Çaydan meyit tapıldı .....                        Oğuza dolu düşdü .....                        Ukraynaya 400 milyon dollarlıq yardım .....                        Bu gün parlamentdə nələr müzakirə edildi? .....                        General-mayor işdən çıxarıldı .....                        Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi .....                        Pensiyaların ödəniləcəyi tarix açıqlandı .....                        Moldovada keçirilən referendumun ilkin nəticələri .....                        Sahibə Qafarova Cahit Bağçını qəbul edib .....                       
4-09-2024, 10:42
Qərbi Azərbaycan icması bəyanat yaydı


Qərbi Azərbaycan icması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyib.

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.
Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir.
Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
15-08-2024, 19:08
Azərbaycan Cümhuriyyətinin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov


Azərbaycan Cümhuriyyətinin görkəmli şəxsiyyətlərindən Abbas bəy Vəkilov

Azərbaycan Xalq Cümhiriyyətinin qurulması tariximizin ən ziddiyətli və gərgin dönəmlərinə təsadüf edir. Cümhuriyyətin işğalından sonra isə bir müddət Sovetlər İttifaqı xalqlar arasında özünə inam yaratmaq üçün öz əsl simasını gizlədirdi. Lakin Sovetlər Birliyi özünün möhkəmləndirdikdən sonra artıq 37-ci illərdə vaxtıilə AXC-də təmsil olunmuş şəxslərin ağır repressiyası başaldı.
Cümhuriyyət dönəmində ingilislərin diqqət mərkəzində olan Şərur-Dərləyəz qəzasında fəaliyyət göstərən yerli müsavatçıların liderlərindən olan Abbas bəy Vəkilovun da taleyi digərlərindən fərqlənmədi.

Abbas bəy Vəkilov kimdir?
Abbas bəy Baxşəli bəy oğlu Vəkilov 2 yanvar 1873-cü il tarixində Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Onun mənsub olduğu Vəkilovlar nəsli Dərbənd-Qazax (Tiflis)-İrəvan-Şərur-Dərləyəz ərazilərində məskunlaşmış əsilzadə solyardandır.
Professor Fərrux Rustəmovun araşdırmalarına görə Abbas bəy Vəkilov 1884-1887-ci illərdə İrəvan kişi gimnaziyasında Hüseyin Ələkbərov, Məmməd Əlibəyov, Əli Ağabababəyov, Həsən Ağayev, Məmməd Bağırbəyov, İsmayıl bəy Vəkilov, Teymur bəy Vəkilov, İrza Hacıbəyli (hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur) Abbasəli Hacırzayev və Qadir Hacıbəylinski ilə birlikdə III sinifini bitirib. Onu da qeyd edək ki, Abbas bəy Vəkilovun təhsil aldığı bu illər Azərbaycanın xalqının milli iftixarı Firudin bəy Köçərlinin dərs deyi illəri əhatə edir.
Abbas bəy Vəkilov ali təhsilini Kiyev Dövlət Universitetinin hüquq fakultəsində tamamladıqdan sonra öz doğma kəndlərinə Şərur-Dərələyz qəzasının Çivə kəndinə qayıdıb. Musavatın yerli özəyini yaradıb və ona rəhbərlik edib. Qafqaz İslam Ordusu gələnə kimi Xalq Qəhrəmanı Balo bəy Vəkilovun rəhbərlik etdiyi Çivə taborunda ermənilərə qarşı vuruşub. Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra isə ordunun tərkibində zabit kimi xidmət edib. Qərbi Azərbaycan və Naxçıvan əhalisi ilə birlikdə Çivə kəndinin bütün əhalisi ilə birlikdə Cənubi Azərbaycan ərazisinə keçib sonra isə kənd əhalisi ilə birlikdə geri qayıdıblar.
Azərbaycan Cümhuriyyəti rus imperalizmi tərəfindən işğal edildikdən sonra Abbas bəy Vəkilov ağır məhrumiyyətlərlə qarşılaşıb. Vəkilovlar nəslinin bütün üzvləri kimi onlarında şəxsi mülkləri alınaraq yerli bolşeviklərin vasitəsi ilə kolxozun mülkiyyətinə verilib.
Abbas bəy Vəkilov Dərləyəz mahalının Ardaraz kəndindən olan Qəndab İsmayıl qızı ilə ailə qurub. Bu nigahdan onların Bülbül, Ziba, Rüşdü, Sabir, Ziyadxan adında övladları olub Bülbül xanım kiçik yaşalrında vəfat etdiyi üçün sonradan onun xatirəsini yaşatmaq üçün sonra doğulan qızına Bülbül adını veriblər. Ziyadxan bəy Vəkilov gənc yaşlarında dünyasını dəyişib.

Ziyadxan bəy Vəkilov
Bülbül xanım Vəkilova hazırda Şərur rayonu Dizə kəndində yaşayır. Qeyd etmək yerinə düşər ki, farnsız əsilli rus səyyahı İ.İvanoviç Şopenin hazırladığı Kameral siyahıya əsasən Dizə kəndi Abbas bəy Vəkilovun babası Həsənalı Sultan Vəkilovun şəxsi mülkləri siyahısna daxil olmuşdur. 1931-ci ildə Şərur-Dərləyəz qəzasının Çivə kəndində görkəmli dövlət xadimi Abbas bəy Vəkilovun ailəsində doğulan Bülbül xanım Vəkilova 1949-cu ildə Dizə kəndinin saylı-seçilən kişilərindən olan İmanov Müzəffər Həmid oğlu ilə ailə qurub. Müzəffər İmanov bir müddət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Abbas bəy Vəkilovun represiya olunması ilə bağlı tarixi həqiqətlərə Bülbül xanım Vəkilova işıq salır. B.Vəkilova: “Atam Qarakilsədə müəllim işləyirdi. 1937-ci ildə onu bir neçə milis nəfəri gəlib evdə həbs etdilər. Sonra isə Dərləyəzin Çivə kəndindəki evimizdə axtarış apardılar. Atamı İrəvan türməsində saxlayırdılar. Anamla qardaşım Ziyadxan üç dəfə İrəvanda türmədə atamla görüşdülər. Əlbəttdə biz atamın qayıdacağına inanırdıq. Ancaq dördüncü dəfə atamın dalınca gedəndə anama məlumat vermişdilər ki, onu müharibəyə göndəriblər. Lakin sonra biz heç bir məlumat ala bilmədik”.
Onu da qeyd edək ki, Abbas bəy Vəkilovla bərabər Çivə müsavatçılarının əksəriyyəti repressiya olunudu.
Şübhəsiz ki, ömrünü Azərbaycan xalqının istiqlalına həsr etmiş Abbas bəy Vəkilovun nisgilli həyat hekayəsinin kiçik bir parçasını əhatə edən bu yazı gələcək tədqiqatlar üçün ilkin mənbə rolu oynamaqla yeni araşdırmalara yol açacaqdır. Bu yazı Abbas bəy Vəkilovun parlaq ruhuna kiçik bir töhədir.

Tədqiqatçı-hüquqşünas, Səməd Vəkilov
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar
Mərkəzinin rəhbəri, tarix üzrə f.d. Leyla Calalova
14-07-2024, 16:28
DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ


DÜNƏNİN, BUGÜNÜN, SABAHIN QƏZETİ

“Vedibasar” qəzetilə, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduğum gündən düz 14 il keçir. Bu xoş təsadüf Azərbaycanımızın Müstəqillik Günü ərəfəsində olduğuna görə yaşadığım o xoş xatirələri hər il bu ərəfədə xəyalımda bir daha yaşayır, xoşhal oluram. Yaxınlarımla bölüşürəm. Məmnunluğumu gizlətmirəm.
Amma bu dəfə borc bildim ki, bir-birini tamamlayan bu ideoloji-sosial tandem barədə təəssüratımı, fikirlərimi daha geniş auditoriyada oxucularla bölüşüm, vətən həsrətiylə yaşayan niskilli yurddaşlarımın 20 ildən artıq müddətdə ürəyinə su çiləməyi, dərdlərinə şərik olmağı, nikbinlik ruhunu saxlamağı, hər birimizin qəlbindən doğma yurdlarımıza körpü salmağı bacaran “Vedibasar”ın əməyindən, əzəmətindən danışım. Bəli, cürətlə deyə bilərəm ki, “Vedibasar” sadəcə bir qəzet deyil, o, 20 ildən artıq müddətdə dövlətimizin siyasi-ideologiyasına, milli-mənəvi, tarixi və maddi-mədəni dəyərlərin qorunmasına xidmət edən ideoloji baza və aparıcı təbliğat maşınıdır.
Dahi Heydər Əliyevin tez-tez müxtəlif kürsülərdən öz çıxışlarında olduqca nikbin və kəsərli tərzdə “Qərbi Azərbaycan ərazilərindəki əzəli torpaqlarımıza qayıdacağıq” mesajının eskiz-layihəsinin həyata keçirilməsinin davamı olaraq Ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı Qərbi Azərbaycan İcmasındakı məlum 24 dekabr 2022-ci il tarixli proqram xarakterli tarixi çıxışı və ondan sonra verilən əməli start da göstərdi ki, “Vedibasar” öz fəaliyyətini olduqca nikbin ictimai-siyasi notlar üzərində qurub, indiyədək dövlətinin və xalqının mənafeyi üçün ləyaqətlə xidmət edib.
***
2010-cu ilin bu günlərində tanınmış ziyalı, professor Əsgər Zeynalovla Azərbaycan nəşriyyatına getmişdik. 6-cı mərtəbənin dəhlizinə çatanda birdən o, qolumdan çəkib üzərində “Vedibasar” lövhəciyi yazılmış bir qapıya tərəf yönəltdi məni. “Gəl bura, səni bir qeyrətli oğulla tanış edəcəyəm” dedi. Daxil olduq otağa. Otaqdakı üzü nurlu insan indi artıq çox yaxşı tanıdığım Sərtib müəllim idi. Əsgər müəllim bizi tanış etdikdən sonra bir az dərdləşdik. Söhbətimizin qayəsi şəxsi həyat problemləri deyil, milli dəyərlər, elm, mədəniyyət, işğal olunmuş torpaqlarımız, vətən, yurd həsrəti barədə oldu. Təxminən 20 dəqiqəlik söhbətdən və Sərtib İslamoğluyla tanışlıqdan çox məmnun qaldım. “Vedibasar” qəzeti barədə əvvəllər geniş məlumatım olmasa da bu görüş, bu təbii, doğma münasibət məni ovsunladı. Yavaş-yavaş mən bu qəzetə, kollektivə bağlanmağa başladım. Etiraf edim ki, “Vedibasar”la, onun təsisçisi və baş redaktoru Sərtib İslamoğluyla tanış olduqdan sonra sanki üzümə bir ümid qapısı açıldı. Əvvəl vaxtlarda bura dərc edilmək üçün məqalələr aparırdımsa, daha sonra vətən həsrətiylə dolan ürəyimi boşaltmaq üçün də getməyə başladım. Sanki təsəlli almaq üçün özümə bir isti ocaq, qibləgah tapdım. Çünki “Vedibasar” redaksiyasında Sərtib müəllim başda olmaqla kiçik kollektiv tərəfindən o qədər gözəl, doğma, milli-dəyərlərlə dolu atmosfer yaradılıb ki, adam bura gələndə getmək belə istəmir. Bir stəkan çaylarını içib, pozitiv əhval alana kimi heç səni buraxmırlar da. Bura nə qədər “qanıqara” gəlsən də gedəndə pozitiv əhvalla, sanki vətən qoxusunu almış kimi, o isti ocaq qırağında bir stəkan çay içmiş kimi gedirsən burdan. Güman edirəm ki, “Vedibasar” bu minvalla özü yaşamaqla bərabər yüzlərlə, minlərlə, on minlərlə yurd həsrətli insanı mənəvi olaraq yaşadır.
Görünür, məhz qeyd etdiyim bu isti münasibətlərə görə bu gün informasiya məkanında yazılı mətbuatın rəqabətdə bir qədər geri qalmasına baxmayaraq ayda iki sayı çap olunan “Vedibasar” hələ də öz oxucu auditoriyasını saxlamaqda davam edir. Düşünürəm ki, köhnə mətbu yayım ənənəsindən çıxmadan sürətli informasiya dövründə rəqabətə davam gətirməsi və ciddi maliyyə çətinliklərini dəf edə-edə bu günədək oxucularının xidmətində olması, yalnız abunəçilərin hesabına özünü maliyyələşdirən, ayaqüstə qalan “Vedibasar”ın kimlik vəsiqəsidir. Yəqin ki, bu qəzet sevilməsə, oxucunu təmin edə bilməsə idi iyirmi ildən artıq müddəti belə şərəflə gəlib bu gün də bir yazılı mətbu orqan olaraq ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək qüdrətinə, qabiliyyətinə malik ola bilməzdi.
“Vedibasar” üzərində olduqca məsuliyyətli və şərəfli bir missiyanı daşıyır. Müstəqil ictimai-siyasi qəzet olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrdən, ölkə rəhbərliyinin uğurlu siyasi, diplomatik addımlarından tutmuş, son illərin ən aktual məsələlərindən olan Qərbi Azərbaycan İcmasının gördüyü işlərə, keçirdiyi tədbirlərə, ölkəmizin elmi-mədəni nailiyyətlərinə, tarixi məlumatlara, tədqiqat-araşdırma materiallarına, sosial-iqtisadi məsələlərə, poeziya nümunələrinə, idman uğurlarınadək bütün mövzuları işıqlandırmağa macal tapır. Maraqlıdır ki, bütün bu vacib amillər yüksək səviyyəli, peşəkar jurnalistika işi çərçivəsində qəzetin öz dəst-xəttinə uyğun olaraq uzun illərboyu sistem halında idarə olunur. Görünür, bu peşəkarlıq Sərtib müəllimdə hələ illər öncə, Respublikanın başı üstünü qara buludlar aldığı ötən əsrin 88-ci illərində Qarabağda azğın separatçıların baş qaldırdığı vaxtlarda müvafiq Dövlət strukturunda mətbuata nəzarət vəzifəsini yerinə yetirdiyi dövrdə formalaşmışdı. Həmin dövrdə o nəinki separatçı xarakterdə olan yazıları respublikanın mətbu orqanlarında dərc olunmasının qarşısı alıb, həm də onlara bilavasitə himayədarlıq edən Mockva təyinatlı yerli rəhbərlərlə mübarizə apararaq Azərbaycan, dövlətimiz naminə, özünü təhlükə qarşısına ataraq qətiyyətini, sözünün kəsərini ortaya qoya bilmişdi. Məhz möhkəm xarakterli, saf əqidəli, vətənpərvər Sərtib Məhərrəmov özünü bu mübarizə meydanında sübut edə, gələcək peşəkar jurnalist karyerasına möhkəm təməlli yol sala bilmişdir. O yol ki, bu gün özünün də dediyi kimi - “öz əqidə, amalı və sevgisindən” yaradıb ərsəyə gətirdiyi, balası qədər sevdiyi və artıq özünü respublikanın mətbuat məkanında təsdiq eləmiş “Vedibasar”ı evlərə, qəlblərə, eləcə də elm, mədəniyyət ocaqlarına aparır. “Vedibasar” materiallarından mənbə kimi istifadə edilir. Bu məqamları nəzərə alan Sərtib İslamoğlu maliyyə çətinliklərinə baxmadan qəzetin illik saylarını kitab şəklində çap etdirməklə oxucu üçün daha rahat şərait yaratmış və bununla jurnalistika sahəsində bir ilkə yeniliyə imza atmışdır. Yeri gəlmişkən, bu yaxınlarda “Vedibasar”ın artıq 21-ci cildi də işıq üzü gördü.
Düşünürəm ki, məhz elə həm qəzetin qazandığı nüfuzuna, sanbalına, həm də baş redaktoru Sərtib İslamoğlunun peşəkar, yenilikçi jurnalist kimi müsbət keyfiyyətlərinə görədir ki, ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan akademik Nizami Cəfərov, Hidayət Orucov, Polad Bülbüloğlu, Əsgər Zeynalov, mərhumlar Buludxan Xəlilov, İsrafil Məmmədov, elm, incəsənət, mədəniyyət, siyasət adamlarının yazıları mütəmadi olaraq bu qəzetdə dərc edilir, oxucu xidmətinə təqdim olunur.
Əlavə etməyi borc bilirəm ki, bu peşəkar mətbuat işçisinin doğum günü də məhz öz peşə bayramıyla üst-üstə düşür. Bu təsadüfdür, yoxsa tale, alın yazısı? Bilmirəm.
Odur ki, fürsətdən istifadə edib bu yüksək kürsüdən Sərtib İslamoğlunu həm qarşıdan gələn yubiley 70 yaşı, həm də 22 iyul Mətbuat Günü münasibətilə böyük səmimiyyətlə təbrik edirəm!
Bütün qeyd etdiyim vicdanlı, ləyaqətli işlərə görə artıq ölkəmizin mətbuat arenasında öz imzasını təsdiqləmiş, tutduğu doğru yolla başıuca addımlayan əziz “Vedibasar”ımızın yaradıcısı və sükanı arxasında olan Sərtib İslamoğluna, eləcə də kollektivin digər üzvlərinə və bu qəzetin nüfuzuna, cəfakeşliyinə böyük dəyər verib məqalələr dərc etdirən, böyük elmi titullara və nüfuza malik olan ziyalılarımıza öz təşəkkürümü bildirir və deyirəm: “Zəhmətiniz hədər deyil, əziz dostlar!”

Hüseyn-Xəzər,
AJB-nin üzvü

"Bütöv Azərbaycan" qəzeti 12 iyul 2024
3-07-2024, 15:30
“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin ikinci verilişi yayımlandı


“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin ikinci verilişi yayımlandı

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir. Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı- hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində "Qərbi Azərbaycan - qədim yurd yerimiz" adlı ikinci veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.
Verilişin qonağı, tarix üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Televiziyasında Tarix Şöbəsinin müdiri Mahir Qəribov olub. Veriliş çərçivəsində Qərbi Azərbaycandan deportasiya və soyqırımın tarixi mərhələləri, Azərbaycanın maddi-mədəniyyət abidələrinin və toponimlərinin saxtalaşdırılması, erməni yalanlarının və ideyalarının iflasa uğraması mövzularında müzakirələr aparılıb.





10-06-2024, 15:49
Tanınmış araşdırmaçı- hüquqşünasdan yeni layihə


Tanınmış araşdırmaçı- hüquqşünasdan yeni layihə: “Çalxanqala: qaçqınların qayıdış həsrəti”

"Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin icrasına başlayıb.
Bu barədə QHT.az "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.
Təşkilat sədri qeyd edib ki, layihənin əsas məqsədi bir icma timsalında (Dərələyəz mahalı) Qərbi Azərbaycanlıların öz doğma yurdlarından deportasiyası, bu deportasiya nəticəsində yaşadıqları məhrumiyyətlər haqqında informasiya mühiti yaratmaq və tarixi həqiqətləri üzə çıxarmaqdan ibarədir.
“Çalxanqala kəndində araşdırmaların aparılması sənədləşdirilməsi məcburi köçməyə məruz qalmış şəxslərin şəxsi hekayəsinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına tövhə olar. Əhalinin tarixi Azərbaycan (İndiki Ermənistan) torpaqlarından zorla çıxarıldıqdan sonra kompakt məskunlaşdığı yerlərdə araşdırmaların aparılması onların qeyri-maddi mədəni irsinin milli özünəməxsusluğunu əks elətdirən digər omponentlərinin öyrənilməsi mühüm yer tutur.”
Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya olunmuş və Şərur rayonunun Çalxanqala (keçmiş Əznəbürt) kəndində məskunlaşan (yaradılan) icma haqqında kitabın hazırlanması nəzərdə tutulub.
Eyni zamanda Qərbi Azərbaycan haqqında tarixi həqiqətlər, Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irs və digər tarixi həqiqətlər, Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması haqqında 4 veriliş hazırlanacaq.
Qeyd edək ki, layihə 5 ay müddətində icra olunacaq.
13-04-2024, 19:59
Dost sözü – sözün dostu Əllinin əlli cür dərd-səri olsa da...

Dost sözü – sözün dostu
Əllinin əlli cür dərd-səri olsa da..
.


Qələm dostum, yurd həsrətli, vüqarlılığı ilə Vüqarlar arasında öz yolu-izi olan VÜQAR ƏSGƏROVun 50 illik yubileyinə illərlə söyləyə bilmədiyim ürək sözlərim
...Kaş adamın imkanı olaydı, illərin arxasından boylanaydı bu günə. Biz isə bu gündən geri, əlimiz yetməyən, ünümüz çatmayan illərə boylanırıq. Birimiz sevinirsə, minimiz qəhər dolu göz yaşlarımıza boğuluruq. İllərin, ayların, günlərin nə vecinə, biz olduq-olmadıq, onlar tarixə çevrilir.
Bir vaxtlar ağlıma gətirə bilməzdim ki, ətrafımda bu qədər dost-tanışım ola bilər. Haradan biləydim. Bir kənd uşağının xəyalları qırıq-qırıq olur axı. Yuxularında gördüklərini xəyal sanar və onlara yetmək üçün, az qala, həyatı boyu “dizin-dizin sürünər”lər.
Bu günlərdə dostlarımdan birinin zəngi də məni illər öncəyə qaytardı. Xəyalımda qoruduğum yurdumdan hələ qovulmamışdım, yetimlik nə olduğunu, Vətənin elə doğulduğun beşikdən başlandığının fərqinə varmadığımız vaxtlara döndüm. Dost sözünün mənasını anlasaq da, həmin yaşda əsl dostun kim olduğunu bilmirik o yaşda, başda.
Ömür yolları da dağ kəndlərininki kimi, enişli-yoxuşlu olur. O yollarda yıxılıb qalan, sonunadək gedə bilməyib, büdrəyib, başı daşdan-daşa dəyənlərin həsəd apardıqları da az olmayıb. Həmişə dostlarıma ilk arzum bu olub: ömür yolunun sonuna qədəmlərin üzərində, qüdrətinlə, öz qüvvətinlə gedəsən.
Dost İlahinin sənə hədiyyəsidir. Qəlbincə olmayanlarla tonlara çörək kəssən də, ona dost deyə bilmirsən. Amma elələri ilə dost olursan ki, heç həyatda bəlkə də bir süfrədə bir tikə kəsməmiş olursan. Sədaqətlilər qardaşdır, dost-doğmadırlar. Buna görə də onlara dost demək çətin olmur.
Ömrümün köçkün illərində, yəni arxada qoyduğum son 30 il ərzində itirdiklərimdən daha çox qazandıqlarım olub ki, onlar da mənim üçün əvəzi olmayan mənəvi sərvətdir. Ona görə ki, təmənnasız, səmimi, ülvi, sadiqdirlər. Sadalayıb, gözə-nəzərə gətirmək günah olar. Belə dostlarımdan
... biri də Vüqardır!
Vüqar adlı qohum-tanışlarım da var, dostlarım da. Onlardan biridir Vüqar İsa oğlu Əsgərov. Həm qələm, həm də yurd niskilli əqidə, məslək dostuyuq.
Yəqin ki, çoxlarınız tanıyır. Çünki onu tanımamaq, məncə, günah olardı. Xalqımızın dar günündə canını bu torpağa qurban verən Vətən oğullarının adını tarixləşdirən, onların şərəfli döyüş və ömür yollarını ensklopedik səviyyədə qələmə alanVüqar Əsgərovu deyirəm. Bəlkə bir az da rəsmi şəkildə təqdim edim qardaşımı-dostumu.

TANIŞLIQ:
Vüqar İsa oğlu Əsgərov 13 aprel 1974-cü il tarixində indiki Ermənistan adlanan təcavüzkar “dövlətin” (Azərbaycanın tarixi Dərələyəz mahalında) Yeğeqnadzor rayonun Qovuşuq kəndində anadan olub. 1981-ci ildə həmin kənd məktəbinə gedib, 7-ci sinfə qədər orada təhsil alıb...
Vəssalam, uşaqlıq illərindən əli-ayağı üzülüb. Ona görə də uşaqlıq illərini indi nağıllar aləmi kimi xatırlayır. Uşaqlıq illərini bəxtəvər keçirənlərə yaxşı mənada həsəd aparır. 1988-ci ildə ermənilərin və onların havadarlarının təzyiqi və təcavüzü nəticəsində Vüqargilin ailəsi Naxçıvan MR-nin Şahbuz rayonuna köçməyə məcbur olub. Orta məktəbi burada bitirməyə imkanı olmayıb, ailə Bakı şəhərində məskunlaşdığına görə, o, 1991-ci ildə Bakı şəhər 280 saylı orta məktəbi bitirib. 1992-ci ildə Vətənin çağırışına səs verərək, Milli Ordu sıralarına daxil olan Vüqar Əsgərov Birinci Qarabağ müharibəsində fəal iştirak edib, ağır döyüşlərin iştirakçısı olub.
Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirən Vüqar Əsgərov sıradan biri deyil.
Mətbutda çalışdığım illərdə qazandığım dostlardan biri olan Vüqar Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika “Xatirə Kitabı” redaksiyasında böyük redaktor vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzv olan qələm dostumu, həmkarımı xüsusən ona görə çox istəyirəm ki, o da mənim kimi, yaradıcılığını əsasən vətənkeş igidlərimizin şərəfli ömür yollarının araşdırılmasına həsr edib. Yerli mətbuatda yüzlərlə publisistik yazı ilə çıxış edən Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap edilib. 2005-ci ildə "Azərbaycanın Milli Qəhrəmanları"nı ilk dəfə toplum halında nəşr etdirən Vüqar Əsgərov 2010-cu ildə həmin kitabı yenidən işlənmiş variantda oxucularına çatdırdı. 2012-ci ildə "Bir ovuc torpaqdır yarama məlhəm", 2014-cü ildə isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş "Sinəmdə yurd dağı var" adlı kitabları nəşr edilib.
Qələm dostumun bu silsilədən qələmə aldığı kitablardan biri də 2015-ci ildə nəşr etdirdiyi "Savaş üçün doğulanlar"dır ki, Azərbaycanın ilk Milli Qəhrəmanı Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edir. Kitabın redaktoru radio dalğalarından bizə yaxşı tanış olan jurnalist-publisist Ötərxan Eltac, məsləhətçiləri isə AMEA-nın Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

“Poladın izi ilə...",
yaxud “Savaş üçün doğulanlar”


Vüqar Əsgərovun qələmə aldığı qəhrəmanların ömürnaməsi, döyüş yolları yalnız kitab səhifələrinə yazılmayıb, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Yaddaş" film studiyası tərəfindən də maraqla qarşılanıb. Bunun nəticəsidir ki, o, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş bir sıra sənədli filmlərin (Milli Qəhrəman Aqil Məmmədova həsr edilən "Kəşfiyyatçı", Milli Qəhrəman Mehdi Abbasova həsr edilən "Xüsusi Təyinatlı", Milli Qəhrəman Şikar Şikarova həsr edilən "Qərargah rəisi", Milli Qəhrəman Vəzir Sədiyevə həsr edilən "Dəmir Mayor", Milli Qəhrəman Vüqar Mürsəlova həsr edilən "Dəmir atlı", Aprel şəhidi Murad Məmmədova həsr edilən "Şərəfli ad", "Salnamə" film studiyası tərəfindən ekranlaşdırılan, Milli Qəhrəman Şükür Həmidova həsr edilən “Lələtəpə", "Salnamə" film studiyasının çəkdiyi, Milli Qəhrəman Ehtiram Əliyevə həsr edilən "777", Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr edilən “Poladın izi ilə...", Vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynova həsr edilən "Savaş üçün doğulanlar") ssenari müəllifidir.
Bəzi məqalələrinin sərlövhələrinə diqqət yetirsək, Vüqar Əsgərov bədii-publisistik düşüncələrinin ana xəttinin nədən ibarət olmasını deyə bilərik. Baxaq: "Nigaran ruhların şikayəti"ni qələmə almaq üçün "Qələbə arzusu ilə çırpınan ürək"lə "Ağdama gedirəm" deyən qələm dostumuza “ Bütöv Azərbaycan” qəzeti öz səhifələrində həmişə səxavətlə yer ayırıb.
Vüqar Əsgərovun təltifləri az olmasa da, hələ, məncə, layiq olduğu mükafatları qazanacaq. Bu, şərəfli olduğu qədər də çətin, məsuliyyət tələb edən sahəyə ürək qoyan qardaşımız "Qızıl qələm" media mükafatı laureatı olmaqla yanaşı, vənpərvərliyin təbliğinə görə də "Vətən Naminə" və “Fədai" medallarına layiq görülüb. “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində" mövzusunda keçrilmiş müsabiqədə iştirakına görə "Xüsusi diplom"la təltif edilən Vüqar Əsgərovun bu gün də ölkəmizin elə bir guşəsi yoxdur ki, səs-sorağı oradan gəlməsin. Amalı şəhid oğulların ailələrini ziyarət olan, onların örnək ömür və döyüş yollarını tarixləşdirmək olan Vüqar Əsgərov kimi vətənpərvər qələm adamlarının özləri də düşmənlə cəngi-cidada, döyüşlərdədir. Axı, düşmənlə mübarizə aparmaq, onun iyrənc məqsədlərini ifşa etmək də mübarizənin bir formasıdır.
Yolun açıq, canın sağ, olsun, qələminin mürəkkəbi qurumasın, Vüqar Əsgərov. Sən Vətənin əbədi əsgəri kimi xidmətdəsən!

Bir-birə tən gələn dostlar

Vüqar Əsgərovla Bakıda, qəriblik, qaçqınlıq-köçkünlük illərimin başladığı ilk vaxtlardan tapdım, tanıdım. Əslində, dərdlilər bir andaca hiss edilirlər, duyumlular yanında. Mən “Vətən səsi” qəzetində çalışıb, dərd-sərimi oxucularla bölüşdüyüm günlərin birində onunla redaksiyada tanış olduq. Qərbi Azərbaycan nisgilli Nəsib Qaramanlı (iş yoldaşım, həmkarım, qələm və şair dostum) onu mənə qardaş kimi təqdim etdi. Respublika “Xatirə Kitabı” redaksiyasında çalışdığını öyrəndim. Qələminə, dəst-xəttinə bələd olduqca, bu Qarabağ qazisinin qəlbinin zənginliyinə heyran olmaya bilmədim. Deyim ki, təsadüfən nəşriyyatdakı yeməkxana-çayxanada bir stəkan çay içib, uşaqlıq və əlimiz üzülən gənclik illərimizdən söz açanda kövrəlib, söhbətimizi yarımçıq qoyub iş başına qaçmışıq.
Yaxından tanışlıqdan sonra Vüqar Əsgərovun dostlarını da doğma gördüm. Əslən məşhur Kəngərlilər nəslindən olan, ata-babası Qərbi Azərbaycandan didərgin salınıb Mil-Muğan bölgəsinə sığınacaq gətirmiş, Göyçay rayonunda müəllim işləyən Aqil Kəngərli ilə də məni Vüqar qardaşımız tanış etdi. Bu, həmin Aqil Kəngərlidir ki, 2015-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində bir həftəlik beynəlxalq konfransa birlikdə dəvət aldıq və orada hoteldə bir odada qaldıq, şirin-şirin xatirələr qazandıq.
Vüqar Əsgərovla həmsöhbət olanda sözümüz, əlbəttə, Vətən daşı olan vətəndaşlarımızdan başlayır: mən Kəlbəcərimdən, o isə Dərələyəzindən perik düşməyimizdən, o torpaqlara mütləq qayıdacağımızdan danışar və bir-birimizə təsəlli verirdik. Ailəmizin doğmasına çevrilən sədaqətli dostum Vüqar söhbətlərimizin birində itirdiyimiz yurdların həsrətindən söz düşmüşkən qayıtdı ki:
-Ay qağa, sənin şəhid kitablarındakı portret-oçerkləri oxumaq olmur. Hələ oxucuları belə yandırıb-yaxırsan, görün onların doğmaları necə oxuyur?
Demək istəyirdi ki, şəhid yazılarını çox yanıqlı dillə yazırsan. Bəlkə də haqlı idi. Vüqar Əsgərovun özünün bu sahədəki xidmətləri əvəzedilməzdir. Heç özündən danışmır, minbir çətinliklərlə ərsəyə gətirdiyi kitablarında tarixləşən qəhrəmanlarımızın şərəfli ömür yollarını qələmə almaq asan deyil axı.

Əlli ilin son aşırımı...
Yaxud Zirvədə dalğalanan yubiley


Vüqar Əsgərov ömrünün 50-ci baharına elə bu aprel günlərində qədəm qoyub. 50 il bir igid ömrüdür. 50 il yaşayanlar olur ki, ailəsindən savayı onu kimsə tanımır. Lakin Vüqar kimi oğullar 50-dən çox-çox əvvəl xalqı tərəfindən tanınır və sevilir. Axı, Vüqar Əsgərov gəncliyindən Vətənə xidməti özünün müqəddəs borcu hesab edib. 50-dək 50 min insan sevgisini qazanmaq onu yazmağa-yaratmağa bir az da ruhlandırıb, ilhamlandırıb. Yollar onu yormayıb. Ölkəmizin ən ucqar yerlərinə, şəhid ailəsinin sorağı ilə yol başlayıb.
Ömrünü yollarda keçirib xeyirxahlıqdan zövq alan və bunu yaradıcılığının mənası hesab edən qələm dostumun yaddaışı da məni valeh edir. Az qala, bütün görüş və söhbətlərimizin sinədəftəridir. Bir dəfə bunu daha ciddi şəkildə duydum. Hər ikimizin dostu Aqil Kəngərli ilə “sözləşmələrimiz”i əzbərdən mənə deyəndə heyran-heyran ona tamaşa edirdim. Bax bu “deyişmə”lərimizi əzbərdən deyən Vüqar bununla yaddaşının güclü olmasını təsdiqləsə də, dolayısı ilə dosta sədaqətini də bildirirdi:
-Qardaş, Aqil Kəngərli ilə olan deyişmələrinizi əzbərdən desəm, necədir?
Dedim:
-Ay qardaş, heç o “deyişmə” -yazışmamız mənim yadımda deyil, sən hardan bilirsən?

Deyişmələr - “döyüşmələr...
Sözlı-sözlü görüşlər, xatirələr


Yanılmışdım. Vüqar, həmin deyişməmizi, hətta, mənim Göyçəmizlə bağlı bir neçə şeirimi də sinədən dedi:

Aqil Kəngərli deyir:
Yenə saz götürüb meydan suladın,
Vurdun təzanəylə təzə xal, aşıq.
Elə havalanıb oxudun, çaldın,
Süzüldü dilindən şəkər, bal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Saz da, söz də, türkün yarı-yarağı,
Qələm əldə, saz sinədə ola kaş.
Yayıla ellərə səsi-sorağı,
Qala yaddaşlarda, qardaş, belə kaş.

Aqil Kəngərli deyir:
Elə vurulmuşam havacatına,
Səsin yenə qalxıb kəhər atına,
Gedək Naxçıvanın Batabatına,
“Şərili” havasın orda çal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Telli sazın zili səndin, bəmi mən,
Siləmmədim havalardan qəmi mən.
Çalmadımsa “Dilqəmi”ini həmi mən,
Kərəm olub mən dönəydim külə, kaş.

Aqil Kəngərli deyir:
Qoşma, gəraylıdan, təcnisdən denən,
Koroğlu qurduğu məclisdən denən,
Dərbənddən, Kərkükdən, Təbrizdən denən,
Bir olan Vətəni yada sal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Qoşman qanadlandı, saz dilə gəldi,
Bülbül nəğməsitək söz gülə gəldi.
Sonalar sallandı, qaz gölə gəldi,
Mizrab sığal çəkə bir də telə kaş.

Aqil Kəngərli deyir:
Çal, Əsli yaxası bağlı qalmasın,
Qara keşiş hiylə-kələk olmasın,
Kərəm alışmasın, Kərəm yanmasın,
Əslini Kərəmə, gəl, sən al, aşıq.



Məhəmməd Nərimanoğlu deyir:
Əslini Kərəmə yazmadı Xudam,
Mən belə sevdaya uzağam, yadam.
“Cəlili” üstündə atəşəm, odam,
Dostum əhvalımı belə bilə, kaş.

Aqil Kəngərli deyir:
Çaldın “Cəlili”ni öldü həvəsim,
Qəhərdən boğuldu, çıxmadı səsim,
Hanı Sallı kəndim, Dərələyəzim?
Necə oldu, o kənd, o mahal, aşıq?

Məhəmməd Nərimanoğlu deyir:
“Yurd yeri”ni pərdə-pərdə dolaşdıq,
Ayaqyalın gül şehinə bulaşdıq.
Dağları dolanıb, zirvələr aşdıq,
Bitəydik çəməndə dönüb gülə kaş.

Aqil Kəngərli deyir:
Getdi, o yerlərdən saz səsi, getdi,
Getdi, Ələsgərin Göyçəsi getdi,
Obanın, oymağın neçəsi getdi,
Qalmayıbdı əvvəl olan hal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
İtirmişik neçə çəmən, neçə çöl,
Gedib əldən Kəpəz, Murov, Alagöl.
Solub çəmən, solub çiçək, solub gül,
Ölməyəydik yurd-yuvasız hələ kaş.

Aqil Kəngərli deyir:
Gör neçə çöl, çəmən, meşə vermişik,
Zəngəzur itirib, Şuşa vermişik,
Yəni biz bu qədər qeyrətsizmişik?
Məni düşündürür bu sual, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Ümidim var “Cəngi”, “Misri” çalmağa,
Yağılardan qisasımı almağa.
Məhəmmədəm, budur arzum, ay qağa,
Edəydik düşməni əsir, kölə kaş!

Aqil Kəngərli deyir:
Saxla “Ruhani”ni, “Misri”yə döndər,
Düzülsün sıraya, hər igid, hər ər.
Arxada xalqımız, qarşıda öndər,
Alaq Qarabağı, salaq yol, aşıq.

Vüqar bununla demək istəyirdi ki, xalqımızın əlindən zorla alınan, tarxi saxtalaşdırılan ulu ozan yurdunun arxa-dayağı olmuş Kəlbəcərin ədəbi mühitinə yaxından bələddir. Bu da onun vətənpərvərliyinin daha bir bariz nümunəsi idi.
O, yadıma ulu Göyçəmizlə bağlı bir gəraylımı da saldı:

Göyüm-göyüm göynəyirəm, Düşübdü könlümə Göyçə.
Özgə bir yurd neynəyirəm,
Yuxuma gəlib bu gecə,
Düşübdü könlümə Göyçə.

Yaralıyıq ikimiz də,
İmkan yoxdu əlimizdə.
Gətirmişik gözümüzdə,
Ağlaşırıq biz gizlicə,
Düşübdü könlümə Göyçə.

Əsir qalıb Göyçə gölü,
Sazımdakı "Göyçəgülü".
Bir haraylı, bir ah-ünlü,
Sızlayıram mən görüncə,
Düşübdü könlümə Göyçə.

Nağıldımı, dastandımı?
Unutmaq heç asandımı?
Bu möhnətdən usandımı,
Dözəmmərəm mən gedincə,
Könlümə düşübdü Göyçə.

Dağılıfdı neçə dəfə,
Alandan yağı hədəfə.
Orda dığa baxır kefə,
Burda halımız gör necə,
Düşübdü könlümə Göyçə.

Məhəmmədi dərdinə tuş,
Ömür qısa, yollar yoxuş.
Budur sinəmizdə naxış,
Çox da müqəddəsdi Gəncə,
Düşübdü könlümə Göyçə.

Onun bu yaddaşına heyran qalıb mən də ona “borclu” qalmaq istəmədim:
-Qağa, kaş, Dərələyəzimizi də görə biləydim. Amma Göyçəmiz göynək yaramızdır. Yaramızdan axan qandır Göyçə. Hələ Kəlbəcərdə yaşayarkən yazmışdım ki:
Qışda orda, yaz da orda gözəldi,
Ömrümüzün hər fəsliydi Göyçəmiz.
Ulu kökü əzəldən də əzəldi,
Qorqud yurdu, türksoyluydu Göyçəmiz.

Sazlı-sözlü ocaq idi, piriydi,
Ələsgərim ustadlıqda biriydi.
Nəcəfimiz köz kürəkdə diriydi,
Alım kimi nəsilliydi Göyçəmiz.

İgidləri saya gəlməz olubdu,
Dəfələrnən dağılıbdı, dolubdu.
Dağ çəkilib, təklənibdi, qalıbdı,
Qədirbilən əsilliydi Göyçəmiz.

Yağı düşmən kəsdi üstün, yolunu,
Bağlayandan qulac-qulac qolunu.
Açmalıyıq sağını, həm solunu,
Deməsinlər təkelliydi Göyçəmiz.

Kəlbəcərə arxa idi, dağ idi,
Barlı baxça, həm meyvəli bağ idi.
Ay Məhəmməd, nə bəxtəvər çağ idi,
Dar ayaqda təsəlliydi Göyçəmiz.

Vüqar qardaşım, sanki mənə özünün kimliyini yenidən tanıtmaq istəyirdi. O, Göyçə ilə bağlı yazdığım bir qoşmanı da əzbər bildiyini təsdiqlədi:
-Həə, bilirsən yadıma, qağa, sənin Göyçə ilə bağlı hansı şeirin düşdü? Bir toy məclisində sinədən demişdin ey:

Tanış gəlir, bu səs mənə, ün mənə,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?
Unutmuşam, unutmusan yoxsa ki,
Xəyalıma Göyçə gölün salırsan?
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?

Düşmüsən gədikdə borana-qara,
Almısan sinəndən çal-çarpaz yara?
Didərgin düşəndən gəlmisən zara,
Sən qadasın ona görə alırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?

Ələsgərim bu havada dillənib,
Təcnis Alı dağ çayı tək sellənib.
Dədə Şəmşir gül vurduqca güllənib,
Kərəm kimi gədiklərdə qalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?

Dayan, qardaş, Nəcəfimi anıram,
Onun kimi samovarla yanıram.
Bu havanı mən baş hava sanıram,
Bir havada min xəyala dalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?

Bənzədirsən bu havanı gülə sən,
Çəmənə sən, çiçəyə sən, gülə sən.
Yalvarırsan mizrabınla telə sən,
Məhəmmədəm, bulud kimi dolursan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?


Dost sözü – sözün dostu

Vüqar qardaşımı da sözün dostu və dostun sözü kimi yazmışam yaddaşıma. Ömrünün 50-ci bahar fəslini də elə təbiətlə qol-boyun qarşılayır. Ana təbiət də bahar çağına qədəm qoyub: çiçək fəsli gəlir qarşıdan. Vüqar Əsgərovun da ömrü ilə yaradıcılığının bahar fəslidir. Barlı-bəhrəli olsun. Yeganə - tək (madar) balasının bar-bəhrəsini dadsın, amin. Bahar fəsilli 50 illiyini səmimi, ürək sözlərimlə təbrik edir və poetik dillə diləyirəm:

Ömrün zirvəsinə, Vüqar qardaşım,
Kaş, biz də dağlarda çata biləydik.
Dərib dağ çiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu ayrılıq, biləydik,
Əlliyə dağlarda çata biləydik.

Çəkəmmədik Göyçəmizin nazını,
Çalammadıq Dədə Ələsgər sazını.
Məhəmmədə yazdıranda yazını,
Dərələz ruhunu tuta biləydik,
Əlliyə dağlarda çata biləydik.

Təbrik təbrikə qarışsın...

Vüqar, xoş gəlib, səfa gəlib,
Təbrik edək biz əllini!
Qoy oxşasın gül ətirli,
Şirin-şirin söz əllini!

O, zirvədir gözlərində,
Bala dönür sözlərində!
Təpər olsun dizlərində
Sevin, sevdir öz əllini.

Süfrəni aç, dostu səslə,
Nə işin var özgə kəslə!
Ocaq qala, bir az gözlə,
Yandırmasın köz əllini!

O tək balan tez boy atsın,
Haya yetsin, hoya çatsın.
Təbriki təbrikə qatsın,
Sən yanaşı düz əllini!

Təbrik edir dost-yoldaşın,
Ev xanımın - sir sirdaşın.
Qoy desin bacı-qardaşın,
Yetirmisən tez əllini.

Məhəmmədəm mən, ay qağa,
Bar gətir budaq-budağa.
Qurban olum belə çağa,-
Süzək yüz, yüz, əllini!

Nəhayət, dost adından Vüqar qardaşımıza Aqil Kəngərlinin 50 illiklə bağlı bir “deyişmə”mizi də dost diliylə ərmağan edirəm.

A.Kəngərli:
Sürətlə dövr edir, zaman, vaxt belə,
Gəlir il üstünə il, qocalıram.
Artır əmi-dayı deyənlər elə,
Bu dərddən ağarır tel, qocalıram.

Məhəmməd Nərimanoğlu:
Nə yaman gileyli başladın, qardaş,
Ağarır vədəsiz tel, qocalırsan?
Ömür bir karvandır, yaş ona yoldaş,
Vermisən sən ona əl, qocalırsan?!

Aqil Kəngərli:
Qalxdığım zirvəni artıq enirəm,
Kədərə, qüssəyə hey bələnirəm.
İlin on ayını xəstələnirəm,
Yanımdan ötməmiş yel, qocalıram.

M.Nərimanoğlu:
Qədrini bilmirik biz Ayın, Günün,
Eşitmirik biz nə ahın, nə ünün!
Ömrü olur talesizin, sürgünün?
Bacar dərdlərini böl, qocalırsan!

Aqil Kəngərli:
Qarşını bulanıq görür gözüm də,
Rabitə pozulur kəlməm, sözümdə.
Əvvəlki təpər də yoxdur dizimdə,
Titrəyir, dayanmır əl, qocalıram.

M.Nərimanoğlu:
Sən sinəndə saxlamısan yurdunu,
Türkün simvolutək sən Bozqurdunu!
Dur qaldır ayağa, yetər, ordunu!
Düşmənin bağrını dəl, qocalırsan!

A.Kəngərli:
Keçdi gənclik, Aqil, olur yaş əlli,
Dərd-qəm bükdü məni, tapılmır həlli.
Çox da ki özümə verim təsəlli,
Geriyə fırlanır val, qocalıram.

M.Nərimanoğlu:
Sən Aqilsən, uşaqlıqdan aqildin,
Kim deyir ki, Məhəmmədə yad idin?
Öz yurdunda ocaq idin, od idin,
Yanıbsan olmusan, kül, qocalırsan?!

Hörmətlə, qardaşın-dostun
Məhəmməd NƏRİMANOĞLU,
Bakı, 6 aprel 2024-cü il
21-03-2024, 09:43
4 qüvvə Paşinyana qarşıdır


4 qüvvə Paşinyana qarşıdır

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı - Kreml, Onun yaratdığı erməni müxalifəti, tərksilah edilmiş separatçıların tör-töküntüləri və kilsə birləşib.
Nikol Paşinyanın Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı mövqeyini açıqlaması erməniləri və Qafqazda sabitlik istəməyənləri silkələyib.
N.Paşinyanın 4 kəndi (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana geri qaytarması qərarı bu qüvvələri radikallaşdırmaqla yanaşı, hökumətə qarşı öz aralarında qeyri-rəsmi ittifaqa sövq edəcək.

22-02-2024, 20:03
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib


Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib

Qərbi Azərbaycan İcmasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr edilən "Qərbi Azərbaycan mətbuat tarixi" kitabının təqdimatı keçirilib.
Butov.az xəbər verir ki, İcmanın sədri, Millət Vəkili Əziz Ələkbərli bildirib ki, müəllifin kitabında Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb inkişaf yolu araşdırılır. Eyni zamanda Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə məlumat verilir.

Digər çıxış edənlər kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, Azərbaycan mətbuatı tarixi ilə maraqlananlar üçün faydalı mənbə olduğunu vurğulayıblar.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.
19-01-2024, 06:45
Qərbi Azərbaycan müəllimləri rubrikasından


Qərbi Azərbaycan müəllimləri rubrikasından
Fatma Muradova


Muradova Fatma Cəfər qızı 8 fevral 1934-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvan şəhərində orta məktəbi bitirdikdən sonra Ermənistan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1960-cı ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda fizika və riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Fatma Muradova 1960-cı ildə İrəvan Şəhər Komitəsinin Marksizm- Leninizm Universitetinə daxil olmuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir.
Fatma Muradova 1961-ci ildə İrəvan şəhər Lenin rayonu üzrə VIII çağırışa deputat seçilmişdir. O, 1963-cü ildə isə İrəvan şəhər Orcenikidze rayonu üzrə IX çağırışa deputat seçilmişdir.
Fatma Muradova 1963-cü ildə Kurud kəndinə gəlin köçmüşdür. Fatma xanım ailə həyatı qurması ilə əlaqədar iş yerini Qafan rayonunun Kurud kənd 8 illik orta məktəbinə dəyişmiş, kənddə riyaziyyat müəllimi işləmişdir. O, 1969-cu ildə Bakı şəhər keçmiş Oktyabr indiki Yasamal rayonu 13 nömrəli məktəbinə fizika müəllimi kimi işə qəbul olunur.
1970-ci ildən 2 nömrəli Dəmiryol texniki- peşə məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilir. O, əmək fəaliyyəti müddətində: 1979-cu ildə “Təşəkkürnamə”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə və 1988-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Muradova Fatma Cəfər qızı Kərimov Bəndəli Əli oğlu ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı, 7 nəvəsi və 10 nəticəsi var. Övladları və nəvələri ali təhsillidir. Onların övladları hərbi həkim, kimyaçı və müəllimə peşələrinə yiyələnmişlər. Nəvələri hal-hazırda müxtəlif dövlət qurumlarında çalışırlar.
Muradova Fatma Cəfər qızı 2019-cu il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir.
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
12-11-2023, 09:40
Qərbi Azərbaycandan deportasiya -İmirlidə məskunlaşma”


Bərdədə “Qərbi Azərbaycandan deportasiya -İmirlidə məskunlaşma” adlı kitabın təqdimatı keçirilib

Bərdədə “Qərbi Azərbaycana qaydış.İmirlidə məskunlaşma” kitabının təqdimat mərasimi keçirilib.
Noyabrın 10-da Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə rayon Mədəniyyət Mərkəzində “ Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliğ“ layihəsi çərçivəsində hazırlanmış “Qərbi Azərbaycana qaydış.İmirlidə məskunlaşma” kitabının tədimatı keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adıçəkilən kitabın müəllifi Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov kitabda Azərbaycan türklərinə qarşı aparılmış deportasiyanın etno-siyasi əsasları, Qərbi Azərbaycanda ermənilərin kütləvi məskunlaşmasının tarixi mərhələləri, Ermənistan ərazisindən deportasiyaya məruz qalmış 100-dən çox Dərələyəz mahalının Sallı, Çivə, Qozulca və Göyçə mahalın Mollalı kənd sakinlərinin şəxsi həyat hekayəsi əksin tapmışdır. Səməd Vəkilov kitabda mərhum professor Həsən Mirzəyevin və Nazir Əhmədlinin araşdırmalarından geniş istifadə etdiyini həmçinin kitabın ərsəyə gəlməsində kitabın elmi redaktoru tarixçi alim, Dövlət Mükafatı Laeruatı Nazim Mustafanın şəxsi hekayələrin toplanmasında kitabın rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın və digər şəxslərin yardımşı olduğunu bildirdi.
S.Vəkilov: “100 şəxsi hekayəni toplamaq, bir birilə müqayisəli təhlil etmək o qədər də sadə məsələ deyil. Əldə etdiyimiz məlumatları bir çox mənbələrdən dəqiqləşdirmişik. Sənədlərlə araşdırmalar aparmışıq ki, yanlışlıq olmasın. Hesab edirik ki, gələcəkdə İmirli kəndinə köç etmiş Dərələyəz mahalının Çivə,Sallı, Qozluca kəndlərinin, o cümlədən , Göyçə mahalının Mollalı kəndləri haqqında ayrı-ayrılıqda kitabların nəşr edilməlidir”
Səməd Vəkilov qeyd edib ki, ermənilərin məkrli planına uyğun olaraq 1951-ci ildə Dərələyəz Mahalının Çivə kəndindən 90 ailə Bərdə rayonunun Əmirli kəndinə deportasiya olunub. Köçürülən sakinlər əvvəlcə tarixi yurd yerlərinin adının yaşaması üçün kəndin adını Çivə qoymaq istəyiblər. Ancaq yerli İmirli adının qədimliyini düşünərək adın saxlanmasına qərar veriblər.
Sonra sosial,ictimai – siyasi, mədəni və digər platformalarda Dərələyəz hərəkatının aparıcı qüvvəsi ADPU-nin prorektoru, Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcmasının rəhbəri professor Mahirə Nağıqızı çıxış edərək tədbir iştirakçıları ilə düşüncələrini bölüşüb: “Elmlə bağlı bir vərəq kağızın üzü də bizim üçün maraqlıdı.Ona görə də bu gün burada Azərbaycan Dövlət Pedeqoji Universtitetinin professor və müəllim heyətinin 10 nəfərə yaxın nümayəndəsi iştirak edir. Bir daha qeyd edim ki, həmin şəxslər, onların təmsil etdiyi təhsil ocağının , Azərbaycan Dövlət Pedeqoji Universtitetinin professor və müəllim heyətinin rəhbərliyi birbaşa, tək Mahirə xanım yox, tək Əzizə müəllim yox, Könül xanım yox, bütünlüklə hamılıqla qərbi azərbaycanlıyıq, Qərbi Azərbaycan uğrunda nə qədər çətin məsələlər var, hamısına hazırıq.Yeri gəlmişkən Bərdə torpağında ikinci dəfə oluram. Biz Bərdə haqqında Nizamidən oxumuşuq.2020-ci ildə başlamış Vətən müharibəsində şəhidi Xudayar Yusifzadənin büstünün açılışında iştirak etmişəm. Bərdə torpağının gözəlliklərindən ədəbiyyatlardan oxumuşuq, qeyd etdiyim kimi Nizami Gəncəvidən oxumuşuq.Amma Bərdənin torpağını Vətən edən şəhidlərimizin məzarı bizim üçün qiymətlidir.Bərdə torpağını əziz edən, qiymətli edən vaxtilə qucağını açıb Qərbi Azərbaycandan erməni vəhşilərinin zülmündən qaçanlara qucaq açmasıdır. Məhz, buna görə bir daha qiymətlidir. Mən yaradıcılıqla da məşğulam.Şer yazıram.Amma şer yazmaqla vətəni azad etmək olmur.Bu müqəddəs amal uğrunda yalnız hərəkət lazımdır. Arzu,istək. Avropa alimlərindən biri deyir ki, təki istə, arzula, yerinə yetəcək. İstəmisənsə edəcəksən. Biz də 30 illik işğaldan torpaqlarımızı azad etməyi istədik. Xankəndi işğaldan necə azad olunubsa eləcə də əminəm ki, bu qələbəni , bu sevincli günləri Qərbi Azərbaycanda, Dərələyəzdə, Göyçədə ,Qarakilsədə digər torpaqlarımızda qeyd edəcəyik. Professor Mahirə Nağıyeva Keşişkənd və Qozulca toponimlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər irəli sürərək Keşişkənd deyil Keşkənd, Qozulca deyil Qozluca olması barədə elmi dəlillər irəli sürdü. Qozulca yox, Qozluca, Qoz məhsulu çox olan kənd deməkdir. Keşişkənd yox, Keşkənd, yəni kəndlərə keçid olan kənd mənasında olmalıdır.

Xəyalım aşan dağ

Anam Nazlı xanım İbrahim Mirzəlioğlu qızı 93 yaşındadır. Nazlı xanım Dərələyəz haqqında danışanda ancaq qımıldanır, musiqi səsində bayatılar söyləyirdi. Həmin an gözündən yaş süzülürdü. Həsrətini belə yaşayırdı.Hərə vətənə sevgisini bir cürə bildirir.Biri kitab yazır, biri bayraq qaldırır.Nazlı anam da Dərələyəzi bayatısında, düşüncəsində, ruhunda yaşadır. Bizi də belə tərbiyə edib.

Mən aşığam at aşa,
Doğra bağrım, qat aşa.
Xəyalım aşan dağı
İnanmaram at aşa.


Bayatıları yaradanda Dərələyəzə qayıtmağımıza inam az idi.Soruşurduq, cavab ala bilmirdik. Susardı, bizə heç nə deməzdi. Dərdini ürəyində çəkərdi. Çünki, zaman ermənilərin xeyrinə idi. İndi isə bizim zamandır. Başımızın üstə Ali Baş Komandanımız var. Biz onun ətrafındayıq, onun arxasındayıq,ona inanırıq.Qarabağın azad olunmasında necə inanırdıqsa, bu gün də Dərələyəzə qayıdacağımıza elə inanmalıyıq.
Köçmə bileti kitabın deyərdim ki, möhürüdür.
Mən Səməd müəllimin kitabını alqışlayıram.Kitabın üzərindəki köçmən biletinin təsviri özü belə kitabın məzmununa rəng qatır.Ola bilsin ki, kimsə kitabıin içindəkilərlə tanış olmasın. Sadəcə kitabın üz qabığını görsün. Dərhal anlayacaq ki, söhbət Qərbi Azərbaycandan köçürülmədən gedir.Köçmə bileti kitabın deyərdim ki, möhürüdür. Kitabın belə məzmunlu tərtibatına görə Səməd müəllimi alqışlayıram. Kitab Qərbi Azərbaycandan köçürülən insanların həyat hekayəsi üzərində qurulubsa , əslində real tarixi faktların sənədləşdirilməsi deməkdir.” – professor Mahirə xanım Nağıyeva ətraflı çıxışında belə deyib. Sonra çıxış edən ehtiyatda olan polis polkovniki Ənvər Quliyev bildirib ki, Azərbaycanda yürüdülən dövlət siyasəti nəticəsində 200 illik torpaq itkilərindən sonra Azərbaycan xalqı öz torpaqlarını geri qaytardı. Biz inanırıq ki Qərbi Azərbaycanla bağlı siyasətdə özünü doğruldacaq.
AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Qərbi Azərbaycana qaydışın folklor və yaddaşdan keçdiyini söyləyərək bildirdi: “Professor Mahirə Nağıqızı Nazlı anadan bayatılar dedi.Bəli biz Nazlı ananın folklor yaddaşı ilə Qərbi Azərbaycana qayıdacayıq!”
Kitabın rəyçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova isə çıxışında bildirdi ki, Qərbi Azərbaycana qaydış konsepsiyası bizim gündəlik işimizə çevrilməlidir! Biz hökmən Qərbi Azərbaycana qayıdacayıq. Sonra İmirli kənd orta məktəbinin şagirdləri Zeynəb Abışova və Aytac Anıyeva mərhum professor Həsən Mirzəyevin və professor Mahirə Nağıqızının Dərələyəzə həsr edilmiş şerlərini səsləndirdilər.
Tədbirin sonunda polkovnik Ənvər Quliyevə və Möhübbət Səmədoğluna Müvəkkil Hüquq Mərkəzinin fəxri dipolomları təqdim edildi.

Musa MURADLI
























����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!