahib çıxmasının konkret təcəssümüdür.
Əgər 1991-ci ildə əldə edilən müstəqillik hüquqi və simvolik bir status idisə, 1993-cü ildən başlayan yeni mərhələ bu müstəqilliyin məzmun və forma baxımından reallaşdırılmasına yönəldi. Böyük filosof Hegel deyirdi: “Gerçəklik yalnız məqsədli düşüncənin ifadəsidir”.
Azərbaycan xalqının bu tarixdə etdiyi seçim, Heydər Əliyevin liderliyinə müraciəti məhz həmin məqsədli düşüncənin milli iradəyə çevrilmiş forması idi.
Hadisələri tam anlamaq üçün tarixə kiçik bir ekskursiya edək. 1991-1993-cü illər Azərbaycanda dövlət quruculuğu prosesinin ilkin və eyni zamanda ən mürəkkəb mərhələsi idi. Bu dövr postsovet məkanında baş verən geosiyasi təlatümlərlə, institusional boşluqlarla və hüquqi-normativ mexanizmlərin yetərsizliyi ilə səciyyələnirdi. AXC-Müsavat iqtidar tandeminin siyasi təcrübədən uzaq, populist yanaşması dövlət idarəetməsində xaotik vəziyyət yaratmış, idarəolunmazlıq şəraiti ölkənin suverenliyini və ərazi bütövlüyünü ciddi təhlükə altına atmışdı.
Bu kontekstdə 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri yeni yaranmış Azərbaycan dövlətçiliyinin mövcudluğunu sual altına alan vətəndaş qarşıdurması nümunəsinə çevrildi. Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstələrin mərkəzi hakimiyyətə qarşı üsyanı nəticəsində konstitusiya quruluşu faktiki olaraq pozuldu. Dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə düşdü, regionlarda mərkəzi hakimiyyətə tabeçilik zəiflədildi və ölkə genişmiqyaslı siyasi böhranla üz-üzə qaldı.
Qlobal və regional güc balansının yenidən formalaşdığı belə bir məqamda xalqın geniş sosial dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Bakıya dəvət olunması strateji qərar kimi tarixə düşdü. Onun əvvəlcə Gəncəyə səfər etməsi, daha sonra 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi idarəetmədə siyasi legitimlik və institusional sabitliyin bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu.
Sokratın “Ən güclü dövlət xalqın bilikli və müdrik rəhbərlə birləşməsidir” fikri bu kontekstdə praktiki reallığa çevrildi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəetmədə sistemli yanaşması sayəsində qısa zaman ərzində ölkədə sabitlik təmin edildi, hüquqi dövlət və bazar iqtisadiyyatı modellərinin tətbiqi istiqamətində ardıcıl addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkə daxilində siyasi sabitlik bərpa edildi, konstitusiya əsasları möhkəmləndi, xarici siyasət prioritetləri müəyyən olundu və iqtisadi islahatların təməli qoyuldu. Bu proseslər bir daha sübut etdi ki, həqiqi müstəqillik yalnız xarici güclərdən azad olmaq deyil, həm də daxili nizam-intizam, hüquqi legitimlik və milli maraqlara əsaslanan idarəetmə mədəniyyətidir.
Azərbaycan Respublikasının inkişaf modeli, xüsusilə XX əsrin sonlarından etibarən dövlətin konseptual inkişaf strategiyası ilə üst-üstə düşərək özünü doğrultdu. Nobel laureatı Amartya Senin dediyi kimi: “Həqiqi inkişaf – azadlıqların genişlənməsi deməkdir”. Bu kontekstdə müstəqilliyin qorunması və inkişafı yalnız iqtisadi göstəricilərdə deyil, sosial rifahın artması, milli vətəndaş kimliyinin formalaşması və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmaqla nəticələndi. Beləliklə, Milli Qurtuluş Günü xalqın öz taleyinə sahib çıxmaq qabiliyyətinin rəmzidir. Bu tarix təkcə keçmişin bir dönüm nöqtəsi deyil, həm də gələcəyin aydın ideoloji yol xəritəsidir. Məhz bu baxımdan müstəqilliyimizin reallığa çevrilməsi prosesinin başlama nöqtəsini 15 İyun tarixində görmək elmi, tarixi və məntiqi əsaslara söykənir.
Heydər Əliyev 1993-cü il 15 iyun tarixli çıxışında demişdir: “Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.
Daha sonra Ümummilli Lider deyir: “Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm. Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində şübhəsiz ki, biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm”.
Heydər Əliyevin bütövlükdə 1993-cü il 15 iyun tarixli çıxışı Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideoloji bünövrəsi olmaqla, milli şüurun, siyasi məsuliyyətin və hüquqi təfəkkürün formalaşmasında mühüm rol oynamışdır. Ulu Öndər bu çıxışında yalnız Ali Sovetin Sədri vəzifəsini qəbul etməklə kifayətlənməyib, həm də bütün xalq qarşısında tarixi öhdəlik götürərək, dövlətçiliyin əsas prinsiplərini bəyan etmişdir.
Azərbaycanın o dövrdəki mürəkkəb vəziyyətini dərk edən Heydər Əliyev xalqın milli maraqlarını rəhbər tutaraq dövlət müstəqilliyinin qorunmasını və möhkəmləndirilməsini ali vəzifə kimi qəbul etmişdi. Onun “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında təmin olunmalıdır” fikri yalnız tarixi varisliyi deyil, həm də dövlət quruculuğunda ideoloji dayaq nöqtəsinin mövcudluğunu göstərirdi. Burada Hegelin tarixin təkrarsızlığı və fərdin tarixdəki məsuliyyəti barədə düşüncələri öz əksini tapır. Tarixin davamlılığını və rasional əsaslara söykənməsini vurğulayan bu yanaşma Ümummilli Liderin çıxışında geniş məna daşıyırdı.
Heydər Əliyev Sovet İttifaqının bərpası ilə bağlı səslənən fikirləri “xülya” adlandıraraq təkcə siyasi mövqe bildirməmiş, eyni zamanda ictimai şüura müraciət etmişdi. Bu, Nitsşenin iradə azadlığı və fərdin öz kimliyini dərk etməsi barədə düşüncələri ilə səsləşir. Ümummilli Lider milli iradənin süni ideoloji təsirlərdən azad olması zərurətini qabardır və bu azadlığı müstəqilliyin ən əsas dayağı kimi təqdim edir. Onun ifadəsi ilə desək, “Azərbaycan bundan sonra heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Bu fikir sadəcə siyasi bəyanat deyil, həm də milli özünüdərkin simvolik ifadəsidir.
Ulu Öndər çıxışında hüquqi dövlətin əsas elementlərinə – qanunun aliliyinə, siyasi plüralizmə, vətəndaş cəmiyyətinin təşəkkülünə önəm verirdi. O, hüququn pozulmasına qarşı ciddi mövqe sərgiləyərək, Konstitusiyaya və dövlət orqanlarının legitimliyinə riayət edilməsinin vacibliyini bildirirdi. Bu düşüncə hüquq nəzəriyyəçisi Hans Kelsenin dövlətin hüquqi əsaslar üzərində qurulması prinsipini xatırladır. Dövlətin idarəçiliyində qayda və qanunun üstünlüyünü təməl şərt kimi göstərən bu çıxış Azərbaycanın gələcək demokratik inkişafının yol xəritəsini təqdim edirdi. Heydər Əliyev eyni zamanda milli birliyin vacibliyini ön plana çəkərək, cəmiyyətdəki parçalanmalara qarşı çıxış edirdi. Onun “kiçik hissiyyatı kənara qoymaq lazımdır” çağırışı cəmiyyətin daxili enerjisini bir hədəfə yönəltmək arzusunun təzahürüdür. Burada o, şəxsi ədavətdən imtina etdiyini və heç bir halda qisasçılıq hissi ilə hərəkət etməyəcəyini bildirərək, siyasi etikaya sadiq qaldığını bəyan edir. Senekanın “Əzəmət insanın düşmənini bağışladığı yerdə başlanır” fikri bu kontekstdə xüsusi aktuallıq kəsb edir. Ümummilli Lider özünü bu düşüncə səviyyəsində tutaraq, keçmişdə ona qarşı çıxanlara belə nümunəvi davranış nümayiş etdirməsi ilə xalq üçün əsil lider obrazını formalaşdırırdı.
Ümumilikdə, Heydər Əliyevin 15 İyun çıxışı yalnız siyasi liderlik aktı deyil, eyni zamanda milli ideologiyanın, etik siyasətin və demokratik dövlət düşüncəsinin manifestidir. Bu nitqdə təkcə Azərbaycanın o dövrdəki durumu deyil, həm də gələcək istiqamətləri müəyyən olunmuş, dövlətin fəlsəfi və hüquqi çərçivəsi aydın təsvir edilmişdir. Ulu Öndərin çağırışları, milli həmrəyliyə, hüquqa sadiqliyə, qisasdan imtinaya və müstəqilliyə bağlılığa əsaslanan çıxışı Azərbaycanın müasir tarixində əbədi ideya kimi qalır. Bu ideya yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilmiş milli iradənin təcəssümüdür.
1993-cü ilin iyun hadisələri təkcə bir hakimiyyət dəyişikliyi deyil, Azərbaycan dövlətçiliyinin yenidən qurulması və möhkəmləndirilməsi baxımından həlledici mərhələ kimi tarixə düşmüşdür. Bu dövr ərəfəsində yaşanan hadisələr ətrafında illər sonra formalaşdırılan bəzi subyektiv mövqelər və siyasi təhriflər tarixi gerçəkliklərin süni şəkildə gözdən salınmasına yönəlmişdir. Xüsusilə hər il 15 İyun Milli Qurtuluş Günü yaxınlaşdıqca, bəzi dairələr tərəfindən aparılan məqsədli kampaniyalar vasitəsilə hadisələrin əsl mahiyyətindən uzaq, siyasi ideoloji motivasiyalı təqdimatlar ictimaiyyətə ünvanlanır. Həmin dairələr, – keçmiş AXC-Müsavat iqtidarının ideoloji mirasını təbliğ edən və siyasi reallıqdan uzaq şəkildə öz fəaliyyətlərinə təəssübkeşlik donu geyindirməyə çalışan qruplar, – iyun hadisələrini müstəqil dövlətçiliyin yenidən dirçəldiyi dövr kimi deyil, guya milli hökumətin devrilməsi kimi qələmə verməyə çalışırlar. Halbuki bu yanaşma nə tarixi faktlara əsaslanır, nə də ictimai məsuliyyətin əsaslarını daşıyır. Filosof Martin Heideggerin “gerçəklik yalnız faktların yığımı deyil, onların mahiyyətinin anlaşılmasıdır” fikri burada xüsusi önəm daşıyır. Həmin dövrün reallıqlarını anlamaq üçün Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetində etdiyi çıxışa istinad etmək zəruridir. Dahi şəxsiyyət öz çıxışında bu hadisələrə birbaşa və prinsipal münasibət bildirmişdi: “Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim… Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm… Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm”.
Bu bəyanat yalnız şəxsi istəklər çərçivəsində verilmiş bir cavab deyil, həm də milli məsuliyyət hissi ilə formalaşmış dövlətçilik mövqeyinin ifadəsidir. Həmin dövrün iqtidar təmsilçilərinin özləri tərəfindən Bakıya dəvət edilən Heydər Əliyevin bu çağırışlara qarşı göstərdiyi ilkin təmkin və sonrakı qətiyyət onun siyasi uzaqgörənliyinin və xalqın mənafeyinə xidmət edən liderlik əzminin sübutudur.
Heydər Əliyevin xalq sevgisi ilə yenidən hakimiyyətə gəlməsi Milli Qurtuluşumuzun ən böyük təntənəsi idi. Bundan sonra isə böyük strateq Heydər Əliyev zərgər dəqiqliyi ilə hadisələri idarə etməyi, strateji hədəfə yönləndirməyi uğurla bacardı. Həmin dövrlərdə Heydər Əliyevin söylədiyi hər bir kəlmə sonradan aforizmə çevrildi. Azərbaycanın ən ümdə taleyüklü problemi olan Qarabağ probleminin həllində çox mühüm addımlar atıldı. Heydər Əliyevin siyasi dühası ilə görülən işləri aşağıdakı kimi qruplaşdıra bilərik.
1) Atəşkəs elan olundu.
2) Ölkə daxilində siyasi sabitlik əldə edildi.
3) Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi.
4) Neft sazişinin bağlanması üçün münbit şəarit yaradıldı və nəticədə “Əsrin müqaviləsi” imzalandı.
5) İqtisadi inkişaf təmin edildi.
6) Qeyri-neft sektorunun inkişafına yönəlik addımlar atıldı.
7) İnflyasiyanın qarşısı alındı, manatın sabitliyi təmin olundu.
8) Ordu quruculuğu həyata keçirildi
9) Demokratik dəyərlər və siyasi plüralizm təmin edildi.
Milli Qurtuluş Günü kimi tarixə düşən 15 İyun tarixi Azərbaycanın müstəqillik tarixində yalnız bir siyasi dönüş nöqtəsi deyil, həm də gələcək Zəfərin təməl daşı və strateji bünövrəsi oldu. Məhz həmin gün Azərbaycan parlamentində çıxış edən Heydər Əliyev sonrakı illərdə həyata keçirəcəyi siyasi kursun əsas tezislərini irəli sürdü. Bu çıxışda səsləndirilən fikirlər zamanla öz təsdiqini tapdı və real siyasi praktikada gerçəkləşdi. Bu isə Heydər Əliyevin uzaqgörən və strateji düşünən dövlət xadimi olmasının bariz göstəricisidir.
Heydər Əliyev epoxası yalnız bir liderin fəaliyyəti ilə deyil, həm də onun yetişdirdiyi siyasi varislə yadda qaldı. Bu varis öz ustadı ilə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyü və davamlı inkişafı uğrunda mübarizə aparan, müasir dövlətçiliyimizin sütunlarını möhkəmləndirən Prezident İlham Əliyevdir. Uğurlu siyasi kursun davamlılığını təmin edən əsas amil isə məhz bu varisliyin düzgün müəyyənləşdirilməsi idi.
İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi bu missiyanı uğurla yerinə yetirdi.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə formalaşan siyasi tandem müasir Azərbaycan dövlətçiliyində uğurlu varisliyin və strateji sinxronluğun nümunəsidir. Bu tandem bir-birini tamamlayan liderlik keyfiyyətləri ilə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.
Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev ikiəsrlik məğlubiyyətçilik sindromuna son qoyaraq, hərbi-siyasi iradə ilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdi. Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpası idi.
Eyni zamanda İlham Əliyev “Bir millət, iki dövlət” siyasi fəlsəfəsi çərçivəsində Türkiyə ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu münasibətlər yalnız diplomatik deyil, həm də hərbi və geosiyasi baxımdan yeni üfüqlər açdı. Türkiyə-Azərbaycan qardaşlığı regional sabitliyin və güc balansının əsas dayaqlarından birinə çevrildi.
İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
Şuşa şəhərinin azad olunması ilə Prezident İlham Əliyev həm də Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu hadisə yalnız hərbi əməliyyatın uğuru deyil, həm də tarixi yaddaşın və milli kimliyin bərpası kimi qiymətləndirilir.
Qardaş Türkiyə ilə hərbi-siyasi müttəfiqliyimizin mühüm təzahürü olan Şuşa Bəyannaməsinin 15 iyun 2021-ci il tarixdə imzalanması təsadüfi deyildi. Bu tarix Azərbaycanın müasir dövlətçiliyinin dönüş nöqtəsi olan Milli Qurtuluş Günü ilə üst-üstə düşməklə həm rəmzi, həm də strateji məna daşıyır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı bu sənəd iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi.
Bəyannamədə xüsusi olaraq vurğulanan məqamlardan biri tərəflərin 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliklərini bir daha təsdiq etməsidir. Bu vurğulama, yalnız hüquqi və diplomatik bağlılıq deyil, həm də tarixi yaddaşa və siyasi irsə sədaqətin ifadəsidir. Qars müqaviləsinə istinad eyni zamanda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunun alternativsizliyini və davamlılığını təsdiqləyən mühüm göstəricidir.
Ulu Öndər Heydər Əliyev Qars müqaviləsinin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunmasında oynadığı rolu yüksək qiymətləndirərək bildirmişdi: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri olan tarixi və siyasi varislik prinsipi bu gün uğurla həyata keçirilir. Tarixi irsimizə həssas münasibət dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qarabağ probleminin həllindən sonra əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtması məsələsi aktual siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız humanitar və hüquqi məsələ deyil, həm də geosiyasi və ideoloji mahiyyət daşıyan bir platformadır. Tarixi torpaqlarımızda süni şəkildə yaradılmış Ermənistan dövləti Türk dünyasının coğrafi bütövlüyünü pozmaq məqsədilə formalaşdırılmış xristian bufer zonası funksiyasını daşıdığı kimi, bu torpaqlara qayıdış da türk dünyasının siyasi və mənəvi birliyini təmin etməyə yönəlmiş strateji hədəfdir. Bu ideyanın təməlini isə məhz Ümummilli Lider Heydər Əliyev qoymuşdur.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Heydər Əliyev siyasi dühası yalnız milli dövlətçiliyin deyil, həm də türk dünyasının inteqrasiyasının əsasını formalaşdırmışdır. Bu baxımdan bir-birini tamamlayan strateji siyasət və uğurlu siyasi varislik müasir Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişaf modelinin təcəssümüdür.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
10-06-2025, 20:29
Kremlin Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır


Kremlin Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır

Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb.
Politoloq qeyd edib ki, həmin mənbənin Kremldən olduğu aşkardır.
"Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq. Belə olan halda Kremlin və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik. Maraqlıdır, Kreml bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi?Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".
3-06-2025, 16:32
Paşinyan seçki öncəsi kilsədən nə istəyir?


Paşinyan seçki öncəsi kilsədən nə istəyir?

Son vaxtlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma güclənir. Paşinyan bir neçə dəfə erməni kilsəsinin rəhbərliyini, digər din xadimlərini tənqid edən çıxışlar edib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı siyasəti daha da sərtləşəcək:
“Paşinyan bilərəkdən qarşıdurmanı gücləndirəcək ki, xalq radikal müxalifətlə müqayisədə ona səs versin. Paşinyan radikal müxalifətin mövqelərini zəiflətməyə və beləliklə də xalqı aldatmağa çalışacaq ki, bunlar hakimiyyətə gəlsə, dövləti idarə edə bilməyəcəklər, üstəgəl Azərbaycana qarşı təxribat törətdikləri halda növbəti müharibə baş verəcək və bu Ermənistana daha baha başa gələcək. Bu səbəbdən Paşinyan kilsəni də hədəf seçib. Çünki İkinci Qarabağ Müharibəsindən əvvəl, müharibə dövründə və müharibədən sonra radikal müxalifətlə yanaşı erməni kilsəsi, Qaregin özü də təxribatçı açıqlamalarla çıxış edib. "Qarabağın geri qaytarılması" şüarlarını ortaya atırlar ki, bu da Ermənistanı uçuruma sürükləyəcək. Ona görə Paşinyan radkal müxalifətlə yanaşı kilsəyə qarşı da mübarizəni gücləndirir”.
Paşinyan bu iki qüvvə ilə mübarizədə parlament seçkilərindən öncə reytinqlərini qaldıra biləcəyini düşünür:
“Bu strategiyanın nə dərəcədə özünü doğruldacağı gələn il may ayında özünü büruzə verəcək. Erməni cəmiyyəti də düşüncə içərisindədir. Paşinyanın reytinqi aşağı düşsə də, Paşinyana alternativlər kilsə və radikal müxalifətdir. Onlar hakimiyyətə gəlsələr, Ermənistanı daha çox uçuruma aparacaqlar. Azərbaycana qarşı təxribat etsələr, bu, yeni müharibə və Ermənistan ərazilərinin itkisi demək olacaq. Paşinyan erməni cəmiyyətinə bunu izah etmək istəyir. Ona görə həm radikallarla, həm də kilsə ilə mübarizəni gücləndirir”.
2-06-2025, 19:19
Kreml 30 günlük atəşkəsə niyə razılaşmır?


Kreml 30 günlük atəşkəsə niyə razılaşmır?

Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüşün keçirilməsinin də əleyhinədir. Rusiya və Ukrayna nümayəndələri İstanbulda sadəcə əsirlərin dəyişdirilməsinə razılaşıblar. İki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsiylə yadda qalıb. Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, böyük ehtimalla iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək:
"Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb".
Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır?
Politoloq deyir ki, bunun bir neçə səbəbi var:
"Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirə bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir. İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa bu, müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib. Atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamının işğalı mümkün olmayacaq. Yəqin Rusiya Prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə verməyib döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki, Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir. Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bombardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir. Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən, müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək".
24-05-2025, 15:10
Əliyev İrəvana gedəcək? - Ermənilər təşvişdə


Əliyev İrəvana gedəcək? - Ermənilər təşvişdə

Cənubi Qafqazda baş verən hadisələr regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsi fonunda yayılan məlumatlar ciddi ictimai-siyasi rezonans doğurur.
Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin növbəti sammitlərinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləməsi geniş müzakirələrə səbəb olub.
Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı yaydığı xəbər İrəvandakı revanşist dairələrdə ciddi təşviş yaradıb.
Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər edə biləcəyi ilə bağlıdır.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2026-ci ildəki Zirvə toplantısı Ermənistanda, 2028-ci ildəki sammiti isə Azərbaycanda keçiriləcək.
Bu xəbər yayılandan sonra Ermənistandakı bəzi KİV-lər gələn ilin yazında İrəvana gələcək dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də ola biləcəyini yazıblar.
“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü “News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində xof yaratmağa çalışıb ki, 44 günlük maharibəni qələbə ilə bitirən, vaxtaşırı “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər…
Bəzi erməni müxalifət nümayəndələri bir qədər də irəli gedərək, bu ehtimalı İrəvanın “tarixi təslimiyyət”i kimi qiymətləndirib, sosial şəbəkələrdə Paşinyanı “suverenliyi güzəştə getməkdə” ittiham ediblər. Xüsusilə radikal millətçi qruplar bu təşəbbüsün əleyhinə çıxır. Onlar hesab edirlər ki, belə bir səfər yalnız Azərbaycanın şərtləri ilə baş verə bilər və bu da Ermənistanın güzəştə getdiyi anlamına gəlir.
Bəzi erməni revanşistləri narahat edən digər məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək Zirvə toplantısında iştirak edə biləcəyi ehtimalıdır.
Aydındır ki, Qarabağ münaqişəsinin başa çatması və oradakı separatçı rejimin ləğvindən sonra Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi parçalanma müşahidə olunur. Azərbaycan liderinin İrəvanda rəsmi şəkildə qarşılanması, bu dairələr üçün həm psixoloji zərbə, həm də mövcud siyasi xətlə barışmaq məcburiyyəti ola bilər.
Şübhəsiz ki, qalib dövlətin liderini kapitulyasiya aktına imza atmış paytaxtda görmək bəzi dairələr üçün ağır olacaq.
Amma hələ indidən iddia etmək olmaz ki, cənab Əliyev İrəvana gedəcək. Mümkündür ki, rəsmi Bakı bu səfərdən ümumiyyətlə imtina etsin. Çünki bundan əvvəl də İlham Əliyev Avropa Siyasi Birliyinin bir neçə sammitinə getməyib.
Bununla belə, əgər Azərbaycan Prezidentinin İrəvana səfəri baş tutarsa, şübhəsiz ki, bu, əksər beynəlxalq dairələr tərəfindən ancaq alqışlanacaq. Çünki səfər tərəflər arasında inamın formalaşmasına və bölgədəki barış prosesinə müsbət təsir edə bilər.
Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmisinin İrəvana mümkün səfəri Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılması demək olar. Bu, regionda uzunmüddətli sülhə və əməkdaşlığa doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!