“102”yə əsassız zənglər etdi, həbs olundu .....                        Millimiz Bakıda məğlub oldu .....                        Azərbaycan zəvvarlarını daşıyan təyyarə təcili İrana endi - RƏSMİ .....                        3 gün iş olmayacaq .....                        Vardanyanın məhkəməsində nələr danışıldı... .....                        Kremlin Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır .....                        Məsciddə uşaqlara oyuncaq paylayanlar SAXLANILDI .....                        Ukraynalı hərbçilər əsirlikdən azad edildi .....                        İmtahan nəticələri AÇIQLANDI .....                       
22-05-2025, 13:13
Gənc ruh, gənc istək və “Gənc işçi”


Gənc ruh, gənc istək və “Gənc işçi”

Biz onunla tanış olduq bir yaz səhəri
Gənc işçidə
Tez məhrəm oldu bir-birimizə könlümüzün
Gözü də, qəlbimizin içi də
Masamın yanına gəldi
Əlini uzatdı:- Mikayıl Müşfiq, - sonra əlavə etdi:
Qoçaqsan, qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük
Uğundu getdi bu qəribə, gözlənilməz
Qafiyəyə
Sonra yoldaşlarına qoşuldu, getdi
Dostluğumuz belə başladı

(Rəsul Rza “Qızılgül olmayaydı” poeması)

“Əgər Qızılgül olmayaydı poemasını Mikayıl Müşfiq oxusaydı, kövrələrdi, bəlkə də ağlayardı... Amma əgər Mikayıl Müşfiq yaşasaydı, mən bu poemanı yazmazdım” – bu sözlər Rəsul Rzanındır. O, təkcə bir şairin yox, bir dövrün, bir nəslin qırılan qanadlarını duyurdu bu cümləsində. Çünki Mikayıl Müşfiq yaşasaydı, yalnız söz deyil, zaman da dəyişərdi. Onun səsi susduruldu, amma onun qəlbindən doğan misralar hələ də danışır, yaşadır, düşündürür.
Mikayıl Müşfiq 1908-ci ildə Bakıda doğuldu. Həyatı qısa olsa da, irsi böyük oldu. Onun yaradıcılıq yolunun ilk addımları “Gənc İşçi” qəzetində atıldı. Bu qəzet təkcə onun üçün iş yeri yox, düşüncələrinin və duyğularının kağıza töküldüyü bir məktəb idi. Müşfiq “Gənc İşçi”nin səhifələrində təkcə yazmırdı, o danışırdı, oxuyurdu, yaşadırdı. O, xalqının gəncliyinin, ruhunun, arzularının içindən söz süzürdü. Hər misrasında bir inam, bir istək, bir gənclik təntənəsi vardı. Müşfiq yaradıcılığı istəklə, inamla, işıqla dolu idi. O, bir gənc kimi yalnız özünü yox, bütün bir nəslin səsini dilə gətirirdi:
“Mən gəncəm, bilirəm, istiqbalım var!
Hələ bədr olmamış bir hilalım var” deyirdi. Bu, sadəcə bir cümlə yox, bir nəsil inamının hayqırtısı idi. Onun qələmi boynubükük yox, üfüqlərə dik baxırdı. O, gələcəkdən qorxmurdu, gələcəyi sevirdi, ona inanırdı. Mikayıl Müşfiqin şeirlərində musiqi ilə söz arasında incə bir tellə bağ qurulmuşdu. O, xalqın ruhunu, dərdini, sevincini sazın, tarın səsi ilə hiss etdirirdi:
“Oxu tar, oxu tar, səni kim unudar ?”
Bu misralarda təkcə musiqiyə məhəbbət deyil, xalq ruhuna, mədəniyyətə, keçmişə bir bağ, bir hörmət hiss olunur. O, keçmişlə gələcəyin arasında körpü salır, bu körpüdən keçən insanlara səs verirdi.
Müşfiqin “Yenə o bağ olaydı” şeiri nostalji hisslər ilə doludur. Orada keçmişə, təmiz duyğulara qayıdış var. Bu gün şeirini oxuduqca görürük ki, bəlkə də bu, onun yalnız şəxsi xatirəsi yox, həm də bütöv bir xalqın itirilmiş sadəliyinə, təbiiliyinə, təmizliyinə həsrət idi...
“Yenə o bağ olaydı,
Yenə yığıșaraq siz
O bağa köçəydiniz ...”

Burada təbiətə, səmimiyyətə, azadlığa olan ehtiyac duyulur. Müşfiq sanki zamanın harasa sovurduğu bir təmizlik halını arzulayır. Onun poeziyası yalnız gələcəyə yönəlmir, keçmişi də öz ağuşuna alır.
Müşfiqin bir misrası var ki, onun bütün həyat fəlsəfəsini, dünyaya, həyata, yaşama olan sevgisini bir misrada cəmləyir:
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Bu misra, sanki bir vida deyil, bir dirənişdir. O, ölümdən qorxmurdu, amma yaşamı çox sevirdi. Sevgini, təbiəti, musiqini, gəncliyi, gələcəyi çox sevirdi. Elə bu sevgi onu əbədi yaşadan qüvvəyə çevrildi. O, getdi, amma onun misralarından süzülən işıq qaldı. Və o işıq bu gün də poeziyamızın yolunu işıqlandırır.
Mikayıl Müşfiq yaradıcılığı həm məzmun, həm forma baxımından Azərbaycan poeziyasında yeni bir mərhələ oldu. O, şeirə yalnız bədii gözəllik deyil, qürur, azadlıq və gənclik enerjisi gətirdi. Onun qələmi duyğularla deyil, dəyərlərlə dolu idi. O, yazmaqla qalmadı, yaşatdı. Səsi boğulmaq istəndi, amma o səs, əsrlərdən gələn sazın səsi ilə birləşdi, xalqın qəlbinə köçdü. Mikayıl Müşfiq təkcə istedadlı şair deyil, həm də bir simvoldur -əzab içində doğan ümidin, gənc yaşda susdurulan böyük ruhun, vətəni və insanı sevən qəlbin simvolu. Onun şeirləri zamanın tozuna boyun əymədi, çünki o misralar xalqın qəlbində yazılıb.
Əgər bir gün sükut danışsa, Mikayıl Müşfiqin səsini eşidəcəyik:
“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
Şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!”


Namiq İSlAMZADƏ,
Tələbə
11-04-2025, 08:18
"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru


"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə Dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru olan Samir Xalidoğlu daha sonra sözü "Yazarlar" jurnalının baş redaktoru, kitabın ərsəyə gəlməsində ən böyük zəhməti olan Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən "25 yarpaq" layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın "Debüt" adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində böyük zəhməti oldu.

Zaur Ustac Südabə Məmmədovaya "Debüt" kitabının nəşri münasibətilə "Ziyadar" mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, "Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:"Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!"

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz "Qansız davranışlı qanlı düşmən " adlı ilk yazısı ilə "Bütöv Azərbaycan" qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova "Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri" dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Təhmasib İSAYEV
FOTOLAR
30-03-2025, 16:54
Məscidi Cənnətə bənzədən mələk

Məscidi Cənnətə bənzədən mələk

Bibiheybət ziyarətində olarkən balaca qızın sevincək halda anasına "- Ana, bura Cənnətə oxşayır" dediyini eşitdim...

Məscidi Cənnətə bənzədən mələk
Burada insanlar qəlbin açıbdır...
Duayla isinən nə qədər ürək,
Allah hüzurunda əlin açıbdır...

Sənin gözlərində fərqlidir dünya
Təbiət donunda rəngli görülür..
Üzündə gülüşlə, işıqla, nurla,
Ümiddən özünə çələng hörülür...


Şirin arzularla, xoş dualarla
Cənnəti məscidə oxşadan mələk...
Nağıla boyanan sənin dünyanda,
Məscidin özü də Cənnətmiş demək...
2023
Aytac Mübarizqızı (Babayeva)
UNEC-in I kurs MBA magistr tələbəsi
22-03-2025, 19:40
Ana Dili

Aytac Bakıxanova


Ana Dili

Əvvəla onu qeyd etmək istəyirəm ki, dil hər bir cəmiyyətin, millətin mənəvi irsini təkmilləşdirən, inkişaf etdirən bir vasitədir. Dil sayəsində insanlar bir-birini anlayır, başa düşür və bir-birilə ünsiyyətdə olurlar. Hər bir vətəndaş öz ana dilini qoruyub saxlayaraq digər nəsillərə ötürməyi bacarmalıdır. Ana dili insanın dünyagörüşünün zənginləşməsində, onun bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Dilimiz uzun illər boyu bir sıra təhdidlərə məruz qalıb. Əsasən də sovet dövründə ana dilində əsərlərin çapına qadağa qoyulması dilimizin əsarət altında olduğuna işarə idi. Bir çox ədiblərimiz, ziyalılarımız ana dilini inkişaf etdirmək üçün əllərindən gələni edərək öz səslərini dünyaya çatdırmağa çalışıblar. Əsrlər boyu bizim dilimizi sıradan çıxarmağa, mədəni irsimizi, milli kimliyimizi yox etməyə çalışsalar da buna nail ola bilməyiblər.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra konstitusiya və digər mühüm dövlət aktları, qərar və sərəncamlarda da ana dili ilə bağlı əsas nüanslar qeyd olunmağa başladı. Azərbaycan respublikasının ümumilli lideri Heydər Əliyev də Azərbaycan dilinə xüsusi önəm verirdi və demək olar ki, hər çıxışında ana dilinin əvəzolunmaz, özünəməxsus bir dil olduğunu qeyd edirdi.
Ana dili ilə bağlı müxtəlif seminarlar, konfranslar, dəyirmi masalar təşkil olunur və bu məsələ ilə əlaqədar diqqət cəlb edən məqamlar önə çıxarılır.
15-03-2025, 20:16
Gözümüzdəki möcüzə


Milyonlarla rəng yalnız üç rəngdən yaranır: Gözümüzdəki möcüzə

Gündəlik həyatda rastlaşdığımız rənglər bizə adi görünə bilər. Qırmızı gül, yaşıl yarpaq, mavi səma – hamısı təbiətin bizə təqdim etdiyi rəng palitrasının bir hissəsidir. Amma maraqlıdır ki, əslində insan gözü milyonlarla rəngi görsə də, onların hamısı cəmi üç əsas rəngin – qırmızı, yaşıl və mavi işığın kombinasiyasından yaranır.
Bu fenomen həm insan görmə sisteminin, həm də müasir texnologiyaların əsas prinsipidir. Televizor, telefon, kompüter ekranlarında gördüyümüz bütün rənglər də eyni qaydada – bu üç rəngin müxtəlif intensivliklərdə qarışması ilə əldə olunur. Yəni, biz ətrafımızı tam rəngarəng görsək də, bu rənglərin hamısı sadəcə üç rəngin birləşməsindən ibarətdir.
İnsan gözü işığı qəbul edən xüsusi hüceyrələr – konus hüceyrələri vasitəsilə rəngləri ayırd edir. Bu hüceyrələr əsasən üç növdür və onların hər biri müəyyən dalğa uzunluğundakı işığa həssasdır: biri qırmızı, biri yaşıl, digəri isə mavi dalğaları qəbul edir. Gördüyümüz bütün digər rənglər məhz bu üç hüceyrənin eyni anda fərqli nisbətlərdə aktivləşməsi nəticəsində yaranır. Məsələn, gözümüz eyni anda həm qırmızı, həm də yaşıl dalğaları qəbul edərsə, biz sarı rəng görürük. Əgər üçü də eyni dərəcədə aktivləşərsə, ağ rəng alınır.
Bəzi insanlar üçün bu mexanizm tam işləməyə bilər. Dünyada təxminən 8% kişi və 0.5% qadın rəng korluğundan (daltonizm) əziyyət çəkir. Bu, əsasən qırmızı və yaşıl rənglərin fərqləndirilməsində çətinlik yaradır. Rəng korluğu olan insanlar üçün xüsusi eynəklər hazırlanıb ki, bu da onların rəngləri daha dəqiq görməsinə kömək edir.
İnsan gözü əsas üç rəng reseptoruna sahib olsa da, bəzi heyvanlar fərqli sayda reseptorlara malikdir. Məsələn, itlər və pişiklər iki əsas rəng reseptoruna sahibdir və əsasən mavi və sarı tonları ayırd edə bilirlər. Onlar insanlarla müqayisədə daha solğun bir dünya görürlər. Quşlar və kəpənəklər isə dörd reseptor sisteminə malikdir və hətta ultrabənövşəyi (UV) işığı belə görə bilirlər.
Müasir texnologiyada rənglərin yaradılması iki əsas prinsipə əsaslanır. Rənglərin əlavə edilməsi prinsipi (RGB – Red, Green, Blue) televizor, telefon və kompüter ekranlarında istifadə olunur və rənglər işıq mənbələri vasitəsilə üst-üstə düşərək yeni rənglər yaradır. Rənglərin çıxarılması prinsipi (CMY – Cyan, Magenta, Yellow) isə çap və boyalarda tətbiq edilir və burada rənglər bir-birinin üzərinə düşdükdə müəyyən dalğaları udaraq yeni rənglər formalaşdırır.
Rənglər sadəcə vizual element deyil, onlar insan psixologiyasına və davranışına da ciddi təsir göstərir. İsti rənglər (qırmızı, narıncı, sarı) enerji və həyəcan hissi yaradır, market və restoranlarda diqqəti cəlb etmək üçün istifadə olunur. Soyuq rənglər (mavi, yaşıl, bənövşəyi) isə sakitlik və rahatlıq hissi oyadır və xəstəxana, ofis kimi yerlərdə üstünlük verilir. Mavi etibarlılıq və sakitlik hissi yaradır, buna görə də banklar və sosial şəbəkələr bu rəngi seçir. Qırmızı isə diqqət cəlb edir və iştahanı artırır, bu səbəbdən fast-food restoranlarında daha çox istifadə olunur.
Qədim dövrlərdə bəzi rənglər çox nadir və bahalı idi. Məsələn, purpur (bənövşəyi) rəngi almaq üçün dəniz molyusklarından xüsusi boya əldə edilirdi və bu, yalnız aristokratlar və krallar üçün əlçatan idi. Çində sarı rəng imperatorlara aid idi və adi insanlar onu geyinə bilmirdi. Orta əsrlərdə bəzi rənglər mistik və dini mənalar daşıyırdı. Məsələn, qara yas və kədər rəmzi idi, ağ isə saflıq və paklıq mənasını ifadə edirdi.
Xəstəxana interyerlərində açıq yaşıl və mavi rənglərdən istifadə edilir, çünki bu rənglər insanı sakitləşdirir və stres səviyyəsini azaldır. Müasir ekran texnologiyalarında insan gözünün təbii rəng qavrayışına uyğun görüntü yaratmaq üçün RGB sistemi tətbiq olunur.
Texnologiya nə qədər inkişaf etsə də, insan gözü hələ də ən müasir ekranlardan daha geniş rəng spektrini ayırd edə bilir. Buna görə də yeni ekran texnologiyaları – HDR (High Dynamic Range), geniş rəng diapazonu və digər innovativ həllər – məhz insan gözünün gördüyü rəng zənginliyini tam imitasiya etmək üçün yaradılır.
İnsan gözünün bu üstünlüyü həm də onun adaptasiya qabiliyyətindən irəli gəlir. Məsələn, qaranlıqdan işıqlı mühitə keçəndə gözlərimiz bir müddət alışmalı olur, çünki konus hüceyrələri fərqli işıq səviyyələrinə uyğunlaşır. Bu xüsusiyyət hələ ki, heç bir texnologiyada tam şəkildə tətbiq oluna bilmir.
Rənglər həyatımızın ayrılmaz hissəsidir, amma onların yaranma mexanizmi çox sadə prinsiplərə əsaslanır. Biz ətrafımızı milyonlarla rəngdə görsək də, bu rənglərin hamısı yalnız üç əsas rəngin – qırmızı, yaşıl və mavinin müxtəlif kombinasiyalarından ibarətdir. Bu prinsip həm insan görmə sistemində, həm də müasir texnologiyalarda tətbiq edilir.
Növbəti dəfə telefon ekranına baxanda və ya göy qurşağını izləyəndə düşün – gördüyün bütün rənglər sadəcə üç əsas rəngin birləşməsindən yaranır!

Gültac Mehdizadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
12-03-2025, 08:05
Siyasi kommunikasiya təbliğat vasitəsi kimi

Siyasi kommunikasiya təbliğat vasitəsi kimi

Siyasi kommunikasiya vətəndaşlar, rəsmilər, siyasi institutlar və onlarla əlaqəli qurumlar, həmçinin media nümayəndələri arasında fikir mübadiləsinin yaranmasını təmin edir. Yerli, dövlət, milli və beynəlxalq siyasi sistemlərdəki siyasi proses boyunca danışıqlar, həmçinin siyasi məqsədlərə çatmaq üçün bu növ kommunikasiyadan istifadə edilir.Siyasi kommunikasiyanın təməlində siyasi qurumlar və ya şəxslərlə vətəndaşlar arasında düzgün dialoqun qurulması durur. Bu, sosial elmləri, strateji kommunikasiyanı, media biliklərini siyasət və dövlətlə birləşdirən sahədir. Siyasi kommunikasiya təbliğat və təşviqat vasitəsi kimi istifadə edilir. Sülh dövründə yönləndirmə, idarəetmə, müharibə dövründə isə informasiya, təbliğ vasitəsi kimi istifadə edilir. Buna görə də siyasi kommunikasiya çox önəmli bir vasitə hesab edilir. İstər dövlət öz siyasətini həyata keçirmək üçün, istərsə də düşmən dövlətlər daxili siyasətə müdaxilə etmək üçün kommunikasiyadan istifadə edirlər . Belə olduğu halda siyasi kommunikasiya siyasi həyatda çox önəmli rol oynayır. Siyasi kommunikasiyadan seçki təbliğatı apararkən də yetərincə istifadə edilir. Əlbəttə, unutmamalıyıq ki, siyasi uğur rəqbət, hazırlıq, imic və sair kimi bir çox amildən asılıdır. Bütün bunlarla yanaşı siyasi kommunikasiya da düzgün aparıldıqda hadisələrin gedişatına təsir etmək mümkün olur. Bunun üçün siyasi kompaniya olur.Siyasi kampaniya müəyyən qərarların qəbul edilməsində inkişafa təsir göstərməyə cəhd edən sistemli bir fəaliyyətdir.
Həsənov Heydər
Azərbaycan Universitetinin 2-ci kurs tələbəsi
Mastersincommunications.com
Şərq.az
12-03-2025, 07:41
Sosial Mediyanın Siyasi Kommunikasiya Üzərindəki Təsiri

Sosial Mediyanın Siyasi Kommunikasiya Üzərindəki Təsiri

Giriş
Son illərdə sosial media platformalarının cəmiyyətdəki rolu böyük dəyişikliklərə uğrayıb. Bu platformalar yalnız şəxsi əlaqə vasitəsi olmaqla qalmayıb, həm də siyasi kommunikasiya sahəsində yeni imkanlar yaradıb. Sosial media, siyasətçilərə və siyasi partiyalara seçicilərlə daha yaxın əlaqə qurmaq, təbliğatlarını yaymaq, ictimai rəyə təsir etmək və seçki kampaniyalarında iştirak etmək üçün güclü bir alətə çevrilib. Bəs sosial medianın siyasi kommunikasiya üzərindəki təsiri və bunun müasir siyasi dinamikanın formalaşmasındakı rolu nədən ibarətdir?
Sosial Medianın Siyasi Kommunikasiya Üzərindəki Əhəmiyyəti
Sosial media, xüsusən də Facebook, Twitter, Instagram, YouTube və digər platformalar, siyasi kommunikasiya üçün güclü vasitələrə çevrilib. Bu platformaların siyasi kommunikasiya üzərindəki təsiri, bir neçə mühüm amilə bağlıdır:
1. İctimaiyyətlə əlaqələrin təşkili: Siyasi liderlər və partiyalar, sosial media vasitəsilə öz mesajlarını geniş auditoriyaya çatdırmaqda daha sürətli və daha effektivdir. Həmçinin, seçicilərlə birbaşa əlaqə qurmaq imkanı yaranır.
2. İctimai rəyi formalaşdırmaq: Sosial media siyasi partiyalar və ya liderlər üçün ictimai rəyin formalaşdırılmasında böyük rol oynayır. Sosial media həm də seçicilərin fikirlərini və rəylərini izləyərək onları daha yaxından tanımağa kömək edir.
3. Seçki kampaniyaları: Sosial media seçki kampaniyalarının ən mühüm elementlərindən birinə çevrilib. Bu sosial platformalar seçki dövrlərində siyasətçilərin təşviqat və təbliğatlarını sürətlə yaymağa imkan verir.
Sosial media, həmçinin seçicilərin qərarlarına da ciddi təsir göstərir. Seçicilər sosial media üzərindən müxtəlif məlumatlar əldə edir və bu məlumatlar onların siyasi seçimlərinə yön verir. Sosial mediada yayılan informasiya və dezinformasiya isə seçici davranışını manipulyasiya edə bilər. Sosial medianın istifadəsi, seçki nəticələrini dəyişdirmək üçün siyasi partiyalar tərəfindən müxtəlif taktikalara çevrilir:
Dezinformasiya: Sosial medianın mənfi tərəflərindən biridə burada yayılan yanlış və təhrif olunmuş məlumatlardır. Dezinformasiya siyasətçilər tərəfindən seçici təsiri yaratmaq üçün istifadə edilir.
Fərdi məlumatların toplanması: Siyasi partiyalar sosial media üzərindən fərdi məlumatları toplayaraq öz seçici auditoriyalarını daha dəqiq hədəf alır və daha effektiv kampaniyalar həyata keçirir.
Sosial media platformaları siyasətçilərin imicini formalaşdırmaq və gücləndirmək üçün də güclü bir vasitədir. Liderlər sosial media üzərindən özlərinin şəxsi brendlərini inkişaf etdirə, seçicilərinə daha yaxın ola və onların rəylərinə dərhal cavab verə bilərlər. Lakin sosial medianın imkanları yalnız müsbət təsir yaratmaqla kifayətlənmir, bu platformalar bəzən siyasətçilər üçün təhlükə də yarada bilər.
Sosial medianın müsbət tərəfləri: Siyasətçilər öz proqramlarını və ideyalarını seçicilərə birbaşa və sürətli şəkildə təqdim edə bilərlər. Həmçinin, sosial media vasitəsilə seçicilərlə əlaqə qurmaq və onları müxtəlif məsələlərə dair maarifləndirmək mümkündür.
Sosial medianın mənfi tərəfləri: Sosial mediada yayılan təhrif olunmuş məlumatlar və təhqir dolu şərhlər siyasətçilərin imicini zədələyə bilər. Sosial media platformalarındakı qeyri-düzgün məlumatlar siyasətçilərin şəxsi və siyasi həyatları üçün böyük bir təhlükə yarada bilər.
Azərbaycanda da sosial media siyasi kommunikasiya sahəsində getdikcə daha çox istifadə olunur. Xüsusilə, gənc seçicilər arasında sosial media böyük təsirə malikdir. Siyasi partiyalar, seçkilər və digər siyasi proseslər zamanı sosial media platformalarından fəal şəkildə istifadə edilir. Azərbaycanda sosial media seçki kampaniyalarının effektiv həyata keçirilməsində mühüm rol oynayır. Buna 15 oktyabr 2008, 9 oktyabr 2013, 11 aprel 2018 və 7 fevral 2024-cü il prezident seçkilərini, 7 noyabr 2010, 1 noyabr 2015, 9 fevral 2020 və 1 sentyabr 2024-cü il parlament seçkilərini, 23 dekabr 2009, 30 noyabr 2011, 23 dekabr 2014, 23 dekabr 2019 və 29 yanvar 2025-ci il bələdiyyə seçkilərini nümunə gətirə bilərik.
Partiyalar da öz mesajlarını və proqramlarını sosial mediada yayımlayaraq daha çox seçici cəlb etməyə çalışır. Sosial media vətəndaşların dövlətlə əlaqələrini asanlaşdırır. Həmçinin, dövlətin rəsmi qurumları da sosial mediadan istifadə edərək, cəmiyyətə məlumat çatdırır və ictimaiyyətin rəylərini öyrənir.
Nəticə
Sosial media müasir dövrdə siyasi kommunikasiya sahəsində ən güclü alətlərdən birinə çevrilib. Siyasi partiyalar və liderlər bu aləti həm öz mesajlarını yaymaq, həm də seçici davranışlarını yönləndirmək üçün istifadə edirlər. Həm müsbət, həm də mənfi təsirləri olan sosial media, siyasətin və cəmiyyətin dinamikasını dəyişdirir. Azərbaycanın da daxil olduğu bir çox ölkədə sosial medianın rolu getdikcə artmaqdadır və bu, gələcəkdə siyasi kommunikasiya strategiyalarını daha da inkişaf etdirəcəkdir.

Mənbə
AzərTAc
E-qanun.az
MSK.gov.az

Hüseyn Məmmədov


11-03-2025, 22:24
Amerikanın Avropa ilə siyasi münasibətləri.

Amerikanın Avropa ilə siyasi münasibətləri.

Siyasi kommunikasiyanın rolu.

Tədqiqat predmeti:Avropa və ABŞ arasında əlaqələr uzun tarixə malikdir. İkinci Dünya müharibəsinin başa çatmasınadək münasibətlər bərabərhüquqlu əsasda idi. Müharibədən sonra isə fərqli durum yaşandı. Çünki savaş Avropaya böyük fəlakətlər gətirmişdi. Şəhərlər və kəndlər dağılmış, iqtisadiyyat məhv edilmiş, milyonlarla insan həyatını itirmişdi. ABŞ isə dünyanın 57 ölkəsinin cəlb olunduğu müharibədə tək-tük ölkələrdən idi ki, ərazisində hansısa döyüş əməliyyatları aparılmamışdı. Birləşmiş Ştatların insan itkisi də xeyli az idi.Nəticə etibarilə ölkə Birinci Dünya müharibəsində olduğu kimi, İkinci cahan savaşından da qalib ayrılmışdı. Zəifləmiş qitə ölkələri ABŞ-dan asılı vəziyyətə düşdülər.
Tədqiqat strukturu:Müharibədən sonra – 1947-ci ildə Birləşmiş Ştatların dövlət katibi Corc Marşall tərəfindən rəsmi adı “Avropanın bərpası proqramı” olan, lakin daha çox “Marşall planı” kimi məşhurlaşmış proqram irəli sürüldü. Xarabazara çevrilmiş Avropaya xarici yardım göstərməyi nəzərdə tutan plan 1948-ci il aprelin 3-də qüvvəyə mindi.
Analitik təhlil:Şapiro və Puqlirin öz hesabatlarında Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Aİ ilə ABŞ arasında münasibətlərin daha sürətlə vassal münasibətlərinə çevrilməyə başladığını vurğulayır və bunun əsas səbəblərindən ikisinin önə çəkirlər. Birincisi, avropalıların xarici siyasət strategiyası ilə bağlı əsas məsələlərdə öz aralarında razılığa gələ bilməməsidir: “Onlar əvvəllər də buna nail ola bilmirdilər.
Nəticə: Nəticədə qeyd edə bilərik ki, Avropanın müstəqil siyasət yeritməsi üçün, Amerika rəhbərliyi ilə asılılıqlardan qurtulmalıdır. Avropa ölkələri bir birləri ilə olan soyuqluğa son qoymalı, siyasi kommunikasiyanı gücləndirməlidirlər.
Üzeyir Kərimov
Mənbə: Xalq qəzeti
15-02-2025, 07:44
Dostluq- inam, sədaqət və sevgi

Aysel Aslanova,
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin II kurs tələbəsi


Dostluq- inam, sədaqət və sevgi

Telefonu hələ də əlimdə tutmuşdum. Göndər düyməsini basandan sonra sanki zaman dayanmışdı. Cavab gələcəkdimi? Gözləmək çətin idi, amma başqa yolum da yox idi. Dostluq mənim üçün sadəcə bir söz deyildi. O, inam, sədaqət və sevgi demək idi. Mən səhv etmişdim, bəlkə də bilmədən incitmişdim. Amma bilirdim ki, dostluq qırılmazdı, əgər həqiqətən dəyərlidirsə, sınaqlardan keçib daha da möhkəmlənərdi. Əgər bu şeir onu hiss etdirməyə kifayət etməsəydi, yenə də səylə çalışacaqdım. Çünki mən bu dostluğu itirmək istəmirdim. Qürur, inciklik, keçmiş səhvlər – bunlar məni dayandıra bilməzdi. Mən dostumu sevirdim. Barışıb-barışmayacağımızı bilmirdim, amma bir şeyi dəqiq bilirdim: O, ehtiyacı olduğunu desəydi, tək çağırışı ilə yanında olardım. Və əgər o da bir gün bu dostluğun qiymətini hiss edərsə, mən hələ də buradayam…
Sevgi qarşılıq ummaz, gözlənti tanımaz. Həqiqi sevgi bəzən bir insanın xoşbəxtliyini öz xoşbəxtliyindən üstün tutmaqdır. Dostluqlar da belədir-bəzən kimsə uğur qazananda, biz ona təkcə dəstək olmaqla kifayətlənmirik sanki o uğurun bir parçası oluruq. O insanın yüksəlişi bizim də ruhumuzu ucaldır, özümüz qazanmışıq kimi sevinirik. Bu duyğudur saf, təmiz və təmənnasızdır.
Mən dostumun uğurunu elə öz uğurum bilirəm. Onun qələbəsi məni qürurlandırdı, sevincini hisslərimdə yaşatdı. Mən də ona ən dəyərli mənəvi hədiyyəmi – sözlərimi, misralarımı bəxş etmək istədim. Çünki bəzən sözlər ən gözəl hədiyyə olur.
Bu hisslərlə doğan misralar da bir dostun uğuruna olan sevginin səsi olsun...
Bəzən sözlər duyğularımızı tam ifadə edə bilmir, amma şeirlər qəlbimizin dərinliklərindən süzülən ən saf hisslərin aynası olur. Bu şeirlər də elə həmin hisslərin nəticəsidir—səmimi, dərin və içdən gələn. Onu mənim üçün çox dəyərli olan, qəlbimdə xüsusi yeri olan Şəfəq üçün yazmışam.
O, təkcə bir blogger deyil, mənim ailəmdən biri, ən doğmalarımdan biridir. Bu misralar onun üçün, onun gözəlliyinə, mehribanlığına və qəlbinin işığına həsr olunub.



Təmənnasız duyğum

Sənin gözlərin bir ulduzlu gecə,
Qara, parlaq, bir dünya öz içində.
Vardır hər baxışında bir bilməcə,
Qəlbim də, dünyam da sən, sən biçimdə.

Sənin gülüşlərin sanki mələkdən,
Dünyamı işıqlandırar bir səslə.
Səndən özgə nə istərəm fələkdən,
Nə zövqü, gülüm səndən ayrı kəslə.

Ürəyin səmimiyyətdən, saf, təmiz,
Hər jestin könüldə əmin, amanlıq.
O gözəl gözlərindi dərin dəniz,
Anlayışın içimdə min rahatlıq.

Sözünlə dünyamı bəzə istərəm,
Gülüşün qəlbimdə bir ümid olsun.
Gözlərimdə bir ömür qal istərəm,
Həyatımın hər küncü sənlə dolsun.

Sən həm incə, həm də güclü çiçəksən,
Ətrin məst edibdi dünya, cahanı.
Sən bu dünyaya ən gözəl bəzəksən,
Varmı səndən gözəl hardadı, hanı?

Varlığın könlümə gözəl hədiyyə,
Möhtəşəm səsindi ömrümə hüzur.
Hər uğurun mənə özəl hədiyyə,
Hamısı dünyama ən qəşəng qürur.

Hər sənə baxanda qəlbim açılır,
Dərdlər unudulur üzünü görcək.
Gülüşünlə sanki günəş oyanır,
Ən gözəl duyğuyla bürünür ürək.

Qəlbinlə gözəlsən, ruhunla dünya,
Sən mənim canımda bir ayrı cansan.
Özün tər bənövşə, varlığın röya,
Nə yaxşı ki, mənim ömrümdə varsan.

Bahar çiçəyi

Sənin gözəlliyin, bahar səhəri,
Könlümə işıq saçan günəş kimi,
Gözlərin dərin bir dəniz səfəri,
Baxışın sevgi yayan işıq kimi.

Ürəyin, mələkdən alınıb, sanki,
Cəm olub içində bütün gözəllik.
Dərdlər unudulur yanında bil ki,
Kimsədə varmı belə özəllik?

Şirinsən, həyatın ən dadlı yanı,
Xarakterin güc, inam sığınağı.
Varlığın həyatın ən qəşəng anı,
Səndədi ən gözəl güvən qaynağı.

Hər bahar çiçəyi səni xatırlar,
Hər ulduzun işığında sən varsan.
Sevgin günəştək içimdə doğular,
Hər sevgi dolu misrada sən varsan.

Sənə baxdıqda ürək dinclik tapır,
Sevincin içimdə bir ocaq qalar.
Gözəl sevgin qəlbimdə məskən salır,
Sözlərin ömrümdə bir işıq olar.

Bu şeirim sənə dinlə, gözəlim,
Hər biri sevgimdən doğulan saf söz.
Sən olmasan dünya yalqız, gözəlim,
Həyatımız sənsiz külə dönmüş köz.


Sən ömrümün tək cənnətisən

Ummadığım bir anda gəldin ömrümə,
İşıqtək nur saçdın kövrək qəlbimə,
Sevgi toxumların əkdin könlümə,
Sən mənim ömrümün tək cənnətisən.

Baxışın olub dərdimin dərmanı,
Hər dediyin söz eşqimin fərmanı,
Ürəyindir sevgimin tək ünvanı,
Sən mənim ömrümün tək cənnətisən.


Üzümdəki gülüşün sən səbəbi,
Parçalanmış könlümün tək məlhəmi,
Gülüşün dəli edibdi bil məni,
Sən mənim ömrümün tək cənnətisən.

Qəlbimin aynası gülən gözlərin,
Yarama dəvadır məlhəm sözlərin,
Mənçün ən gözəl qoxudu tellərin,
Sən mənim ömrümün tək cənnətisən.

Aşiqəm təpədən dırnağınadək,
Varmı Yer üzündə gözəl sənintək?
Kim deyər gözə görünməzdir cənnət?
Sən mənim gördüyüm ilk cənnətimsən.

Yağış

Ölsəm dizinə döyüb ağlama sən,
Məni bu hallara bil, özün saldın.
Mən üçün yalandan yas saxlama sən,
Quru canım vardı onu da aldın.

Göz yaşın boşuna gəl axıtma sən,
Sübhədək ağlasan yenə yetərsiz.
Mənə etdiklərinə nəzər sal sən,
Gör ömrün keçirmi qəmsiz, kədərsiz?

Bax, bulud da dözmür göz yaşlarıma,
Şimşəklə birlikdə yağış yağdırır.
Aciz baxırsan məzar daşıma,
Sözlərimi sənə şimşək çatdırır.

Hər şimşək çaxınca əllərin əsir,
Qorxudan bilmirsən nə eyləyəsən.
Soyuq bədənini şaxtatək kəsir,
Utancdan tutulub dilin deyəsən.

Yağan yağış deyil qarğışlarımdır,
Səndən heyfimi çıxacaq mənim.
Səni bu cür üzən baxışlarımdır?
O da qisasımı alacaq mənim.
12-01-2025, 18:52
Uçuruma sürükləyən çarəsizlik...


Müjgan ƏHMƏDOVA


BDU Jurnalistika fakultəsinin
III kurs tələbəsi


Uçuruma sürükləyən çarəsizlik...

Daşlaşmış qəlbimin altında o qədər kədər və hüzn yatır ki... Vecsizlik personajımın altında o qədər duyarlılıq var ki...Zamanında duyğularımı o qədər mərkəzə qoymuşam ki... İndi duyğuların yavaş-yavaş azaldığını hiss etmək o qədər əzab verir ki... Bu əzabın qarşısında hiss etdiyim çarəsizlik məni uçuruma sürükləyir. Amma uçurumdan məni atacaq qədər, məni əbədiyyətə, sonsuzluğa bəlkə də heçliyə qovuşduracaq qədər hökmlü deyil.
Xoşbəxt olmalı idim, yoxsa özümü şanslı hiss etməliydim? Nələrimi qurban vermək üçün hazır olmalı idim? Bəs, qurban vermək özü də bədbəxtliyimə düçar olmağıma səbəb olacaqsa? Elə əsl bədbəxtlik buradan başlayırdı...
Fədakarlıqlarım nəticəsində ağlımın məni qaranlıq aləm adlandırdığım zindanla üzləşdirməsinə necə, hazır idim? Doğru yolu necə tapmalı idim? Bunun üçün ilk növbədə doğrunun sənin üçün nə ifadə etdiyi, "doğruluq" aspektinin, "doğru" fəlsəfəsinin məğzini dərk etməli idim. Mənim doğrum sənin yanlışın, sənin yanlışın mənim doğrum ola bilərdi əslində. Bəs bu doğrunun ağlımda şübhə yaratması nə dərəcədə doğru idi?
Suallar "quyusuna" düşmək məni doğrudan qaçındırmağa səbəb olurdu. Bu səbəb isə, mənə susmağı öyrədirdi. Beləcə, həyat mənə susmağı bacarmağı, doğrunu hiss etməkdən daha yaxşı anladırdı. Həyat bundan ibarət olmalı deyildi. Susduqlarımız, susmağa məcbur edildiyimiz, susarkən qışqırdıqlarımızla kifayət olmamalı idi həyat. Layiq görülən bu olmalı idi? Bəs, layiqlik anlayışını yox etməyə dəyərdimi? Layiqlik, məsuliyyətin ən böyüyünü çiyinlərində hiss etmək idi. Hansı ki, bu məsuliyyət səni xoşbəxtlik anlayışından məhrum edir. Çünki, üzərindəki yük sənə vaxt məhdudiyyəti verir. Və bu məhdudiyyət içərisində iradəli olmaq məcburiyyətindəsən. Əks təqdirdə sənə cəmiyyət tərəfindən zəif xarakterli və qətiyyətsiz damğası vurulacaq.
Sənə bəxş edilən bu ömürdə nə zaman "sən" olduğun üçün sevildin? Hansı "sən"i insanlar özlərinə layiq bildilər? Hansı "sən"i özlərindən bir parça hiss etdikləri üçün səndən istifadə etdilər? Bəzən düşünürəm: nə yaxşı ki, bu təzadlar mövcuddur. Bəs, təzadlı, dustaq düşüncələrin qurbanı olmaqmı problem idi, yoxsa təzadlarla dolu həyata malik olmaqmı daha betər idi? Təzadlı ifratların arasında yaşamalı olduğumuz bütün illəri keçirməsək, zaman-zaman vərdişlərin sərhədlərini aşmasaq, yaşamaq necə yox olmaqdan çox yenilik ola bilərmi?..


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!