Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 6-02-2018, 21:42
“Lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir”


“Lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir”

Rubrikamızın qonağı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevdir.


İntiqam müəllim, “Gənclər bizim gələcəyimizdir”, “Sağlam gənclik cəmiyyəti irəli aparan ən böyük qüvvədir” kimi fikirlərə münasibətinizi öyrənmək maraqlıdır.
Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər haqqında fikirləri - siyasi strateji əhəmiyyət daşıyır. Burada dövlətin gənclərə etimadı, etibarı, gözləntiləri əks etdirilib. "Gənclər bizim gələcəyimizdir" fikrində bizim tariximiz, keçmişimiz mənası da var - çünki gələcək kökü üstündə yaranır, ənənələr və dəyərlərlə yaşadılır, gələcək nəsillərə ötürülür. Biz gənclərin fiziki və mənəvi sağlamlığı üçün birgə çalışırıq. Cəmiyyəti irəli aparan bir sıra amillər var - ölkənin iqtisadiyyatı, elmi-texniki potensialı, ictimai-siyasi mühit və s. Gənclərin bu sırada əhəmiyyətini vurğulayaraq onları "ən böyük qüvvə" olduğunu göstərmək gənclərin üzərinə məsuliyyət qoyur - onlar həm iqtisadiyyatda, həm ictimai-siyasi münasibətlərdə, həm elm və təhsildə sağlam və güclü olmalıdırlar. Dövlətimiz də bunun üçün müvafiq şərait yaradır.

Məlumdur ki, Prezidentin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə yaxın perspektivdə hansı işlər nəzərdə tutulub?

- Bilirsiniz ki, bu il ölkəmizdə ulu öndər Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd ediləcək. Ona görə 2018-ci ildə nazirlik tərəfindən keçirilən tədbirlər genişmiqyaslı və əhatəli olacaqdır. Cari ildə Azərbaycan gənclərinin VIII Forumunun, Gənclər təşkilatlarının V Respublika sərgisinin, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə müxtəlif tədbirlərin, “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalının, “Tarixin canlı səhifələri” Vl Gənclər festivalının, İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin 4-cü Konfransının, “YOUTHVİSİON” III Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Dövlət Proqramında vəzifə kimi qarşımıza qoyulmuş gənclər siyasətinin istiqamətlərinə uyğun digər tədbirlərin də keçirilməsi planlaşdırılıb.

Respublikamızda kifayət qədər gənclər təşkilatı fəaliyyət göstərir. Onların fəaliyyəti sizi qane edirmi?

İlk öncə onu qeyd edim ki, gənclər təşkilatları gənclərlə iş sahəsində Gənclər və İdman Nazirliyinin əsas tərəfdaşlarından hesab olunurlar. Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən də gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlətin diqqət göstərməsi vacibdir.
Gənclər təşkilatları ictimai qurum olaraq bu gün gənclərin problemlərinin həllində, onların inkişafında, təlim və tərbiyəsində, beynəlxalq əlaqələrin qurulmasında bir sözlə gənclərlə işin bütün spektrlərində müxtəlif təşəbbüs və layihələrlə çıxış edirlər. Hazırda 300-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Son 10 ildə təşkilatların sayı 5 dəfə artıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən gənclər təşkilatlarının layihələri dəstəklənir və bunun üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaiti ayrılır. Təkcə 2014-2017-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının 300-ə yaxın layihəsi dəstəklənib.

Gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, dünyada və Azərbaycanda baş verən hadisələrin müzakirəsi məqsədilə Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İndiyədək İctimai Şurada gənclər təşkilatlarının iştirakı ilə gənclərlə bağlı müxtəlif qanunlar, dövlət proqramları, milli fəaliyyət planları, konsepsiyalar və s. normativ-hüquqi sənədlərin layihələri, eyni zamanda gənclərin ictimai-siyasi həyatda fəallıqlarının artırılması ilə bağlı məsələlər müzakirə edilib.

Ümumiyyətlə, qanunların və dövlət proqramlarının həm hazırlanmasında, həm də icrasında gənclər təşkilatlarının iştirakına xüsusi önəm verilir. Yəni, gənclər təşkilatları dövlətin gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etmələri üçün tam şərait yaradılıb.

Gənclər təşkilatları həm də gənclər üçün hardasa “ictimai təcrübə məktəbi” rolunda çıxış edir. Bu isə öz növbəsində gənclərin həm fərdi inkişafında və həm də gələcəkdə uğurlu karyera qurmaları üçün düşünürəm yaxşı imkanlardan biridir.

Qeyd etdiyim fəaliyyətlər gənclər təşkilatları ilə işin sadəcə olaraq bir qismidir. Onların ümumilikdə fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu gün gənclər təşkilatlarından gözləntilər daha coxdur. Belə ki, təşkilatların sahələr üzrə peşəkarlaşması, daha da böyük layihələrin icrası, gənclərin asudə vaxtının faydalı təşkili və digər sahələr nəzərdə tutulur. Bir sözlə, gənclərin ölkənin layiqli vətəndaşları kimi formalaşmasında gənclər təşkilatlarınınn üzərinə mühüm vəziflər düşür.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilmiş Tədbirlər Planının 5.11.4-cü bəndində gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Əminəm ki, mexanizmin təkmilləşdirilməsi ilə gənclər təşkilatlarının fəaliyyətinin keyfiyyəti daha da artacaqdır.

Bu günün gəncləri sabahın əsgərləridir. Ümummilli Liderimiz deyirdi ki, gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin...

Siz düzgün vurğuladınız. Həqiqətən də böyüməkdə olan gənc nəsil daim Vətənimizin inkişafı, onun tərəqqisi haqqında düşünməlidir. Eyni zamanda dövlətçiliyimizin qorunub saxlanması, suverenliyimizin, ərazi bütövlüyümüzün, dövlət sərhədlərimizin toxunulmazlığının keşiyində dayanmağa da daim hazır olduqlarını nümayiş etdirməlidirlər. Orduda xidmət etmək hər bir gənc üçün şərəfli olması ilə yanaşı, onun Vətən qarşısındakı borcudur. Həm mənəvi baxımdan, həm də psixoloji olaraq Vətənin müdafiəsinə hazır olmaq konkret hazırlıq prosesidir. Bu proseslər ailədən başlayaraq, məktəb illərindən formalaşaraq hərbi hissədə andiçmə mərasiminədək bir dövrü əhatə edir. Bununla da yekunlaşmır, hərbi xidmət dövrünün hər bir məqamında və sonrakı dövrlərdə də özünü göstərir. Təbii ki, həm fiziki, həm də mənəvi-psixoloji hazırlıq prosesi müvafiq dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində ayrı-ayrı mərhələləri xarakterizə edən konsepsiya əsasında həyata keçirilir.Cəmiyyətdə hərbi xidmətkeçmə ilə bağlı düzgün təsəvvürlərin formalaşdırılması, ordu-xalq birliyinin əsas mahiyyətini təcəssüm etdirən informasiyaların gənclər arasında yayılması da təbii ki, qeyd etdiyimiz məsələlərin psixoloji məqamlarını tamamlayır. Yeri gəlmişkən deyim ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Gənclərin hərbi xidmətə hazırlanması dövlət qurumları ilə yanaşı, ümumilikdə cəmiyyətimizin, ictimai institutların qarşısında duran vacib məsələlərdən biridir.
Hər zaman Azərbaycan gəncliyi vətənpərvərliyi, qəhrəmanlığı, döyüşkənliyi ilə seçilib, döyüş meydanlarında şöhrət qazanıb.Elə bu gün Qarabağ müharibəsində, aprel savaşında göstərilən şücaət və hünər də gəncliyə örnəkdir....

Çoxəsrlik dövlətçilik tariximizin ayrı-ayrı mərhələləri göstərir ki, xalqımız həqiqətən də qəhrəman xalqdır. Tarixən yazılmış böyük qəhrəmanlıq salnaməsi xalqımızın Vətənə bağlılığını, Vətən naminə canından belə keçməyə hazır olmasını, mərdlik, igidlik, şücaət göstərməklə, yanaşı insanlığa xas olan yüksək mənəvi keyfiyyətlərə də sahib olmasını göstərir. Biz bu gün də yaşadığımız dövrə nəzər salsaq görərik ki, Azərbaycan xalqı sülhsevərliyi, humanizmi, ümumbəşəri və multikultural dəyərlərə sadiqliyi ilə dünyaya nümunə olduğunu sözün əsl mənasında təsdiqləyir. Sadaladığım bu yüksək mənəvi-əxlaqi və insani keyfiyyətlərlə yanaşı, xalqımızın vətənpərvərliyi, dövlətçiliyə bağlılığı - Vətənimizin sərhədlərinə, onun ərazi bütövlüyünə düşmən mövqeyi nümayiş etdirənlərə qarşı mübarizədə də eyni səviyyədə qətiyyətliliyi, barışmazlığı və həmrəyliyi ilə seçilir. Bu gün suverenliyimizə, ərazi bütövlüyümüzə təcavüz olunub, tarixi-əzəli torpaqlarımız işğal olunub. Əlbəttə ki, bununla heç vaxt barışa bilmərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ərazilərimizin işğaldan azad olunacağı gün yaxınlaşmaqdadır.Sülh yolunda niyyətlərimiz dünyaya davamlı olaraq bəyan edilir. Eyni zamanda Ali Baş Komandanımızın əmrini də gözləyirik. 2016-cı ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi. Əlbəttə ki, bu hadisələr də gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir, ordu haqqında real təsəvvürləri obyektiv olaraq cəmiyyətə çatdırır. Heç bir şübhəmiz yoxdur ki, lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir. Buna ordumuzun gücü, xalğımızın birliyi və qətiyyəti əsas verir.
Gənc nəslin vətənpərvərlik ruhunda formalaşması üçün bir təcrübəli mütəxəssis olaraq hansı təklifləri irəli sürürsünüz?

Mən artıq bu sualınıza demək olar ki, cavab verdim. Əlavə olaraq bir qədər məsələyə daha geniş aspektdən yanaşsaq, onu deyə bilərəm ki, gənclərin vətənpərvərlik tərbiyəsi bu günümüzün reallığı baxımından iki əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət tariximizin gənclərə öyrədilməsi, onların milli-mənəvi dəyərlərimizi yaşatmağa, ümumbəşəri dəyərlərə hörmətlə yanaşmağa, mədəni-irsimizi qoruyub saxlamağa təşviq edilməsi, dilimizin, dini dəyərlərimizin inkişafında, azərbaycançılığın milli məfkurəsinin əsası kimi dərk edilməsində onların rolunun artırılmasıdırsa, ikinci istiqamət hərbi-vətənpərvərlik tərbiyəsidir. Hər iki istiqamət bir-birinə sıx bağlıdır. Çünki, silah götürüb Vətənin müdafiəsinə qalxan gənc öz kimliyini, tarixi keçmişini bilmədən, nə üçün mübarizə apardığını dərk etmədən yüksək şücaət göstərə bilməz. Ona görə də, gənclərin vətənpərvərlik tərbiyəsində cəmiyyətimizin bütün təbəqələri, ailə institutları, təhsil sistemi və ictimai-sosial institutlar birgə olaraq çalışmalıdırlar. Gənclər isə ölkədə yaradılmış bütün imkanlardan səmərəli şəkildə yararlanmaqla, daim fəallıq göstərsinlər, öz potensiallarını artırmaqla, ölkəmizin inkişafı naminə daim töhfə verməyə hazır olsunlar. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müasir texnologiyalardan səmərəli istifadə etməklə gənclərin fəallığının daha da artırılması da vacib məsələlərdəndir.

Sonuncu ənənəvi sualımız: İntiqam müəllim, ordumuzun şəxsi heyətinə arzu və istəkləriniz.

Əlbəttə ki, ilk növbədə Azərbaycan Ordusunun tərkibində hərbi xidmət keçən, soyuq səngərlərdə gecəli-gündüzlü ayıq-sayıqlığı ilə Vətənin müdafiəsində, onun keşiyində duran əsgər və zabitlərimizə möhkəm cansağlığı arzulayıram. Arzulayıram ki, öz xidməti dövrünü uğurla başa vurub sağ-salamat doğma ocaqlarına qayıtsınlar. İstəyim isə ondan ibarətdir ki, tezliklə torpaqlarımız düşmən işğalından azad edilsin, suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunsun. Tezliklə işğaldan azad torpaqlarımızda sülh, əmin-amanlıq bərpa edilsin.
Maraqlı müsahibəyə görə çox sağ olun.

Söhbəti apardı:
Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!