Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu .....                        “Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ .....                        Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü .....                        Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi .....                        Mədinədə faciə yaşandı - 45 nəfər öldü .....                        Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO .....                        Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT .....                        Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama .....                        ABŞ vitse-prezidenti qəzaya düşdü .....                       
11-11-2025, 21:21
Necə deyim ki, 70 yaşın mübarək, Ata?


Afaq MÜBARİZQIZI Yazır:

Necə deyim ki, 70 yaşın mübarək, Ata?

Səni neçə vəsf edim ki, qəlbimdəki sənsizliyi ovuda bilim? Necə sarılım sənə, necə qoxunu içimə çəkim, o ağ saçlarına necə sığal çəkim, necə öpüm o zəhmətkeş əllərindən? Sən axı mənim söykəndiyim ən böyük dağ idin, indi səni neçə vəsf edim ki, dağlar məndən inciməsin?! Sənin ətrin dünyanın ən ən gözəl güllərindən belə qiymətli idi. İndi onu necə izah edim ki, güllər məndən inciməsin?! Kölgən başımın üstündə bir çinar kimi idi. İndi hər addımımda o kölgəni axtarıram, Ata! Sənə o qədər ehtiyacım var ki, kaşki mənə həmdəm ola biləsən. Darixmağin izahı olsaydı, qəlbimdən süzülüb gələn sözlərin qarşısında qələmim aciz qalardı…
Tanınmış bir qiraətçinin dediyi sözlər eyni ilə sənin dediklərini xatırladır: elə otur dur ki, elə danış, elə addım at ki hər yerdə səni görürlər. Mən bütün insanların hamısını bir kənara qoyuram. Harda olsam elə bilirəm ki, məni sən görürsən. Ona görə də həmişə çalışıram ki, sənə layiq olum. Bir ömür sənin qızın olmanın qüruru ilə yaşayacam.
Dünya bir pəncərədir, hər gələn baxar gedər deyirlər. Əsas odur ki, bu dünyada elə yaşayasan ki, özündən sonra bir iz qoyub, xoş xatirələrlə anılasan. Həyatda attığın addımlar, dünyaya baxışın, insanlara verdiyin dəyər, qazandığın hörmət hər zaman qürur hissi ilə anılır. Sən sağlığında qazandığın hörməti, gedişinlə əbədiləşdirdin. Səndən sonra xatirələrə sığındıq, Ata! Ömür kitabımızın səhifələrini vərəqlədikcə xatirələrimiz daha da şirinləşir, həm də dilimizdən heç düşmür. Sənin bizə ərməğan etdiyin həyat yolunun cığırı ilə addımlamaq bizə elə qürur verir ki, sən bizim bu yoldakı ən böyük qəhrəmanımız oldun...

Atam Qasımov Mübariz 1 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaxlı kəndində doğulub, boya- başa çatmışdı. Yurd-yuvasının ermənilər tərəfindən işğal olunması atamı dərindən sarsmışdı. İllər keçsə də o qəlbindəki Vətən sızıltısını hər zaman hiss edirdi. Vətən həsrəti Atamın qəlbindəkiləri qələmə almaqla az da olsa həsrətini dindirirdi. O, sanki bununla təsəlli tapırdı. Ən böyük arzusu da bütün bu yazdıqlarını kitab halında nəşr etdirmək idi. Artıq buna yenicə baslamışdıq ki, zalım fələk onu əbədi olaraq bizdən aldı. Amma biz, yəni hayat yoldaşı və övladları olaraq onun bu arzusunu həyata keçirməyi özümüzə borc bildik. Qürur hissi ilə də o kitabı nəşr etdirdik.
Atamla olan söhbətlərimizi xatırlayıb bəzən gülümsəyirəm, bəzən də kövrəlirəm. Belə söhbətlərimizdən biri də atamın gördüyü yuxu idi. Atam yuxunu mənə danışa danışa, bu sözləri də qeyd etdi ki, yuxumu qələmə alıb dəftərimə də yazmışam, sən də oxu, düzəlişlər et, geniş şəkildə yaz hekayə formasına gətir, kitabımda onu da nəşr etdirək. Mən də böyük məmnuniyyətlə onun istəyini yerinə yetirdim.
Vətən həsrəti ilə başa vurduğu günlərdən biri idi. Yerinə uzanıb adəti üzrə kitab oxuyurdu. Kitabda təsvir olunan təbiət atamı bir anlıq xəyallara daldırdı və elə o xəyalların ağuşunda da yuxuya gedən atam yenə doğma kəndini, Qabaxlını görür. Atam danışırdı:
Vətənimdə idim. Doğma kəndim Qabaxlı necə də gözəl idi. Arpa çayının sol sahilində yerləşən kəndimi yuxumda görmək sanki mənə Cənnət qədər əziz idi. Bir xeyli gəzib dolaşdım doğma yurdumu. Kəndimiz füsunkar gözəlliklərlə əhatə olunmuşdu. Bütün kəndi öz ağuşuna almış qeyri adi gözəllik insanın ruhuna sakitlik verirdi. Sanki bu gözəlliyi rəssam işləmişdi. Bütün rəngləri bir araya gətirmək, belə bir ahəng yaratmaq doğrudan da valehedici idi. Necə ola bilərdi ki, bütün rənglərin əks olunduğu bu mənzərə bu qədər incəliklə işlənsin, rənglər bir-birinə inanılmaz dərəcədə uyğunlaşsın. Qəhvəyi dağların başındakı qara uzaqdan baxanda qeyri-adi bir görünüş əks etdirirdi. Yaxşı yadımdadır, bəzən dumanın, çənin içində heç bir dağ görünməzdi. Dəfələrlə gəldiyimiz yerlərdə anidən gözümüzə dəyən dağlar bizdə təəccüb doğururdu. Axı necə ola bilərdi ki, bir neçə dəfə bura gəldiyimiz halda biz o dağı görməmişik?! İki gün sonra isə həmin yerdə görünən çən, duman bütün suallarımıza cavab verirdi.
Kəndimizdə olmaq, yenidən o gözəllikləri görmək mənə mənəvi güc verirdi. Uzaqdan görünən başı qarlı dağlar, digər tərəfdə yenicə çiçək açmış ağaclar, dörd bir tərəfində tapdalamağa belə qıymadığım şeh düşmüş otlar, otların arasında göz oxşayan rəngli çiçəklər, ara sıra gözə dəyən yaz göbələkləri, qışdan sonra təbiətin oyanması ilə aşıb-daşan şəlalələr, bumbuz bulaqlar insana hər şeyi unutdururdu. Bütün bu gözəlliklərin arasında quşların cikkiltisi sanki təbiətin nəğməsi idi.
Geriyə döndüyümdə gördüyüm mənzərəyə heyran qalmamaq mümkün deyildi. Otların arasında bitən sayı -hesabı bilinməyən lalələr insanın gözünü oxşayırdı. Yaşıllıqlar içərisindəki alqırmızılar həqiqətən bir möcüzə idi. Yaşılla qırmızı bir arada bu qədərmi heyranedici ola bilərdi? İndi bu mənzərə qarşısında insan necə geri dönmək istəsin?

Yeni oyanan bu təbiətin o qədər incəlikləri vardı ki... Gül-çiçəklərin ətrafında pərvanə kimi dolaşan kəpənəklər təbiətə bir başqa gözəllik verirdi. Bütün bunlarla təbiət bir daha sübut edirdi ki, insan ruhu gözəlliklər görüncə, yaşamaq eşqi daha da artır...
Amma içimdə bir hüzün vardı. Vətəndə olsam da, bunun keçici olduğunu sanki hiss edirdim. Hər an düşmənlə qarşılaşa bilərəm deyə çox təlaşlanardım. Gözümü yumub bu təmiz havanı ciyərlərimə çəkdim. Heç vaxt heç yerdə görə bilməyəcəyim bir gözəlliklə qarşı qarşıya dayanmışdım. Artıq geri dönmək vaxtı idi. Ayaqlarim getsə də, ürəyim getmək istəmirdi. Çünki o balaca ürək bu yerlərdə öz iradə və böyüklüyünü tapmışdı. Çaylardan, dərələrdən keçə-keçə, bulaqların sərin suyundan içə-içə, ağacların kölgəsində dincələ -dincələ yoluma davam etdim. Bu çətin yollardan keçərkən sanki özümə vaxt qazandirirdim, bir az daha buralarda qalmaq üçün. Elə bu düşüncələrlə addımlayırdım ki, birdən kiminsə məni çağırdığını eşitdim. Sevinərək geri döndüm, lakin heç kimi görə bilmədim. Çox ümidlənmisdim məni tanıyan biri olar deyə. Təəssüf hissi keçirərək yoluma davam etdim. Yenə həmin səsi eşitdim. Mübariz, Mübariz. Geri döndüm, heç kimi görmədim. Bir neçə addım geri qayıtdım, ətrafıma nəzər saldım. Diqqətlə baxdığımda qayaların arasında bitən bir gözəl çiçək gördüm. Üstünə şeh düşmüş bu gül kimdənsə küsmüş kimi başını aşağı salmışdı. İstədim dərim, amma əlim çatmadı. Yoluma davam etmək istəyirdim ki, yenə həmin o səs. Dörd bir tərəfimə boylanıb heç kimi görmədiyimdə artıq heç şübhəm qalmadı ki, məni səsləyən o gül imiş. Sən demə qayaların arasındakı o zərif, kövrək, qərib gül məni səsləyirmiş. Hara gedirsən el oğlu, məni də özünlə apar deyirdi.
Mən çox kövrəldim. Ancaq getməli idim. O isə dayanmadan məni çağırır və yalvarırdı ki, məni yad əllərdə qoyub getmə, ay insafsız. Yanağımda hiss etdiyim istiliklə artıq göz yaşlarımın axtığını anladım. Bu an qəlbimdən bir sızıltı keçdi. Geri dönməyəcəyimi anlayan gül "mən sizi gözləyəcəyəm, siz gələnə qədər də solan deyiləm, qayıdın!" Gözümün yaşını silib, son dəfə həsrətlə baxdım kəndimizə. Qoynunda böyüdüyüm, dincəldiyim hər qarışısını əzbərlədiyim Vətənim indi yad əllərdə idi.
Gül dedi bülbül gülə, gül gülmədi getdi,
Gül bülbülə, bülbül gülə yar olmadı getdi.

Var gücümlə qışqırıb, ey təbiət gözəli gözlər oxşayan, qəlbləri titrədən gözəl gül. Biz mütləq geri dönəcəyik…
Sevinc və təlaş içində yuxudan oyandım. Bir xeyli gözlərimi tavana dikib baxdım. Və anladım ki, gördüklərim bir yuxu imiş. Elə o vaxt da bu sətirləri yazdım:
Çatdırın o gülə -gülzara məni,
İtirsən o yerdə gəz, ara məni.
Qürbətdə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.

Kaski bunlar bir yuxu olmazdı. Amma yaxşı ki, yuxu da olsa bu hissləri yaşayırdım. Vətən həsrəti ilə alışıb yanan atamın tez-tez yuxularında Vətənə getməsi az da olsa ona bir təsəlli idi.
Atamın dilindən: Çox istəyərdim ki, belə yuxularımın birində də atamı ziyarətə gedim. Vaxtsız itirdiyim atamı. Atam dünyadan köçəndə mənim cəmi 30, Atamın isə 54 yaşı vardı. Həyat necə də amansız idi. Atama ehtiyacım olduğu ən həssas vaxtlarımda, nəsihətlərinə, məsləhətlərinə gərək duyduğum bir vaxtda atasız qoydu məni. Bəzən düşünürəm ki, görəsən atam sağ olsaydı, bu Vətən ayrılığına necə dözərdi? O, da mənim kimi yuxularındanmı təsəlli tapardı? Amma deyəsən bircə atam vəfalı çıxdı. Ömürlük qaldı Vətəndə...
Oğul qayğısına vaxtı çatmadı,
Anam qocalanda əldən tutmadı.
Hamı köçdü, o Vətəni atmadı,
Vətənə keşikçi, qalıbdı Atam...
23-04-2025, 19:46
Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır

Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışı soyadaşlarımızın öz doğma torpaqlarına qayıdış ümidinə bir daha işıq saçdı. Qərbi azərbaycanlılar tam əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qayıdacaq, ata-baba yurdlarında əbədi yaşayacaqlar.
Bu gün ölkəmizin başçısının məqsədyönlü siyasəti, strategiyası sayəsində Qərbi Azərbaycana qayıdışla bağlı mühüm işlər görülür.
Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr uzrə prorektorluğu nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovadır.
- Leyla xanım, oxucularımıza Mərkəzin yaranması, əsas məqsədi, fəaliyyəti haqqında məlumat verə bilərsiniz?
- Məmnuniyyətlə. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətinin əsas məqsədi Qərbi Azərbaycanın tarixi etnoqrafiyası, ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatların aparılmasını təmin etmək, bu sahədə aparılan tədqiqatlara yeni töhfələr vermək, onun elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə və praktik tətbiqinə nail olmaqdır. Rəsmi açılış mərasimi 2024-cü il martın 1-də keçirilən Mərkəz Qərbi Azərbaycan məsələsi ilə məşğul olan bütün dövlət və qeyri-dövlət strukturları ilə əlaqələr yaradır və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir.
- Bəs, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri hansılardır?
- İlk növbədə bu sahədə elmi tədqiqat və maarifləndirmə işlərinin təşkil edilməsi, Qərbi Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərinin arşadırılması ilə bağlı elmi tədqiqatların aparılması və bu sahədə elmi-metodiki dəstəyin verilməsi əsas qayəmizdir. Həmçinin azərbaycanlıların ermənilər tərəfindən öz yurdlarından kütləvi surətdə zorla köçürülməsi ilə bağlı aşağıdakı tarixi mərhələlərin dərindən, hərtərəfli öyrənilməsi də əsas prioritetlərdəndir:

1) İrəvan xanlığının işğal edilməsi dövrü.
2) 1905-1906-cı illər qırğınlarının nəticələri.
3) 1918-1920-ci illər soyqırımı.
4) 1948-1953-cü illər deportasiyası.

5) 1988-1991-ci illər deportasiyası.
Bundan başqa, Qərbi Azərbaycan tarixi hüquq kontekstində-şəxsi sənədlər, doğum şəhadətnamələri, əmək kitabçası, hərbi bilet, pasport, attestat, diplom, nikah şəhadətnaməsi, ölüm şəhadətnaməsi, mənzilin mülkiyyət hüquqlarına dair sənədlərin (mülkiyyət, yaxud istifadə hüququ) və s. toplanması, toponimlərin, xalq sənətkarlığını və məişətini əks etdirən əşyaların, sənətkarlıq, yazılı və şifahi ədəbiyyat nümunələrinin, folklorun öyrənilməsi, sosial şəbəkələrdə Mərkəzin səhifələrinin fəaliyyət göstərməsi, eləcə də elmi seminarların, konfransların, simpozumların, televiziya verilişlərinin və digər tədbirlərin təşkili əsas prioritetlərdəndir.
- Leyla xanım, istərdik Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin ötən il gördüyü işlər haqqında məlimat verəsiniz.
-Əvvəlcə qeyd edim ki, 2024-cü ilin mart ayında ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin açılış mərasimi, “Qərbi Azərbaycan -yurd yerimiz” mövzusunda konfrans keçirilib. Daha sonra Mərkəzin, Keşişkənd və Paşalı icmalarının birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə hazırlanmış, plagiata məruz qalmış “Qərbi Azərbaycan yallıları”, “Qərbi Azərbaycana qayıdış tarixi torpaqlarda maddi - mədəni irsimiz”, Tərtər rayonunda Vaqif İsaoğlunun “95 illik tarixi yaşadan kəndimiz” (İrəvanlı kəndi) adlı kitabların təqdimatı olub.
Bundan başqa, Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid aktları” adlı kitabının, eləcə də “Təhsil” Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzinin birgə layihəsi əsasında nəşr olunan “Ulduz” jurnalının Qərbi Azərbaycana həsr olunmuş növbəri nömrəsinin təqdimatı, eləcə də “İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illiyi” yubiley tədbiri keçirilib.
Həmçinin Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və sosial təşəbbüslərə dəstək” layihəsi əsasında və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Danışır tarix” filmi çəkilib. “Danışır tarix” filmi “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir. Filmdə, həmçinin Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsindən, azərbaycanlıların milli kimliyinin və mədəni irsinin izlərini silmək cəhdindən bəhs edilir.
- Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması günümüzün vacib məsələlərindəndir. Rəhbərlik etdiyiniz Mərkəz bu sahədə hansı işləri görür?
- ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüsenyovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması ilə əlaqədar fəaliyyət planı hazırlayıb. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu əvəzolunmazdır. Həyata keçirilən tədbirlər və lahiyələrdə gənclərimizin iştirakı əhəmiyyətlidir. Ona görə də görülən işlərlə , eləcə də qarşıda duran vəzifələrlə bağlı gənclərlə tez-tez görüşlər keçirir, müzakirələr aparırıq. Bu mənada Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalovanın, Mərkəzin mütəxəssissi Möhübbət Məmmədovun, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədovun, ADU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nilgün Nağıyevanın və “MEH” Ədəbi Dərnəyinin rəhbəri Aytac Muradlının iştirakı ilə keçirilən tədbiri qeyd etmək yerinə düşərdi.
- Leyla xanım, qısa zamanda geniş oxucu auditoriyası qazanmış “Yurdun səsi” qəzeti haqqında nə deyə bilərsiniz?
-Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təsis etdiyi və baş redaktoru olduğu “Yurdun səsi” qəzetinin ilk nömrəsi 2024-cü ilin oktyabrında işıq üzü görüb. “Yurdun səsi” qəzetinin missiyası Qərbi Azərbaycana qayıdışın ruporuna çevrilmək, bu məqsədə xidmət etməkdir. Eyni zamanda, Qərbi Azərbaycanın mədəniyyətini, tarixini, flora və faunasını, mətbəxini, maddi və qeyri -maddi- mədəni irsini öyrənmək, təbliğ etmək, oxuculara çatdırmaq qəzetimizin əsas hədəfləridir.
- Belə demək mümkündürmü ki, “Yurdun səsi” sözün əsl mənasında, qəriblikdə həsrətlə yolumuzu gözləyən Qərbi Azərbaycanın səsi olacaq.
- Bəli, şübhəsiz, “Yurdun səsi” Qərbi Azərbaycanın səsi olacaq. Qəzetin ilk nömrəsində baş redaktor, professor Mahirə Hüseynovanın oxuculara müraciətində qeyd olunur ki, Qarabağ işğaldan azad olunduqdan sonra Azərbaycan xalqı qarşısında yeni hədəf müəyyənləşdirib: “Qərbi Azərbaycana qayıdış! Bu yolda bizim informasiya ruporlarına, sosial şəbəkə seqmentlərinə, jurnallara, saytlara və qəzetlərə ehtiyacımız var. “Yurdun səsi” də bu zərurətdən yaranıb. Zəngin tarixə, əsrarəngiz gözəlliyə malik Qərbi Azərbaycanın gənc nəslə tanıdılması və sevdirilməsi qarşımıza qoyduğumuz hədəflərdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz topla, tüfənglə deyil, öz elmimiz, zəkamız və yurdsevərliyimizlə Qərbi Azərbaycana qayıdacağıq. Biz buna inanırıq! “Yurdun səsi”-bu ad təsadüfən seçilməyib. Bu səs qəriblikdə qalan yurdumuz Qərbi Azərbaycanın səsidir, Öz doğma yurdumuzun səsidir”.

Zahid Rza
16-03-2025, 21:16
Göyçədən gələn səsin əks sədası

(Məhərrəm Hüseynov -80)


Göyçədən gələn səsin əks sədası

Ən mükəmməl simfoniyalar doğum evlərində - dünyaya övlad gətirən ana səsi ilə mübarək qədəmli körpə çığırtılarının bir-birinə qovuşduğu məkanda yaranır. Bir körpə “qığıltısı” bir ocağın, bir nəslin xoşbəxtlik nəğməsinə çevrilir. Muştuluqlar paylanır, göz aydınlığı verilir, qurban kəsilir, bir ailənin sevincindən bir nəslə, bir mahala pay düşür. Göyçə mahalının Çəmbərək bölgəsinin Şorca kəndində yaşayan Hüseynovlar ailəsinə bu səadət 1945-ci ilin 18 fevralında, rus-alman müharibəsinin bitməsinə bir neçə ay qalmış nəsib olur və dilinə, dininə böyük rəğbət bəsləyən Abbasəli kişi məhərrəmlik ayında dünyaya gələn övladına da elə Məhərrəm adı qoyur.
Məhərrəm Abbasəli oğlu Hüseynov Şorca orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra (1964) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə başa vuraraq (1969) Qərbi Azərbaycana – əcdadlarının uyuduğu torpağa qayıdır. 1969-1975-ci illərdə Şorca kəndində dil-ədəbiyyat müəllimi işləyən Məhərrəm Hüseynov 1975-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunda işə düzəlir və azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına qədər (1989) orada doğma dilinin təbliği və tədrisi ilə məşğul olur.
Burada da bir haşiyə çıxım ki, mən də 1986-cı ildə həmin instituta qəbul olunmuşdum. Məhərrəm müəllimin dərin məzmunlu mülahizələrini o zamanlar dinləmişəm. Məhərrəm müəllim auditoriyalarda yalnız elm öyrədən müəllim deyildi, o eyni zamanda Azərbaycan dilinə sevgi aşılayan bir natiq, millətçi vətənpərvər bir insan idi. Millətə, milli kökə bağlılığına görə də o, tələbələrin sevimlisi , dostu, munisi idi.
Məhz həmin dövrdə Məhərrəm müəllimin simasında bir şey də öyrəndim: müəlim həm də tələbənin dostu, arxası, güvəndiyi ünvan olmalıdır. Bu qənaətə gəlməyimə səbəb olan bir hadisə-xatirəni yada salmağı özümə borc bilirəm:
“Irəvanda təhsil aldığım illərin bir günü dəyərli müəllimlərmizdən olan Knyaz müəllim məni və Boris adlı tələbə yoldaşımı otağına dəvət etdi. Bildirdi ki, bir azdan maşın gələcək və Məhərrəm müəllimin atası üçün sifariş edilmiş məzar daşını birlikdə onun yaşadığı Sorça kəndinə aparmalıyıq. Təbii ki, müəllimimizin dərdinə şərik olmaq bizim içimizdən gələn bir istək idi və biz məmnuniyyətlə bu missiyanı boynumuza götürüb Məhərrəm müəllimin ata evi yerləşən Şorca kəndinə yollandıq.
Maşının sürücüsü də erməni idi. Kəndə çatıb, qəbir daşlarını boşaltdıqdan sonra tələbə etikasına uyğun olaraq başsağlığı verib, İrəvana qayıtmaq istədiymizi bildirdik. Məhərrəm müəllim təklif etdi ki, uzun yol gəlmişkən bir Göyçə gölünə də dəyək, gözəlliyi seyr edin, sonra gedərsiniz. Göyçəni seyr etdikdən sonra o “siz oyana, bəs bu erməni deməzmi, uzun yol gedib müsəlmanın bir tikə çörəyin görmədik”, deyərək bizi buraxmadı və evinə dəvət etdi. Bir tikə halal tikə kəsib xidahafizləşdik. Bu süfrədən başlanan münasibətlərimiz, şükürlər olsun ki, son günlərimizə qədər davam edir. Məhz həmin dövrdə də (1982) o, “Mirzə İbrahimovun romanlarının dili və üslubi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər namizədi adını qazanır.
Qismətinə Ələsgər diyarından ayrılmaq, Göyçə həsrəti ilə yaşamaq yazılan M. Hüseynov ilk vaxtlar Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyətə başlasa da, sonralar (2001) Azərbaycan Dövlət Pedaqoji Universitetində işə düzəlir. Filologiya fakültəsində dekan müavini, “Azərbaycan dilçiliyi”, “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedralarında dosent, professor kimi çalışır. Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid mühazirələr oxumaqla tələbələrin sevimlisinə çevrilir. “Yazıçının dili və üslubu” (1981), “Romanın üslub zənginliyi” (1990), “Şeirşünaslıqda dil sənətkarlığı” (2007), “Dil və poeziya” (2008), “Poetik frazeologiya” (2013), “Aşıq Ələsgərin söz ümmanı” (2017), “Linqvistik təhlilin elmi-metodiki əsasları” (2017), “Estetik qayə və poetik təkamül” (2020) adlı monoqrafiya və dərs vəsaitlərinin, 100-dən artıq məqalənin müəllifi kimi tanınır. “Azərbaycan poeziyasının dili və üslubi problemləri (1960-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru adını qazanır.
Azərbaycan elmi ictimaiyyəti onu dilimizin fonetik, leksik, qrammatik və üslubi xüsusiyyətlərinə, poetik düşüncə tərzinə aid onlarla monoqrafiya həsr etmiş mükəmməl tədqiqatçı alim, tələbələri isə doğma dilin incəliklərini sevə-sevə tədris edən lektor-mühazirəçi, müəllim kimi tanıyır, dəyərləndirir.
Məhərrəm Hüseynov tədqiqatçı-filoloq, dil nəzəriyyəçisi olmaqla yanaşı, folkloru, Azərbaycan poeziyasının poetik qayda-qanunlarını dərindən bilən, Dədə Ələsgər sazına, sözünə ruhən bağlı olan, yeri gələndə öz fikirlərini poetik dildə təcəssüm etdirməyi bacaran istedadlı qələm adamı, söz sərrafı idi. O, şeir dilinin özəllik və şərtiliklərini, ritm və intonasiya qaynaqlarını, poeziyanın leksik xüsusiyyətlərini, frazeoloji vahidlərin şeir dilindəki aktuallığını çox dərindən bilir, demək olar ki, Azərbaycan poeziyasının üzdə olan nümayəndələrinin hər birini orijinal istiqamətdə təqdim edə bilirdi. Onun “Dil və poeziya” monoqrafiyası birbaşa şeir dilinin nəzəri və təcrübi məsələlərinə, şeirin başlıca atributlarının (məzmun, forma, obrazlılıq, bədiilik və s.) şərhinə həsr olunmuşdur.
M. Hüseynov “Estetik qayə və poetik təkamül” monoqrafiyasında şairə Mahirə Nağıqızı yaradıcılığında xüsusi yer tutan bayatıları müasir poetik əlamətlər, estetik məziyyətlər baxımından ədəbi tənqidin təhlil obyektinə cəlb edir. Klassik janra modern təhlil üsulları ilə yanaşır və bir müəllifin bayatıları əsasında hərtərəfli analizlə zəngin 300 səhifəlik bir monoqrafik mənbə ortaya qoya bilir.
O, başqalarının poetik dünyasını araşdırmaqla qalmır, Göyçə mahalında mənəvi dünyasına hakim kəsilən ruh, saz, söz sevgisi, el ədəbiyyatına dərin məhəbbət onun şəxsi bədii yaradıcılığına da təsir edir, yurd həsrəti, poetik nisgil dilçi alimi haqq aşığına, el sənətkarına çevirir. Müsahibələrinin birində dediyi kimi, o, hər bir şerində özünü, özünün iç dünyasının ağrılarını ifadə edir. Göyçə ağrısını, Şorca nisgilini, Zəngəzur dərdini oxucularına, cəmiyyətə, bir qədər də geniş mənada dünyaya öz poetik duyumu, öz ifadə vasitələri, öz yanğısı ilə çatdırır.
İstedadlı söz və fikir adamı “Göyçə gölü” poemasında (2015) Qərbi Azərbaycan torpaqlarında qalan hər bir “qərib” məzarı, kəndi, təbiət yadigarını böyük Vətən torpağının – Bütöv Azərbaycanın bir parçası kimi xatırlayır, tərənnüm edir. Poemadakı hər “qəmli notun” arxasında isə bir nikbin şair ruhu, vətəndaş ümidi, qayıdış istəyi duyulur. O, Qərbi Azərbaycan davasının müsbət sonucla bitəcəyinə şair kimi inanır. Hadisələrin bu günkü axarı da onun haqlı olduğunu təsdiqləyir:
Göyçə gölü, sənin baxışın gözəl,
Tanrının vurduğu naxışın gözəl,
Yatışın gözəldir, axışın gözəl,
Qənirsiz gözəlsən, başı bəlalım,

Nəşəm, sevincimsən, dərdim, məlalım.
Bu misralarda sevinclə kədərin vəhdəti, vüsalla ayrılığın harmoniyası, dərdlə dərmanın uyarlılığı, bir də görünməyən göz yaşları var. Məhərrəm müəllimi tanıyanlar, həmkarları şahiddir ki, Qərbi Azərbaycan, Göycə, Aşıq Ələsgər adı gələndə onun gözləri dolur, səsi titrəyir, boğazı düyünlənirdi. Bu psixoloji ağrını qələmə sarılmaqla unutmaq, Göyçə gölü ilə dərdləşmək, ömrünün xoş illərinin ötdüyü torpaqlarda xəyalən gəzmək və bütün bunları şeirin dilinə gətirmək Məhərrəm müəllimə poetik zövq verirdi:
Cil, Babacan, Pəmbək tarixə tanış,
Ağkilsə, Şişqaya, Məzrədən danış,
Allah, Allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax!

“Göyçə gölü” poemasından seçdiyimiz nümunədə işlədilmiş bu toponimlər təsadüfi deyildir. Bu misralarda min illik tarixin ifadəsi, qədim bir xalqın ayaq izlərinin səsi, faktlara bürünmüş mənəvi həsrət var. Onun sadaladığı adi yer adları deyil, itkinliyin, didərginliyin, qaçqınlığın gətirdiyi ağrıdır, iztirabdır.
Şeirin nəzəri mahiyyətini dərindən bilən M. Hüseynovun şeirlərində ruha bağlı təbiiliklə, istedadla alimlik, tədqiqatçılıq qovuşur. Onun şeirləri təbii olduğu qədər də elmlidir, əsaslıdır. Füzulinin təbirincə desək, M. Hüseynov şeirlərinin bünövrəsində də elmilik, əsaslandırma dayanır. Dədə Ələsgərin poetik bulağından su içən ədib böyük alimlərdən dərs almış, Ramiz Rövşən, Məmməd Elli, Vaqif Arzumanlı, Cəlil Nağıyev, Ağasən Bədəlzadə, Bəxtiyar Məmmədzadə kimi görkəmli alim və şairlərlə bir oxumuş, ədəbi-bədii müzakirələrin mərkəzində olmuşdur.
M. Hüseynovun yaradıcılığına müraciət etdiyi söz sənətkarlarını göz önündən keçirdikdə görürük ki, o, həqiqi poeziya örnəkləri yaratmış ədiblərin şeirlərinə, nəsr nümunələrinə müraciət edir, məhz onların yaradıcığını tədqiq edir. Aşıq Ələsgər, Ağasən Bədəlzadə, Mirzə İbrahimov, İsa Hüseynov yaradıcılığına istinad bunlara bariz nümunələrdir. Onun elmi üslubu da şeir kimi axıcı, rəvan, sadə və anlaşıqlıdır...
Söz ustadlarını öyrənmək, müstəqim mənada sözün bütün xüsusiyyətlərini tədqiq etmək bacarığı mütaliə əsasında əldə edilmiş bir istedad sayılırsa, sözdən poetik nümunələr yaratmaq artıq fitrətlə, Göyçə təbiətinin saf bulaqlarından süzülüb gələn ilahi verginin təzahürləri ilə bağlı məsələdir:
Göyçə gölü, çiskindirmi o dağlar?
Səndən olduq, sinəmizi o dağlar!
Söndürülmüş ocaq ağlar, od dağlar,
Diz çökdüyüm səcdəgahdan birisən!
İki qibləm – biri Kəbə, biri sən!
Müəllif bənzətmə, müqayisə, sərrastlıq və orijinallıqla oxucunu valeh edir. Göyçə gölündən dağları soruşan şair mükəmməl təcnis nümunəsi yaratmış, dilin estetik gözəlliyindən istifadə etməklə dərin bir mənanın ifadəsinə nail olmuşdur.
Aparıcı mövzusu Vətən olan şairin şeirlərində siyasi çalar da öz yerini tapır. Beynəlxalq güclərin Qarabağ hadisələrinə ikili münasibəti şairi bir vətəndaş kimi narahat edir və bu narahatlıq təbii poetik boyalarla öz əksini tapır. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı zəfər onu sevindirir. Onun şeirlərində bir nikbinlik, Qərbi Azərbaycana qayıdış ümidi yaranır. O, 2020-ci ilin aprelində yazır: :
“Nöqtə” deyən! “Nida”mızdan aşın, yan,
Zəfər çələngidir, “Nooldu, Paşinyan?!”
Timsah göz yaşıyla firəng arxalı
Dağlar sıfırdır, “nol”du Paşinyan.

Ali Baş Komandan Cənab İlham Əliyevin tarixi “Qarabağ Azərbaycandır! Nida!” frazası və ardından bu ifadənin reallığa çevrilməsi onu sevindirir, deyilmiş ifadə poetik aforizmə çevrilir. O, Azərbaycanın haqq işinin əleyhdarlarını, siyasi riyakarları poetik dillə hədəf mərkəzinə gətirir:
Müsyö Makron, vurğun olma şər işə,
Ermənilik bir ibrətdir gərdişə.
Bəs etmədi Kəlbəcərin qızılı,
Goreşənlər könül verdi gərdişə.

Azərbaycanın haqq səsinə qulaq tıxayanları, üz çevirənləri qamçılayır, sözü süngüyə çevirib düşmənin ürəyinə sancır.
Məhərrəm müəllim poetik yaradıcılıq süfrəsində də dostlarına, onu sevənlərə etibarlı idi. O, həmkarlarına akrostixlər, şeir nümunələri həsr etməkdən xüsusi zövq alırdı. Həm də bütün bunları səmimiyyətlə, təbii ovqatda həll edirdi. Professor Əzizxan Tanrıverdiyə həsr etdiyi “Dədə Əzizxan” poemasını kitab kimi dərc etdirəndə ağlına da gəlməzdi ki, Əzizxan müəllimin haqq dünyasına qovuşacağına bir ay, özünün dünyadan köçəcəyinə isə iki il zaman qalıb:
Yazdığın kitaba yazılır kitab,
Sənin nur selinə gətirərmi tab?
Qadir qələm həsədçini asan tap
Səngər qurub o kölgədə, Əzizxan!
Dədə Əzizxansan, Dədə Əzizxan!

“Leyli və Məcnun” poemasında böyük Füzuli Məcnunun dünyaya gəlişini belə təsvir edir:
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü, qıldı fəryad.

Yəni, insan son gününü bildiyi üçün dünyaya gəlişində fəryad edib, göz yaşı tökür. Fərq ondadır ki, gəlişində özün, gedişində sənə doğmalar fəryad edir. Dünyaya gəlişimiz və gedişimiz özümüzün əlimizdə olmasa da, onların arasındakı ömrü necə yaşamağımız özümüzdən çox asılıdır. Ara məsafədəki ömür insanın öz əlində, işində, gücündə, əməlindədir. Kamil adamlar ölümdən qorxmur və onu gülə-gülə qarşılayırlar. Məhərrəm müəllim də belə kamil insanlardan idi və ölüm-həyat fəlsəfəsinin mahiyyətini dərk etdiyi üçün də yazır, yaradır, özündən sonra gələnlərə nəsə qoymaq istəyirdi. O, bilirdi ki, əsl ölüm unudulanda başlayır.
Göyçəli Abbasəli kişinin oğlu Məhərrəm yaşasa idi, indi səksən yaşı olacaqdı. O, yaşamasa da yazdıqları, yaratdıqları ilə neçə illər yüzlərlə tələbə-filoloqun ömür yoluna işıq salacaq, xoş durğularla xatırlanacaqdır. O, bunu yaşarkən hiss edir və “Ölüm hökmü” şeirində yazırdı:
Dünən qanmadım ki, bu gün yanam mən,
Qocaldım o günü gərək anam mən.
Tələsdik böyüyək uşaq olanda,
İndi o istəyə peşmanam mən.

Ölümündən dörd ay əvvəl 2020-ci ilin avqust ayının 11-də yazdığı bu şeir isə onun həyat kredosu, özündən sonrakılara nəsihəti kimi qəbul oluna bilər:
Həyat təliminə gözünü yumma,
Alın tərin yoxsa, süfrəyə cumma.
Vurul bu dünyaya, qurğu qur, yarat,
Həyata verməsən, həyatdan umma.

Məhərrəm müəllimin ömür yolunu göz önündən keçirdikdə görürük ki, o həyata, insanlığa, elmə, təhsilə böyük töhfə vermiş ziyalıdır. Onun elmi əsərləri, poeziya nümunələri, pedaqoji fəaliyyəti ilə bağlı xatirələr gənclərə qalmış ən gözəl mirasdır.
Məhərrəm müəllimin ölümündən sonra birbaşa Mahirə xanım Hüseynovanın təşəbbüsü və maddi dəstəyi ilə hazırlanan “Göyçə gölü üzərində xəfif duman” adlı kitab ömrünün 50 ildən artıq müddətini elmə, pedaqoji fəaliyyətə həsr etmiş bir insana ən böyük hədiyyədir. Bu kitabda Məhərrəm müəllim bir alim, müəllim, şair və ən ümdəsi öz həyat fəlsəfəsi olan kamil insan kimi görünür. Bu kitabdakı sətirləri oxuduqca hər birimiz düşünürük “Göyçədən gələn səsin əks sədası yenə auditoriyalarda, universitetin oxu zallarında dolaşır. Yaşasaydı, dostlarının 80 illik yubiley təbriklərini qəbul edəcəkdi”
Mövludun mübarək ustad, mövludun mübarək, Məhərrəm müəllim!..
Həmzə ƏLİYEV,
ADPU Azərbaycan dili və onun tədrisi texnologiyası
kafedrasının müdiri, dosent
19-02-2025, 17:36
Vidadi Avdıoğlunun söz çələngi

Vidadi Avdıoğlu Körpülü Qərbi Azərbaycanda, Körpülü kəndində dünyaya gəlib. Onun da taleyinə Erməni faşistlərinin ötən əsrdə törətdiyi faciələrdən pay düşüb. İllərdi doğulduğu ata yurdunun həsrətin çəkən Vidadi müəllim öz ellilərini Vətənə dönməyə səsləyir. Ellərimizin pozulmuş növrağına yenə düzən verməyə, Qara zurnanın sədası altında cəng tutmağa, tonqal çatmağa çağırır:

Qayıdın vətənə ay körpülülər!

Gözüm yolda, qulaqlarım səsdədir,
Oxuduğum nəğmələr ahəstədir,
Siz yoxsunuz ürəyim də xəstəsir,
Qayıdın Vətənə ay körpülülər!

Durna tək düzülün sizlər dəstəyə,
Vətən eşqilə uçun Körpülüyə,
Ananıztək məni alın dövrəyə,
Qayıdın Vətənə ay körpülülər!

Siz olanda bu diyarın hər günü,
Xoş keçirdi ayı, ili, düyünü,
Siz yoxsunuz çəkən yoxdur yükümü,
Qayıdın Vətənə ay körpülülər!

Sönübdür çırağın, gəlmir qonağın,
Kafirlər əlində qalıb oymağın,
Gözləyirəm kaş eşidəm sorağın,
Qayıdın Vətənə ay körpülülər!

Mən bir tənha qalmış qoca Çinaram,
Qayıtsanız hamınızı qucaram,
Bütün diləklərə işıq saçaram,
Qayıdın Vətənə ay körpülülər!

Nağaraçı qardaş toyunu çalsın,
Qara zurna yenə hay-haray salsın,
Xoş xəbər gətirən müjdəsin alsın,
Qayıdın Vətənə ay körpülülər!
Bakı, 12.09.2023.

Könlüm Vətən torpağını istəyir

Gəzəmmirəm başqa eldə, obada,
Könlüm Vətən torpağını istəyir,
Gözüm yoxdur özgə yurdda, yuvada,
Könlüm Vətən torpağını istəyir.

Babakar dağları, Qazıoğlu yalı,
Çubuqlu yaylağı, Ləlvər dağları,
Yadıma düşdükcə el budaqları,
Könlüm Vətən torpağını istəyir.

Bahar gəlib oyananda təbiət,
Baş qaldırır qəlbimdəki bu həsrət,
Vətən deyə mən çəkirəm əziyyət,
Könlüm Vətən torpağını istəyir.

Nə ocaq isidir, nə də od məni,
Qürbətin soyuğu dondurur məni,
Vətən hərarəti hey çəkir məni,
Könlüm Vətən torpağını istəyir.

İstəsəm də qanad aça bilmirəm,
Yaralı bir quşam uça bilmirəm,
Babamın məzarın quca bilmirəm,
Könlüm Vətən torpağını istəyir.

Demə, yollar niyə belə bağlıdı?
Qəlbim sarısimə, telə bağlıdı,
Vidadi Vətənə, elə bağlıdı,
Könlüm Vətən torpağını istəyir.


05.03.2023

















1-02-2025, 11:44
AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ


AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
(Yusif Nəğməkarın “Ələsgər zirvəsi” poeması haqqında düşüncələr)

Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni.

Qul Nəsimi.

Aşıq Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan sirli, müəmmalı, sehrli, möcüzəli, tilsimli bir poeziya ümmanıdır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.
Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Bu mənada Aşıq Ələsgər poeziyasının nurlu çeşməsindən su içmiş müasir ədəbiyyatımızın ünlü korifeyləri tərəfindən bu fenomenin, sirrlərlə dolu yaradıcılığın sehrini açmağa, təhlil və tədqiq etməyə, onun haqqında fikir söyləməyə, dəyər verməyə yönəlmiş ciddi monoqrafiyaların, elmi, publisistik məqalələrin yaranması, ona saysız-hesabsız poemalar və şeirlər həsr edilməsi təsadüfi deyildir.
Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına həsr edilən hər bir yeni əsər, istər elmi-tədqiqat, istər bədii, istərsə də publisistik xarakter daşıyan yaradıcılıq nümunəsi, onun müəllifinin qarşısında böyük məsuliyyət qoyur.
Şair Yusif Nəğməkarın bu yaxınlarda işıq üzü görmüş epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması ilk növbədə onun ozan-aşıq sənətinə sevgisini və bağlılığını, klassik aşıq poeziyasının görkəmli nümayəndələrinin, o cümlədən, şəksiz, tərəddüdsüz bu poeziyanın zirvəsi, peyğəmbəri sayılan Dədə Ələsgərin həyatı və yaradıcılığı ilə dərindən tanış olduğunu, əsər boyu onları öz oxucusuna poetik sözün gücü ilə bacarıq və məharətlə nümayiş etdirir.
Poema məzmun və ideya baxımından Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlmişdir. Yusif Nəğməkar Dədə Ələsgərin bədii obrazını həm ənənəvi, həm də yenilikçi, novator yanaşmalarla təqdim edərək, onun möcüzəli, Allah, kainat və insan arasındakı mənəvi bağlarını təsvir edən, Allahın kamilliyinə şahidlik edən “batini mənalar” üzərində qurulan yaradıcılığını poetik dildə öz oxucusuna çatdıra bilmişdir.
İlk növbədə qeyd etmək istərdim ki, “Ələsgər zirvəsi” poeması mövzusu ilə bağlı olaraq milli folklorumuza, aşıq sənətinə və yaradıcılığına mənsub olan dastan xarakteri daşıyır və təsadüfi deyil ki, əsər “Ustadnamə əvəzi” olan “Ən ön ün”lə başlayır. Poema klassik poemalardan fərqli quruluşa, struktura malik olaraq, proloq və epiloq əvəzinə “dəyər ünü”, “ən ön ün”, “ön ün”, “ünləmə”lər, “dönərək”lər, (ricətlər) və “son ün” kimi bölmələrdən ibarətdir. Şairin istifadə etdiyi bu “ün”lər Dədə Qorquddan üzü bəri dastanlarda və klassiik ədəbiyyatda müəllifin əsərin girişi, gedişi və sonuyla bağlı Tanrıya müraciəti, səsi, duası kimi də səciyyələndirilə bilər. Şairin tətbiq etdiyi bu poetik struktur öz oxucusunu maraqda saxlamaqla bərabər, həm də yeni poeziya formatı yaradaraq poeziyamızda yeni bir quruluş, struktur nümunəsi təqdim edir.
Şair Ələsgər bilicilərinin və sevdalılarının fikir və mülahizələrindən aforizm biçimli nümunələr verərək, poemada hansı dühadan, poeziya və şəxsiyyət fenomenindən, şairdən, övliyadan söhbət gedəcəyinin məsuliyyətini özü öz qarşısına qoymaq və bu ağır vəzifəni yerinə yetirmək iqtidarındadır:

Könül, bulaq üstə salavat çevir,
Batində nə dərdi-sərin var, devir.
Dua et ki, o saf zikri ruh sevir,
Könlündəki havacatı telə yaz.
– Ələsgərdən yazırsansa, belə yaz...

...Elə sanma hər mətləbi duyarsan,
İçib qaynar çeşməsindən doyarsan...
Sərraf olub sözü sözdən ayırsan,
Oxu, öyrən, düşün, bilə-bilə yaz,
Ələsgərdən yazırsansa, belə yaz...

…O kimdir ki, Allaha qul, bir ağa?
Bənzər sənət meydanında o dağa.
O kimdir ki, balı qatmış qaymağa?
Döndəribdir hər kəlamı lələ, yaz,
Ələsgərdən yazırsansa, belə yaz.

Hələ uşaqikən ilk şeirini Aşıq Ələsgərə həsr etmiş, hələ o zamanlarda Ulu Göyçəni bucaq-bucaq gəzmiş, təbii gözəlliklərindən zövq almış, dağ döşündən axan bulaqlarından saf su içmiş, Göyçə gölünün mavi sularında xəyala dalmış, yaylaqlarda aşıqların dastanlarına, havacatlarına qulaq asmış şair Yusif Nəğməkarın Dədənin doğulduğu, bu gün düşmən tapdağı altında doğma insanlarına həsrətdən əzab çəkən, Dədənin ruhuyla bizləri qoynuna çağıran qədim, Ulu Göyçənin, onun sadə, mərd, qürurlu insanlarının, saz-söz sənəti xiridarlarının təsviri olduqca təsirli, həyəcanlı, duyğusaldır:

Qədim Oğuz yurdum, türk elim, Göyçəm,
Şəninə min rəngli kəlmələrim var...
Qələm əyirəsi neçə sirr-düyçəm,
Neçə vurulası ilmələrim var...

Göyçə gölündəndir Göyçənin adı,
Suları gömgöydür “Gövçə dənizin”.
“Gövçə tengiz”in də mənası odu,
Göy olmuş rəngi də ilkin dan üzün...

...Zamanla uzanan sənətin halı,
Başlamış o Miskin Abdal Fəhmindən.
Göyçədə yetişən Ağ Aşıq, Alı,
Tapmış Ələsgəri Rəbbin rəhmindən!

Əsərdə dramatik səhnələr və təsvirlər diqqət çəkir. Ələsgərin sevgisi, təbiətlə harmoniyası, onun xalqın ruhuna nüfuz edən şeirlərindən ilham alınaraq yazılmış təsvirlər əsərin dramatik gərginliyini artırır.
Poemada gənc Ələsgərin poetik istedadına təkan vermiş nakam, həyatında dərin iz qoymuş, yaddan çıxmaz Səhnəbanı sevgisinin:

İlk məhəbbət Tanrıdan
Qəfil hökm-əmrlik.
Ocağı səngisə də,
Közü qalır ömürlük.

Aşıq Ələsgərin qardaşı oğlu, bənzərsiz poetik istedada malik, bədbəxt taleli, şeirlərilə qəlbləri riqqətə gətirən Növrəs İmanla söhbətinin təsviri, Dədənin onun şeirlərinə qulaq asdıqdan sonra gəldiyi qənaət də
…Bu kürlüklə sınıq telsən,
Cavan ikən ağlar dilsən.
Ərsən, ədəblisən, mərdsən,
Dəliqanlısan, qoçaqsan.
Özün özünü yandırıb
Sozalası bir ocaqsan…

duyan oxucu qəlbində kədərli duyğular, hisslər yaradan səhifələrdir. Növrəs İmanın taleyi ilə bağlı Dədə Ələsgərin görücülüyü, onun el-oba arasında dəfələrlə sınanmış vergili şəxsiyyət olmasını Yusif Nəğməkar poetik şəkildə qabarda bilmişdir.
Aşıq Ələsgər ömrü boyu öz el-obasıyla, sadə, əməksevər, mərd, qürurlu insanları ilə bir olmuş, onların sevincini və dərd-sərini bölüşmüş, onların ərənlərini, xalqına xeyirxah əməlləriylə xeyir verən, onların haqqını müdafiə edən görkəmli şəxsiyyətlərini öz şeirlərində tərənnüm etmişdir. Yusif Nəğməkar poemada onların bir çoxunun adını çəkmiş və şücaətini vəsf edərək, Ələsgər yaradıcılığında dastan şəkli almış xalq qəhrəmanı Dəli Alıya bir neçə səhifəlik poetik sətirlər həsr etmişdir:
O, qoçaq, o, qaçaqdı,
Ərdi, amalı haqdı.
Özü sıx ormanlara,
Yolu çöllərə düşüb.
Hər obada, hər eldə,
Adı dillərə düşüb.

Göyçənin Çaxırlı kəndindən olan katta Böyükağanın məkrli məqsədlə qurduğu məclisdə, el-oba arasında, aşıqların dilində cürbəcür variantlarda məşhur olan ustad və şəyirdin – Aşıq Alı ilə Ələsgərin deyişmə səhnəsini şair Yusif Nəğməkar dramatik kulminasiyaya qaldıraraq, o ağır səhnənin sonunu belə təsvir edərək

…Alı öydü Ələsgəri,
(Qısqanclıq sənətə yaddır.)
Dedi: – Mənim bu şəyirdim
Şükr, özü şah ustaddır.
O, hələ çox sənətkardan
Meydan açıb bac alacaq.
Onunla saz sənətimiz
Zirvələrə ucalacaq…

…Vəcdə gəlibən Ələsgər
Sanki bir tufan eylədi.
Üz tutub məclis əhlinə
Görəlim, o, nə söylədi:
– Canım sənə fəda, Qadiri-Sübhan!
Sənin dərgahında bax damar-damar.
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar...

hər iki Ustadın, Söz xiridarının mənəvi varlığını, insani keyfiyyətlərini onların layiq olduğu yüksəkliyə, zirvəyə qaldırmağa nail ola bilmişdir.
Dədə Ələsgər yaradıcılığı onun kainatın yaradıcısına olan sonsuz məhəbbəti, təbiətin ilahi mənaları və insanın əxlaqi, mənəvi kamilliyi üzərində qurulması zəminində “Ələsgər zirvəsi” poemasında irfani düşüncə dominant olaraq, əsər boyu qırmızı xətt kimi keçir, Aşıq Ələsgərin “Ələstüdə “bəli!” deyən ruh” kimi təsvirləri poetik fəlsəfəni ön plana çıxarır. Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi poetik bir tərzdə izah edilir.
Kim? Ələstdən “bəli!”, – deyən o bəlli,
Pak ruhuyla Qalu-bəla təməlli.
Ərki olan Şahi-Mərdan o Əli
– Ələsgərdi, Ələsgərdi, Ələsgər.


Həm irfandır, həm təsəvvüf, həm sufi,
Həm arifdir, həm maarifdir, həm şafi.
Həm hürufi, sidqi məqbul, həm kafi,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

“Vəhdəti-vücuda” ünvan alan qət,
On-on mərtəbələr, məqamlar, əlbət
– Şəriət, təriqət, mərfət, həqiqət,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Məlumdur ki, Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünəməxsus olan çoxşaxəli obrazlı, poetik təxəyyülüylə daim Həqiqət adlanan varlığın sirlərini bəşər övladına açmağa, göstərməyə səy etmişdir. Yusif Nəğməkar “Ələsgər zirvəsi” epik poemasında Aşıq Ələsgər poeziyasının bu məna dəyərini bədii, obrazlı şəkildə ifadə etməyə nail olmuşdur:
Sözlər, səslər nizamlı,
Könül səsi – Ələsgər.
Həqiqəti mizanlı,
Haqq pərdəsi – Ələsgər.


Ruhuyla təzə-tərdi,
Kəlməsi kərəm zərdi,
Mənalar əsgərlərdi,
Sərkərdəsi Ələsgər.

“Şahi-Mərdan” hikmətindən “pünhan” dərs almış Dədə Ələsgər ömrünü haqqa, ədalətə sərf etmiş, məqaləmizin epiqrafında Qul Nəsiminin söylədiklərinə rəğmən, sanki gah “göy üzünə” qalxar, oradan “aləmi” seyr edərək “müəllim”indən dərs alar, Həqiqəti anlayar, sonra “yer üzünə” enər, övliyalığı, vergili şəxsiyyəti ilə, poetik Sözünün gücüylə onun sirlərini bəşər övladına çözələyər, onları heyran qoyardı.
Müəllifin dili zəngin, poetik və axıcıdır. Obrazlar dərinliklə işlənib, təsvirlər güclü poetik vasitələrlə zənginləşdirilib. Ələsgərin təbiət sevgisi, vətənpərvərliyi və Allah eşqi müəllifin poetik üslubu ilə harmonic şəkildə uzlaşır. Şeirlərdə istifadə edilən epitetlər, bənzətmələr, təşbehlər, metaforalar və klassik irfani mətnlərdən alınan istinadlar, sitatlar əsərə dərin mənəvi qatlar əlavə edir.
Bu epik-lirik-dramatik əsərdə hər bir məqam, nüans müəllif tərəfindən ölçülüb, biçilmişdir. Nümunə üçün, əsərdə müntəzəm olaraq ayrı-ayrı monoqrafiyalardan, elmi məqalələrdən gətirilmiş istinadlar, sitatlar müəllifin Dədə Ələsgər dühasına, fenomeninə poetik baxışını bu yaradıcılığın dərinliyini, alt qatlarını açmağa yönəlmiş elmi təhlillərlə müşayiəti Dədənin hərtərəfli, ucalığına məxsus olan real obrazını yaratmaq məqsədinə yönəlmişdir. Bu mənada, poemanı yalnız bir nəzm əsəri kimi deyil, eyni zamanda Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş dərin tədqiqat işi kimi də qiymətləndirmək olar.
Aşıq Ələsgərin vətənə, təbiətə, insanlara olan sevgisi əsərin əsas mövzularından biri kimi təbiətin təsvirləri, insanın əxlaqi dəyərləri, mənəvi aləmi ilə əlaqəsi poemada çox təsirli şəkildə qələmə alınıb:

Mərdliyin, saflığın canlı timsalı,
Burda insanlar da qürur nişanlı,
Yerlər də saflığın canlı timsalı,
Yerlər də göylərtək nur kəhkəşanlı.

Dədə Ələsgər dühasıyla, fenomeniylə onun həyatı və yaradıcılığı vasitəsilə tanış olub, onun haqqında elmi, publisistik, poetik söz deyən hər bir yaradıcı insan bu sirli, sehrli, möcüzəli ümmanın dərinliklərinə tam baş vura bilmədiyindən, ona olan sevginin tükənməzliyindən bu yaradıcılığa dönə-dönə qayıtmaq məcburiyyətində qalır. Şair Yusif Nəğməkarın poemanın “Ən son ün”də, “Sonu sonsuz ün”ümün ifadəsində etdiyi etirafı da bu həqiqətin təsdiqi, sübutudur:
Tükənməyir qələmimin həvəsi,
Payızı yox hər yarpaqda xəzəlin...
Təngiməsin diləyimin nəfəsi,
Axırına çıxammıram əzəlin.


Ta Ələstdən “bəli”mizə büləndik,
Bələnmişəm ruhsal dolu sevgiyə.
Könül-könül, misra-misra ələndik,
Nöqtə qoymaq olmur ulu sevgiyə...

Zəngin milli ədəbiyyatımızın bütün dövrlərində Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir və s. kimi uca zirvələri mövcuddur. Dağlar qoynunda həyata göz açmış, böyümüş, misilsiz poetik şedevrlər yaratmış Dədə Ələsgər dünyanın ən yüksək dağ zirvələrinə bənzər, saydığımız zirvələr içərisində öz dühasına layiq, bənzərsiz, əlçatmaz poeziya zirvəsi fəth etmişdir.
İlhamı nur mələk, pəri...
Qorqud, Xətai-Şəhpəri.
Nəsimilər bərabəri,
Füzuli təni, Ələsgər.

Məhz buna görə Yusif Nəğməkarın bu əsərini “Ələsgər zirvəsi” adlandırması diqqəti cəlb edir, təqdirə layiqdir, önəmlidir. Şairin yazdığı kimi, bu möhtəşəm Dağ Zirvəsinin yalnız ətəyinə qalxmaq, çatmaq mümkündür:
Ancaq yetmək çətindir,
Bir zirvə yetəyinə.
O, Ələsgər zirvəsi
– Qalx görüm ətəyinə!

Şair Yusif Nəğməkar poemasının “Son ün”ünü Aşıq Ələsgərin Bakıda ucaldılmış heykəlinə həsr edərək, onun Qərbə tərəf yönələn bu möhtəşəm abidəsinin bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmasını nəzərə alaraq, Dədənin ruhuyla bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır:
O, sirrimiz, ofsunumuz,
Avazında süslər bizi.
Saf kökümüz, ulusumuz,
Ulu yurda səslər bizi.

Şair Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı bir çox nəzər nöqtəsindən – həm poetik, həm elmi, həm də mənəvi baxımdan çağdaş ədəbiyyatımıza, ələsgərşünaslığa töhfə olan, xüsusi əhəmiyyət kəsb edən dəyərli, yeni, sanballı bir poeziya nümunəsidir. Şair Aşıq Ələsgər həyatını və yaradıcılığını, onun zəngin çalarını öz oxucusuna poetik dillə təqdim etməklə, onu yeni poetik baxışla oxuyub təhlil edir və müasir dövrdə bu irsin aktuallığını ön plana çəkir.
Bu əsər Aşıq Ələsgər poeziyasını sevənlər, bu dühanın, poeziya fenomeninin sirlərinə maraq göstərənlər və ədəbiyyat tədqiqatçıları üçün əvəzsiz bir töhfə, ədəbi-bədii mənbədir. Əminəm, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında geniş məlumatlar və zəngin təsvirlərlə dolu olan, həm milli, həm də universal səviyyədə poeziyanın gücünü göstərən bu əsər həyatını Dədə Ələsgər yaradıcılığına həsr edən alimlərimizin, eyni zamanda Ələsgər sevdalı geniş oxucu kütləsinin dərin marağına səbəb olacaq.

Ələddin Allahverdiyev,
Professor, Moskva.


24-01-2025, 18:54
Qardaş  sözlə ifadə olunmur...

Qardaş sözlə ifadə olunmur...

Bu həyatda ən çətin şey Qardaşı söz ilə ifadə etməkdir! Bu mənada tək mənim üçün deyil, onu tanıyan hər bir insan üçün böyük dəyər sahibi , mərdlik və sədaqətli dost rəmzi olan, bu gün ömrünün 60-cı baharına qədəm qoyan əziz qardaşım, dostum, sirdaşım Namiq haqqında düşüncələrimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Çünki mənim qardaşım sözlərlə, cümlələrlə ifadə edilməyəcək qədər dəyanətli, mərd və səxavətli insan , bir sözlə, özündən böyük ürək sahibidir.
Onun haqqında saatlarla, günlərcə ürək dolusu danışsam da tükənən deyil. O, əvəzolunmaz qardaş, sədaqətli dost, nümunəvi ailə başçısı, Böyük Azərbaycan və Turan sevdalısı olmaqla yanaşı, ruhu göylərə bağlı şair və əsrarəngiz qələm sahibidir.
Əziz qardaş arzu edirəm yürüdüyün 59 il ömrünün tən ortaq nöqtəsi olsun. Həyatda sənə ilk öncə can sağlığı,doğmalarınla, dostlarınla, dəyərli övladların və nəvələrinlə xoş və mənalı ömr yaşamağı arzulayıram.
Bütün sirlərimi, sevinc və ağrı acılarımı qəlbən bölüşə biləcəyim əziz Qardaşım, sənin ürəyimdəki, həyatımdakı yerini heç nə əvəz edə bilməz. Doğum günün mübarək əziz Qardaşım!
26-10-2024, 08:41
Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə sevgi

Eldar Məmmədbəyli


Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə sevgi

Aşıq Ələsgər yaradıcılığı qaynar bir bulaqdır və bu bulağın suyundan içənlər mənən saflaşırlar və həmişə pak olurlar. Professor, kimya elmləri doktoru Eldar Məmmədbəyli də sözün həm həqiqi, həm də məcazi mənasında Aşıq Ələsgər bulağından su içənlərdəndir. Məhz ona görədir ki, onun şeir və qoşmaları qəlbləri oxşayır və bizlərə Ulu Ələsgəri bir daha xatırladır. Bu yaxınlarda Aşıq Ələsgərin yeni ucaldılan heykəlinin yanından ötərkən təsirlənib yazdığı “Qadan alım” bənzətməsi də alimin Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə olan sevgisinin təzahürüdür. Həmin bənzətməni oxucularımıza təqdim edirik:

Qadan alım

Dərdini çəkməkdən dönmüşəm daşa,
Gəl mənim dərdimi al qadan alım.
Kədərlə məhəbbət durub döş-döşə,
Qovğanı qaydaya sal qadan alım.

Şux qamətin hədəfinə düşmüşəm,
Almaz olub, sədəfinə düşmüşəm,
Ala gözün şəfəqinə düşmüşəm,
Ən dadlı şəkərsən, bal qadan alım.

Dağların döşündə çıçəklər solub,
Həm də xoş arzular diləklər solub,
Meh gətirən sərin küləklər solub,
Elə qanlı baxma gül qadan alım.

Məhəbbətin xəncər kmi, baş kəsir,
Gözəlliyin almaz kimi daş kəsir,
Ayaq donub yarpaq kimi diz əsir,
Axan göz yaşını sil qadan alım.

Boğdu məni ilan kimi siyah tel,
Xoş naz ilə zülm eylədi incə bel,
Acı sözlə əzab verdi şirin dil,
Daha dözəmmirəm bil qadan alım.

Gözəllik sultanı, məhəbbət şahı,
Gəl eyləmə belə ağır günahı,
Göylərə ucalıb şairin ahı,
Bir yanıq kərəmi çal qadan alım.

Uçub yuvasından bir tərlan gedir,
Dünyadan zavallı bir insan gedir,
Eldara bəxş olmuş bir zaman gedir,
Gəl məni son yola sal qadan alım.
8-07-2024, 10:56
"Qərbi Azərbaycana Qayıdış" çərçivəsində Kəsəmən kənd sakinlərinin həsrət görüşü


"Qərbi Azərbaycana Qayıdış" çərçivəsində Kəsəmən kənd sakinlərinin həsrət görüşü

06 iyul 2024-cü il tarixdə Qərbi Azərbaycan icmasının Basarkeçər rayonu Kəsəmən kənd sakinlərinin, xüsusən qadınlardan ibarət bir qrupunun Gədəbəy rayonunun Şirxan yaylağında görüşü keçirildi. Görüşdə kənd icra nümayəndəliyinin rəhbəri Nəvai Qurbanov, icra nümayəndəliyinin Elm və Ziyalılar şurasının sədri, fəlsəfə elmləri doktoru, birinci Qarabağ Müharibəsinin veteranı, beynəlxalq dərəcəli idman ustası Yəhya Abbasov, qadın işləri üzrə koordinator Səyyarə Məmmədli çıxış edərək "Qərbi Azərbaycana Qayıdış" proqramı çərçivəsində belə bir görüşün əhəmiyyətini vurğulamışlar.
Qeyd edək ki, bu toplantı-görüş kəndin qadın sakinlərinin istəyi ilə olsa da, kənd icma rəhbərliyinin, xüsusən Yəhya Abbasovun təşkilatçılığı və maddi dəstəyi ilə baş tutmuşdu.
Tədbirə yüksək səviyyədə aparıcılıq edən Mehriban xanım Abbasova Kəsəmən kəndinin tarixi, ağsaqqalları, ziyalıları, Vətən şəhidləri, Vətən Müharibəsi qəhrəmanları haqqında ətraflı məlumat vermişdi. Bakı, Gəncə, Şəmkir, Daşkəsən, Göygöl, Tovuz rayonlarında məskunlaşan Kəsəmən kənd əhalisinin bir qrupunun iştirakı ilə keçirilən tədbirdə.əsas məsələ doğma Göyçə mahalına, öz dədə-baba torpaqlarına - Kəsəmən kəndinə qayıtmaq arzusu idi.
Tədbirdə Kəsəmən kəndinin xanımları öz adətimizə uyuğun olaraq dadlı- ləziz şirniyyətlərmizdən, qovud-qorğamızdan, əydək-fəsəli təamlarından da gətirməyi unutmamışdılar.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor Kəsəmən kənd sakini Almaz Ülvi Binnətova iştirak və çıxış edərək Kəsəmən kənd icmasının fəaliyyətinə uğurlar arzulamışdır.
Vətən ətirli şeir və musiqi ilə müşayiət olunan bu görüş yüksək əhval-ruhiyyə ilə başa çatmışdır və hər kəsin bir arzu ilə ayrılmışdır: doğma kəndə - Göyçə mahalının Kəsəmən kəndinə qayıtmaq.
Bu həsrət görüşün sonunda Kəsəmən kənd sakini, yazıçı-publisist Almaz Ülvi Binnətova müəllifi olduğu "Göyçə mahalı - Kəsəmən kəndi: bir kəndin tarixindən səhifələr" və "Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri" adlı kitablarını kənd sakinlərinə hədiyyə etmişdir.
Butov.az

27-11-2023, 07:03
Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edib


Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edib

Dərələyəz icması xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edibNaxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edən Dərələyəz icmasının üzvləri Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət ediblər.
Bu barədə Dərələz icmasının sədr müavini Möhübbət Səmədoğlu məlumat verib. O, bildirib ki, icma rəhbəri professor Mahirə Nağıqızının təşəbüsü ilə Naxçıvanda səfərdə olan Dərləyəz İcmasının üzvüvələri 25 noyabr 2023-cü il tarixində Naxçıvan şəhər qəbristanlığında uyuyan Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət ediblər. Məzarın önündə çıxış edən professor Mahirə Nağıqızı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi onu göstəriki biz qəhrəman xalqıq. Bu qəhrəmanlıq tarixi şura əsaslanır. Odur ki biz tariximizi yaxşı öyrənməliyik.
Sonra professor Mahirə Nağıqız 1918-1920-ci illər erməni-müsəlman qırğınlarına toxunar bu dövrü Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrü adlandırmışdır.Professor M.Nağıqızı:” Bir tərəfdən Andoluda erməni dövləti yaratmaq istəyən qüvvələrin xülyaları boşa çıxmışdı. Digər tərəfdən isə Çar Rusiyası süquta uğarmışdır. Fürsətdən istifadə edən ermənilər Qafqaz Hərbi dairəsindəki silahları ələ keçirmiş, Osmanlıda qırğınlar törədən Andranik Ozanyana saxta general rütbəsi verilmişdi. Belə bir şəraitdə Azərbaycan öz müstəqilliyini elan etmişdir. Andarnik Ozanyanın hərbi dəstləri Anadoludan Azərbaycan ərazisinə daxil olaraq silahsız mülki əhaliyə qarşı kütləvi qətllər həyata keçirirdi.

Belə bir şəaritdə məhz Xalq Qəgrəmanı Balo bəy Vəkilov Çivə özünümüdafiə taborunu yaradaraq Şərur-Dərələyəz qəzasında Andarnikin qoşunlarına qarşı milli mücadiləni təşkil etmişdir.Təsadüfi deyil ki, ermənilər nə qədər mübarizə aparsalarda Çivə kəndini aylarla mühasirədə saxlasalarda kəndi təslim edə bilməyiblər. Belə qəhrəmanlar unudulmamalıdır. Keçmişinə sahib çıxmayanın gələcəyi olmaz deyib atalar. Balo bəy Vəkilov kimi qəhrəmanlarımızın ehtiramını saxlamaq hər birimizin borcudur”.
M.Nağıqızı tarixçi alim Əli Əliyevin xatirələrində Balo bəy Vəkilov haqqında yazılanların maraqlı bir mənbə olduğunu da söylədi. Sonra o, Balo bəy Vəkilovun irsinin tədqiq edilməsi onun haqqında ayrıca kitabın yazılması, səndli filimin çəkilməsinin zəruriliyini vurğuladı. M.Nağıqızı onu da qeyd etdi ki, Balo bəy Vəkilov haqqında onu görən tanıyan şəxslərin şəxsi xatirlərini də toplamaq olduqca vacibdir və bu işləri təxirə salınmadan həyata keçirmək lazımıdr.

Sonra Balo bəy Vəkilovun oğlu görkəmli dövlət xadimi Tofiq Vəkilovun da məzarı ziyarət edilmişdir.
Qeyd edək professor Mahirə Nağıqızı ilə bərabər Dərələyəz icmasının üzvləri Möhübbət Səmədoğlu, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, həkim Mehparə Calalova, hüquqşünas Səməd Vəkilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, filologiya elmləri doktoru Könül Səmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə və digər qonaqlar Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rövşən Vəkilov, müsəssisənin əməkdaşı Ülvi Əsgərov, Şərur rayonu Dan Yeri kədinin sakini müharibə veteranı Tofiq Calalov, kənd sakini Yusif Yusifli də iştirak ediblər.
Tədbirin sonunda hüquqşünas Səməd Vəkilov Dərləyəz icmasının rəhbəri professor Mahirə Nağıqızına vəkilovlar ailəsi adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş vəkilovlar nəslinin nümayəndəsi Xalq qəhərmanı Balo bəy Cəlil bəy oğlu Vəkilov 1898-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub.İlk təhsilini mədrəsədə alıb.

Uşaq yaşlarında (1905-1907) erməni-müsəlman qırğınlarının şahidi olmuşdur. 1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy, Paşa bəy vəkilovlar və kəndin qəhrəman əhalisidə şücaətlə iştirak edirlər.
Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq kəndin camaatı igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Bir müddətdən sonra Naxçıvan və Qərbi Azərbaycanın əhalisi kütləvi şəkildə öz doğma yurdlarını tərk edərək İran ərazisinə keçmək zorunda qalırlar. Həmin vaxtı Balo bəyin rəhbərlik etdiyi Çivə müdafiəçiləri də İrana keçməli olurlar. İrandan geri qayıtdıqdan sonra Balo bəy Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür.
Məhəmməd Əmin Rəsulzadə öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə Balo bəy və müdafiəçilər özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər Balo bəy və Abbasqulu bəy Şadlinskinin başına mükafat təyin edirlər. Lakin yenə də bu igidləri öldürmək azğın düşmənə qismət olmur.
30-cu illərin ağır repressiyalarında Balo bəyin də adı repressiya olunanların siyahısına salınır. Lakin Balo bəyə olan xalq sevgisi onun gizlənməklə repressiyadan xilas olmasına kömək edir. Lakin Naxçıvanda olan vəzifəli ermənilərə Balo bəyin sağ qalması ağır gəlirdi. Böyük Vətən müharibəsi başlayanda ermənilər Balo bəyi müharibəyə göndərməyə cəhd etsələr də onun yaşının çoxluğu ermənilərin murdar niyyətini həyata keçirməyə mane olur.

1943-cü ildə Balo bəy Naxçıvanda dükanda satıcı işləyir. Balo bəy burada da ermənilərin hiyləsindən xilas ola bilmir. Ermənilərin şahidlik ilə Balo bəyi guya ticarətdə etdiyi saxtakarlığa görə həbsinə nail olurlar. Məhkəmə hətta Balo bəy haqqında ölüm hökmü çıxarır (gələcəkdə oxucuları məhkəmə sənədləri ilə tanış edəcəyik), lakin hökm icra edilmir. Balo bəy iki il həbsdə olur. Sonra isə Naxçıvan MR Nazirlər Sovetində işləyən əmisi oğlu İlyas Vəkilovun köməyi ilə həbsdən azad olur. Ömrünün sonuna qədər Naxçıvan şəhərində yaşayan Balo bəy Vəkilov 1982-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər məzarlığında dəfn edilmişdir.
18-09-2023, 21:05
Mücahid- İsmayıl bəy kimdir?


Mücahid- İsmayıl bəy kimdir?

1918-1920-ci illərdə Şərur-Dərləyəz qəzasında Andranikin qoşunlarına qarşı təşkil olunmuş Çivə taborunun əsas fəallarından biri olan İsmayıl bəy Vəkilov 1900-cü ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub. Xalq qəhrəmanı Balo bəy Vəkilovun qardaşı olan Vəkilov ilk təhsilini Çivə kəndində Şah Abbas Mədrəsəsində alıb. Kiçik yaşlarından 1905/1907-ci illər qırğının şahidi olub. 1918-ci ildə Andarnikin qoşunları Naxçıvan-İrəvan ərazilərində qırğınlar törədərkən Xalq Qəhrəmanı Balo bəy Vəkilovun başçılığı ilə yaradılan Çivə taborunun əsas fəallarından olub. Ermənilərlə döyüşdə Balo bəy Vəkilovun ən yaxın silahdaşlarından biri kimi iştirak edib.
1918/1920-ci illərdə müvəqqəti olaraq Balo bəy Vəkilovun dəstəsi ilə birlikdə İrana keçmək məcburiyyətində qalıb. Tarixçi alim Əli Əliyev bu hadisələrin canlı şahidi olmuş özünün “Biz əzablı bir ömür yaşadıq” və “Əlincə yaddaşı” kitablarında Çivə müdafiəçilərinin İrana keçməklərini təsvir edib. İranda ağır məhrumiyyətlər yaşayıblar. Çivə müdafiəçiləri geri qayıtdıqdan sonra Balo bəy Vəkilovun qızı mərhum Küşvər xanım Vəkilovanın atasına istinadən söylədiklərinə görə Balo bəy Vəkilov Azərbaycan Milli Hökumətinin başçısı Məmmədəmin Rəsulzadə ilə görüşüb, Rəsulzadə yenidən geriyə öz kəndlərinə qayıtmağı məsləhət görüb. Bundan sonra Çivə əhalisi yenidən öz yurd-yuvalarına qayıdıb.
Sovet Hakimiyyəti qurulduqdan sonra Balo bəy və qardaşı İsmayıl bəy Vəkilov kəndi tərk etmək məcburiyyətində qalıblar. Sonra Naxçıvan ətrafında bir müddət Cəhri kəndində yaşayıblar. İsmayıl bəy Vəkilov bir müddət Cəhri kəndində müəllimlliklə məşğul olub. Sonra hər iki qardaş Naxçıvan şəhərinə məskunlaşıblar. İsmayıl bəy Vəkilov Əliabad kəndində uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olub. Qardaşı Balo bəy ermənilər tərəfindən şərlənərək tutulub. Ailəsi azyaşlı uşaqları Tofiq bəy və Küşvər xanım bir müddət əmiləri İsmayıl bəyin himayəsində qalıb. İsmayıl bəyin müəllimlik fəaliyyəti Qırmızı Əmək bayrağı ordeni ilə mukafatlandırılıb.
İsmayıl bəy Vəkilov 1980-ci ildə Naxçıvan şəhərində dünyasını dəyişib və şəhər qəbiristanlığında dəfn edilib.

Səməd Vəkilov
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!