İranda güclü partlayış - 4 nəfər öldü, yüzlərlə yaralı var .....                        Polkovnik xəstəxanaya baş həkim təyin edildi .....                        Saatlıq minimum əməkhaqqına keçidə hazırlıq gedir - Nə qazanacağıq... .....                        Qəzada yaralanan uşaq 3 gün sonra öldü .....                        Bayramovla Sinirlioğlunun müzakirə etdiyi mövzular .....                        Zelenski Trampa cavab verdi .....                        İstanbul yenidən silkələndi .....                        Ermənilərin məhkəməsində yeni faktlar AÇIQLANDI .....                        Putin Trampın nümayəndəsi ilə nədən danışdı... .....                       
14-04-2025, 17:25
Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ


Cəbrayıl stadionunu şumlayıb kartof əkirlər - ETİRAZ

İşğaldan azad edilmiş Cəbrayıl şəhərindəki stadionun ərazisinin şumlanması yerli idman ictimaiyyətinin etirazı ilə qarşılanıb.
Stadionun hazırkı vəziyyətini əks etdirən videogörütü şəhər sakinləri tərəfindən sosial şəbəkədə ictimialəşdirilib və aidiyyatı qurumlardan kömək istənilib.
Qeyd edilib ki, işğaldan əvvəl 2500 azarkeş tutumu olan stadion indi əkin üçün kimlərəsə icarəyə verilib. Hətta artıq orada kartof və digər bitkilərin əkildiyi də bildirilib.
Sakinlər deyirlər ki, şəhərin “Dəyirman dərəsi” məhəlləsində yerləşən stadion ərazisinin gələcəkdə “Cəbrayıl” futbol klubunun inkişafı üçün bərpasını arzu edirlər.
Bunun üçün AFFA-ya da çağırış edilib.
Qeyd edək ki, “Cəbrayıl” futbol klubu hazırda Azərbaycan çempionatın I Liqasında çıxış edir. Hazırda Bakıda məskunlaşan komandanın yaxın gələcəkdə doğma rayona qayıdışı istisna olunmur.
6-04-2025, 22:15
Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq


Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq-FOTOLAR

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun kənd icma rəhbərlərinin hesabat yığıncağı keçirildi. Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icma qarşısında qoyduğu tələbləri və bu ali məqsədə çatmaq üçün icma üzvlərinin üzərinə düşən vəzifələri, məsuliyyəti bir daha xatırlatdı. Qeyd etdi ki, erməni faşistlərinin silahlı təzyiqi nəticəsində Qafan rayonunun kəndləri boşaldı. Hazırda həmin kəndlərdən yalnız 33-nün sakinləri təşkilatlanaraq fəaliyyət göstərir. Ona görə də o ağır mahalın siyahıya alınması, lazım olan sənədlərin toplanması, əcdadlarımızın min illərlə yaşadığı o yerlərin toponimləri, maddi- mədəniyyət abidələri haqqında bilgilərimizi gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.

Qərbi Azərbaycan İcmasının baş kordinatoru Faiq Kərimov bildirdi ki, Qərbi Azərbaycana aid olan bütün faktlar toplanıb tarixi sənəd kimi, küĺiyyat halında çap olunacaq. Yeri gəldikcə dövlətimiz də, gələcək nəsillər də, tarix tədqiqatçıları da həmin sənədlərdən ilkin mənbə kimi istifadə edə biləcəklər. Ona görə də 1960-1987- ci illər ərzində siyasi təzyiqlər nəticəsində köçürülənlərin siyahısını da təkminləşdirmək lazımdır.
Ermənistanın siyasi demaqoqiya ilə məşğul olan baş naziri Nikol Paşinyan mesaj verir ki, Qərbi Azərbaycana qayıdış məsələsini unudun. Bu hay balası anlamır ki, biz əcdadlarımızın min illərlə yaşadığı, özümüzün doğulub boya-başa çatdığımız yurdlarımızı unudan deyilik. Gec-tez dağıdıb viran qoyduqları doğma ocaqlarımıza qayıdacaq, yenə də qurub yaradacağıq.

Qərbi Azərbaycan İcmasının qurucularından olan Polad Poladov Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsinin 2-ci mərhələ məlumatlarının hazırlanması ilə baglı tapşırığın icrası barədə kənd icma rəhbərlərinin verdikləri hesabatı diqqətə çatdırdı.
Müsəlləm Kənd İcmasının kordinatoru Əkrəm Mustafayev ötən əsrdə Qafan rayonunda pedaqoji fəaliyyət göstərmiş müəllimlər haqqında ensiklopedik məlumat kitabının çapa hazırlıq vəziyyəti barədə məlumat verdi.

Qafan Rayon İcma rəhbərliyinin təmsilçilərindən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev, Seyfulla Abbasov, Kurud-Kirs İcmasının sədri Səxavət Hacıyev, Keypəşin İcmasının sədri Cəmaləddin Əmirov və başqaları qaldırılan məsələlər ətrafında fikir mübadiləsi apardılar, təkliflərini bildirdilər. Yekunda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn tapşırıqların yerinə yetirilməsinin sürətləndirilməsi və yaxın zamanlarda daha geniş tərkibdə görüşün təşkil olunması qərara alındı.


Qafan Rayon İcmasının mətbuat xidməti
18-03-2025, 07:04
“Zəngəzurda “BACA - BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

“Zəngəzurda “BACA - BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi Azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Qərbi Azərbaycan icmamız da yaranıb.

İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək...
Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimizin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca - ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi.

Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailəsinin doğmaları da iştirak edirdi.
Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “Baca-baca”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik…
Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı tonqalın ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması!
Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca - ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi.
Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. O, Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir.
Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı.

İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı.
Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi.
Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq...
Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi.
Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də nümayiş etdirilirdi.

Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik.
"Baca-baca" mız mübarək!

Mina RƏŞİD
17-02-2025, 11:37
Məryəm Gəncəliyeva yazır:


Təbrik edirik!


Məryəm Gəncəliyeva yazır:

Hər kəsin həyatında keçdiyi yolun izi var. Orada sevinc də var, kədər də var, həsrət də var. Sevinc və kədər bir- birini əvəz edir, dəyişir, həsrət heç nə ilə əvəz oluna bilmir, həsrətə son qoymaq üçün gərək sənin qəlbində bir göynərtiyə çevrilib səni haraylayan, səndən imdad uman o torpağa yetişəsən, vətən anlamının başındakı o kölgəni yox edəsən. Onda həsrət bitər, həsrət bitdiyində də Vətən övladlarına qucaq açar, rahatlıq tapar, övladlarını qucan qoynu gülüstana dönər.
Onun üçün harada olmasından asılı olmayaraq, "vətən daşı" olan oğulları ilə Zəngəzur eli, doğma Qafan diyarı, dağlar qoynunda məskən salan Gığı kəndi vətəndir. Harada, hansı məclisdə olsa, vətən onun bağrından keçirsə, vətən onun üçün müqəddəsdirsə, o isə vətənin ən əziz ovladıdırsa, o oğulla öyünməyə dəyər. Çünki o, eli, vətəni, vətəndaşı üçün təmənnasız çalışandır.
O, Bəhruz Piriyevdir ki, harada bir cəfakeş, şücaətli oğul, sayılıb seçilən varsa, onu öz elinin övladı sayır, onunla qürur duyur, ehtiyacı olanlara isə arxa durur. Bax beləsinə vətən oğlu deyirlər, vətənlə yaşayan, vətənlə qürur duyan oğuldur Bəhruz müəllim.
Ömrün uzun və bərəkətli, yolun hər zaman hamar, ruzin süfrəni bəzəyəcək qədər bol olsun, dəyərli qardaşım. Sənə 100 il demirəm, sənə özün öz ayaqların üstdə dura biləcəyin qədər, heç kəsə möhtac olmayacağın qədər ömür arzulayıram, bir də həmişəki qürurlu, mətin görkəmində olmağı.
P.S. “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi də Məryəm xanımın təbrikinə qoşulur. Bəhruz bəyi səmimi qəlbdən təbrik edir, ona Zəngəzurlu günlər diləyir.
11-02-2025, 22:16
O ocağın közü hələ sönməyib…

Məryəm Gəncəliyeva yazır:

O ocağın közü hələ sönməyib…

Bir mahal var, adı Zəngəzur, bir yurd yeri var, adı Qazangölün qənşərində, Əriməz dağının ətəyində yerləşən Qafan bölgəsinin Kurud kəndi. Bir ocaq var, közü hələ sönməyib, öz sahibini gözləyir ki, gələ, o ocağı eşələyə, alovlandıra. O ocaq oğlu kimi özü də qeyrət qalasına dönən, yurdunu, yuvasını məcburən tərk etsə də o zaman Moskvaya Mərkəzi Komitəyə, SSRİ prokurorluğuna vətənə qayıtmaq üçün məktub yazıb, onların qarşısında laqeyd olduqlarını sübuta yetirən, amma yurd həsrətinə dözməyən rəhmətlik Ziyəddin atanın oğlu vətən deyə yana- yana qovrulan Tamxil Ziyəddinoğludur. O, vətən sevdalı, Vətən daşı olmağa hazır olan bir dağlar oğludur. Oğuzun Qazan qeyrətli, Beyrək şücaətli oğludur. Bir adam ki, fədakarlığı və soykökünün türklüyünü təsdiq edirsə, doğulduğu türk ocağını sönməyə qoymursa, deməli, onun qəlbində vətən eşqi sönməyib, vətən ruhu ona " gəl- gəl" deyir, qəlbində Zəngəzur yallısının havası çalınır.
Mən çox sevinirəm ki, nə yaxşı ki, vətən üçün yaşayanların ürəyində hələ də vətənə məhəbbət odu sönməyib. 07.02.2025- cı il tarixdə Mədəniyyət TV- nin tarixə çevirdiyi "Zəngəzurun izi ilə" verilişinə baxarkən və " Bütöv Azərbaycan" qəzetinin həm nurlu, həm yanğılı, həm də insanlığı şücaətə çağıran harayını izlədim. Bu yolun başlanğıcında Oğuz xanın varlığını, Qazan xanın birlik harayını, Babəkin, Cavidanın qılıncının zərbəsini gördüm.Bütün bunlar bir mübariz, mərd, qorxmaz, heç kəsdən çəkinmədən sözünü deməyi bacaran bir Zəngəzur oğlunun dayandığını, haray çəkib eli birliyə səslədiyini görürəm. Bu, Tamxil Ziyəddinoğludur. İcmada lənətullahların məhkəməsinə getmək üçün çağırış olanda, ilk səs yenə ondan gəldi, onların yaramaz millət olduğu haqqında da xitabət kürsüsündən öz sözünü söylədi.
Demək, Oğuzun qeyrət qalası hələ dağılmayıb, bərpasına ehtiyac var. Çox sevdiyim bir şüar var: Hər ötən gün bir keçmişdir, hər gələn sabah bir gələcək. Bu gələcəyi gənclərə sağlam düşüncə ilə biz ötürməliyik. Bir daha T.Ziyəddinoğluna min- min təşəkkür edirəm. Mənə elə gəlir ki, Zəngəzurun nurlu gələcək həyatının başlanğıcında bu mübariz insan özü iz açır…
10-02-2025, 21:58
Uruda gedən yol Laçından keçir

Musa Urud yazır:

Uruda gedən yol Laçından keçir

(Özünü Qərbi Azərbaycanlı elan etmiş Taleh Şahsuvarlıya və bu şərəfli missiyanın bütün daşıyıcılarına ithaf edirəm)
Allah sənə insaf versin, Taleh Şahsuvarlı! Bu gecə gözümü də yummamışam. "Taleh adamı" məqaləni oxuyandan sonra səhəri diri gözlü açmışam. O dağlar, dərələr, çəmənlər, örüşlər, əkin- biçin yerləri, bağlarımız, bostanlarımız bir- bir gözümün qabağından gəlib keçdi. Dağıdılmış, talan edilmiş yurdlarımız, yağmalanmış ev- eşiyimiz, altı üstünə çevirilmiş məzarlarımız, məscidlərimiz, ocaqlarımız, pirlərimiz, uşaqlıq illərimizin, yaddaşımızın çiliklənmiş xatirələri dil açdı, əl uzatdı, məni səslədi. Çöldə külək vıyıldayır elə bilirəm Üçtəpənin yelidir, elə bilirəm Bazarçayın şırıltısıdır.
İnsanı söz yaradıb, deyirlər. Amma, məncə, insanı irəliyə aparan, milyon illərin o başından bu günümüzə gətirib çıxardan SƏS olubdur. O səsin dalınca gedən insan özünü tapıb, özünü təkmilləşdirib, özünü inkişaf etdirərək böyüyüb. İnsanlar səs - səsə verərək birləşib, tayfa olub, el- oba olub, millət olub.
Mən bu gecə o SƏS- i eşitdim. Bu Ümidin səsi idi, bu Torpağın, Suyun, Vətənin səsi idi. Bu səs Ruhun, Yaddaşın, Talehin səsi idi.
Gəl deyirdi,- bu SƏS!
Yaxşı ki, yaddaşlar hələ yerindədir, yaxşı ki, o yolları, cığırları tanıyan nəsil hələ sağdır.Biz sağ ikən ora qayıtmalıyıq, o yolları, cığırları, aşırımları, gədikləri, döngələri babalarının adını daşıyan oğlanlarımıza tanıtmalıyıq. O dağıdılmış baba yurdlarını adlarını daşıyan nəvələr yenidən bərpa edəcəklər, dirçəldəcəklər, cənnətə döndərəcəklər. Qayıtmağın şərtini və yolunu isə Ulu Öndər illər öncə müəyyən etmiş və bizə öyrətmişdir. Hələ ötən əsrin doxsanıncı illərində Ulu Öndər Heydər Əliyev böyük müdrikliklə və uzaqgörənliklə demişdir: "Tarix böyükdür. Bir əsrdə olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz, sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq,- bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqların bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir."
Biz məhz bu öyüddən dərs alaraq, bu tarixi missiyanı yerinə yetirmək üçün yola çıxdıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Liderliyi ilə nəsillərə nümunə olacaq şərəfli yol keçdik, döyüşdük, şəhidlır verdik, himnimizdə deyilən kimi,-" hərə bir qəhrəman oldu", nəhayət , 44 günlük Zəfər savaşından sonra arzularımızın ŞUŞA zirvəsinə qovuşduq. Dayandıq, toxdadıq, bir az nəfəs dərdik, daha sonra Ağdama, Laçına, Kəlbəcərə getdik. Ali Baş Komandan İlham Əliyevin qüdrətli əlləriylə qaldırılan, Xankəndinin baş meydanında şəstlə ucalan və qürurla dalğalanan ay-ulduzlu üçrəngli bayrağımız isə
"Qarabağ Azərbaycandır"-, nidasının əyani təcəssümü oldu!
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı! Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi genişləndi, qəddimiz dikəldi, milli varlığımız ucaldı, qürurumuz böyüdü. Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi. Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü. Qələbənin uğur formulu çox sadədir:
Müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq.
Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!
...Qarabağ yaylası Zəngəzur dağlarının davamıdır. Yolumuz o dağlara tərəfdir.
Yolum Zəngəzuradı,
Kəbəm, qibləm oradı.
Hər qayası bir ayə,
Hər dağı bir surədi.

Hər birimizin babamızın məzarı üstündə ürəyimizdən keçən sözlərimiz var, bu sözlər məhz elə Ali Baş Komandanın ürəyindən keçirdiyi və addım- addım reallaşdırdığı sözlərdir! Bir Liderin ürəyindən keçən sözlər, onun xalqının hər bir sıra nəfərinin də ürəyindən keçirsə bu artıq Haqqın Sözüdür və Haqqın Özüdür!
Ali Baş Komandanın baba məzarı üstündə ürəyindən keçən sözləri inanıram ki, lap yaxın vaxtlarda Dünya eşidəcəkdir! O gün hamımız ürəkdən deyəcəyik: Gözün aydın olsun, Vətən torpağı, biz qayıtmışıq, biz səni dirçəldəcəyik! Və sonda, əziz dostum Taleh Şahsuvarlı, çox doğru və haqlı olaraq yazırsan ki, sən özünü Qərbi Azərbaycanlı elan etmisən!
Bəli hamımız bu gün Qərbi Azərbaycanlı olmalıyıq, sabahkı daha parlaq günlərimiz naminə bir yerdə olmalıyıq!
Qardaş qardaşı ilə, əl - əli ilə, el - eli ilə güclüdür!
İrəvanda görüşənədək!
Uruda gedən yol Laçından keçir
Zəng vurdum, açmadın telfonu, Taleh,
Nisgilim iynənin ucundan keçir.
Göyərən ümidin ünvanı birdi
Uruda gedən yol Laçından keçir.
Daşlar həmin daşdı, dağlar həmin dağ,
Göyərəni otdu, daşı göyərməz.

Anası ağlamaz sərvaxt igidin
Ağlar göz kor olar, yaşı göyərməz.
Getdi, qayıtmasın ağlar günləri
Daha ağlamağın zamanı deyil.
Cəsarət qılıncı mərd əlindədir
Mərd OĞUL deyəni zəmanə deyir!
Kim deyir dağ- dağa qovuşa bilməz,
Hünər körpü salar dərənin üstdən.
Bir igid nərəsi şimşək tək çaxar
Dağlar al geyinər qaranın üstdən.
Bir vaxt Qaragöl də qara xəyaldı,
İndi İşıqlının su aynasıdır.
Qara keşişlərin qara niqabın
O yurdlar biryolluq soyunasıdır.
Qaçqın çörəyinin dadı bilinməz,
Kündəsi küt gedər, ya da şit düşər.
Adını tarixə yazar, silinməz,
İgidin baxtına şəhidlik düşər!
Su murdar götürməz, torpaq da pakdır,
Vətən qəriblərin duzdax yeridir.
Gülü güllə ilə açılacaqdır
Zəngəzur tətikdə barmaq yeridir.
Haqqın yüz adı var, özü ki, birdi.
Qoymaz ayrı düşsün dağı qarından.
Şair karandaşı haqq elçisidi
Qəhrəman göyərdər hər yonqarından.
Qonaqlıq borcu var, Musa Urudun,
Qərbi Zəngəzura yolumuz da var.
Bizim həyətdəki qocaman tutun
Altına sərməyə xalımız da var!
27-01-2025, 04:13
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!


Bu Mustafayeva Fərəh Qurban qızıdır. Yanvarın 27-də Fərəhin 5 yaşı tamam oldu. Fərəh Bakıda doğulsa da, əslən Zəngəzur mahalının Qafan rayonunun Müsəlləm kəndindəndir.
Babası Mustafayev Əkrəm Murtuz oģlu da yüz minlərlə soydaşımız kimi erməni faşistlərinin təzyiqi altında Qərbi Azərbaycandakı ata ocağını tərk etmək məcburiyyətində qalıb. O, Qərbi Azərbaycan İcmasınun Qafan rayonu Müsəlləm kəndinin koordinatoru kimi yurda qayıdış uğrunda yorulmadan mübarizə aparır. Gənc nəslin nümayəndələrini də doğma yurdlarımız barədə məlumatlandırır, o yerlərə qayıtmağa səfərbər edir.

Fərəh bala da nənəsi Fatma Səlim qızının baba yurdu Müsəlləm kəndinin əsrarəngiz təbiəti, mehriban insanları, min illəri aşan gözəl adət-ənənələri haqqında nağıllarını dinləyə-dinləyə boy atır. Tez böyüyüb baba yurdunu ziyarət etməyin xəyallarını qurur.

Bu gün Fərəhin əmisi Mustafayev Turan Əkrəm oğlu da qardaşı qızının ad gününə gəlib, ona ən xoş arzularını bildirir. Babası Əkrəm isə Fərəh mənim həm şəkərim, həm də şəkər və təzyiq dərmanımdır, -deyir. Balasına atalı, analı böyüyüb, xoş günlər görməsini, firavan ömür sürməsini arzulayır. Bir də arzu edir ki, babasının əlindən tutub baba yurdu Zəngəzura, Müsəlləm kəndinə getmək nəsibi olsun! Amin!


17-01-2025, 11:35
Azadə NOVRUZOVA yazır: "Şəhidlər Xiyabanında"

Azadə NOVRUZOVA


Şəhidlər Xiyabanında

34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram...
Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı... Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına - Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı!
Poçt yolumuzdan poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Bir Allah bilir ki, poçtalyon Savalan dayıya, Gülqala, Nazgül xalaya neçə dəfə - Bizə Bakıdan məktub var? Bizə Bakıdan bağlama var?- suallarını vermişdik. Cavabında mehriban - mehriban bağlamaları hələ açmamışıq. Nə olsa, axşamüstü poçt paylananda gətirəcəm deyərdilər...
Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik... Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaqda, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib, gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi... İlk nənəmə oxuyardım, həyəcanlı-həyəcanlı... Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar... Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən xoş olmayan acı xəbərlər gətirsələr də ...
"Sizə Bakıdan məktub gəlib"- sevinci ayrı idi...
Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır! Gecələri ecazlı, gündüzləri füsunkar Bakı... Bir ucqar dağ kəndindən necə möhtəşəm görünürdün, Doğma Bakı, Əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, Gözəl Bakım, Mehriban Bakım!
Adətən belə başlayardı məktublar... Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?....
Burda, bizdə...
Orda, sizdə...

Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram... Poçt maşını yalnız xəyalımda kəndimizə burulur...
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında qaçqın uşaq statusunda olub...O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam.
O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanındakı mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. Lenin baba deyə-deyə böyüyən biz sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük...
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm... O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim... Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz”un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar Şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhali amansızlıqla qətlə yetirilmişdir.
Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç. 43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri... Eyvanlardan 40 gün asılan qara bayraqlar... Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi... Dağüstü parka doğru irəliləyən insan seli...
Şərəfinə indi Bakının 20 Yanvar Meydanı adlandırılan o vaxtkı XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də ...
Heç bu zorla dirənib Sovetlər Birliyini yaradanların özlərinində inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar... Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı... Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdilər. Müharibə, qan-qada, ölüm, itim...
Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı... Dağıdılan varımızı-halımızı demirəm... Bircə ümidimizi itirmədik! Ümid ölmədi! Bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı! Zəfər çalındı!
2024-cü il 20 yanvar tarixində Bakıdan - Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər...
34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür... Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, al qərənfillər.
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə... Onlar birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün biz ziyarətçilərə...
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz can fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxdatdı. Ülvini və azadlığımız uğrunda can qurban verən bütün şəhidlərimizi qoynuna alan, Vətən sağ olsun! Allah hər birinin əziz ruhlarını şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən! O Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizlin-gizlin əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad!
Bakı, xoş vaxtın xeyir!
20 Yanvar, 2024-cü il
12-01-2025, 16:44
Od nə çəkdi, küldən soruş...

Od nə çəkdi, küldən soruş...(R.Rza)

Azərbaycan xalqının tarixi minilliklərə söykənir. Qərbi Azərbaycanın bir hissəsi sayılan Zəngəzurun əyilməz zirvəsi nə qədər məğrur görünsə də, o, taleyin o qədər acısını görüb ki. Zəngəzur dağları elə sıralanıb ki, sanki bir- birinə nəsə pıçıldayır. Bu dağlar igid Babəkin ərəblərə, Qaçaqların bolşeviklərə qarşı mübarizəsini yaşatmağa çalışan izlər saxlayır. Bu ərazidə bir ad belə tapmazsan ki, yad ünsürlü ola. Dədələrimiz, babalarımız bu diyarın dağlarına, dərələrinə gözəl adlar qoyublar. Bu adların hər birinin arxasında bir nəslin, bir elin tarixi dayanır. Bu tarixin elə səhifələri var ki, vərəqləyəndə ürək dağlayan hadisələrin şahidi olan şəhidlərin öz qanları ilə yazdıqları qəhrəmanlıq tarixi onu oxumadan keçməyə icazə vermir.
Ənvər kişi Oğuz yurdunun bir parçası olan Qafan rayonunun Gığı kəndində doğulub, sevib- seçdiyi Səlbi xanımla ailə qurub. Taleyin işi onları Bakıya gətirib, “Böyük şor” deyilən qəsəbədə məskunlaşıblar. Üç oğul dünyaya gətirib Səlbi xanım, üç əsgər böyüyürdü bu ailədə. Amma evin son beşiyi, altı yaşlı Səməd (1975- ci il təvəllüdlü idi.) yolu keçərkən milliyyətcə erməni olan sürücü tərəfindən qəzaya uğrayır. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur. Səlbi xanım bu acıya dözə bilmir, hey ağlayıb- sızlayırdı, amma böyük oğlu Natiq (1971- ci il təvəllüdlü) və ortancıl oğlu Namiqin varlığın düşünəndə Allaha şükr edib susurdu. Səlbi xanımı daha çox ağrıdan balasının lənətə gəlmiş erməninin güdazına getməsi idi.
H a ş i y ə: Qərbi Azərbaycanda azərbaycanlılar ali təhsil alsalar da, vəzifə tuta bilmədiyindən Bakıya üz tuturdular. Ali təhsil alanlardan yalnız müəllimliyi bitirənlər işlə təmin oluna bilirdilər. Onlar da Azərbaycan kəndlərində işləyə bilirdilər. Azərbaycan əsilli həkimlərdən şəhər klinikasında yalnız Gülzar Şıxəliyeva, Gığı kənd xəstəxanasında baş həkim Səfixan Gəncəliyev, Məcnun Babayev və Vaqif Quluyev işləyə biliblər. Bu da dəryada damla deyilmi? Bunun da səbəbi xəstəxananın Azərbaycan kəndinə xidmət etməsi idi. Azərbaycan əsilli həkimlər də onlara göstərilən sayqısızlığa dözməyərək Bakıya köçməyə məcbur olublar.

Şəhid Məmmədov Namiq Ənvər oğlunun da Bakıda dünyaya gəlməsinin səbəbi bu idi. O, 1973- cü il oktyabrın 13- də dünyaya göz açıb. Natiqdən sonra onun gəlişi ailəyə ikiqat sevinc gətirmişdi. Namiq 1980- ci ildə yeddi yaşa çatanda Nizami rayonundakı 12 nömrəli məktəbin birinci sinfinə qəbul olundu. Yaxşı oxuduğundan müəllimlərinin, sinif yoldaşlarının sevimlisi idi. Arzuları böyük imiş Namiqin. Vətənə layiqli övlad olmaq, xalqının gərəyinə çatmaq. Şair Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim...” misralı şeiri dilinin əzbəri imiş. Anası soruşanda ki, “Ay oğul, başqa şeir bilmirsən? Deyərmiş ki, bu şeir mənim üçün bir vətən nəğməsi, vətən laylasıdır.” Onu tanıyanlar onun az yaşda böyük hörmət sahibi olduğundan danışırlar. Nə gözəldir el tərəfindən sevilmək, yurdunun əbədi varisi olmaq.
Namiq Məmmədov 1990- cı ildə oxuduğu orta məktəbi bitirir və 1991- cı ildə həqiqi hərbi xidmətə çağırılır. N saylı hərbi hissədə- Xüsusi Təyinatlı dəstədə təlim keçir. O zaman Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yaranmamışdı (30 aprel 1999-cu ildə I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin sayəsində yaranıb). Namiq təlimini bitirən kimi onu Naxçıvana ezam edirlər. Onun ilk döyüş yolu Naxçıvanın Batabat ərazisindən başlayıb, Sədərək rayonunda “Cin təndiri” deyilən yüksəkliyin müdafiəsində xüsusi xidməti olub. Bir il Naxçıvanda xidmət etdikdən sonra Namiqi müxtəlif döyüş vasitələrindən səmərəli istifadəni yaxşı bildiyi üçün Beyləqana ezam edirlər. Namiq Beyləqanın müdafiəsində, Füzuli rayonunda gedən döyüşlərdə xüsusi xidmət göstərmiş, çavuş olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, fərqlənmə nişanları və döş nişanları ilə təltif olunmuşdur.
Namiqin qəhrəmaanlığı haqqında onunla döyüşdə iştirak edən zabitlər, əsgər yoldaşları ağız dolusu danışırlar. Bakıdan zabit Vəliyev Oqtay, Gəncə uşaq evində böyüyən, amma çox vətənpərvər olan Heydərov Sahib də onunla bir cəbhədə döyüşüblər. Onlar həmişə kəşfiyyata birlikdə gedər, düşmənə qarşı hər bir təşəbbüslərini, planlarını birlikdə hazırlayardılar. Soyuq dekabrın 22- də dörd nəfər yenə birlikdə kəşfiyyata gedirlər və Ağdamın Əhmədbəyli kəndinin yüksəkliyini qalxarkən düşmən alayının üstünə çıxırlar. Lənətə gəlmişlərin onları gördüyünü bildikləri üçün alayın qarşısındakı 2 tankın birini vururlar, tank alışır. Namiq və Azərbaycanın digər ər oğulları onlarla döyüşə başlayırlar. 40 dəqiqə davam edən qeyri- bərabər döyüşdə köməksiz qaldıqları üçün geri çəkilməli olurlar. Erməninin sağ qalan tankından açılan atəş boşa çıxır, lakin ikinci atəşdən yaralanırlar. Heydərov Sahib( talesiz və yetim böyümüşdü, yarızarafat, yarıciddi dostlarına deyərmiş ki, “mənim onsuz da gözləyənim yoxdur, çalışın siz sağ qalın ki, ananızın gözü yolda qalmasın”), ağır yaralandığı üçün yerindəcə dünyasını dəyişmiş, Namiqin isə mərmi qarın nahiyyəsindən girib sidik kisəsindən keçərək onurğa sümüyünün haram iliyini dağıda- dağıda çıxmışdı. Onu bir gecə Beyləqan hospitalında saxlamışlar, səhəri günü, yəni dekabrın 23- də ağır yaralı olduğu üçün helikopterlə Bakıya Mərkəzi hərbi hospitala (Papanin deyilən yerdəki qospitala) gətirirlər. Sağ qalması üçün çox çalışırlar, çünki o, döyüş əməliyyatlarini həmişə uğurla yerinə yetirdiyinə görə daha şox gərəkli idi.
Qardaşı Natiqin dedikləri:

Mənə zəng vurub qardaşımın ağır yaralandığını, Mərkəzi hərbi qospitala gətirildiyini dedilər. Tez özümüzü oraya yetirdik, əməliyyat otağında olduğunu öyrəndik. Beş saatdan sonra həkim əməliyyat otağından çıxdı. Namiqin vəziyyətini soruşdum, ümidverici bir söz demədi. Dedi ki, onun müalicəsi yalnız xaricdədir, MDB ölkələrində yoxdur, xaricə getmək üçün də sənədləşmə və pul lazımdır. Bütün bunlar onu gecikdirəcəkdir. Həkim onun ağır yaralı olduğu və çox qan itirdiyi halda bur gün də Beyləqanda gecikdirildiyini söylədi. Mən israrla qardaşımın sağ qalıb qalmayacağıını soruşdüqda həkim:
- Əgər üç gün dayansa, yaşayacaq, amma əlləri, ayaqları işləmədən yaşayacaq.
Mən qardaşımın hər necə olursa- olsun sağ qalmasını çox istəyirdim, çünki anamın üç oğuldan ümidi yalnlz mənə qalırdı, amma nə edək ki, 26 dekabr axşam saat 18 00 radələrində qardaşım dünyasını dəyişdi. O, hərbi komissarlıq və rəsmi dairələr tərəfindən 1993- cü il dekabrın 27- də I Qarabağ “Şəhidlər xiyabanı”nda dəfn edildi. O zamankı televiziya kanalları qardaşımgilin cəsarətli və qəhrəmancasına döyüşü haqqında məlumat verdilər, hətta onların şəhid olmalarını da elan etdilər. Qardaşım Namiqin televiziyadan “Azərbaycan bayrağı” ordeni ilə təltif olunduğunu da öz qulaqlarımla eşitdim, öz gözlərimlə gördüm. Dostlar, tanışlar mənə təsəlli üçün “sən tək deyilsən, Azərbaycan bayrağı” ordeni qardaşının yadigarıdır. Amma biz bu ordeni ala bilmədik. Mən qardaşımın komandiri ilə görüşdüm, dedi ki, təqdimat verilib, bu barədə qəzetdə də elan olunub, amma hara getdiksə, bizi “yola verdilər”.

Mərd, çox cəsarətli, heç kəsə əyilməyən qardaşım vətən qarşısında əyildi, vətənin oğlu olduğunu sübut etdi, qəhrəmanlıqla şəhid oldu. O, Azərbaycanın xoşbəxt gələcəyi və bütövlüyü uğrunda şəhid oldu. Namiq ailə qurmuş olsaydı, 44 günlük müharibənin şəhidləri onun övladı yaşda idi. 44 günlük müharibənin şəhidləri Namiqlərin vətənə sevgi məktəbindən dərs aldılar. Namiqin babaları da vətən sevgisini hər şeydən üstün tutublar. Onun ana babası Məmməd kişi 1941- 1945- ci illərdə baş vermiş müharibə zamanı Sevastopol uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək bir ayağını itirmiş, ata babası Həsən müəllim müharibədən qabaq Gığı kənd məktəbində bir müddət müəllim işləmiş, sonra müharibəyə gedərək sonadək faşistlərə qarşı döyüşmüş, Reyxstaqa qədər gedib çıxmışdır. “Ot kökü üstə bitər deyiblər”. Namiq də babalarının yolu ilə getdi ,vətəni seçdi, vətən üçün şəhid oldu.
Namiq payızda doğulmuşdu, bəlkə, bir payız günündə toyu olacaqdı, amma ömrünə qış payızın son günündə gəldi. Oğul həsrəti ilə yanıb qovrulan Səlbi xanım pıçıltı ilə öz- özünə:

-Yaşıl otların, əlvan çiçəklərin, budaqlarda göz- göz olan tumurcuqların ətri yazda hər yanı bürüyür, sən gəlmirsən, bala. Payız olur ağaclar yarpağını tökür, buludlar göz yaşını tökür, buludlardan soruşuram səni, günahkarlar kimi dinmir buludlar, mən səni harada axtarım, solub yerə tökülən xəzəlin içindəmi, yoxsa üzüqara qışdan soruşum səni, soruşmuram ondan, o deyildimi məni Namiqsiz qoyan? Səni məndən aldığı üçün qışı sevmirəm. Bəlkə, üşüyürsən, de, yun şalımı gətirib üstünə örtüm, bəlkə, yanına gəlim? Ömrümə qış yaxınlaşır, deyəsən, səni qışda tapacağam, oğul, hər yan sakit, səssiz olanda. Bir sən olacaqsan, bir də mən, dərdləşəcəyik səninlə, sığal çəkəcəyəm telinə, əlimi yaranın üstünə qoyub “ağrın mənə gəlsin, oğul, incidirmi yaran?” soruşacağam. Bilirəm ki, yaran incitsə də, sən özünü sındırmayacaqsan, “toxunma ona, o, qüdrət, qəhrəmanlıq nişanəsidir, ana! Ondan Vətən qoxusu gəlir.Yaramın üstündə açan vətən çiçəklərini görürsənmi, ana, heç solmurlar, həmişə al qırmızı rəngdədirlər. Vətən çiçəkləri ancaq vətən üçün şəhid olanların köksündə bitir, onu qoparmaq olmaz, kim qoparmaq istəsə, od olub əlini yandırar. Bu çiçəklərə şəhid çiçəkləri də deyilir. Bilisən, nə gözəldir üzüağ, alnıaçıq şəhid olmaq...”

Məryəm GƏNCƏLİYEVA
12-01-2025, 12:02
Barat Qoşun oğlu Hüseynov-80

Təbrik edirik!


Barat Qoşun oğlu Hüseynov-80

Barat Hüseynov 12 yanvar 1945- ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. Oxtar kənd 7 illik məktəbini bitirib. Sumqayıtda təhsilini davam etdirib. Sonra isə Sovet Ordusunda xidmət etmək üçün Almaniya Demokratik Respublikasına göndərilib. Yaxsı xidmət etdiyinə görə, komandanlıq tərərfindən “Faşizm üzərində qələbənin 20 illiyi” medalı ilə təltif olunub. Hərbi xidmətdən sonra Bakıya gəlib Səttarxan adına Maşınqayırma zavodunda çilingər kimi işə qəbul olunub. Siyasi aktivliyi nəticəsində zavod komsomol bürosunun üzvü seçilib. Əmək fəallığına görə, cox geridə qalmış “Xalq tələbat malları“ sexinə rəis təyin olunub.

Barat Hüseynovun qıssa müddətdə çoxlu səmərəli təklifləri nəticəsində sexin iş fəaliyyəti xeyli yuksəlmişdi və nəticədə zavod rəhbərliyi Barat müəllimin yuksək təskilatciligina görə ona V.I. Leninin 100 illiyi medalı təqdim etmişdi.
Hələ gənc yaşlarından Barat müəllim Nərimanov rayonunun ictimai- siyasi içlərində də aktiv iştirak edirdi. Rayon rəhbərliyi tərəfindən parlament seçkilərində məntəqə seçki komissiyasına sədr təyin olunub.
2000- ci ildə isə Barat Hüseynov Azəriqaz rəhbərliyi tərəfindən Nərimanov rayon qaz istismarı idarəsinə rəis müavini təyin edilmişdi. Sonrakı illərdə isə 20 saylı Nərimanov dairə seçki komissiyasına sədr təyin olunub. Barat müəllimin rəhbərliyi ilə 20- ci dairədə Prezident, parlament və bələdiyyə seçkiləri yüksək demokratik və beynəlxalq qaydalara uyğun kecirilmisdi. Daha sonrakı illərdə Barat Hüseynov Bakı Şəhəri Qaz İstismar İdarəsində aparıcı mühəndis işləmişdi.

Bu gün isə Barat Hüseynovun yubileyi münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin rəhbərliyilə icra hakimiyyətində möhtəşəm tədbir təşkil olunmuşdu. Rayon Icra Hakimiyyətinin başçısı Elgin müəllim rayon ağsaqqallar şurasının fəalı Barat Hüseynova Fəxri fərman təqdim edib. Eyni zamanda YAP Nərimanov təskilatının sədri Elçin Quliyev də Barat Hüseynova Fxri fərman verib.
Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov Barat müəllim haqqında geniş çıxış edib, uğurlar arzulayıb və təbrik açiqlamasını təqdim edib. Biz də Qafan Şəhər İcması adından Barat müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, Gülşən xanımla birlikdə ailə səadəti arzu edirik.
Barat Hüseynov, Allah sizə dogma Oxtarda doğum günü qeyd etmək qismət eləsin, biz də məmnuniyyətlə iştirak edək!
Hörmətlə:
Oqtay Süleyman oglu Camalov
P.S “Bütöv Azərbaycan” qəzetinin kollektivi də Barat müəllimi yubileyi münasibətilə təbrik edir, sağlam uzun ömür arzulayır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!