Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
Bu gün, 10:28
Ağsaqqallar ehtiramla yad edilir


Ağsaqqallar ehtiramla yad edilir

Bu günlərdə Qafan Rayon İcmasının bir qrup fəalı Zəngəzur mahalının Dovrus kəndində dünyaya göz açan qocaman müəllim, 94 yaşlı Həsən Abışova baş çəkib, hal-əhval tutub. Həsən müəllimin evində, şirin süfrə arxasında keçirilən görüşdə Qafan Rayon İcmasının nümayəndəsi, şair Seyfulla Abbasov İcma rəhbərinin salamını şatdırıb. Həsən müəllimə xitabən bildirib ki, Qafan camaatının maariflənməsində, təhsil almasında və ictimai fəliyyətlə cəmiyyətdə tutduqları mövqenin qazanılmasında müstəsna xidmətlərinizi nəzərə alaraq Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun tapşırığı ilə biz Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov və Afiq müəllimlə birlikdə sizi təbrik eləməyə gəlmişik.

Seyfulla Abbasov İcma rəhbərinin məktubunu oxuduqdan sonra Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov icma adından Həsən Abışova verilmiş Fəxri Fərmanı sahibinə təqdim eləyib. Sonra eloğlular bir-biri ilə daha yaxından tanış olublar. Xatirələr çözələnib. Qürbətləşən ellərimizdən, o yerlərdə keçən günlərdən söhbət açılıb. Həsən müəllimin gənclərimizə örnək ömür səhifələri varaqlanıb:

Abışov Həsən Həşim oğlu 10 may 1931-ci ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Dovrus kəndində anadan olub.
1938-ci ildə Dovrus kənd məktəbinin birinci sinfinə gedib, 1944-cü ildə yeddinci sinfi bitirib. 1945-1946-cı ildə kolxozda işləyib. 1946-cı ildən Şəhərcik qəsəbəsində səkkizinci sinfə qəbul edilib və 1948-1949-cu ildə orta məktəbi bitirib. 1949-1950-ci illərdə Bayıl adasında neft sahəsində işləyib. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Qubadlı rayonu Alıquluuşağı məktəbində müəllim, 1956-cı ildən 1959-cu ilə qədər Qubadlı rayon partiya komitəsinin qərarı ilə “Avanqard” qəzetində məhsul katib vəzifəsində çalışıb.
1959-1968-ci illərdə Məmmədli və Göyərçik kənd məktəblərində müəllim işləyib.
1968-ci il sentyabr ayında ailəliklə birlikdə Qafan rayonunun Dovrus kəndinə qayıdıb. 1968-1974-cü illərdə Oxtar kənd məktəbində, 1975-1988-ci illərdə Dovrus kənd məktəbində müəllim işləyib.

1988-ci il Qarabağ hadisələri ilə erməni faşistlərinin təzyiqi altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb. Elə o vaxtdan Bakı şəhərinə gələrək, 1989-1991-ci illərdə A. Vəliyev adına 258 nömrəli tam orta məktəbdə işləyib.
Həsən Abışov 1968-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Maarif nazirliyinin qərarı ilə “Baş müəllim” adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, rayon təhsil şöbəsinin Fəxri fərmanları ilə təltif edilib.
Müstəqil Azərbaycan Respublikasının I Müəllimlər qurultayının, Azərbaycan ziyalılarının I qurultayının iştirakçısı olub.
Hazırda təqaüddədir, 5 övladı, 10 nəvəsi və 5 nəticəsi var.

Ömrünün qürub çağlarını övladları, nəvə-nəticələrilə keçirən Həsən müəllim ellilərinin gəlişindən, unudulmamasından xeyli xoşhal olub. İcma rəhbərinə və zəhmət çəkib görüşünə gələnlərə minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkdirərək Qafanda görüşmək ümidilə ayrılıblar.

“Bütöv Azərbaycan” qəzetinin Zəngəzur bürosu
2-07-2025, 17:16
Növbəti layihəmizə start verildi


Növbəti layihəmizə start verildi

İyulun 1-dən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycanlı repressiya, soyqırımı qurbanlarının tədqiqi” layihəsinin icrasına başlanıb.
Layihənin əsas məqsədi Qərbi Azərbaycanda soydaşlarımızın 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1992-ci illərdə ermənilər tərəfindən kütləvi terror və qanlı soyqırımlarına məruz qoyulmasının, talan edilmiş maddi mədəniyyət abidələrimizin, sənət incilərimizin, minlərlə toponimlərimizin tədqiq və təbliği, Qərbi Azərbaycana qayıdışın təşviqidir.
Layihənin icrasının Bakı şəhərində, Abşeron, Zəngilan və Cəbrayıl rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. 1992-ci ildə Zəngilanda Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan, nəşi 44 günlük Zəfərimizdən sonra tapılan Qərbi azərbaycanlı Müşfiqin məzarını ziyarət etmək, Xudafərində Qərbi Azərbaycanlı yazıçı-ziyalılarla yurda qayıdışımızın, təhlükəsizliyimizin əsas təminatçısı olan əsgərlərin görüşü təşkil ediləcək.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti
16-06-2025, 06:59
DİRİLİ QURBANİ YARADICILIĞNDA QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ


DİRİLİ QURBANİ YARADICILIĞNDA
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ

Dirili Qurbani XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olub, ozan-aşıq keçidində bu sənətin banisidir. Onun şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrin izlərinə rast gəlinir. Bu, əsasən fonetik, leksik və qrammatik xüsusiyyətlərdə özünü göstərir. Konkret desək, Qurbaninin əsərlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinə aid bəzi fonetik xüsusiyyətlər müşahidə edilir. Əminliklə deyə bilərik ki, Dirili Qurbaninin şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinin təsiri açıq-aşkar hiss olunur. Onun yaradıcılığında rastlaşdığımız fonetik, leksik və qrammatik xüsusiyyətlər həmin bölgələrin dil xüsusiyyətlərini əks etdirir. Şeirlərindəki şivə elementləri aşıq ədəbiyyatında xalq dilinin necə qorunduğunu və inkişaf etdiyini göstərən dəyərli nümunələrdir. Tədqiqatlarda Qurbaninin poeziyasına Qarabağ mühitində bir sıra şivə xüsusiyyətlərinin əlavə olunduğu qeyd edilir. “Nobat gəldi mana yetdi. Günüz səbrü qəralımı, gecə yuxum kəsən dilbər! Vəzir sana qarğayıram. Mana ola etibarın istərəm və s”. Bunların bir qismi dastançı aşıqların şivə xüsusyyətindən irəli gələ bilməsi fikirlərinin olduğu qeyd olunmalıdır. Professor Qəzənfər Kazımova (1996) görə, “Qapına gəlmişəm, sayılam, sayıl. Haq verən paylara olmuşam qayıl – kimi misralarda sayıl, qayıl sözləri müəllif tərəfindən sail, qail şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Şairin qoşma və gəraylılarında bu gün canlı danışıq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış –dır şəxs şəkilçisinin qısa forması (-dı) və mənsubiyyət şəkilçili sözün təsirlik hal şəkilçisiz formalaşma halları işlək formalar kimi diqqəti cəlb edir. Adətdi dərəllər yaz bənövşəni, Ayrılıqmı çəkib, boynu əyridi? Mənim dərdim ara tez-tez, haq diləyin yetirməsin və s. Bülbül ayrılığı sitəmdi gülə, Gülabatın naxış süsən sünbülə... (Kazımov, 1996)
Dirili Qurbaninin şeirlərində bəzi sözlər məhz Qarabağ və Şərqi Zəngəzur dialektlərinə məxsusdur:
“dağaşanı” – sərt, inadkar
“heş” – heç
“dədə” – ata mənasında deyil, həm də böyük, ağsaqqal anlamında işlənir.
Qarabağ və Şərqi Zəngəzur şivələrində “dır” şəkilçisi “dı”, “du”, “dü” formasında işlənir:
“yaxşıdır”əvəzinə “yaxşıdı”, “düzdür” əvəzinə “düzdü” və s.


Bəzi tədqiqatlarda Qurbaninin ədəbi dilində Qaradağ şivəsinə aid söz və ifadələrin olduğunu da qeyd etmək lazımdır. Onun şeirləri sadə xalq danışığına əsaslandığı üçün burada müxtəlif bölgə şivələrinin təsiri olduğunu da unutmamalıyıq. Qaradağ şivələri də bura daxildir. Xüsusən aşıq üslübunda işlədilən qoşma və gəraylılar bu təsirin ən çox nəzərə çarpdığı yanrladır. Yalnız Şimali Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, xüsusən Qaradağ bölgəsində geniş yayılmış dialektik ifadələr Qarabağ və Şərqi Anadolu bölgələrinin ləhcə və şivə züsusiyyətləri ilə yanaşı, Güney Azərbaycan, xüsusən də Qaradağ şivələrinin izlərinə də rast gəlinir. Aşıq-şairin əlimizdə olan bəzi əsərləri əsasında apardığımız araşdırmalar maraqlı məluamatlar ortaya qoyur. “Dolana–dolana” (s.37) şeirində NOBAT (növbə)
Nobat gəldi mana yetdi
Saqi dolana-dolana.

“Pərim gəlsin” (s.40) şeirində YALAV (alov),

Əyninə geyib qırmızı,
Yalav kimi yanır üzü...


Yenə orada, “Dilbər” şeirində SƏBRÜ-QƏRALIMI (səbrü-qərarimi),
İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Günüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər.

“Qızların” (s.50) şeirində ADNA AXŞAMI (cümə axşamı, 4-cü gün). BƏLGƏ qoymaq (nişan qoyma, nişanlamaq).
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.

“Gedirəm” (s.53) şeirində CƏLAY-VƏTƏN (vətəndən ayri düşmək, dərbədər olmaq)
Nə müdətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.

“Deyərsən” (s.56) şeirində XAYIN (xain)

Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını.

“Bu qızın” (s.58, 59) şeirində LALA (lalə)

Ləblər mirvarıdı, incidir dəndan,
Al yanağı əlvan lala bu qızın.

“Gətiri” (s.59) şeirində İRƏNGİN (rəngin) və LALA (lalə)

Başına döndüyüm vəfalı dilbər,
İrəngin dağlardan lala gətiri.

“Saqinin” (s.59) şeirində QARA BAĞRIM (qara çiyərim) və ÇATILI (çatılmaq, bir-birinə sarılmaq mənasında)

Ay ilə gün bir-birinə çatılı,
Sevdiciyim yağnan bala qatılı,
Doğram-doğram olub közə tutulu,
Qara bağrım bıçağında saqinin.


“Ras gəldim” şeirində (s.60) RAS (rast gəlmək, rastlaşmaq)

Pərinin bağında seyran eylədin,
Almalı, heyvalı yaza ras gəldim.

“Ayrı” (s.78) şeirində KİMSƏNƏM (bir kimsəm)

Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

“Mənim” (s.76) şeirində MƏTAH, MATAH (qiymətli, əziz)

Sərim təvəlladır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətah mənim.

“Dönübdü” (s.77) şeirində BƏDƏSİL (əsli olmayan)

Bədəsilin eşidən tək sözlərin,
Yəqin etdim, ömrüm zayə dönübdü.

“Dolanım” (s.83) şeirində ARIX (arıq)

Qarı nənə, sən bir arıx dəvəsən.
Qanqal gərək, xırda-xırda gəvə sən

“İmdi” (s.84) şeirində UMSUX (umsuq, ümidin boşa çıxması )

Umsux etdin məni, qoydun avara,
Dedim bir şir, aslandır imdi.

“Mənim” (s.90) şeirində İRƏNG (rəng)
Ha elədim, əlim yara yetmədi,
Günbəgün irəngim saralar mənim!


“Dedim” şeirində (s.94) TUŞUNDA (tuşu, yönü, tərəfində, üzbəüz mənasında)

Oturmuşdum Təktüklünün başında,
Ocaq qırağında, pirin tuşunda.

Yara üz (s.98) şeirində NAGÜMAN (gümanı çatmayan, ümidsiz)

Nagümanam mən bur dərddən sağalam,
Təbib birdi, dərd min birdi, yara yüz.

“Ay əsər indi” (s.99) şeirində ZAİL (zay olmaq) LƏMYESİR

Ağlım zail oldu, halım didərgin,
Nə ki var əndamım ay əsər indi.


“Qaldı” (Dədə Yediyarla I deyişmə, s.107 ) şeirində LƏMYESİR (yetim, kimsəz)

De kimə can gəldi, qələm çalındı,
Neçə min il dünya ləmyesir qaldı

Bayatıların (s.118) birində AVLAR (ovlayar) və ZƏRDABLAR (ilan vurduqdan sonra zəhərin bədənə yayılması mənasında), yaxud XALXA (burada xalqa mənasında işlədilib). Xalxa şəms etmək (camaata, el-obya şəms etmək, bəyan etmək, bildirmək anlamında. Yeri gəlmişkən, el arasında bəzi məsələləri, hadisələri çılğınlıqla çatdırmaq, bəyan etmək, hayküylə bildirmək yaxşı hal sayılmayıb. Ona görə də aşıq deyir ki, günəş kimi, şəms kimi mənim dərdimi aydınlatma, problemimi car eləmə. Qoy, öz dərdimi özüm çəkim.)

Pərim bağda gül avlar
Sərim bağda gül avlar.
Qurbanı vurub təlxələr,
Canın alıb zərdablar.


Yaxud

Vurubdu təlxə məni,
Şəms etmə xalxa məni.
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.

Burada xalxa şəms etmək

Göründüyü kimi, biz burada bəzi ifadə və anlayışların, sözlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün də işləndiyinin şahidi oluruq. Belə nəticəyə gəlirik ki, Dirili Qurbani bu ifadələri saxlamaqla özünün kimliyi və arxaik sözlərin haradan qaynaqlandığı fikrini ortaya qoymuş olur.

Mahmudov Yusif Məhəmməd oğlu
tarix üzrə fəlsəfə doktoru,
ətraf mühit üzrə tədqiqatçı
Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının müəllimi







3-06-2025, 14:11
ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB[

ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB

Əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Zeynallı Şəfaqət Polşanın Pulavi Şəhərində keçirilən 10-cu Dünya çempionatında böyük uğura imza atıb. O, bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülüb və kürsünün ən yüksək pilləsində yer alaraq bayrağımızı qaldırıb, himnimizi səsləndirib, qızıl medalla təltif olunub.
Bu münasibətlə Sumqayıt şəhərində dünya çempionunun ailəsi tərəfindən keçirilən tədbirdə Qarakilsə rayonunun Şəki kənd İcmasının nümayəndələri – Şəki kənd İcmasının sədri Azadə Novruzova, icma üzvləri Ələkbər Həziyev, Yamən Novruzov, Gülçöhrə Kərimova, Finarə Nurullayeva da iştirak edib. Şəki kənd İcmasının sədri Azadə Novruzova tədbirdə çıxış edərək Dünya çempionu Şəfaqət Zeynallıya və onun ailəsinə, müəllimlərinə, məşqçilərinə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, MM-in deputatı Əziz Ələkbərovun təbrikini çatdırıb. Azadə Novruzova çıxışında eyni zamanda, ölkəmizdə idmanın inkişafına Prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi dövlət qayğısından, idmançılar üçün yaradılan geniş imkanlardan bəhs edib. Şəki kənd İcması tərəfindən qalibə gül dəstəsi, hədiyyə təqdim edilib.
Qeyd edək ki, Şəfaqət şəhid nəvəsidir. Zeynalov Mürsəl Əyyub oğlu 1993-cü ildə Vətənin düşməndən müdafiəsi zamanı şəhid olub. Atası Zeynalov Elbrus Füzuli şəhərindən, anası Hacıyeva Rəfiqə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindəndir. Şəfaqət isə 22 mart, 2008-ci ildə Beyləqan şəhərində anadan olub.

Şəfaqət 2014-cü ildə ibtidai təhsilinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə başlayıb, 2019-cu ildə Füzuli rayon 40 nömrəli ümumi orta məktəbdə davam etdirib. 2022-ci ildə 14 yaşında karatedə ilk addımını ataraq, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev adına klubun tərkibində məşqə başlayıb. Şəhid Kərəm Mirzəyev adına karate klubunun rəhbəri Aqil Soltanov, şəxsi məşqçisi Səfərov Cahid Mübarək oğludur. Şəfaqət Zeynallı 2022 və 2024-cü illərdə Ənənəvi Karate üslübu Fudokan üzrə Respublika çempionu olub. O, nümayəndə heyətinin tərkibində 06 may, 2025-ci il tarixində Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu Dünya çempionatında iştirak etmək üçün Polşanın Pulavi şəhərinə yola düşüb. Milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndəsi Vüsal Abdullazadə rəhbərlik edib. Zeynallı Şəfaqət 09 may 2025-ci il tarixində bütün rəqiblərini məğlub edərək, Dünya Çempionu adına layiq görülüb. Qeyd edək ki, Milli Komandanın Baş Məşqçisi Bəşir Mahmudov olub.

Finala çıxışda - yarım final döyüşündə 3:5 hesabı ilə Serbiyalı rəqibindən geridə qalan idmançımız döyüşün bitməsinə 9 saniyə qalmış hücuma keçib və ippon yəni 3 xallıq zərbə endirib. Lakin Serbiyalı hakim öz idmançısının tərəfin saxlayıb, xalı döyüş bitəndən sonra keçirtdiyini qeyd edib. Bu qərarla razılaşmayan Baş məşqçi Bəşir Mahmudov hakimlərə video qeydlərini göstərib və öz etirazını bildirib. Bir müddət müzakirədən sonra hakimlər idmançımıza xalı və qələbəni veriblər. İdmançımız finala yüksəlib və Qələbə qazanıb.
Dünya çempionu Şəfaqət Zeynallını bu yüksək nailiyyəti münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.



23-05-2025, 21:28
Qocaman müəllimlərin yubileyləri keçirilib


Qocaman müəllimlərin yubileyləri keçirilib

Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Şabadın kənd icmasının fəalları həmkəndliləri Rüstəm Əfəndiyevin məskunlaşdığı Şabran rayonuna gedərək onun 80 illik yubileyini keçiriblər. Şabadın kənd icma rəhbəri Əbülfəz Ağayevin təşkilatçılığı ilə rayonun Təzəkənd kəndində keçirilən tədbirdə yubilyara Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun adından Fəxri Fərman verilib.

Rüstəm İsmayıl oğlu Əfəndiyev Qafan rayon icmasının təşkilatlanmasındakı səmərəli fəaliyyətinə və Qərbi Azərbaycanla əlaqədar həqiqətlərinin ictimaiyyətə çatdırılmasındakı əvəzsiz xidmətlərinə görə təltif olunub. Tədbirə qatılan həmyerliləri Zöhrab Hüseynov, Hacı Abdullayev, Kərim Səfərov, Tahir Mehdiyev, Vahid Şəkərov, L. Əhmədov, Nurəli Ağakişiyev, Məhəmməd Əliyev, Tofiq Ağayev, Famil Nuriyev, Qüdrət Əhmədov və başqaları Rüstəm müəllimlə bağlı xatirələrini danışıblar, ona ən xoş arzularını bildiriblər.

Qeyd ediblər ki, Əfəndiyev Rüstəm İsmayıl oğlu Qafan rayonunun Dovrus kəndində gənc ikən (27-29 yaşlarında) məktəb direktoru vəzifəsində çalışıb. Daha sonra Şabadın kənd orta məktəbində kimya müəllimi, director müavini vəzifəsində işləyib. 1988 -ci ildə erməni faşistlərinin zorakılığı nəticəsində ata ocağından ayrı düşüb. Şabran rayonuna gələrək Təzəkənddə müəllimlik fəaliyyətini davam etdirib.
Beləcə uzun ayrılıqdan sonra görüşən kənd camaatı bir-birilə hal-əhval tutub dərdləşiblər. Kənd icması adından yubilyara hədiyyə də verilib.


Şabadın kənd icmasının rəhbəri Əbülfəz Ağayevin təşkilatçılığı ilə daha bir yubiley tədbiri Bakı Şəhərində keçirilib. Yuxarıda qeyd olunan həmkəndliləri bu dəfə Təhməz müəllimin işığına yığışıblar. Qeyd edək ki, Şıxiyev Təhməz Firid oğlu da Zəngəzur mahalının Qafan rayonunda doğulub. Uzun illər Şabadin kənd orta məktəbində rus dili müəllimi işləyib. Erməni-rus faşist birləşmələrinin təzyiqi onu da dogma yurdundan ayrı salıb. O dövrə qədər Təhməz Şıxiyev həmin məktəbin direktoru vəzifəsində çalışıb.

1988-ci ildə Azərbaycana pənah gətirən Təhməz müəllim əmək pensiyasına çıxana kimi Bakıda şəhərində müəllim işləyirb.
75 illik yubileyi münasibətilə Təhməz Şıxiyevi təbrik edən icma fəalları xalça üzərində toxunmuş portretini özünə təqdim ediblər.
Hər iki yubilyar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib. Birlikdə xatirə şəkli çəkdiriblər.

21-05-2025, 19:38
Zəngəzur çiçəyi yubiley işığında

Zəngəzur çiçəyi yubiley işığında

Bu gün Zəngəzur mahalının sevimlisi Kifayət Həsənovanın yubiley-doğum günüdür. Kifayət xanımı təbrik etmək istəyənlərin sayı elə özünün adı qədərdi. Amma biz dostların ürək sözlərindən əvvəl onun özünü oxucularımıza təqdim etmək istədik:
Kifayət Şükür qızı Həsənova 21 May 1955-ci il tarixdə öz gözəl təbiəti, mərd, səxafətli övladları, hər evdə açıq süfrələrilə seçilən Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. 1970-ci ildə Oxtar kənd 8 illik məktəbini bitirib. 1970-1971-ci tədris ilində 9-cu sinfi qonşu Şəhərcik kəndində oxuyb. 1971-1972-ci tədris ilində Bakı şəhərinə gələrək təhsilini Sabunçu ( o vaxtkı Lenin) rayonundakı 80 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək BDU-nun Geoloji-coğrafiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti qurtaran Kifayət xanım Lenin adına Neft və Qazçıxarma idarəsində geoloq vəzifəsinə təyin edilib. 1990-cı ilin sentyabrında öz xahişi ilə geoloq vəzifəsindən ayrılaraq Bakı Şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə coğrafiya müəllimi vəzifəsinə qəbul edilib. 1996-2021-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.

Məktəbdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatını yaradan Kifayət müəllim, təqaüdə çıxana qədər, məktəb üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini icra edib. Dəfələrlə BŞTİ-nin və Binəqədi rayon YAP-ın Fəxri Fərmanları və Diplomları ilə təltif olunub. O, bir neçə il ardıcıl BŞTİ-nin keçirdiyi “Pedaqoji Mühazirələr” müsabiqəsinin qalibi olub, 1-ci və 2-ci yerləri tutub. Şagirdlərinin müntəzəm olaraq şəhər və respublika olimpiadalarında I, II yerləri tutduqlarına görə, Əmək kitabçasına yazılmaqla BŞTİ-nin diplomu ilə təltif olunub. Onun şagirdlərinin sorağı dünyanın və Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından gəlir. Hazırda çalışmanın yaş həddinə görə təqaüddə olan Kifayət müəllim Nərimanov-Nizami-Binəqədi 18 saylı DSK 28 saylı Məntəqə SK-nın sədri kimi əmək fəaliyyətini davam etdirir. 9-10 noyabr 2001-ci il tarixində keçirilən Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısıdır.
Kifayət müəllm, 1979-cu ildə, əslən Qafan rayonunun Gomaran kəndindən olan, 1951-ci ildə ailəsi ilə bərabər deportasiya olunmuş
Fəda Əhməd oğlu Həsənovla ailə qurub. Bu nigahdan 2 övladları dünyaya gəlib. 6 nəvələri var. Təəssüf ki, həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişib.
Kifayət müəllimin ana kimi də, müəllim kimi də zəhməti hədər getməyib. Beləki qızı, Azərbaycan Tibb Universitetinin məzunu, Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru Könül Hüseynquliyeva da nənəsinin və anasının seçdiyi peşəni davam etdirir. ATU-nun Əczaçılıq toksikologiya və kimya kafedrasının baş müəllimidir. 2 ixtira, 4 dərs vəsaiti daxil olmaqla 40-dan artıq elmi əsərin müəllifidir. Oğlu Fuad Həsənli Bakı Şəhər İH-də çalışır. Nəvələri BDU-nun hüquq, beynəlxalq münasibətlər fakültələrində, Polis Akademiyasında, biri isə UNEC-də magistr pilləsi üzrə (BDU-nun məzunu) təhsil alır. Digər iki nəvəsi isə məktəblidir.
Övladlar nəvələr onu baş tacı bilir. Bunu biz demirik Könül Hüseynquliyeva deyir: “Başımızın tacı, Nurüzlü anamız, Allah səni var eləsin, Tanrıya həmd olsun ki, bu özəl və gözəl gündə bizimləsən, yanımızdasan. Allah həmişə sevdiyi insanları imtahan edər. Bu da bizim imtahanımız... 6 ay öncə biz bu günu təsəvvür belə etmirdik. Amma indi sənin 70 illik yubileyini qeyd edirik. Belə çətin gündə bizə dəstək olan hər bir kəsə- qohum-əqrəbaya, dost-tanışa, xüsusilə də Milli Onkoloji Mərkəzin tibbi personalına öz dərin təşəkkürümüzu bildiririk.

Canım anam, Allah səni bizə çox görməsin və səni üstümüzdən əskik etməsin! Yeni yaşın sənə sağlıq, hüzur və xoşbəxtlik gətirsin inşallah!”
Bu gün Kifayət xanımı yubileyi münasibətilə təkcə doğmaları, qızı, nəvələri təbrik etmir. Onu ictimai fəallığına görə yaxşı tanıyan Qafan rayon ictimaiyyətinin əksər nümayəndələri təbrik edir. Həmkarı Məryəm Gəncəliyevanın ürək sözləri Kifayət xanım haqqında daha aydın təsəvvür yaradır:
“Əziz və hörmətli Kifayət xanım, müəllim yüzlərlə vətən övladına həyatın sirlərini öyrədən, yüzlərlə şagirdə sinif otaqlarında ümid işığı olan, onların uğuruna ilk sevinən, onlara “can" deyib özününkünə yorğun çatan, şagirdləri üçün nura çevrilən, peşəsinin fədakarlığı ilə yaratdığı əsərlərinin- şagirdlərinin yüksəlişini görəndə ürəyi dağa dönəndir. Siz 70 illik ömrünüzü vətən övladlarının işıqlı günü üçün sərf etdiniz, müəllim imzanızla çox ürəklərdə şama çevrildiniz, yurda olan sədaqətinizi əsirgəmədən vətən təəssübkeşinə çevrildiniz. Nə gözəldir vətən sevdalısı olub sevilmək. Arzu edirəm, fəth etdiyiniz ürəklərdən silinməyəsiniz, sevdiklərinizlə, sizi sevənlərlə daim bir yerdə olasınız, ailə ocağının odu daim yanar olsun, işığı gur yansın!”
Qafan Rayon İcması adına yaranmış WhatsApp qrupuna yağdırılan təbriklərdən qarşımıza çıxanların müəlliflərinin adını çəkməklə Kifayət xanıma olan hörmət və ehtiramlarını diqqətə çatdırırıq:
“Hörmətli Kifayət xanım! Sizi doğum gününüz- 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ürəyinizdəki bütün arzuların çin olmasını və ən əsası Oxtar dərəsinə-Vətənə qovuşmaq nəsibi arzu edirəm! Hörmətlə: Eldar Abbasov”
Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun təbriklərinə qoşulanların hamısını sadalamaq mümkünsüzdür. Kənd icmaları – Qaraçimən kənd icması adından Sərvər Hüseynov, Gərd kənd icması adından Eldar Qarayev, Gığı kənd İcması adından Bəhruz Piriyev, Müsəlləm kənd icması adından Əkrəm Mustafayev, Qovşud kənd icması adından Eldar kazımov, Xələc kənd icması adından Naqim Mehdiyev, Dovrus kənd icması adından Paşa Abbasov, Şabadin kənd icması adından Əbülfəz Ağayev və başqaları təbrik edirlər.
Kifayət xanım, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq sizi təbrik edirik. Ağır xəstəliyə öz iradənizlə, mətanətinizlə, təpərinizlə qalib gəldiniz. Bu hünər sizə Zəngəzur dağlarından verilmişdi. Arzu edirik ki, qalan ömrünüzü ağrı-acısız yaşayasınız. Sizi baş tacı edən övladlarınız ətrafınızdan əksik olmasın!
Hörmətlə:Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru
17-05-2025, 22:07
”Yaddaşlarda qalan müəllim”


”Yaddaşlarda qalan müəllim”

Mayın 17-də Yasamal Rayonu Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycanın Zəngəzur mahalının ziyalılarından biri- Adil Kərimova həsr olunmuş ”Yaddaşlarda qalan müəllim” kitabının təqdimat mərasimi keçirilib. Mərasimə Kurud-Kirs icmasının fəalları, Adil müəllimin xatirəsini əziz tutan şagirdləri, qohumları və müxtəlif sənət adamları, musiqiçilər qatılıblar.
Əvvəlcə mərhum Adil müəllimin və Azərbaycanın dövlət müstəqilliyinin bərpası, torpaqlarımızın azad olunması uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova 1933-cü il aprelin 16-da Qafan rayonunun Kirs kəndində dünyaya gəlmiş Adil Kərimovun qısa və şərəfli ömür yolundan söhbət açıb. Onun həyatının müxtəlif fraqmentlərini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra Esmiralda Hüseynovanın rəhbərlik etdiyi “Mehriban” mahnı və rəqs qrupu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısını ifa edib.

Qısa musiqi fasiləsindən sonra mərhumun şagirdləri, onu tanıyanlar öz xatirələrini bölüşüblər. Tükənmək bilməyən şirin xatirələr tədbirin təşkilatçısı, kitabın naşiri Misir Aslanovun əmisinin adına açdığı süfrə arxasında davam etdirilib. Sonda təqdimat mərasimindən xatirə şəkilləri çəkdirilib.
Əziz oxucular, təqdimat mərasimi barədə geniş materialla “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında tanış ola bilərsiniz...







17-05-2025, 00:10
Şəhid Nazim Allahverdiyevin anım günü keçirilib

Şəhid Nazim Allahverdiyevin anım günü

Mayın 15-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev Nazim Qarlen oğlunun anım günü keçirilib. Şəhidin yeganə övladı Günay Nazimqızının təşəbbüsü və təşkilatçılığı, Abşeron rayonunun əlaqədar qurumlarının və Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlətimizin müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi sükutla yad olunub. Sonra Nazim Allahverdiyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

5 saylı məktəbin derektoru Faiq Xosrovlu şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Bildirib ki, Nazim Allahverdiyev 15 iyun 1964-cü ildə Zəngəzur mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Yüz minlərlə soydaşımız kimi o da doğma yurdundan ayrı düşüb. 1990-cı ilin əvvəllərində, könüllülər sırasında, erməni faşistlərinə qarşı döyüşə atılıb.

Döyüş yoldaşları cəsur silahdaşlarının şücaətindən, cəsurluğundan, döyüş vaxtı düşmənə qarşı barışmazlığından söhbət açıblar. Məlum olub ki, Nazim Sovet Ordusu sıralarında olarkən Monqolustanda tankçı kimi xidmət edib. Orda əldə etdiyi texniki biliklər sayəsində o zaman Azərbaycan Respublikasında- Qobustanda dislokasiya olunan Sovet qoşunlarından tank qaçıraraq çəbhəyə aparıb. Azərbaycanın Milli Qəhrəmanı, kapitan Albert Aqarunovla birlikdə Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Bir müddət müalicə aldıqdan sonra Albertin şəhid olduğu xəbərini alıb. Bu xəbərdən sarsılan Nazim yarası sağalmamış cəbhəyə qayıdıb. Silahdaşlarının intiqamını almağa and içib. 1992-ci il mayın 15-də Şuşanın Turşsu, Zarıslı kəndləri uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. İndi vaxtilə məskunlaşdığı Mehdiabad qəsəbəsinin küçələrindən biri Nazim Qarlen oğlu Allahverdiyevin adını daşıyır.

Təhsil aldığı Mehdiabad 1 nömrəli tam orta məktəbdən anım mərasiminə qatılan müəllimləri mərhumun məktəb illərindən söhbət açıblar. Onun nümunəvi tərbiyəsinin vətənpərvərliyinin indiki gənclərimizə örnək olduğunu bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin canı qazilərimizin qanı bahasına Qarabağ torpaqları, Nazimin uğrunda can verdiyi Şuşa, Xankəndi işğaldan azad edilib. Artıq şəhidlərimizin də narahat ruhları dinclik tapıb.
Abşeron Rayon İcra Hakimiyyətinin təmsilçisi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Abbasov şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən, dövlət qayğısından söz açıblar.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov Azərbaycanın Milli Qəhrəmanının adına təsis olunmuş “Aqarunov” medalını Günay Nazimqızına təqdim edib. Rəsmi hissədən sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda Nazimin qardaşı Şikar Allahverdiyev və əmisi Sovet Dərgahov ailə üzvləri adından anım mərasiminə qatılanlara, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
“Bütöv Azərbaycan”








16-05-2025, 08:21
Rasim müəllim, Təbrik edirik!

Rasim müəllim, Təbrik edirik!

Bu gün əzizimiz Rasim Tanrıverdiyevin doğum günüdür. Onu təbrik etməklə bərabər, tanımayan dostlara da təqdim etmək istədik. Rasim 1958-ci il mayın 16-da Zəngəzur mahalının Gığı kəndində, müəllim ailəsində, anadan olub. Qıraq kəndlərdə 10 illik məktəb olmadığından Pürülü, Mahmudlu, Həçəti, Gərd, Pəyhan, Keypəşin, Acıbac və Kirs-Kurud uşaqları da 9-10-cu sinifləri Gığı kənd orta məktəbində oxuyurdular. Elə Rasimlə tanışlığımızda orda başlayıb. Rasim sinif yoldaşımız, mərhum atası- sevimli müəllimimiz Baxış Tanrıverdiyev isə məktəbdə tədris işləri üzrə direktor müavini idi.
1975-ci ildə məktəbdən məzun olduq. Yollarımız ayrıldı. Bir-birimizdən xəbərsiz, hərə öz arzusunun dalınca getdi. Sonralar eşitdik ki, Rasim Tanrıverdiyev ali təhsil alaraq, məktəbimizə qayıdıb. Müəllimlərimizlə çiyin-çiyinə çalışmağa başlayıb. 1988-ci illərin hadisələrindən sonra ellərimiz də pərən- pərənə düşdü. Hərə bir yerdə məskunlaşdı. Toparlanmağımız xeyli zaman aldı.

Bir vaxtlar ayrıldığımız nazlı qızlarımızı ana gördük, dəliqanlı dostlarımızı saçı, saqqalı ağarmış ata gördük. Toylarına dəvət aldıq. Beləcə ocağımızdan uzaqlarda yeni növraq qura-qura yenidən bir-birimizə isinişdik. İmkan düşdükcə tez-tez görüşməyə can atdıq. Xeyirdə-şərdə görüşdük, dərdləşdik. Amma o illərimizi qaytara bilmədik.

Bu gün əziz dostumuz Rasimin 67 yaşı tamam olur. Bu yaş həm də Gığı məktəbindən məzun olduğumuz 50 ilin üzərinə qalanmış acılı, şirinli bir ömürdür. Rasimə sağlam, uzun ömür arzulayırıq. Arzu edirik ki, həmişə övladlarının xoş günün görsün, işləri ürəyincə getsin! Bir də ömrünün bu çağında ata ocağına ayaq basmaq nəsibi olsun!
Hörmətlə: Gığı kənd orta məktəbinin 1975-ci il məzunları adından
Tamxil Ziyəddinoğlu

6-05-2025, 20:35
“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək


“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur yazarlarının Zəfər çələngi” layihəsinin icrasına başlayıb.
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan bu topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan yazarların Zəfər ovqatlı yaradıcılıq nümunələri toplanacaqdır.
Birliyin sədri Hacı Abdulla bildirib ki, 2025-ci ilin ilk qrant müsabiqəsinin qaliblərindən olan layihə çərçivəsində nəşr ediləcək toplunun nüfuzlu peşəkar ədəbiyyatşünas alim, yazıçı, şair, jurnalistlərdən ibarət Redaksiya Heyəti yaradılıb, mətbuatda və sosial şəbəkələrdə elanlar verilib, müəlliflərdən şeir, hekayə, publisistik yazıların toplanması, seçilməsinə başlanıb. Materialların seçimində Vətənimizə, Milli Ordumuza, Şəhid və Qazilərimizə, Böyük Qayıdışa, müasir Azərbaycanın qurucu memarı ümummilli lider Heydər Əliyevə, Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş ən yaxşı ədəbi-bədii əsərlərə üstünlük veriləcəkdir. Toplunun yazarların iştirakı ilə təqdimatı keçiriləcək, kitabın nüsxələri şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, müəlliflərə, elm, təhsil, mədəniyyət müəssisələrinə paylanacaq, elektron resurslarda yerləşdiriləcəkdir.
Qeyd edək ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bundan əvvəl Qarabağ və Zəngəzurun tarixi, mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tədqiqi, öyrənilməsi, təbliğinə, 8 noyabr zəfərindən sonrakı quruculuq, qayıdışa həsr olunmuş, eləcə də Vətənimizin cənub və şimal bölgəsində doğulub yaşayan yazarların qələm məhsullarından ibarət 9 adda kitab nəşr edib, Azərbaycan, Çexiya, Türkiyə, Gürcüstanda təqdimatlarını keçirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!